Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-714/2024 24.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi4 və Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə xx.xx.1986-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul, məhkumluğu olan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 235.3.1, 235.4.2, 235.4.3, 28, 234.4.1 və 28, 234.4.3-cü maddələri xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul, məhkumluğu olan, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 235.3.1, 235.4.2, 235.4.3, 28, 234.4.1 və 28, 234.4.3-cü maddələri xx.xx.1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul, məhkumluğu olan, Sabirabad rayonu Moranlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 235.3.1, 235.4.2, 235.4.3, 28, 234.4.1 və 28, 234.4.3-cü maddələri xx.xx.1989-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul, məhkumluğu olmayan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 235.3.1, 235.4.2, 235.4.3, 28, 234.4.1 və 28, 234.4.3-cü maddələri xx.xx.1990-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul, məhkumluğu olmayan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 235.3.1, 235.4.2, 235.4.3, 28, 234.4.1 və 28, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran şəhərində, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 235.3.1, 235.4.2, 235.4.3, 28, 234.4.1 və 28, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 235.3.1, 235.4.2, 235.4.3, 28, 234.4.1 və 28, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 həmkəndlisi Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sabirabad rayonu Şəhriyar kəndi ərazisində yerləşən fermada təxminən 30-40 kq çəkidə, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuana saxlamasını yəqin edib, həmin narkotik vasitəni əldə edib satmaq məqsədi ilə, tanışları digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, cinayətin törədilməsi ilə bağlı hazırladığı planı qrup üzvlərinə çatdırmaqla aralarında cinayətin törədilməsi üçün rolları bölüşdürdükdən sonra, 04 sentyabr 2023-cü il tarixdə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs2 göstərişi ilə qrup üzvləri Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1, onları əvvəldən tanıyan Zərərçəkmiş şəxs özlərini gizlətmək üçün başlarına maska keçirməklə fermanın yaxınlığına gələrək kolluq sahədə dayanıb qrupun digər üzvlərinin gəlməsini gözləmiş, həmin vaxt Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan yerə gəlmiş, orada avtomobildən düşərək Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 cinayətin təfərrüatları barədə bir daha təlimatlandırdıqdan sonra hər iki şəxs avtomobilə oturmuş, Təqsirləndirilən şəxs2 isə ola biləcək təhlükələr barədə qrup üzvlərinə əvvəlcədən məlumat vermək, onların cinayəti təhlükəsiz və tez bir vaxtda icrasını təmin etmək üçün hadisələri kənardan müşahidə etmək məqsədi ilə fermanı görə biləcəyi yerdə qalıb gözləmiş, bundan sonra Təqsirləndirilən şəxs3 avtomobili fermanın həyətinə sürüb saxlamış, bu vaxt qardaşı Şahid1 ilə birlikdə fermada olan Zərərçəkmiş şəxs sürücü oturan tərəfdən avtomobilə yaxınlaşdıqda Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs tutub qolunu burmaqla və ayağına badalaq vurmaqla yerə yıxmış, Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs əllərini özləri ilə gətirdikləri kəndir iplə bağlayıb, başına kalqotqa keçirməklə bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqları ilə vurub fermada saxladığı külli miqdarda narkotik vasitə qurudulmuş marixunananın yerini göstərməsini tələb etmiş, deməyəcəyi təqdirdə həyat və sağlamlığına daha ağır zərər yetirəcəkləri ilə hədələmiş, Zərərçəkmiş şəxs onda narkotik vasitə olmadığını, ünvanı səhv saldıqlarının bildirdikdə qrup üzvlərindən biri istintaqa məlum olmayan silahdan atəş açaraq zərərçəkmişin həyat və sağlamlığı üçün real təhlükə törətməklə fiziki zor tətbiq edərək sonuncudan bir daha saxladığı narkotik vasitənin yerini deməsini tələb etmiş, nəticə olmadığını gördükdə, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs1lə birlikdə fermanın içərisinə daxil olaraq narkotik vasitəni axtarsalar da tapa bilməmiş, həmin vaxt onların fermaya basqın etmələrini görən Zərərçəkmiş şəxs qardaşı Şahid1 fermadan kənara qaçmaqla baş verənlərlə bağlı polisə məlumat verməsini və kömək çağırmasını eşidən qrup üzvləri yaxalanmamaları üçün hadisə yerindən uzaqlaşmaq qərarına gəlmiş, bu vaxt onlar hadisədən əvvəl Təqsirləndirilən şəxs2 razılaşdırılmış ümumi niyyətdən kənara çıxan və onun niyyəti ilə əhatə olunmayan hərəkətlər etməklə, Zərərçəkmiş şəxs da özləri ilə aparıb oğurlamaq məqsədi ilə sonuncunu iradəsi ziddinə avtomobilin arxa oturacaqları ilə qarşı oturacaqları arasındakı hissəyə dizi üstə otuzdurub, baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla üst dodaqda qansızma, sağ və sol mil bilək oynağı proyeksiyasında, sağ çiyin qurşağı proyeksiyasında, sağ kürəküstü nahiyədə, kürəkarası proyeksiyada, onurğa xətti üzrə 6-8-ci döş fəqərəsi səviyyəsində sıyrıqlar, sağ və sol onurğayanı xətt üzrə 3-4-cü bel fəqərəsi səviyəsində, sağ sağrının yuxarı iç kvadrantında qançırlarla müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib fiziki zor tətbiq etməklə olduğu yerdən Sabirabad rayonu Moranlı kəndi istiqamətində aparmış, Təqsirləndirilən şəxs2 isə kənardan baş verənləri müşahidə etməklə və Zərərçəkmiş şəxs əmisi X6 idarə etdiyi VAZ-21015 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə gələrək qrup üzvlərinin olduğu avtomobilin nömrəsini qeyd etməsi barədə Təqsirləndirilən şəxs4 məlumatlandırdıqdan sonra, özünün də ələ keçəcəyini düşünüb hadisə yerindən çöllük sahə ilə yaşadığı Sabirabad rayonu Şəhriyar kəndinə gələrək istintaqdan bir müddət gizlənmiş, bununla da Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 vəTəqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında silahdan istifadə edərək Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə külli miqdarda narkotik vasitəni hədəqorxu ilə tələb etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixunananı əldə etməyə yönəlmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək həmin cinayətə hazırlıq görmüşlər, eyni zamanda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 vəTəqsirləndirilən şəxs5 bir qrup şəxs halında silahdan istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlamışlar. Məhkəmə hazırlıq iclasında keçirilən dinləmələr zamanı müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Bununla əlaqədar Müdafiəçi5 vəsatətlə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərin müdafiə hüquqları pozulduğundan cinayət işinin baxılmasına xitam verilməsi və həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatətlə əlaqədar cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cinayət işinə əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan (cild 1, iş vərəqəsi 2-3) görünür ki, X2 naməlum şəxslər tərəfindən oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov tərəfindən qərar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli vəkil orderindən (cild 1, iş vərəqəsi 100) görünür ki, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək məqsədi ilə Şirvan Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən № 007637 saylı order verilmişdir. Cinayət işinə əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokoldan (cild 1, iş vərəqəsi 102) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 müdafiəçi qismində Şirvan Regional Vəkil Bürosunun vəkili X4 təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqəsi 103) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş 14 sentyabr 2023-cü il tarixli vəkil orderindən (cild 1, iş vərəqəsi 120) görünür ki, Təqsirləndirilən şəxs5 hüquqlarını müdafiə etmək məqsədi ilə Şirvan Regional Vəkil Bürosunun vəkili X5 tərəfindən № 007646 saylı order verilmişdir. Cinayət işinə əlavə edilmiş 14 sentyabr 2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokoldan (cild 1, iş vərəqəsi 121) görünür ki, həmin gün Təqsirləndirilən şəxs5 müdafiəçi qismində Şirvan Regional Vəkil Bürosunun vəkili X5 təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş 14 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqəsi 122) görünür ki, həmin gün Təqsirləndirilən şəxs5 ona təqdim edilmiş müdafiəçi X3 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli vəkil orderindən (cild 1, iş vərəqəsi 201) görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək məqsədi ilə Şirvan Regional Vəkil Bürosunun vəkili X11 tərəfindən № 007816 saylı order verilmişdir. Cinayət işinə əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokoldan (cild 1, iş vərəqəsi 202) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 müdafiəçi qismində Şirvan Regional Vəkil Bürosunun vəkili X11 təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş 27 mart 2024-cü il tarixli vəkil orderlərindən (cild 2, iş vərəqəsi 107-109) görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 hüquqlarını müdafiə etmək məqsədi ilə “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi6 tərəfindən № 0368509, ******* və ******* saylı orderlər verilmişdir. Cinayət işinə əlavə edilmiş 27 mart 2024-cü il tarixli qərardan (cild 2, iş vərəqəsi 110) görünür ki, “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi6 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 müdafiəçisi qismində cinayət prosesinə buraxılmışdır. Cinayət işinə əlavə edilmiş 16 may 2024-cü il tarixli müdafiəçinin səlahiyyətlərinə xitam verilməsi barədə qərardan (cild 3, iş vərəqəsi 56-57) görünür ki, cinayət işi üzrə Şirvan Vəkil Bürosunun vəkili X1 iş üzrə müdafiəçi kimi səlahiyyətlərinə xitam verilmişdir. Cinayət işinə əlavə edilmiş 16 may 2024-cü il tarixli müdafiəçinin səlahiyyətlərinə xitam verilməsi barədə qərardan (cild 3, iş vərəqəsi 61-62) görünür ki, cinayət işi üzrə Şirvan Vəkil Bürosunun vəkili X3 iş üzrə müdafiəçi kimi səlahiyyətlərinə xitam verilmişdir. Cinayət işinə əlavə edilmiş 17 may 2024-cü il tarixli müdafiəçinin səlahiyyətlərinə xitam verilməsi barədə qərardan (cild 3, iş vərəqəsi 109) görünür ki, cinayət işi üzrə Şirvan Vəkil Bürosunun vəkili X7 iş üzrə müdafiəçi kimi səlahiyyətlərinə xitam verilmişdir. Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 müdafiəçisi eyni vəkil - “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi6 olmuşdur. İş materiallarından görünür ki, 13 sentyabr 2023-cü il tarixdə, saat 13:00-13:50 radələrində Təqsirləndirilən şəxs2, 14 sentyabr 2023-cü il tarixdə, saat 17:00-17:45 radələrində Təqsirləndirilən şəxs5 Habil oğlu şübhəli şəxs qismində dindirilmiş, daha sonra onların ifadələri arasında ziddiyyətlər olduğundan hər iki təqsirləndirilən şəxs xx.xx.2023cü ildə saat 09:40-10:20 radələrində üzləşdirilmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 15 sentyabr 2023-cü il tarixdə, saat 10:50-12:05 radələrində, Təqsirləndirilən şəxs5 Habil oğlu 15 sentyabr 2023-cü il tarixdə, saat 13:20-14:05 radələrində, Təqsirləndirilən şəxs1 18 oktyabr 2023-cü il tarixdə, saat 02:05-02:55 radələrində təqsirləndirilən şəxs qismində dindirilmişlər. Təqsirləndirilən şəxs2 müdafiəçi Kənan Abdurəhmanovun iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində, həmçinin üzləşdirmə zamanı ifadə verərkən hadisə günü, 04 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 əvvələcədən razılaşdıqları kimi Zərərçəkmiş şəxs məxsus fermanın yaxınlığına gedib gözləmələrini, həmin gün saat 21 radələrində Ramilin dostu Mirabın Bakı şəhərindən gəldikdən sonra, Mirabın avtomobili idarə etdiyini, Ramilin qabaq sağ oturacaqda, özünün isə arxa oturacaqda oturub, Şəhriyar kəndinə çöl sahəyə gəldiklərini, fermanın yaxınlığına təxminən 2 km qalmış özü maşından düşündükdən sonra, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 başlarında maska gizləndikləri yerdən aşkara çıxıb, onunla bir dəqiqə kimi söhbət etdikdən sonra Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 də avtomobilin arxa oturacağına oturub fermaya tərəf getdiklərini, fermaya getdikdən sonra da Mirabın Zərərçəkmiş şəxs yerə yıxdığını, Ramil, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 də narkotiki tapmaq üçün fermanı axtardıqlarını, lakin tapa bilmədiklərindən Kamranı birlikdə götürüb əvvəlcə Moranlı kəndinə, oradan da Nəsimikənd ərazisinə gətirib kolluq ərazidə buraxdıqlarını göstərmişdir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 də Təqsirləndirilən şəxs2 ifadələrinə uyğun ifadələr verərək, hadisə günü özü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə maşında getdiklərini, fermaya 2 km qalmış Təqsirləndirilən şəxs2 maşından yerə düşdüyünü, həmin vaxt iki nəfər maskalı adamın kolluqdan çıxıb İbadətlə bir dəqiqə söhbət etdikdən sonra maşının arxa oturacağında oturduqlarını, maskalı adamların fermaya daxil olub narkotiki axtardıqlarını, daha sonra Kamranı birlikdə götürüb əvvəlcə Moranlı kəndinə, oradan da Nəsimikənd ərazisinə gətirib kolluq ərazidə buraxdıqlarını göstərmişdir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 ifadələrində hadisən xəbərlərinin olmadığını, həmin hadisə iştirak etmədiklərini, hadisə baş verdikdən sonra hamı kimi məlumatları olduqlarını bildirmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 də baş vermiş hadisə zamanı birbaşa iştiraklarını göstərsə də, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 bunun əksinə hadisə yerində olmadıqlarını, hadisədən xəbərlərinin olmadığını, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 da Təqsirləndirilən şəxs2 ifadəsinə uyğun ifadələr verərək, hadisə zamanı onlardan başqa iki maskalı şəxsin olduğunu bildirmişlər, bununla da həmin təqsirləndirilən şəxslərin ifadələri arasında kəskin ziddiyyətlər yaranmışdır. Müdafiəçi6 qeyd edilən xüsasatı bilsə də, Azərbaycan Respublikası CPM-in 114.1.4-cü maddəsinin tələbinə əsasən onun iştirakı ilə keçirilmiş istintaq hərəkətlərində özü-özünə etiraz etməli olduğu halda bunu etməmiş, Müdafiəçi6 qanuni mənafeləri arasında kəskin ziddiyət olan üç şəxsə eyni vaxtda hüquqi yardım göstərmiş və bu hal ibtidai araşdırma qurtaranadək davam etmişdir. Göründüyü kimi, Müdafiəçi6 hazırki cinayət işi üzrə ibtidai araşdırma qurtaranadək, qanuni mənafeləri arasında kəskin ziddiyət olan üç şəxsə eyni vaxtda hüquqi yardım göstərmişdir. Bununla da təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulmasına baxmayaraq ibtidai istintaqı aparan Sabirabad RPŞ-nin istintaq bölməsinin müstəntiqləri polis mayoru X9 və polis kapitanı X12 qeyd olunan təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməmiş, təqsirləndirilən şəxslərin müdafiəçisi olan Müdafiəçi6 cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilməsi barədə qərar qəbul etməmişlər. Təqsirləndirilən şəxslərin eyni müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunduğu dövrdə aparılmış istintaq hərəkətlərinin yenidən aparılmasını (pozulmuş müdafiə hüquqlarının aradan qaldırılması üçün) təmin etməmişlər. Eyni zamanda təqsirləndirilən şəxslərin ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğu təqdirdə ibtadi istintaqı aparan Elvin Həmidov yalnız Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə istintaq hərəkəti keçirməklə kifayətlənmiş, digər təqsirləndirilən şəxslər (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, eləcə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5) arasında üzləşdirmə aparılmamış, qeyd edilən məsələ ilə bağlı ziddiyyətləri aradan qaldırmamışdır. Beləliklə, məhkəmənin hazırlıq iclasında cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan yuxarıda sadalanan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Bu isə ona dəlalət edir ki, qanuni mənafeləri arasında kəskin ziddiyət olan üç şəxsə eyni vaxtda, eləcədə ibtidai araşdırma dövründə hüquqi yardım göstərmiş eyni müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməməklə kobud qanun pozuntusuna yol verilmiş, bu isə müdafiə hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi, məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı CPM-nin tələblərinin pozulub-pozulmaması (299.3.2-ci maddəsi), cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması (299.3.4-cü maddəsi) barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 92.3, 92.3.11 və 92.10.3cü madələrinə əsasən təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək müdafiəçiyə qadağan olunur. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-in 92.3, 92.3.11 və 92.10.3-cü maddələrinin tələblərinə əməl edilməmiş, qanuni mənafeləri arasında ziddiyyət olan üç təqsirləndirilən şəxsə eyni vəkil müdafiəçi qismində təyin edilərək işə buraxılmış, bununla da təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuşdur. Qeyd edilənlər bir daha onu göstərir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququ, eləcə də CPM-nin yuxarıda göstərilən imperativ tələbləri ibtidai istintaq aparan Elvin Həmidov və Araz Fərəcov tərəfindən kobud və ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusu hesab edilir və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı qanun pozuntusuna yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsaslar vardır. Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş halları və dəlilləri məcmu halda nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntusuna yol verildiyindən, yəni təqsirləndirilən şəxslərin müdafiə hüququ kobud şəkildə pozulduğundan onların barəsində olan cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, iş üzrə Sabirabad RPŞ-nin istintaq bölməsinin müstəntiqləri polis mayoru X9 və polis kapitanı X12 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barələrində xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 19 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün kifayət qədər müddət tələb olunur. Ona görə də məhkəmə toplanmış materialların həcminin böyüklüyünü, cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyini və yol verilmiş kobud qanun pozuntusunun aradan qaldırılması üçün həyata keçirilməli olan prosessual hərəkətlərin keçirilməsinin tələb olunmasını, habelə təqsirləndirilən şəxslərin ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilmələrini, onların azadlıqda qalacağı halda istintaqdan gizlənmələrinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmalarına dair kifayət qədər əsasların olduğunu, eləcə də onların tərəfindən yeni cinayətlərin törədilməsi barədə real təhlükənin olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 oktyabr 2024-cü il tarixdən 02 (iki) ay müddətinə, yəni 24 dekabr 2024-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289, 299-300, 303.3.1, 306 və 307.1-ci maddələrini rəhbər utaraq məhkəmə, Q Ə R A R A A L D İ: Müdafiəçi5 tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 235.3.1, 235.4.2, 235.4.3, 28, 234.4.1 və 28, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 235.3.1, 235.4.2, 235.4.3, 28, 234.4.1 və 28, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş həbs qətimkan tədbiri 24 oktyabr 2024-cü il tarixdən 02 (iki) ay müddətinə, yəni 24 dekabr 2024-cü il tarixədək uzadılsın. Qərarın surəti proses iştirakçılarına göndərilsin. Sədrlik edən: Əli Əliyev Hakimlər: Xamməd Nuriyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-714/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-714/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver