Məhkəmə qərarları › İş №1(099)-713/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-713/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-713/2023 14.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X16 ibarət tərkibdə, məhkəmə iclasının katibi X28, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X6 (X2) və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X19 (X13) və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və tərcüməçi X10 iştirakları ilə, xx xxxxx 1987-ci ildə İran İslam Respublikasının Germi şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, İran İslam Respublikasının Germi şəhəri, Abbasi məhəlləsi, Qızılgül küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə, xx xxxx 1988-ci ildə İran İslam Respublikasının Germi şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, İran İslam Respublikasının Germi şəhəri, Cəvadiyyə məhəlləsi, Şərəfi küçəsi 74 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X6 və X19 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları, İran İslam Respublikası vətəndaşları olmaqla şəxsiyyəti istintaqla araşdırılan «Abbas Cəvadi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və tərkibində külli miqdarda «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»-nın 1 nömrəli əlavəsinə daxil edilən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən Preqabalin və Qabapentin maddəsi olan dərman kapsullarını istintaqa məlum olmayan vaxtda, naməlum şəraitdə İran İslam Respublikasının ərazisində qanunsuz əldə etdikdən sonra 09 dekabr 2022-ci il tarixdə saat 21:10 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Biləsuvar rayonu ərazisindən birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçib, qaçaqmalçılıq yolu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar ölkə ərazisinə keçirərək üzərlərində saxlamaqla Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 11 saylı qəsəbənin ərazisindəki əkin sahəsində olan işıq dirəyinin yanına qanunsuz olaraq daşımışlar, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəbrayıl Rayon Polis Şöbəsinin (bundan sonra Cəbrayıl RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 09 dekabr 2022-ci il tarixdə saat 21:40-da Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünləri üçün inşa edilmiş 11 saylı qəsəbə ərazisində piyada hərəkətdə olarkən X6 və X19 birlikdə saxlanılaraq Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisində yerləşən Cəbrayıl RPŞ-yə aparılmaqla 10 dekabr 2022-ci il tarixdə saat 02:48-dən etibarən üzərlərində daşıdıqları bir ədəd göy rəngli polietilen torbaya baxış keçirilən zaman həmin torbadan yapışqan lentlə bağlanmış 05 (beş) ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkilər 1020 qram, 1025 qram, 995,0 qram, 1045 qram və 1000 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5085 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd qutuda tərkibində təsiredici maddə qabapentinin miqdarı ümumilikdə külli miqdarda 30 qram (01 kapsulda 0,3 qram) olan 100 ədəd «Actopentin 300... Qabapentin» göstəricili açıq sarı rəngli eyni tərkibli dərman kapsulları, 12 ədəd qutuda tərkibində təsiredici maddə preqabalinin miqdarı ümumilikdə külli miqdarda 54 qram (01 kapsulda 0,15 qram) olan 360 ədəd «Pregabiox 150... Pregabalin» göstəricili ağ-qırmızı rəngli eyni tərkibli dərman kapsulları aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, tutulmazdan bir il əvvəl yaşadıqları İran İslam Respublikasının Germi şəhərində «Abbas» adlı ustanın yanında X19 ilə birlikdə fəhlə işləmiş, həmin vaxtlardan «Abbas»la münasibətləri yaranmış, tutulmazdan bir həftə əvvəl, yəni dekabrın ilk günləri Abbas adlı şəxs Rza Bədəli ilə ona yeni bir iş tapdığını və həmin işi gördükləri halda onlara 20 milyon tümən, yəni 1000 Azərbaycan manatı verəcəyini bildirmiş, onlar da pula ehtiyacları olduğuna görə onunla razılaşmışlar. Abbas adlı şəxs ona mobil nömrə verib telefonuna taxmağı və həmin nömrəyə zəng edib deiyi iş barədə məlumat verəcəyini demişdir. 09 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Abbas ona zəng edərək Parsabad şəhərinin Füruzəabad kəndinin Azərbaycan Respublikası ilə həmsərhəd olan yerində ağacın dib hissəsində içərisində narkotik olan göy rəngli kisəni götürüb sərhədə doğru düz hərəkət etməli olduqlarını, sərhədboyu simlərini keçərək Azərbaycan Respublikası ərazisində təxminən 500 və ya 1000 metrə yaxın məsafə getdikdən sonra yol kənarında olan su arxının yaxınlığında yerləşən dəmir işıq dirəyinin aşağısına həmin göy rəngli kisəni qoymalı olduqlarını, qoyduqları yerin şəkilini çəkib ona göndərib geriyə qayıtmalarını tapşırmış, o,da bu barədə X14 məlumat vermiş, sonuncu da onunla razılaşmışdır. Buna görə də həmin gün saat 13 radələrində evdən çıxıb X19 ilə həmin yerə gedib ağacın dibində olan göy rəngli kisəni götürüb Parsabad şəhərinin Füruzəabad kəndinin Azərbaycan Respublikası ilə həmsərhəd olan istiqamətinə tərəf piyada getmişlər. Həmin gün saat təxminən 17 radələrində Parsabad şəhərinin Füruzəabad kəndinin Azərbaycan Respublikası ilə həmsərhəd olan istiqamətinə çatmış və havanın qaralmasını gözləmişlər. Təxminən bir saat müddət, yəni 18 radələrində hava qaraldığı üçün X19 ilə birlikdə «Abbas»ın dediyi ağacın yanına getmiş və ağacın yanına çatanda X19 ondan kisədə nə olduğunu soruşmuş, o, da həmin kisədə narkotik vasitə qurudulmuş marixuana oduğunu bildirmişdir. Bundan sonra X19 həmin göy rəngli kisəni götürüb çiyninə almış və Azərbaycan Respublikası istiqamətində hərəkətə başlamışlar. Ətrafa baxaraq sərhədboyu ərazini yoxlayan əsgərlərin olmadığını görüb sərhəd siminə yaxınlaşmış, o, yedən götürdüyü ağac parçası ilə sərhəd simlərini qaldırmış və birlikdə sürünərək Azərbaycan Respublikası ərazisinə keçmişlər. Sərhəd simlərini keçdikdən sonra qarşılarına yenidən dərin su kanalı çıxmış, hər ikisi su kanalına girən zaman ciblərində olan telefonlar suya düşərək yararsız vəziyyətdə düşmüşdür. Onlar su kanalını keçdikdən sonra Azərbaycan Respublikasının tanımadığı ərazisi ilə düz istiqamətdə təxminən bir kilometr məsafə getdikdən sonra əkin sahəsinin yaxınlığında olan işıq dirəyinin yanına çatanda polis əməkdaşları onlara yaxınlaşmış və onları saxlamışlar. Onları polis şöbəsinə aparıb daşdıqları torbaya baxış keçirilərkən həmin torbadan 5 kiloqram qurudulmuş marixuana və dərman kapsulları aşkar edilmiş, onlar da əməllərini etiraf etmişlər. X6 məhkəmə iclasında dediyi son sözündə əməlindən peşman olduğunu, səhv etdiyini, maddi vəziyyətini nəzərə alaraq ona daha aşağı həddə cəza verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X19 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, əməlindən peşmandır. Pul qarşılığında ona ittiham edilən əməli törətmişdir. Belə ki, “Abbas” adlı şəxs torbanı götürüb Azərbaycan Respublikası ərazisinə keçirmək üçün onlara 1000 manat pul təklif etmiş, pula ehtiyacları olduğu üçün onun dedikləri ilə razılaşmış, X6 ilə birlikdə tobanı götürüb Azərbaycan Respublikası sərhədindən qanunsuz keçərək Biləsuvar rayonu istiqamətində getmişlər. Həmin ərazidə də polis əməkdaşları tərəfindən saxlanılmış və daşıdıqları torbaya baxış keçirilərkən həmin torbadan qurudulmuş marixuana və dərman kapsulları aşkar edilmişdir. X19 məhkəmə iclasında dediyi son sözündə əməlindən peşman olduğunu, səhv etdiyini, maddi vəziyyətini nəzərə alaraq ona daha aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, X6 və X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl RPŞ-nin Cinayət axtarış Bölməsinin rəisi polis kapitanı Şahid1 ifadəsində ibitidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, 09 dekabr 2022-ci il tarixdə İran İslam Respublikasının vətədaşları tərəfindən dövlət sərhəddinin Biləsuvar rayon istiqamətində qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçiriləcyi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, həmin gün dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçəcək şəxslərin ola birəcəyi ərazi müşahidə altına almış, saat 21:10 radələrində iki nəfər şəxsin Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 11 saylı qəsəbədə dövlət sərhədinin Azərbaycan Respublikasına aid olan hissəsində piyada hərəkət edən zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, müşahidə zamanı iki şəxsin dövlət səhəddini keçdikdən sonra 30 dəqiqə ərzində 11 saylı qəsəbə ərazisi istiqamətində əyilə-əyilə, gizlənərək piyada hərəkət etdikləri və onların birinin çiynində kisə olması müəyyn edilmişdir. Həmin şəxslər qəsəbə ərazisinə təxminən 500 metr məsafə irəlilədikdən sonra 11 saylı qəsəbə ərazisində əməliyyat qurupunun üzvləri ilə birlikdə onlara yaxınlaşıb özlərini təqdim edib onlardan şəxsiyyətləri barədə soraqlaşdıqda həmin şəxslərdən çiynində kisə olan şəxs özünü İran İslam Respublikasının vətəndaşı X19, digəri isə X6 olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər Cəbrayıl RPŞ-yə aparılmış, videoçəkiliş vasiəsi ilə üzərlərinə və əllərində olan kisəyə baxış keçirilmiş, həmin kisədə qurudulmuş marixuana və dərman kapsulları olması aşkar edildir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl RPŞ-nin əməkdaşları - Şahid2 və Şahid5 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Cəbrayıl Rayon Polis Şöbəsinin CAB-nin rəisi Şahid1 tərəfindən tərtib edilmiş 09 dekabr 2022-ci il tarixli raportla və protokolla müəyyən edilir ki, X6 və X19 həmin gün saat 21:10-da dövlət sərhəddini qanunsuz keçdikdən sonra saat 21:40-da Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünləri üçün inşa edilmiş 11 saylı qəsəbə ərazisində piyada hərəkətdə olarkən özləri ilə gətirdikləri bir ədəd göy rəngli sintetik kisə ilə birlikdə saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə aparılmışlar (İ cild, i.v. 04;10). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 dekabr 2022-ci il tarixli protokollardan görünür ki, X19 həmin tarixdə saat 00:15-də və X6 isə həmin gün saat 01:28-də şübhəli şəxs qismində tutulmuşlar (i.v. 30-31;49-50). -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı X11 üzərindən “Samsung A 30s” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. X19 ilə aparılmış şifahi sorğu-sual zamanı o, həmin mobil telefon aparatının dövlət sərhəddini qanunsuz keçərkən suya düşərək yararsız olduğunu bildirmişdir (İ cild, i.v.32-33) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı X3 üzərindən “Samsung J6+” markalı mobil telefon aparatı, üzərindəki gödəkcəsinin sol yan cibindən “VVinstone” markalı siqaret qutusunun içərisindən 03 ədəd siqaret, gödəkcəsinin sol yan cibindən isə “40 famotidine” sözləri yazılmış 05 ədəd istifadə edilmiş, 05 ədəd isə qalan dərman preparatı, bir ədəd alışqa, gödəkcəsinin sağ yan cibindən 07 ədəd fars əlifbası ilə yazılmış qəbz, 01 ədəd alışqab və 01 ədəd burun dərmanı aşkar olunaraq götürülmüşdür (İ cild, i.v.52-53) -“Baxış keçirilməsi haqqında” 10 dekabr 2022-ci il tarixli protokolla və protokola əlavə edilmiş baxış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD diskdəki videogörüntülərə keçirilmiş baxış zamanı müəyyən olunur ki, həmin gün saat 02:48-dən etibarən Cəbrayıl RPŞ-nin inzibati binasında X19 həmin tarixdə saat 00:15-də və X3 və onların müdafiçilərinin iştirakı ilə bir ədəd göy rəngli sintetik kisəyə baxış keçirilərkən kisədən 05 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd qutuda 100 ədəd «ACTOPENTİN 300... Qabapentin» göstəricili kapsul və 12 ədəd qutuda 360 ədəd «Pregabiox 150... Pregabalin» göstəricili kapsul aşkar edilmişdir (İ cild, i.v.54-55, 174-176). -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 dekabr 2022-ci il tarixli 7/1397 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «İran İslam Respublikasının vətəndaşları X1 və X8 qaçaqmalçılıq yolu...» sözləri yazılmış sintetik torbada skoçla bağlanmış 05 (beş) ədəd qara rəngli sellefon bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 1020 qram, 2)1025 qram, 995,0 qram, 4) 1045 qram 5) 1000 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 5085 qramdır və tərkiblərinə görə eynidirlər (İ cild, i.v. 58-72). -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 dekabr 2022-ci il tarixli 6/6990 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 10 dekabr 2022-ci il tarixli 6/6990 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, üzərində İran İslam Respublikasının vətəndaşları X1 və X8 qaçaqmalçılıq yolu ilə dövlət sərhəddindən gizli keçirdikləri narkotik ...» və s yazılar, imzalar olan sinteketik kisədəki «ACTOPENTİN 300... Qabapentin» göstəricili 02 ədəd qutuda açıq sarı rəngli eyni tərkibli dərman kapsullarının tərkibində ümumilikdə 30 qram (01 kapsulda 0,3 qram) qabapentin təsiredici maddəsi müəyyən edildi. «Pregabiox 150... Pregabalin» göstəriciləri olan 12 ədəd qutuda ümumilikdə 360 ədəd ağ/qırmızı rəngli eyni tərkibli dərman kapsullarının tərkibində ümumilikdə 54 qram (01 kapsulda 0,15 qram) preqabalin təsiredici maddəsi müəyyən edildi. Qabapentin və Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildi (İ cild, i.v. 73-79). -“Maddi sübut kimi tanınma haqqında” 19 dekabr 2022-ci il tarixli qərardam görünür ki, ekspertiza tədqiqatlarından sonra qablaşdırılmış qalıq çəkisi 5084,5 qram qurudulmuş marixuana, 96 ədəd kapsul “Qabapentin” kapsulu və 356 ədəd “Preqabalin” kapsulu maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir (İ cild, i.v. 171-172). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 124-125) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X19 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v.124-125) - Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(072)-026/2022 saylı qərarından görünür ki, X19 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 156-158) - Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(072)-027/2022 saylı qərarından görünür ki, X6 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v. 159-161). - Cəbrayıl Rayon Məhkəməsinin hakimi 10 dekabr 2022-ci il tarixli, 5(072)-055/2022 saylı qərarı ilə Cəbrayıl RPŞ-nin «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 09 dekabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (İ cild, i.v. 162-165). - Cəbrayıl Rayon Polis Şöbəsinin 10 iyul 2023-cü il tarixli məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığına cavabına əsasən İran İslam Respublikasının vətəndaşları X6 və X19 İran İslam Respublikasında əldə etdiyi külli miqdarda narkotik vasitənin və psixotrop maddə və narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri dövlət sərhəddinin qanunsuz olaraq keçməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə daşımış və məqsədləri qeyd edilən külli miqdarda külli miqdarda narkotik vasitənin və psixotrop maddə və narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikası ərazisində yerləşdirib geri qayıtmaqdan ibarət olmuşdur (İİ cild, i.v.54). -Ambulator məcburi Narkoloji tibbi yoxlamanın 24 iyun 2023-cü il tarixli, 4044 nömrəli rəyindən görünür ki, X4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, i.v.63-64). -Ambulator məcburi Narkoloji tibbi yoxlamanın 24 iyun 2023-cü il tarixli, 4046 nömrəli rəyindən görünür ki, X12 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, i.v.65-66). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş üzrə ibtidai istintaq orqanı tərəfindən X6 və X14 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə, qaçaqmalçılıq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa, elcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etməyə, saxlamağa və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Lakin həm məhkəmə baxış iclasında, həm də ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər- X6 və X19 özlərini müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, törətdikləri əməllərini etiraf etmiş və əməllərindən peşman olduğunu bildirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirməsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə və qanunvericiliyin tələblərinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qeyd edilən Plenum qərarında həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Belə əməlləri törətmiş şəxsin eyni zamanda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi də müəyyən edildikdə təqsirkarın əməlləri CM-in 206-cı maddəsi ilə yanaşı, həm də CM-in 318-ci maddəsi ilə tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, X6 və X19 narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək narkotik vasitə qurudulmuş marixuananı və tərkibində külli miqdarda «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»-nın 1 nömrəli əlavəsinə daxil edilən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən Preqabalin və Qabapentin maddəsi olan dərman kapsullarını istintaqa məlum olmayan vaxtda, naməlum şəraitdə İran İslam Respublikasının ərazisində qanunsuz əldə etdikdən sonra 09 dekabr 2022-ci il tarixdə saat 21:10 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Biləsuvar rayonu ərazisindən X19 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçib, qaçaqmalçılıq yolu ilə sonuncu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar ölkə ərazisinə keçirərək üzərində saxlamaqla Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 11 saylı qəsəbənin ərazisindəki əkin sahəsində olan işıq dirəyinin yanına qanunsuz olaraq daşımışlar. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, X6 və X11 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri X6 və X11 ibtidai araşdırma və məhkəmə istintaqı zamanı zamanı verdikləri etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid5 ifadələri, təqsirləndirilən şəxslərdən aşkar edilmi bir ədəd torbaya “baxış keçirilməsi haqqında” 10 dekabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə bioloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli, 7/1397 saylı, materialların məhkəmə ekspertizasının 10 dekabr 2022-ci il tarixli 6/6990 saylı rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən X6 və X19 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş sənədlərdən görünür ki, X6 oğlu xx xxxxx 1987-ci ildə İran İslam Respublikasının Germi şəhərində anadan olmuşdur, İran İslam Respublikasının vətəndaşıdır, subaydır, orta təhsillidir, əvvəllər məhkum olunmamışdır, İran İslam Respublikasının Germi şəhəri, Abbasi məhəlləsi, Qızılgül küçəsində yaşamışdır. Həmçinin X19 xx xxxx 1988-ci ildə İran İslam Respublikasının Germi şəhərində anadan olmuşdur, İran İslam Respublikasının vətəndaşıdır, subaydır, orta təhsillidir, əvvəllər məhkum olunmamışdır, İran İslam Respublikasının Germi şəhəri, Cəvadiyyə məhəlləsi, Şərəfi küçəsi 74 ünvanında yaşamışdır. Məhkəmə göstərilənlərə əsasən X6 və X19 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, X6 və X14 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrinin sanksiyaları həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 və X14 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası, həmçinin, İran İR vətəndaşı olmaqla, əcnəbi olduqlarına və onlara münasibətdə Azərbaycan Respublikası CM-in 52.2-ci maddəsində göstərilən hallardan hər hansı biri olmadığına görə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və onların Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən X6 və X14 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 10 dekabr 2022-ci il tarixdən hesablanmalı və Cəbrayıl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarları ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 198 (bir yüz doxsan səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 198 (bir yüz doxsan səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs X6 və X9 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5084,5 qram qurudulmuş marixuana, 96 ədəd Qabapentin kapsulu və 356 ədəd Preqabalin kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd, “baxış və götürmə” haqqında protokola əlavə edilmiş, 01 (bir) ədəd DVD diskdə olan videogörüntü iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 51-2, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X6 (X2) Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 240.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 318.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə X5 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X6 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 dekabr 2022-ci il tarixdən hesablansın. X6 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilsin. Həmin əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaya birləşdirilsin və X6 əsas cəzanı çəkdikdən sonra icra edilsin. X3 Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. X11 (X13) Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 240.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 318.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə X14 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X19 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X14 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 dekabr 2022-ci il tarixdən hesablansın. X11 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X11 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilsin. Həmin əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaya birləşdirilsin və X19 əsas cəzanı çəkdikdən sonra icra edilsin. X11 Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti X6 və X9 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5084,5 qram qurudulmuş marixuana, 96 ədəd Qabapentin kapsulu və 356 ədəd Preqabalin kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan X6 və X14 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar