Məhkəmə qərarları › İş №1(099)-722/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-722/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-722/2023 19.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X9 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxsin hüquqi varisi X2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Digah kəndində qeydiyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə saat 23 radələrində sürücülük vəsiqəsi, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi “Toyota Prius” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhəri Heydər Əliyev prospektində asfalt yolda, yağışlı hava şəraitində, üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində idarə edərkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobil ilə yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətin təmin olunması şəraitində manevr hərəkətləri (manevr, ötmə, yerdəyişmə və sair) etməli olduğu, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanmaq həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini pozaraq, həmçinin avtomobili 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km\saata qədər məhdudlaşdırılmış yolda 90 km\saat sürətlə idarə etdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə zidd olaraq qeyd olunan yol şəraitində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı avtomobil ilə idarəetməni itirərək yol hərəkəti qaydalarını pozması nəticəsində yolun sağ çiynində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsindən çıxıb üzü Lənkəran şəhəri istiqamətində hərəkətdə olan 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi “Tofaş Şahin” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşaraq ehtiyatsızlıqdan ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ qasıq, sol qasıq, sol bud, sol oturaq, sağ pəncənin İİ-İİİ daraq sümüklərinin yerini dəyişən sınıqları, sol bud tərəfli hemopnevmatoraks, sağ pəncə nahiyyəsində əzilmiş yaralardan ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş, həmçinin Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə ön sərnişin yerində oturan anası 1983-cü il təvəllüdlü X4 ehtiyatsızlıqdan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik-qabırğaların sol tərəfli çoxsaylı sınıqları (sol İ-Vİİİ), sol ağciyər, sol plevranın, sol böyrəyin zadələnməsi, döş boşluğunda qanaxma(850 ml), peritonarxası sahədə qanaxma, döş qəfəsinin sol ön-tış səthində yumşaq toxumalar altına yayılmış qansızma, alt çənə, sol gicgah, sağ diz qapağı nahiyyələrində sıyrıqlar, sol dirsək oynağı nahiyyəsində qançır kimi xəsarətlər yetirərək zərərçəkmiş şəxs X3 qeyd olunan xəsarətlər nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, hal-hazırda dəqiq xatırlamadığı tarixdə saat 23 radələrində dostu Şahid3 məxsus “Toyota Prius” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhəri Heydər Əliyev prospektində üzü Lənkəran rayonu Göyşaban kəndi istiqamətində 80-90 km/saat sürətlə idarə edərkən yolun sağ tərəfində olan “Lukoil” yanacaqdoldurma məntəqəsinə təxminən 100 metr qalmış həmin yanacaqdoldurma məntəqəsindən bir avtomobilin hərəkət etməyə başlayaraq yola çıxmaq istədəyini görmüşdür. Bu zaman sürəti azaltsa da həmin avtomobil ona çatmağına 8-10 metr qalmış hərəkət edərək yola çıxmışdır. Odur ki, əyləci basmış və bundan sonra idarəetməni itirmişdir. Nəticədə onun idarə etdiyi avtomobil yanacaqdoldurma məntəqəsindən çıxan “Tofaş” markalı avtomobilin sürücü və onunla paralel arxa oturacaq hissədən toqquşmuşdur. Hadisədən sonra dərhal çölə çıxmış, “Tofaş” markalı avtomobilə tərəf getmiş, maşında bir qadın və bir oğlanın olduğunu görmüş, onlara kömək etməyə çalışmışdır. Oğlan sürücü tərəfdə ,qadın isə ön sərnişin yerində olmuşdur. Hadisə yerinə gələn şəxslər dərhal təcili tibbi yardıma zəng etmişlər. Hadisə vaxtı yol yaş olmuş, onun avtomobil idarə etmək üçün sürücülük hüququ olmamışdır, əməlindən səmimi peşmandır, zərər çəkmiş şəxslə və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir və məhkəmədən ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onun bacısı oğlu Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə toqquşaraq hadisə baş vermiş, hadisə nəticəsində bacısı Sevinc aldığı xəsarətlərdən ölmüşdür. O, həmin hadisənin şahidi olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Qarşı tərəf bacısının dəfnində, yas mərasimində iştirak etmiş, onlardan hörmətsizlik görməmiş, onlara dəymiş ziyan ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi, mülki iddiası yoxdur, onunla barışmışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, iddiası və şikayəti yoxdur, onunla barışmışlar və onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir, hadisə baş verən gün yaşadığı evdən anası ilə birlikdə idarə etdiyi avtomobillə çıxaraq Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə getmiş, oradan yanacaq doldurub çıxaraq həmin yanacaqdoldurma məntəqəsi ilə üzbəüz olan ara yola girmək istəyərkən əks hərəkət zolağında hərəkətdə olan “Toyota Prius” markalı avtomobil onun idarə etdiyim avtomobili vuraraq hadisə baş vermişdir. Hadisə 8 mart 2023-cü il tarixdə saat 23 radələrində baş vermiş, idarə etdiyi “Tofaş Şahin” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmiş, sürücülük vəsiqəsi olmuşdur. Təqsirləndirilən şəxslə barışmışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs ilə 08 mart 2023-cü il tarixdə gecə saat 22 radələrində telefonla danışmış, sonra Səbuhi idarə etdiyi “Toyota Prius” markalı avtomobillə gəlib onu Lənkəran şəhəri 4 saylı tam orta məktəbin yaxınlığından götürmüşdür. O avtomobilin arxa sağ oturacağında oturmuşdur. Lənkəran şəhəri H.Əliyev prospekti ilə Lənkəran rayonu Göyşaban kəndi istiqamətində hərəkətdə olduqları zaman bir «Tofaş» markalı avtomobil «Lukoil» yanacaqdoldurma məntəqəsindən çıxmış və bu zaman onların olduqları avtomobil həmin avtomobillə toqquşmuş, anidən hadisə baş vermişdir. O arxa oturacaqda oturaraq telefonla məşğul olduğundan içərisində olduqları avtomobilin hansı sürətlə hərəkət etdiyini bilməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, 08 mart 2023-cü il tarixində dostu Təqsirləndirilən şəxs ilə birlikdə Lənkəran şəhərində yerləşən “Mayak” restoranında oturub birlikdə yemək yemişlər. O, həmin vaxt çoxlu spirtli içki qəbul etmiş, bu səbəbdən özünə məxsus **-EY- *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobili dostu Səbuhi idarə edərək onu yaşadığı Lənkəran rayonu Digah kəndində yerləşən evinə aparmış, orada icarəyə götürdüyü “Toyota Prius” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb şəhərə gəzməyə çıxmışlar. İçkili olduğu üçün “Toyata Prius” markalı avtomobili dostu Təqsirləndirilən şəxs idarə etmiş, o isə ön sərnişin yerində oturmuşdur. Sonra şəhər ərazisində Səbuhi dostu Mircavadı da maşina götürmüş və Lənkəran şəhəri, Heydər Əliyev prospekti ilə üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Spirtli içki içib sərxoş olduğundan həmin vaxt hadisənin necə baş verməsindən, olduqları avtomobilin hansı sürətlə hərəkətdə olmasından xəbəri olmamışdır, hadisədən sonra bir də xəstəxanada ayılmışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən Lənkəran ŞRPŞ-nin DYPB-nin YPXnin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 08 mart 2023-cü il tarixdə xidmətdə olarkən saat 23 radələrində radioqəbuledicdən onlara Lənkəran şəhəri, H.Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuş, həmin məlumatla bağlı YPX-nin inspektoru Yunis Paşayevələ dərhal hadisə yerinə getmişlər. Orada qəza törətmiş “Toyota Prius” markalı avtomobilin üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində olmaqla, yolun sol hərəkət hissəsində, “Tofaş Şahin” markalı avtomobilin üzü Lənkəran şəhəri istiqamətində olmaqla, yolun sağ hərəkət hissəsində dayandığını görmüşlər. Məlum olmuşdur ki, “Toyota Prius” markalı avtomobili idarə edən sürücü Lənkəran şəhəri H.Əliyev prospektində üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində hərəkətdə olarkən həmin ərazidə yerləşən “Lukoil” YDM-dən çıxaraq üzü Lənkəran şəhəri istiqamətində hərəkət etmək istəyən “Tofaş Şahin” markalı avtomobili gördükdə idarəetməni itirmiş, yolun sol hərəkət zolağına çıxaraq əyləc sisteminə toxunub maşını saxlamağa cəhd etmiş, lakin avtomobili saxlaya bilməmiş, nəticədə “Tofaş Şahin” markalı avtomobil ilə toqquşmuşdur. Hadisə yerində xəsarət almış şəxslərə ilkin tibbi yardım göstərilmişvə onlar xəstəxanaya yola salmışlar. Hadisə yerində maksimal sürət həddi 60 km/saat olmuş, “Toyota Prius” markalı avtomobilin sürücüsünün bildirdiyinə görə isə o, hadisədən əvvəl avtomobili 80-90 km/saat sürətlə idarə etmişdir. Bundan əlavə hadisənin baş verməsində “Tofaş Şahin” markalı avtomobilin sürücüsünün də günahı olmuş, qəflətən yola çıxmışdır. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. 08 mart 2023-cü il tarixində saat 23:28 radələrində DİN-in 102 xidmətinə ***-***-**-** saylı mobil nömrədən o, zəng etmişdir. Həmin zaman adını Rabil kimi desə də lakin 102 məlumatında Cavid kimi qeyd olunmuşdur. Həmin vaxtı hava az yağışlı olduğundan avtomobil yolu yaş olmuşdur. O, evdə olarkən anidən maşının toqquşma səsini eşitmişdir. Daha sonra yaşadığı evdən dərhal küçəyə çıxmış və avtoqəza baş verdiyini görmüşdür. DİN-in 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin zaman “Toyota prius” markalı avtomobillə, “Tofaş” markalı avtomobil toqquşmuşdur. “Toyota Prius” markalı avtomobil Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində, “Tofaş Şahin” markalı avtomobil isə üzü ikinci dərəcəli yola tərəf Lənkəran şəhəri istiqamətində dayanmışdır. Hadisə yerinə ilk olaraq o çıxmışdır. Həmin zaman “Tofaş Şahin” markalı avtomildə sürücü və ön sərnişin yerində bir qadının olduğunu görmüşdür. “Toyota prius” markalı avtomobildə isə dəqiq xatırlamasa da 2-3 şəxsin olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hər iki şəxsi dərhal Lənkəran RMX-ya apardıqdan sonra o, hadisə yerindən uzaqlaşmışdır. Şahid5 məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Cəlilabad rayon Zəhmətabad kənd orta məktəbində müəllim işləyir, işi ilə bağlı məhkəmə iclasına gəlməsi mümkün deyil, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və bunun nəzərə alınmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə 08 mart 2023-cü il tarixində saat 23 radələrində Lənkəran şəhəri, H.Əliyev prospektində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt örtüklü, düz və yaşdır. Hərəkət iki istiqamətli olmaqla hərəkət hissəsinin eni 7 metrdir. “Toyota Prius” markalı nəqliyyat vasitəsi hadisə yerində sol hərəkət hissədə-“Tofaş” markalı nəqliyyat vasitəsinə toqquşmuş vəziyyətdə üzü Lənkəran rayonu, Göyşaban kəndi istiqamətində dayanmışdır. “Tofaş” markalı avtomobil isə üzü ikinci dərəcəli yolun Lənkəran şəhəri istiqamətində dayanmışdır. Toqquşma yolun Lənkəran şəhəri istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsində olmuş, toqquşma yerindən sol ehtiyyat hissəyə qədər, yəni “Lukoil” yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ehtiyyat hissəyə qədər 5 metr, sağ ehtiyyat hissəyə qədər isə 2 metr məsafə olmuşdur. Toqquşma baş verdikdən sonra “Toyota Prius” markalı nəqliyyat vasitəsi əks hərəkət zolağına çıxaraq 20 metr məsafə qət etdikdən sonra üzü Göyşaban kəndi istiqamətində dayanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “DVD” diskə baxış keçirilməsi haqqında 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, diski açan zaman 3 ədəd fayl açılır. 1-ci fayl “1_03_R_**********5200” adlı fayldır. Həmin faylı açan zaman 02 dəqiqə 59 saniyəlik video açılır. Videoya ilkin baxış zamanı “Lukoil” YDM-nin sağ küncdən geniş spektrlı görüntüsü vardır. Havanın az yağışlı olması nəzərə çarpır. 00:55-ci dəqiqədə “Tofaş Şahin” markalı avtomobilin ikinci avtomobil yolundan çıxıb “Lukoil” YDM-nə daxil olduğu görünür. Avtomobilin ön sərnişin yerində Zərərçəkmiş şəxs anası X3 oturduğu görsənir. 01:06-cı dəqiqədə sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Tofaş Şahin” markalı avtomobili dayandırır. 01:13-cü dəqiqədə Zərərçəkmiş şəxs avtomobildən çölə çıxır, eyni zamanda “Lukoil” YDM-nin işçisi “Tofaş Şahin” markalı avtomobilə yaxınlaşır. 01:26-01:46-cı dəqiqələrdə Zərərçəkmiş şəxs avtomobilin yanacaq çənininin qapağını açır və “Lukoil” YDM-nin işçisi avtomobilə yanacaq vurur. 02:27-də Səfər Şəkərli avtomobilə oturur. 02:44də avtomobili hərəkət etdirir. 02:45-də “Toyota Prius” markalı avtomobilin ön işıq sistemi görünür. 02:50-də “Toyota Prius” markalı avtomobillə “Tofaş Şahin” markalı avtomobil toqquşur. Diskdə 2-ci fayl “2_08_R_**********5200” adlı fayldır. Həmin faylı açan zaman 02 dəqiqə 58 saniyəlik video açılır. 00:55-də “Tofaş Şahin” markalı avtomobilin ikinci avtomobil yolundan çıxıb “Lukoil” YDM-nə daxil olduğu görünür. 02:49-da “Toyota Prius” markalı avtomobil görsənir. Diskdə 3-cü fayl “3_05_R_**********5200” adlı fayldır. Həmin faylı açan zaman 02 dəqiqə 58 saniyəlik video açılır. Videoya ilkin baxış zamanı “Lukoil” YDM-nin sol küncdən geniş spektrlı görüntüsü vardır. Havanın az yağışlı olması nəzərə çarpır. 00:59-cu dəqiqədə “Tofaş Şahin” markalı avtomobilin “Lukoil” YDM-nə daxil olduğu görünür. 01:05-ci dəqiqədə sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Tofaş Şahin” markalı avtomobili dayandırır. 01:11-ci dəqiqədə Zərərçəkmiş şəxs avtomobildən çölə çıxır, eyni zamanda “Lukoil” YDM-nin işçisi “Tofaş Şahin” markalı avtomobilə yaxınlaşır. 01:26-01:46cı dəqiqələrdə Zərərçəkmiş şəxs avtomobilin yanacaq çənininin qapağını açır və “Lukoil” YDM-nin işçisi avtomobilə yanacaq vurur. 02:27-də Səfər Şəkərli avtomobilə oturur. 02:44də avtomobili hərəkət etdirir. 02:45-də “Toyota Prius” markalı avtomobilin ön işıq sistemi görünür. 02:50-də “Toyota Prius” markalı avtomobillə “Tofaş Şahin” markalı avtomobil toqquşur. Baxış zamanı hadisənin baş vermə anı təhlükəsizlik kameralarında 23:50 radələri qeyd olunsa da, lakin hadisə saat 23:20 radələrində baş vermişdir. Belə ki, 08 mart 2023-cü il tarixdə saat 23:28 radələrində DİN-in 102 xidmətinə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 31 mart 2023-cü il tarixli, 11 nömrəli rəyindən görünür ki, vət. X3 bədəni üzərində-qabırğaların sol tərəfli çoxsaylı sınıqları( sol İ-Vİİİ), sol ağciyər, sol plevranın, sol böyrəyin zadələnməsi, döş boşluğunda qanaxma(850 ml), peritonarxası sahədə qanaxma, döş qəfəsinin sol öntış səthində yumşaq toxumalar altına yayılmış qansızma, alt çənə, sol gicgah, sağ diz qapağı nahiyyələrində sıyrıqlar, sol dirsək oynağı nahiyyəsində qançır kimi xəsatətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətərinə malikdirlər. X3 ölümünə döş qəfəsi və belin küt travması ilə əlaqədar qabırğaların sol tərəfli çoxsaylı sınıqları, sol ağciyərin, sol böyrəyin zədələnməsi, döş boşluğunda qanaxma(850 ml) səbəb olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 15 may 2023-cü il tarixli, 470 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərindəsağ qasıq, sol qasıq, aol bud, aol oturaq, sağ pəncənin İİ-İİİ daraq sümüklərinin yerini dəyişən sınıqları, sol bud tərəfli hemopnevmatoraks, sağ pəncə nahiyyəsində əzilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 16 iyun 2023-cü il tarixli, 8/1380 nömrəli rəyindən görünür ki, sürücü Kazımlının təhlükə yaranan andan tədbir görməklə avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olması faktları onu izah edir ki, sürücü Kazımlının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Kazımlı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırlması” yol nişanı ilə 50 km\saata qədər məhdudlaşdırılmış yolda 90 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin sürücü Səfərli hərəkət hissəsi ilə Toyota Prius markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi Tofaş markalı avtomobili yanacaq doldurma olan sahədən yolun hərəkət hissəsinə daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, hərəkət üstünlüyünə malik olan Toyota Prius markalı avtomobilə yol verməli və həmin avtomobilə yol verdikdən sonra hərəkətin təhlükəsizliyinə əmin olaraq idarə etdiyi Tofaş markalı avtomobili yola daxil edərək hərəkətini davam etdirməl idi. Göstərilən vəziyyətdə Tofaş markalı avtomobilin sürücüsü Səfərlinin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının 09 mart 2023-cü il tarixli, 000602 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədərkən 09 mart 2023-cü il tarixində alkoqol sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-n BDYPİ-nin Lənkəran RQİ və TBŞnin 18 iyul 2023-cü il tarixli, 3-13-16-5/2-6355\2023 nömrəli məktbundan görünür ki, Lənkəran rayonu, Digah kənd sakini Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi arayışından görünür ki, Kazımlı X6 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-ə verilmiş tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran şəhər İHB-nın Şiləvar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran şəhər İHB-nın Şiləvar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 12-31/746 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası və bir qardaşından ibarətdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə və zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmçinin zərər çəkmiş şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin ondan heç bir tələb və şikayətlərinin olmamasını, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, gəncliyini və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə sürücülük hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və sahiblərinə qaytarılmış **-TX-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı və **-KE-*** dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillərin onlarda saxlanılması, iş üzrə maddi sübut olan 01 ədəd «DVD» diskin isə cinayət işi materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 128 ( yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan **-TX-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı və **-KE-*** dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd «DVD» disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 128 ( yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar