Məhkəmə qərarları › İş №1(099)-716/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-716/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-716/2024 24.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Ucar rayonu Yuxarı Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisində qonşuluğunda kirayədə yaşayan digər şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxsin Salyan rayonu ərazisinə qoydurduğu külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və metadon həblərini əldə edib yerini dəyişməklə daşıyaraq saxlamasına dair cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 1000 manata aralarında razılaşmış, qonşusu digər şəxsin sifarişi ilə 24 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Salyan rayonu ərazisinə gələrək qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə həmin narkotik vasitələri əldə edib yerini dəyişməklə daşıyaraq üzərində qanunsuz olaraq saxlamış, həmin gün saat 17:10 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən Salyan şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında şübhəli kimi saxlanılaraq Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan 01 ədəd qara rəngli idman çantasında olan 02 ədəd bükülüdən ayrıayrılıqda təmiz çəkiləri 1560,0 qram və 850,0 qram olmaqla ümumi təmiz çəkisi 2410,0 qram bitki mənşəli, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, habelə həmin çantada olan 09 ədəd konvalyutda ümumi sayı 90 ədəd, təsiredici maddəsinin miqdarı 3,6 qram, eləcə də əynində olan şalvarın arxa sol cibindən 01 ədəd konvalyutda ümumi sayı 10 ədəd, təsiredici maddəsinin miqdarı 0,4 qram olmaqla ümumilikdə 10 ədəd konvalyutda cəmi 100 ədəd, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram olan eyni tərkibli külli miqdarda narkotik vasitə metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib törətdiyi cinayət əməlinə görə peşman olduğunu, iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisində nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 02 il olar ki, ayın müəyyən günlərində narkotik vasitələr olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuana və metadon həblərindən istifadə etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisində qonşuluğmda yaşayan Elşən adlı şəxsi təxminən 6-7 ay olar ki, tanımış və onunla şəxsi münasibətləri yaranmışdır. Təxminən 01 həftə əvvəl tanışı Elşənlə Sovxoz ərazisində görüşərkən Elşən onun tanımadığı, özünün tanıdığı İİR vətəndaşı ilə əlaqəsi olduğunu, həmin şəxsin Salyan rayonu ərazisinə içərisində müxtəlif növ narkotik vasitələr olan çanta qoyduracağını, onun həmin çantanı oradan gedib götürərək Bakı şəhərində ona verməyini və əvəzində ona 1000 manat pul verəcəyini bildirmişdir. O da Elşənlə razılaşıb bu işi yerinə yetirəcəyini bildirmişdir. 24 aprel 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olarkən Elşən ona zəng vurub iranlının Salyan rayonu ərazisinə qara rəngli idman çantasında narkotik vasitələri qoyduracağını və onun gedib həmin yerdən götürməyini bildirmişdir. Bundan sonra evdən çıxıb taksi ilə “Koroğlu” metrostasiyasının yanına, oradan Lökbatan qəsəbəsinə, daha sonra isə Salyan şəhər avtovağzalı ərazisinə gəlmişdir. Saat 16:30 radələrində Salyan şəhəri avtovağzalına çatdıqda Elşənlə əlaqə saxlamış və Elşən ona vatsap vasitəsilə xəritə funksiyasını yerinə yetirən “konum” ataraq narkotik vasitələrin yerini bildirmişdir. O, taksi ilə həmin “konum” vasitəsilə köhnə Ələt-Astara avtomobil yolunda olan dəmir yolunun yaxınlığına gəlmişdir. Taksidən düşdükdən sonra piyada dəmir yolunu keçib təxminən 100 metr irəliyə getmişdir. O, “konum”un göstərdiyi yerdə dəmir yolunun kənarında 1 ədəd qara rəngli idman çantası görmüşdür. Elşənin ona dediyi, içərisində narkotik vasitələr olan idman çantasının həmin çanta olduğunu bilmiş və çantanı götürmüşdür. O, çantanı açdıqdan sonra içərisində 02 ədəd sellofan bükülüdə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana və 10 ədəd konvalyutda narkotik vasitə metadon həbləri olduğunu görmüşdür. O, narkotik vasitə metadon həbindən istifadə etdiyi üçün içərisində 10 ədəd dərman həbi olan 1 ədəd konvalyutda metadon həblərini götürüb şalvarının arxa cibinə qoymuş və çantada 9 ədəd konvalyutda metadon həbləri qalmışdır. Bundan sonra o, çantanı bağlayıb götürərək yenidən geri qayıtmışdır. Həmin gün saat 17 radələrində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında içərisində həmin narkotik vasitələr olan idman çantasını əlində tutaraq piyada gedərkən mülki geyimdə olan polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək onu Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ona nə üçün polis əməkdaşları tərəfindən saxlanılmağının səbəbi soruşulduqda, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Ondan üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməyi təklif edildikdə, o, içərisində narkotik vasitələr qurudulmuş marixuana və metadon həbləri olan, əlində tutduğu qara rəngli idman çantasını, eləcə də əynində olan şalvarının arxa sol cibindən 1 ədəd konvalyutda olan metadon həblərini çıxarıb təqdim etmişdir. Baxış zamanı həmin çantadan 2 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana və 9 ədəd konvalyutda narkotik vasitə metadon həbləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur, həmin narkotik vasitələri Bakı şəhərinə aparıb tanışı Elşənə verəcəkmiş və əvəzində Elşən də ona 1000 manat pul verəcəkmiş. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd idman çantasının içərisində olan 2 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana və 9 ədəd konvalyutda narkotik vasitə metadon həbləri çantada, şalvarının arxa sol cibindən aşkar olunmuş 1 ədəd konvalyutda olan narkotik vasitə metadon həbləri isə kağız zərfdə qablaşdırılmış, üzəri o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib protokolu imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitələr qurudulmuş marixuana və metadon həbləri ona məxsusdur və o, həmin kütlələri tanışı Elşənin sifarişi ilə köhnə Ələt-Astara avtomobil yolunun yaxınlığından keçən dəmir yolunun kənarından götürüb əldə etmişdir. Həmin narkotik vasitələri Bakı şəhərinə aparıb tanışı Elşənə verəcəkmiş və Elşən də ona əvəzində 1000 manat pul verəcəkmiş. Elşəni təxminən 6-7 ay olar ki, yaşadığı Binə qəsəbəsi Sovxoz ərazisindən tanımışdır. Elşən yaşadığı evdən təxminən 100-150 metr aralıda yerləşən fərdi yaşayış evində kirayədə yaşamışdır. Elşənin ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrini bilmiş və həmin mobil nömrələr vasitəsilə Elşənlə əlaqə saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Salyan Rayon Polis Şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilərkən müdafiə hüququ və ya hər hansı digər hüquqları pozulmamışdır və bununla bağlı heç bir şikayəti, vəsatəti və etirazı yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini tam təsdiq etdiyini, ifadələrinin doğru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 24 aprel 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raportla məruzə edilərək Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, bu məqsədlə əməliyyat qrupunun yaradılması barədə şöbə rəhbərliyi tərəfindən müvafiq əmr verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər onlar tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 17:10 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, köhnə Ələt-Astara avtomobil yolunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında əlində qara rəngli çanta olarkən onu müşahidə edib yaxınlaşmış və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs saxlayaraq əlində olan çanta ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanı, əynindəki şalvarın arxa sol cibindən içərisində 10 ədəd olmaqla bir ədəd listdə metadon tabletinə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Çantanın içərisinə baxış zamanı 02 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, hər birində 10 ədəd olmaqla doqquz ədəd listdə metadon tabletinə bənzər kütlələr aaşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlələr barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik maddələri Binə sovxozda yaşayan tanışı Elşən ona telefon vasitəsilə “konum” atdıqdan sonra Salyan şəhərində yerləşən “Stansiya” ərazisindən götürmüş, Bakı şəhərinə aparıb Elşənə verdikdən sonra Elşən bunun müqabilində ona 1000 manat pul verəcəkmiş. Daha sonra aşkar olunmuş kütlələr məhkəmə kimyəvi-bioloji ekspertizasına təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən qablaşdırılmış, ağzı möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmış, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024cü il tarixli həmin şöbənin rəisinə ünvanlanmış “Raport”undan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 13) İş materiallarında olan «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə» 24 aprel 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 14-15) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10 dəqiqədən tutulmuş hesab edilmişdir. (c 1, i.v 29) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanı, əynindəki şalvarın arxa sol cibindən içərisində 10 ədəd olmaqla bir ədəd listdə metadon tabletinə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Çantanın içərisinə baxış zamanı 02 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, hər birində 10 ədəd olmaqla doqquz ədəd listdə metadon tabletinə bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlələr barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik maddələri Binə sovxozda yaşayan tanışı Elşən ona telefon vasitəsilə “konum” atdıqdan sonra Salyan şəhərində yerləşən “Stansiya” ərazisindən götürmüş, Bakı şəhərinə aparıb Elşənə verdikdən sonra Elşən bunun müqabilində ona 1000 manat pul verəcəkmiş. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə metadon həblərindən qəbul etdiyi üçün cibindən çıxarıb təqdim etdiyi listdə olan metadon həblərini həmin çantadan götürüb özü qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs çantada təqdim etdiyi 02 ədəd sellofan bükülü elektron tərəzidə çəkildikdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisinin 2 kq, 645 qram, 09 ədəd listdə olan narkotik vasitə metadon tabletinə bənzər kütlələrin çəkisinin 60 qram, cibindən çıxarıb təqdim etdiyi 01 ədəd listdə narkotik vasitə metadon tabletinə bənzər kütlələrin çəkisinin 6 qram olması müəyyən edilmişdir. (c 1, i.v 38-41) İş materiallarında olan materialların məhkəmə və məhkəmə kimyəvi-bioloji ekspertizasının 25 aprel 2024-cü il tarixli, 19/356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd listdə metadon tabletlərinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd konvalyutda, ümumi sayı 10 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir və həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 0,4 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs əlində olan çantada aşkar olunaraq götürülmüş 02 ədəd bükülüdə marixuanaya bənzər kütlələr, 09 ədəd listdə metadon tabletlərinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd çantadakı, 9 ədəd konvalyutda, ümumi sayı 90 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir və həblərin təsiredici maddəsinin ümumi miqdarı: 3,6 qramdır. (bir həbdə 0,04 qr); 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: 1560,0 qr: 850,0 qram: ümumi təmiz çəkisi: 2410,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və əlindəki çantadan aşkar edilmiş, ümumilikdə 10 ədəd konvalyutda ümumi sayı: 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir və həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: 4,0 qramdır. (bir həbdə 0,04 qr). Qeyd: 1) Marixuanaların ümumi təmiz çəkisi 2410 qr., cəmi tədqiqata sərf edildi – 0,2 qr. (hər ob.-0,1 qr.), qalıq – 2409,8 qr. 2) 100 (bir yüz) ədəd metadon həbləri, tədqiqata sərf edildi – 10(on) ədəd həb; qalıq – 90 (doxsan) ədəd həb. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. (c 1, i.v 54-57) İş materiallarında olan 25 aprel 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən “Redmi” markalı mobil telefonun üzərində ***-***-**-** saylı nömrə vardır. Telefonun «WhatsApp» Messenceri tətbiqinə baxış keçirildikdə oradan Elşən adlı şəxsin istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə vatsap telefon danışıqlarının aparılması aşkar olunmuşdur. Baxış zamanı 24 aprel 2024-cü il tarixdə saat 16:59-da, saat 17:01-də şübhəli şəxs Təqsirləndirilən şəxsla Elşən adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında bir neçə dəfə vatsap zənglərinin olması, saat 17:02-də Elşən adlı şəxsin Təqsirləndirilən şəxs “yığ” deyə zəng etməyi yazması, həmin dəqiqədə və saat 17:07-də Təqsirləndirilən şəxs zəng vurması, saat 17:08-də Təqsirləndirilən şəxs Elşən adlı şəxsə səsli mesajla “taksiyə oturum yığıram” deyə bildirməsi, saat 17:11-də Elşənin ona “ok” yazması, saat 17:30-da və saat 17:32-də Elşənin Təqsirləndirilən şəxs “yaz da”, “alo”, “məzələnirsən” deyə bildirməsi aşkar olunmuşdur. «WhatsApp» tətbiqinə baxış zamanı söhbətlər siyahısında Elşən adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə sözlü və səsli danışıqların olmaması müəyyən olunsa da, 24 aprel 2024-cü il tarixdə ayrıayrı vaxtlarda həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə arasında bir neçə dəfə telefon zənglərinin olması müəyyən olunmuşdur. Mobil telefonun qalereya hissəsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona «WhatsApp» tətbiqi vasitəsilə 24 aprel 2024-cü il tarixdə saat 16:45-də 2 ədəd fotoşəkil, saat 16:46-da isə 1 ədəd fotoşəklin göndərildiyi aşkar olunmuşdur. Həmin fotoşəkillərə baxış zamanı görüntülərdə olan yerin köhnə Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində dəmir yolunun yaxınlığının olduğu müəyyən olunmuşdur. Baxış zamanı mobil telefondan aşkar olunmuş danışıqların və zənglərin olduğu görüntülər, habelə fotoşəkillər tərtib olunmuş protokola əlavə olunmuş və mobil telefonun iş üçün sübut əhəmiyyəti kəsb etdiyi nəzərə alınaraq götürülmüşdür. (c 1, i.v 74-82) İş materiallarında olan 29 aprel 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 2409,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 90 ədəd narkotik vasitə metadon həbləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (c 1, i.v 105) İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(057)- 34/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmışdır. (c 1, i.v 110-115) İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(057)- 111/2024 nömrəli qərarından görünür ki, Şahid1 Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair 24 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c 1, i.v 121-123) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c 1, i.v 124) İş materiallarında olan 13 may 2024-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində 24 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitələr qurudulmuş marixuana və metadon həblərini ona Salyan rayonu ərazisindən götürməsini sifariş vermiş Elşən adlı şəxsin Kəlbəcər rayonu Zəylik kəndində qeydiyyatda olan, xx.xx.1990-cı il təvəllüdlü X4 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsla Elşən Orucov arasında Salyan rayonu ərazisindən narkotik vasitələrin götürülməsi barədə qabaqcadan razılaşma olmuşdur. (c 1, i.v 127) İş materiallarında olan 22 may 2024-cü il tarixli CD diskə baxış keçirilməsi protokolundan görünür ki, həmin faylda olan digər nömrələrlə yanaşı ***-***-**-** saylı mobil nömrə Kəlbəcər rayonu Zəylik kəndində qeydiyyatda olan X2 adına rəsmiləşdirilmişdir. Diskdə olan zənglər siyahısına və antenna dairəsinə baxış keçirildikdə müəyyən edilmişdir ki, 24 aprel 2024-cü il tarixdə saat 11:49-da, saat 12:44-də və saat 13:42-də X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq danışıqlar aparmış, daha sonra həmin gün saat 14:08-də Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil nömrə ilə Elşən Orucovun istifadəsində olan həmin mobil nömrəyə zəng vuraraq danışıq aparmış və həmin gün saat 14:53-də Elşən Orucov yenidən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayaraq danışıq aparmışdır. Baxış zamanı müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 24 aprel 2024-cü il tarixdə saat 10:55-də Binə qəsəbəsində, saat 14:05-də Lökbatan qəsəbəsi “Binə“ ticarət mərkəzində, saat 14:42-də Qaradağ rayonu, Yeni Liman ərazisində, saat 15:28-də ünvan 2 ünvanında Avtovağzal ərazisində yerləşən anten dairələrində qeydə alınmışdır. (c 1, i.v 139) İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2024-cü il tarixli, 382 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olub. Lakin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 147) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran rayonlarası MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 387 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. (c İ, i.v 148-149) İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 2409,8 qram narkotik vasitə qurudulmuş marixuana, 90 ədəd narkotik vasitə metadon həbləri və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. (c İ, i.v 197- 205) İş materiallarında olan 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, narkotik vasitələrin mənbəyini müəyyən etmək məqsədi ilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraatına qəbul edilməsi və ayrılmış cinayət işinə ********* nömrəli cinayət işindən bəzi sənədlərin surətlərinin əlavə olunması qərara alınmışdır. (c İ, i.v 206-207) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə narkotik vasitələri əldə edib daşıyaraq üzərində saxlaması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Belə ki, işin faktiki halları və təqdim edilmiş sübutlar əsasında tam təsdiq edilir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Göründüyü kimi həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı tam təsdiq etdiyi ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələrin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə aralarında razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Salyan rayonu ərazisinə narkotik vasitələr qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə təqsirləndirilən şəxsə dəqiq məlumatlar ötürməsini, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 109.1 və 111-ci sətrlərinə əsasən qurudulmuş marixuana və metadon narkotik vasitələr hesab edilir, həmin vasitələrin müvafiq sətr ardıcılığı ilə şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, 0,02 qram, külli miqdarının aşağı həddi 500 qram, 1,6 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qram və 160 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin pul qarşılığında külli miqdarda narkotik vasitələr olan 2410,0 qram qurudulmuş marixuananı və 100 ədəd metadon dərman preparatları əldə edib, saxlamaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olması, onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə, səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 2409,8 qram narkotik vasitə qurudulmuş marixuana və 90 ədəd narkotik vasitə metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 2409,8 qram narkotik vasitə qurudulmuş marixuana və 90 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar