Məhkəmə qərarları › İş №1(099)-714/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-714/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-714/2023 05.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda, yəni 3,796 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra- heroin) və külli miqdarda, yəni 2,315 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini (bundan sonra- metamfetamin) qanunsuz olaraq əldə edib, heroini 1 ədəd polietilen kəsiyi bükümüdə, psixotrop maddəni 1 ədəd polietilen kəsiyi bükümdə və 2 ədəd kağız bükümdə əynindəki şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 11 may 2023-cü il tarixdə saat 11:45 radələrində Ağcabədi rayon Polis Şöbəsinin (bundan sonra - Ağcabədi RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 12:20-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində saxladığı “Kent” markalı siqaret qutusunun içindən 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 3,796 qram külli miqdarda heroin, 1 ədəd polietilen kəsiyi bükümdə 1,456 qram, 2 ədəd siqaretin gümüşü kağızı bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,800 qram və 0,059 qram, ümumi təmiz çəkisi 2,315 qram külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, tutulduğu vaxta kimi narkotik vasitələrin satışı ilə məşğul olmamış, heroindən və metamfetamindən şəxsi istifadəsi üçün istifadə etmişdir. Bir neçə ildir ki, Bakı şəhərində yaşamış, taksi fəaliyyəti ilə məşğul olmuşdur. İstifadə etdiyi narkotiki sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Belə ki, iranlı şəxsin kartına pul göndərmiş, sonuncu da narkotikin olduğu yerin şəklini və kordinatlarını ona göndərmiş, o, da həmin yerdən narkotiki götürmüşdür. Saxlanılmamışdan 3 gün əvvəl həmin iranlı şəxsdən 5 qram heroin və 5 qram metamfetamin almış, buna görə iranlı şəxsin xatırlamadığı hesabına 200 manat pul göndərmişdir. Aldığı narkotikdən özü bir neçə dəfə istifadə etmiş, qalan hissəsini da şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 11 may 2023-cü il tarixdə valideyinləri ilə görüşmək üçün Ağcabədi şəhərinə gəlmişdir. Həmin gün təxminən saat 11 radələrində idarə etdiyi avtomobillə yaşadığı ev istiqamətinə hərəkətdə olan zaman yaşadığı evin qarşısında polis əməkdaşları onu saxlatmış və Ağcabədi RPŞ-yə aparmışlar. Orada üzərinə baxış keçirilərkən üzərindən 3 qramdan artıq heroin və 2 qramdan bir qədər artıq metamfetamin aşkar edilmiş, həmin vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ümumiyyətlə heron və metamfetamindən birgə istifadə etmiş, narkotik istədiyi vaxt heç kimə ağız açmamaq məqsədi ilə Ağcabədi şəhərinə gələrkən əldə etdiyi heroin və metamfetamini üzərində saxlamışdır. Həmçinin üzərində aşkar olunan metamfetamini şəxsi istifadəsi məqsədi ilə 3 bükümə bölmüş, heroini isə bir bükmədə saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 may 2023-cü il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamış, sonuncu həmin gün, Ağcabədi şəhəri, H.Aslanov küçəsində yaşadığı evin qarşısında tərəflərindən saxlanılaraq RPŞ-yə gətirilmiş, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd «Kent» markalı siqaret qutusu çıxarıb çıxarıb təqdim etmiş, həmin qutuya açıb baxış keçirərkən içərisində 2 ədəd polietilen kəsiyinə bükülmüş büküm və 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olunmuş, aşkar olunmuş bükümlər açıldıqda 3 ədəd metamfetaminə və 1 ədəd polietilen bükümdə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Həmin kütlələr çəkilmiş və möhürlənərək qablaşdırılmışdır. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etməsi, nə məqsədlə üzərində daşıyıb saxlaması barədə sorğu-sual edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik və psixotrop maddəni tutulmamışdan bir neçə gün əvvəl İran vətəndaşından şəxsi istifadəsi məqəsdi ilə aldığını bildirmişdir. Tərəflərindən keçirilmiş tədbirlər zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamışdır. Ona əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və üzərində saxlaması barədə daxil olmuş və bu məlumat ona birinci dəfə daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - ilkin araşdırma materiallarından, yəni 11 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (i.v 4-5; 8; 24-26). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 18-19) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 oktyabr 2023-cü il tarixli protokoldan və şəxsi axtarış istintaq hərəkətinə əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 əynindəki şalvarın sağ yan cibindən 1 (bir) ədəd «Kent» markalı siqaret qutusu çıxarıb təqdim etmiş, həmin qutuya açıb baxış keçirərkən içərisində 2 ədəd polietilen kəsiyinə bükülmüş büküm və 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olunmuş, bükümlər açıldıqda 3 ədəd metamfetaminə və 1 ədəd polietilen bükümdə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş, 1-cü bükümdə metamfetaminə bənzər kütlə 1,31 qram, ikinci bükümdə metamfetaminə bənzər kütlə 0,09 qram, üçüncü bükümdə metamfetaminə bənzər kütlə 1,96 qram, dördüncü bükümdə heroinə bənzər kütlə 4,63 qram təşkil edir. (i.v. 24-26) -materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/495 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs əynindəki» sözləri yazalmış və imzalar olan kağız paketdəki 1 ədəd siqaret qutusunda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,796 qram olan maddə heroindir; 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,456 qram, 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,800 qram, 0,059 qram, ümumi çəkisi 2,315 qram olan maddələr metamfetamindir.(i.v. 37-41) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 53-54) -Ağcabədi şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(017)-63/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 81- 83) - Ağcabədi şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(017)-85/2023 saylı qərarından görünür ki, Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. ( i.v. 93-94) - “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın yan cibindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 3,796 qram heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,746 qram heroin və ümumi təmiz çəkisi 2,315 qram metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,225 qram metamfetamin və 1 ədəd DVD disk öz xüsusiyyətlərinə, əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən haların müəyən edilməsinə kömək edən əşyalar olduğuna görə iş üzrə maddi sübut hesab edilmişdir. (i.v. 95-96) -Ambulator məcburi-narkoloji tibbi 14 avqust 2023-cü il tarixli 1376 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i.v. 157) - Məhkəmə-psixiatriya ekspertizasının 25 avqust 2023-cü il tarixli, 320 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. ( i.v. 159- 162) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: – narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərində şəxsi istifadəsi məqsədi ilə heroin və metamfetamin saxlaması barədə ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroin və metamfetaminə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 3,796 qram heroini, 1 ədəd polietilen kəsiyi bükümdə 1,456 qram, 2 ədəd siqaretin gümüşü kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,800 qram və 0,059 qram, ümumi təmiz çəkisi 2,315 qram metamfetamin əldə etmiş, üzərində saxlamış və daşımışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürdüyü ittihamı sübut edən hal kimi Ağcabədi RPŞ-yə sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması, Ağcabədi RPŞ-nin 26 may 2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması hallarının müəyyən edilməsinin göstərilməsi və üzərindən aşkar edilmiş heroinin bir ədəd, metamfetaminin üç ədəd bükümlərdə, ümumi təmiz çəkilərinin külli miqdarda olması göstərilmişdir. (səh. 183-192). Cinayət işi materiallarında olan 11 may 2023-cü il tarixli raportda daxil olmuş ilkin əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışını həyata keçirməsi barədə olması (i.v 8), Ağcabədi RPŞ-nin 26 may 2023-cü il tarixli məktubunda (i.v 104) daxil olmuş əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması hallarının müəyyən edilməsi göstərilsə də, bu məlumatların ehtimal xarakterli olması məhz həmin məktubda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əvvəllər narkotik vasitələri əldə etmə, saxlama və kultivasiya etmə cinayətlərinə görə məhkum olunmuş şəxslərin iş üzrə baş vermiş hadisə ilə hər hansı bağlılığının müəyyən edilməməsi, iş üzrə İsbəndiyar Şəkkərovun üzərindən aşkar edilmiş heroinin bir ədəd, metamfetaminin üç ədəd bükümlərdə və külli miqdarda olmasının narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət etməsinin göstərilməsi ilə sübut edilir. Belə olan halda, ibtidai istintaq orqanının hər hansı mötəbər sübut əldə etmədən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə nəticəyə gəldiyi müəyyən edilir. Lakin cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən yoxlanılmamış, qiymətləndirilməmiş və mötəbərliyi müəyyən edilməmiş məlumat özüözlüyündə sübut əhəmiyyəti daşımır. Buna görə də məhkəmə Ağcabədi RPŞ-nin 26 may 2023-cü il tarixli məktubunun daxil olmuş əməliyyat məlumatları əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması hallarının müəyyən edilməsi ilə bağlı hissəsini məhkəmə istintaqı zamanı təsdiqini tapmamış, mötəbər olmayan və yalnız ehtimal xarakterli məlumat kimi xarakterizə edir. Bu nəticə həmin məlumatın Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə faktiki və hüquqi əhəmiyyətinin itirməsi ilə nəticələnir. Məhkəmə bu səbəbdən həmin məktubun müvafiq hissəsini Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi qeyd edilən Plenum qərarında təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil ”başqa sübutlarla “ yanaşı nəzərə alınması tövsiyyə edilir. “Başqa sübutlar” dedikdə iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən və psixotrop maddələrdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırkı işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli, 1376 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs metamfetamin və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar edilmiş heroin və metamfetaminin külli miqdarda olduğu və ayrı-ayrı bükümlərdə qablaşdırıldığı müəyyən edilsə də, sonuncunun digər istehlakçılarla razılıq əldə etməsi, onda narkotik vasitələrin hazırlanması və ölçməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli, 1376 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs metamfetamin və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyinin aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 3,796 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 1,796 qram çox olması, - onun üzərindən aşkar edilmiş metamfetaminin üç ədəd bükümdə, ümumilikdə təmiz çəkisi 2,315 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,315 qram çox olması, - onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroin və metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxsin yaşadığı evinə baxış keçirməməsi, sonuncunun üzərindən aşkar edilmiş heroin və metamfetamini satmaq üçün başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinin müəyyən edilməməsi, - məhkəmə istintaqı zamanı şahid qismində dindirlimiş Ağcabədi RPŞ-nin əməkdaşlarının ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı məlumatlarının olmadığını bildirmələri, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini və metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olması, iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroin və metamfetaminin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütlələrə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid3 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 12 may 2023-cü il tarixli, 18/495 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli, 1376 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 112-113) - Ağcabədi rayon İHB-nin Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir, evlidir, himayəsində bir nəfər azyaşlı uşağı vardır. (i.v. 147-150) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 18.1, 41.2, 58.3, 65.2 və 83.3.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 3,485 qram, metmafetaminin təmiz çəkisinin 2,315 qram olmasını, narkotik vasitələrdən istifadə edən şəxs kimi taksi fəaliyyəti ilə məşğul olmaqla insanların həyatını təhlükəyə atmasını və əməlinə tənqidi yanaşmamasını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində bir nəfər azyaşlı uşağının olmasından (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halın olduğunu, əməlində cəzasını ağırlaşdıran halın olmadığını, , təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 11 may 2023-cü il tarixdən hesablanmalı və Ağcabədi rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli, 1376 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,746 qram təşkil edən heroin və 2,225 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,746 qram heroin və 2,225 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Ağcabədi Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Hüseynov Hakimlər: Nizami Quliyev Vüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar