Məhkəmə qərarları › İş №1(099)-73/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-73/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-73/2025 17.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü ildə Astara rayonu Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin və xüsusilə külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması, ona ödəniləcək 5000 manat pul müqabilində narkotik vasitələri və psixotrop maddələri müştərilərə çatdıracağı barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvlərindən Astara rayonu Ərçivan qəsəbəsi ərazisində külli miqdarda 38 kq 495 qram narkotik vasitə qurudulmuş marixuananı, xüsusilə külli miqdarda 2 kq 970 qram narkotik vasitə heroini, xüsusilə külli miqdarda 4 kq 922,536 qram çəkidə psixotrop maddə metamfetamini ümumi cinayətkar niyyətlə əldə edib yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən yaşadığı evə daşıyaraq psixotrop maddə metamfetaminin 27,536 qram hissəsini satış üçün bir bükümdə ayıraraq üzərində, qalan narkotik vasitələri və psixotrop maddələri isə yaşadığı evin zirzəmisində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 aprel 2024-cü il tarixdə saat 02:20-də yuxarıda qeyd olunun ünvanda saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 27,536 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 13 aprel 2024-cü il tarixdə saat 06:30-dan etibarən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evində baxış keçirilən zaman evin zirzəmisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 40 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 2030 qram, 1010 qram, 1010 qram, 1050 qram, 1040 qram, 1050 qram, 1045 qram, 1050 qram, 195 qram, 190 qram, 195 qram, 190 qram, 1005 qram, 1010 qram, 1015 qram, 1065 qram, 1070 qram, 1010 qram, 1010 qram, 1010 qram, 1005 qram, 1025 qram, 1010 qram, 1015 qram, 1010 qram, 1010 qram, 1015 qram, 1010 qram, 1010 qram, 1020 qram, 1025 qram, 640 qram, 1065 qram, 1260 qram, 1015 qram, 1045 qram, 1030 qram, 1020 qram, 1005 qram olmaqla eyni tərkibli ümumi çəkisi külli miqdarda 38 kq 495 qram olan narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 495 qram, 495 qram, 495 qram, 495 qram, 495 qram, 495 qram, 495 qram, 440 qram və 490 qram olmaqla eyni tərkibli ümumi təmiz çəkisi xüsusilə külli miqdarda 4 kq 895 qram olan psixotrop maddə metamfetamin və 06 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 495 qram, 495 qram, 490 qram, 500 qram və 490 qram olmaqla eyni tərkibli ümumi təmiz çəkisi xüsusilə külli miqdarda 2 kq 970,0 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs CMnin 234.4-1-ci maddəsi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evdə yaşayır və ibadət əhlidir. Özü narkotik satanlara, istifadə edənlərə qarşı mübarizə apardığına görə polis əməkdaşları onunla prinsip aparmışlar. O, həmişə narkotik vasitələrin satışına və istifadəsinə qarşı olmuşdur. Heç bir zaman nə narkotik vasitə satmış, nə də istifadə etməmişdir. Polis işçiləri 2024-cü ilin mart ayının 24-də Ərçivan qəsəbəsində onun qabağını kəsərək onu həbsə göndərəcəklərini demişlər. 13 aprel 2024-cü il tarixdə gecə saat 03 radələrində on dörd nəfər polis əməkdaşları onun evinə zorla daxil olmuş, onu evdən polis şöbəsinə aparmışlar. Polis işçilərinin bir hissəsi isə onun evində qalmışlar. Onun evində qalan polis işçiləri həyətdə tonqal qalamışlar, kabab bişirmişlər, ata-anasına təzyiq etmişlər. Evinə narkotik vasitələr polis işçiləri tərəfindən qoyulmuşdur. Onu ailəsi ilə təhdid etdiklərinə və döydüklərinə görə evinə qoyulmuş narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmişdir. Onda heç bir narkotik vasitə olmamışdır. Cibinə də narkotik vasitə polis tərəfindən qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərdi ki, tutulmasından iki gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin vasitəsi ilə Astara rayonu Ərçivan qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik vasitələri əldə etmiş və yaşadığı evində saxlamışdır. Narkotik vasitələri müəyyən ünvanlara qoymalı olmuşdur. Buna görə “Rza” adlı şəxsin ona 5.000 manat pul verəcəyini vəd etmişdir. 13 aprel 2024-cü il tarixdə gecə saat 02 radələrində Ərçivan qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən polis işçiləri tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində bir ədəd bükümdə psixotrop maddə metamfetamin olmuşdur. O, polis işçilərinə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən yaşadığı evdə narkotik vasitələrin olduğunu və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Polis işçiləri ilə birlikdə yaşadığı evə gəlmişlər. Evdə zirzəmidə kardon qutunun içərisindən 21 ədəd bağlamada qurudulmuş marixuananı, 10 ədəd bağlamada metamfetamini, 6 ədəd bağlamada heroini, dəmir çənin içərisindən isə 19 ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Həmin maddələr onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində 13 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman o, məhkəmə iclasında özünü təqsirli bildiyini, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini, övladının, anası və yoldaşının xəstə olmasını, pula ehtiyacı olmasını, etdiyinin səhv olmasını, birinci dəfədir ki, bu işlə məşğul olmasını bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadələri ilə yanaşı, məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 aprel 2024-cü il tarixdə ona Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə onun rəhbərliyimlə əməliyyat qrupu yaradılmış, 13 aprel 2024-cü il tarixdə qrup üzvləri ilə birlikdə Astara rayonu Ərçivan qəsəbəsinə gələrək əməliyyat tədbirləri həyata keçirməyə başlamışlar. 13 aprel 2024-cü il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs Astara rayonu Ərçivan qəsəbəsində müəyyən edərək onu saxlamış, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onu Astara Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş və üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən bir ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminəbənzər kütləni və “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində aşkar olunan metamfetamini tanımadığı İran İslam Respublikası vətəndaşı olan “Rza” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Astara rayonu Ərçivan qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini bildirmişdir. Həmçinin evində də narkotik vasitələr oldluğunu, həmin narkotik vasitələri müəyyən ünvanlara qoymağa görə “Rza” adlı şəxsin ona 5.000 manat pul verməli olduğunu bildirmişdir. İbrahim həmçinin evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evinə getmişlər. 13 aprel 2024-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə evə baxış keçirilərkən Təqsirləndirilən şəxs evin zirzəmisində kardon qutunun içərisində çoxsaylı bağlamalarda narkotik vasitə qurudulmuş marixuanaya, psixotrop maddə olan metamfetaminə, heroinəbənzər kütlələri, dəmir çənin içərisindən isə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir göstərməmişlər. Təqsirləndirilən şəxs və valideynlərinin ona polis tərəfindən təzyiq göstərilməsi barədə ifadələri yalandır. Məhkəmə istintaqında şahid kimi dindirilən X8 da polis əməkdaşı Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 Bayram oğlu göstərdi ki, ailəsi, o cümlədən oğlu Təqsirləndirilən şəxslə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evdə yaşayırlar. 13 aprel 2024-cü il tarixdə gecə saat 03 radələrində evdə yatdıqları zaman polis əməkdaşları onun evinə zorla daxil olmuşlar. Oğlu İbrahimi vura-vura evdən aşağı salmışlar. Polislərdən ikisi evin içində qalmışlar. Bir polis əlində balta ilə içəri girmiş, divanın üzərində oturmağa başlamışdır. Aşağıdan səs-küy gəlmişdir. Polislərdən biri onlardan duz, kartof və çay istəmişdir. Sonra İbrahimi polislər götürüb harayasa aparmışlar. Polis işçilərinin bir həssəsi isə evin həyətində ocaq qalamış, kabab bişirmişlər. Lakin polis işçilərinin evin zirzəmisinə düşməsini görməmişlər. Səhər saat 09 radələrində isə oğlunu təzdən evə gətirmişlər. Dörd nəfər polis əməkdaşları evin zirzəmisinə daxil olmuşlar. Polislər videoçəkiliş aparmış və çənin içindən skoçla bağlanmış nəsə çıxardıb yerə tökmüşlər. Baxış zamanı evinin zirzəmisində aşkar olunmuş, içərisinə narkotik vasitələr yığılmış çənlər də evinin zirzəmisində olmamışdır. Çənləri də polis işçiləri haradansa gətirib evinin zirzəmisinə qoymuşlar. Məhkəmə istintaqında şahid kimi dindirilən X2 göstərdi ki, Lənkəran rayonu Ərçivan qəsəbəsində Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. 13 aprel 2024-cü il tarixdə gecə saat 03 radələrində Təqsirləndirilən şəxs evinin həyətində səs-küy eşitmişdir. Baxdıqda İbrahimgilin həyətində polis işçilərinin olduqlarını, polis işçilərinin tonqal qaladıqlarını görmüşdür. Həmin vaxt polis işçiləri İbrahimi özləri ilə aparmışlar. Polis işçilərinin İbrahimi döydüklərini görməmişdir, lakin qışqırıq səsləri eşitmişdir. Polis işçilərinin İbrahimin evinə hər hansı bir əşyanı gətirmələrini görməmişdir. Təqsirləndirilən şəxslə qonşuluqda yaşayan X3 və X4 da Heydərəli Baxşiyevlə eyni məzmunlu ifadə vermişlər. 13 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminəbənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Evə baxış keçirilməsi və götürmə haqqında 13 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən evinə baxış zamanı evdə zirzəmidən kardon qutunun içərisindən 21 ədəd bağlamalarda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, 10 ədəd bağlamalarda ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminəbənzər kütlələr, 6 ədəd bağlamalarda açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlələr, dəmir çənin içərisindən isə 19 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Evə baxış keçirilməsi və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 13 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/571 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 13 ədəd skoçla bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1010 qram, 2030 qram, 1010 qram, 1010 qram, 1050 qram, 1040 qram, 1050 qram, 1045 qram, 1050 qram, 195 qram, 190 qram, 195 qram və 190 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 11065 qramdır (11 kq 065 qram). Tədqiqata təqdim olunmuş 10 ədəd skoçla bağlanmış sellofan bağlamada 1005 qram, 1010 qram, 1015 qram, 1065 qram, 1070 qram, 1010 qram, 1010 qram, 1010 qram, 1005 qram və 1025 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 10225 qramdır. (10 kq 225 qram) Tədqiqata təqdim olunmuş 09 ədəd skoçla bağlanmış sellofan bağlamada 1010 qram, 1015 qram, 1010 qram, 1010 qram, 1015 qram, 1010 qram, 1010 qram, 1020 qram və 1025 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 9125 qramdır (9 kq 125 qram). Tədqiqata təqdim olunmuş 08 ədəd skoçla bağlanmış sellofan bağlamada 640 qram, 1065 qram, 1260 qram, 1015 qram, 1045 qram, 1030 qram, 1020 qram və 1005 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-8080 qramdır (8 kq 080 qram). Tədqiqata təqdim edilmiş dörd ədəd qara rəngli torbada olan marixuanalar tərkiblkərinə görə eynidirlər. 13 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1195 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə təmiz çəkisi 27,536 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bir ədəd qara rəngli polietilen bağlamanı açdıqda içərisində on ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 500 qram, 495 qram, 495 qram, 495 qram, 495 qram, 495 qram, 495 qram, 495 qram, 440 qram, 490 qram, ümumi təmiz çəkisi 4895 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Bir ədəd qara rəngli polietilen bağlamanı altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram, 495 qram, 495 qram, 490 qram, 500 qram, 490 qram ümumi təmiz çəkisi 2970 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Kağız paketdəki və bağlamadakı psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 4922,536 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 27 may 2024-cü il tarixli, 3743 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(018)-69/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası DİN-in BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 12 aprel 2024-cü il tarixli qərarının qanunauyğun olması hesab edilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2014 və 2020-ci illərdə doğulmuş iki azyaşlı uşaqları vardır, o yaşayış yerindən müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, xüsusilə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istinatında verdiyi- onun üzərində və evində heç bir narkotik vasitələrin və psixotrop maddənin olmaması, üzərinə və evinin zirzəmisində olan qabların içərisinə narkotik vasitələrin və psixotor maddənin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifədəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, 13 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı qəsəbədə küçədə deyil, evində saxlanılması mümkün ola bilər. Lakin evinin zirzəmisində olan qabların içərisinə 40 ədəd bağlamalarda 38 kiloqramdan çox narkotik vasitə qurudulmuş maprixuananın, 10 ədəd bağlamalarda 4 kiloqramdan çox metamfetamini və 6 ədəd bağlamalarda 2 kiloqramdan çox heroinin qoyulması mümkün və ağılabatan deyildir. Hətta Təqsirləndirilən şəxs atası Şahid2 ifadəsində içərilərinə ümumilikdə 56 ədəd boyük ölçülü bağlamalarda narkotik vasitələr yığılmış böyük ölçülü çəlləklərin, qabların da evilərinin zirzəmisinə polis işçiləri tərəfindən gətirilməsini göstərmişdir. Bu isə oğlunu müdafiə məqsədi daşıyan uydurma xarakterli ifadədir. Təqsirləndirilən şəxs özünün, atasının və qonşularının ifadələrində göstərilmişdir ki, 13 aprel 2024-cü il tarixdə gecə saatlarında polis işçiləri onların evlərinin qarşısında qalmışlar, hətta ocaq qalamışlar. Bu isə Təqsirləndirilən şəxs evində saxlaması ehtimal olunan külli və xüsusilə külli miqdarda narkotik vasitələri başqa yerə aparmalarının qarşısını almaq məqsədi daşıya bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 38 kiloqram 493 qram qurudulmuş marixuana, 2 kiloqram 969,9 qram narkotik vasitə heroin və 4 kiloqram 922,436 qram metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkiliş barədə 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanımalıdır. Ekspertiza xərci 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 38 kiloqram 493 qram qurudulmuş marixuana, 2 kiloqram 969,9 qram narkotik vasitə heroin və 4 kiloqram 922,436 qram metamfetamin məhv edilsin. İstintaq hərəkətləri zamanı aparılmış videoçəkilişilər barədə 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar