Məhkəmə qərarları › İş №1(099)-736/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-736/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-736/2023 21.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri X5 və Şahid1 iştirakları ilə xx.xx.1994-cü ildə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə, saat 03 radələrində 16 mart 2023-cü il tarixli, 3096 nömrəli etibarnamə əsasında idarə etdiyi 16 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş BD seriyalı, 354551 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X9 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E 190” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsinə gedən asfalt örtüklü yolda Qəhrəmanlı qəsəbəsi istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələblərini rəhbər tutaraq qeyd olunan şəraitdə hərəkət təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunması, hərəkət zamanı idarəetməni itirməsi ilə əlaqədar avtomobilin yoldan çıxaraq aşmaması üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkət təhlükəsizliyini təmin edən hərəkətlər (tormozlama, manevr və sair) etməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib, hərəkətin təhlükəsizliyini təmin etməyən idarəetmə hərəkətləri edərək ehtiyatsızlıqdan idarəetməni itirib avtomobili yoldan sağa çıxararaq su kanalına aşırmaqla o, ehtiyatsızlığından idarə etdiyi “Mercedes Benz E 190” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin – X1 tağı sümüklərinin kəllə əsası sümüklərinə keçən çoxsaylı, qəlpələnmiş, xətti sınıqları, üz skelet sümüklərinin çoxsaylı qəlpələnmiş açıq sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ bud sümüyünün aşağı üçdə birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, yanağın sol yarısının və alın nahiyəsinin əzilmiş yarası xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, nəticədə X4 aldığı baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xarakterli xəsarətlərdən və avtomobildə olan digər sərnişin X2 boğulma nəticəsində baş vermiş mexaniki asfiksiya səbəbindən hadisə yerində ölmələri ilə nəticələnən, yəni ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, bütün sənədləri qaydasında olmaqla atasına məxsus avtomobili etibarnamə əsasında idarə etmişdir. 04 may 2023-cü ildə qonağını Bazı kəndindən yola salmaq üçün aparmışdır. Həmin vaxt Rəşad və onun dostu Ağa adlı şəxs gəlmiş, onlara Daşburuna getdiyini demişdir. Onlar isə işə dəymək üçün onunla birlikdə getmək istədiklərini demişlər, o isə etiraz etməmişdir. Rəşad isə ona iş yerində qalacağını demişdir. Birlikdə onların işlədiyi yanacaqdoldurma məntəqəsinə getmişlər, lakin Rəşad orda qalmamış, onunla geri qayıtmışdır. Ağa isə yolda düşmüşdür. Yolda olarkən isə Eltun ona zəng etmiş demişdir ki, kəndə gedirsənsə məni də özünlə aparıb. Bundan sonra Eltunu da avtomobilə götürmüşdür. Birlikdə kəndə qayıdanda kəndin girişində birdən at yola qarşılarına çıxmışdır. Atı sanki qəfil qarşılarına qoymuşlar, iki-üç metr qalmış atı görmüşdür. Atı vurmamaq üçün maşını qaçırmış, maşın yoldan çıxıb kötüyə dəymişdir. Bundan sonrakı hadisələri isə xatırlamır. Sonra bilmiş ki, maşın kötüyə dəydikdən sonra kanala düşmüşdür. Hadisə gecə bir ikiyə işləmiş olub, onları isə səhərə yaxın görüblər. Çörək maşını həmin ərazidən keçdikdə görüb saxlayıb. Hadisə vaxtı maşını 80-90 km sürətlə idarə etmişdir. Lakin yolda maksimum sürət həddi 60 km olmuşdur. Gecə vaxtı olduğundan evə tələsdiyindən sürətlə hərəkət etmişdir. Əməlindən çox peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum zərərçəkmiş X11 onun əridir. Eltun hadisə günü gecə evə gəlmədiyindən onun telefonuna zəng vurmuşdur. Telefon işləsə də, lakin Eltun zəngələrinə cavab verməmişdir. Bundan narahat olub qaynına zəng edib, bu barədə məlumat vermişdir. Qaynı isə ona narahat olmamağını demişdir. Sonra qaynı Etibarda dəfələrlə Eltunu yığsa da, onun zənglərinə cavab verməmişdir. Səhər saat 06:00 radələrindən isə Eltunun dostu gəlib demişdir ki, Eltunun maşını dükanın yanındadır, gedirəm onu gətirəm. Bundan on dəqiqə sonra isə gəlib demişdir ki, Eltun qəzaya düşüb rəhmətə gedib. Sonra isə Eltunun cənazəsin gətirmişlər. Onda ərinin vəfat etməsini bilmişdir. Daha sonra məlum olmuşdur ki, ərini Təqsirləndirilən şəxs qəzaya salıb və o vəfat edib. Bu günədək təqsirləndirilən şəxs ona heç bir maddi və mənəvi yardım göstərməmiş, onunla barışmamışdır, Təqsirləndirilən şəxs barəsində qanun çərçivəsində cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 may 2023-cü ildə axşamdan səhər saat 05:00-dək oğlu Rəşad Orucova zəng etmişlər, lakin ona zəng çatmamışdır. Bundan başqa Rəşadı gecə boyu axtarsalar da tapa bilməmişlər. Sonra isə yatmış səhər oyananda görmüş ki, arvadı hələ də oyaqdı, ona demişdir ki, Rəşad gəlməyib. Bundan sonra yenə axtarışlara başlamışdır. Həmin vaxt Vaqifə zəng vurmuş, Vaqif isə ona atasına zəng etməyini bildirmişdir. Bundan sonra Vaqifin atası Sahibə zəng vurmuş, o isə demişdir ki, filan yerdəyik kanalın üstündə, qəza baş verib, maşındakılar vəfat edib. Dərhal qəzanın olduğu yerə getmiş, görmüş ki, Əyyub iməkləmə formasında torpağın üstündə dayanıb, ondan hardasa metr yarım kənarda isə Eltunun cəsədi var. Əyyubdan oğlu Rəşadın harada olmasını soruşmuş, Əyyub isə bilmədiyini demişdir. Bundan sonra kanala baxdıqda Əyyub idarə etdiyi maşının arxası üstə kanalın içərisində olduğunu görmüşdür. Tez kanala düşmüşlər, orada maşının arxa qapısın açdıqda oğlu Rəşadın cəsədini görüb çıxarmışlar. Həmin vaxt maşının qabaq sürücü qapısı isə açıq olmuşdur. Günahsız oğlu ölüb, təqsirləndirilən tərəf dəfələrlə hüzr mərasimlərində olublar, lakin barışıq üçün aralarında heç bir söhbət olmayıb, təqsirləndirilən şəxslə barışmır, ondan şikayətçidir, qanun çərçivəsində cəzalandırılmasını məhkəmdən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü xidmətdə olarkən məlumat almışdır ki, yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yeri olan Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsinin daxilindən keçən asfalt yola getmişdir. Orada görmüş ki, “Mercedes Benz E 190” markalı avtomobil kanala düşüb. Hadisə yerinə çoxlu sayda insanların yığışdığını görsə də, nə təqsirləndirilən şəxsi, nə də ki, vəfat etmiş şəxsləri görməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 04 may 2023-cü il tarixdə, saat 07 radələrində Beyləqan rayonu ərazisində xidmətdə olan zaman Beyləqan rayon polis şöbəsinin növbətçi hissəsindən Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsinin daxilindən keçən asfalt yolda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış və dərhal hadisə yerinə getmişdir. O, hadisə yerinə çatdıqda “Mercedes-Benz E 190” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsi istiqamətində yolun sağ tərəfində olan su kanalına düşüb kanalın içərisində dayandığını, kanalın kənarında bir nəfər şəxsin hərəkətsiz vəziyyətdə oturduğunu, bir nəfər şəxsin isə meyitinin olduğunu görmüşdür. O, dərhal kanalın kənarında hərəkətsiz oturmuş şəxsə yaxınlaşıb kim olduğunu və hadisənin necə baş verdiyini soruşmuşdur. Həmin şəxs kanala düşmüş “Mercedes-Benz E 190” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olduğunu, gecə saat 03 radələrində Qəhrəmanlı kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb su kanalına aşırdığını, bu vaxt yanında əyləşmiş sərnişin X4 avtomobildən kənara düşərək aldığı xəsarətlərdən öldüyünü, avtomobildə arxa sərnişin oturacağında əyləşmiş həmkəndlisi X10 isə hələdə avtomobilin içərisində olduğunu ona bildirmişdir. Daha sonra hadisə yerinə toplaşmış şəxslər tərəfindən avtomobilin içərisində suya düşmüş X3 çıxarılmış və öldüyü məlum olmuşdur. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobilləri gələrək ölən şəxslərin meyitini və Təqsirləndirilən şəxs Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada meyitlər tibbi ekspertizadan keçirilmiş və yaxınlarına təhvil verilmişlər. İfadəsi elan olunduqdan sonra Şahid2 ibtidai istintaq zamanı ifadə verdiyini, lakin təqsirləndirilən şəxsi görüb onunla danışmadığını, ölmüş zərərçəkmiş şəxlsərin isə meyitini görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidin ifadələri, ekspertiza rəyləri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, yaş vəziyyətdədir, hərəkət hissələri bir birindən ayrılmamış, hərəkət hissənin ümumi eni 6.40 metrdir. Hadisə yerinə baxış zamanı qəzaya uğramış “Mercedes Benz E 190” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izi müəyyən edilməmişdir. Hadisədən əvvəl qəzaya uğrayan avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində icazə verilən sürət həddi 60 km/saatdır. Hadisə yerinə baxış zamanı avtomobilin yoldan çıxma yeri müəyyən edilmiş, “Mercedes Benz E 190” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsinin daxilindən keçən asfalt yolda hərəkətdə olarkən yolun sağ tərəfinə istiqamətlənərək yoldan çıxmış və avtomobil yoldan çıxdığı yerdən 60 metr məsafə qət edərək yolun sağ tərəfində olan su kanalına düşmüşdür. Mercedes Benz E 190” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən əlavə 2 nəfər sərnişin olmuşdur. (c 1, i.v 6-10). İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli, 545 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra müayinə olunan zaman ayıq olmuşdur. (c 1, i.v 16). İş materiallarında olan 04 may 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi publik hüquqi şəxsi Beyləqan rayon şöbəsinin təşrih otağında yolnəqliyyat hadisəsi nəticəsində ölmüş X4 meyitinə baxış keçirilmiş, aşağıdakı xəsarətlərbaşı deformasiyalıdır, əlləmə zamanı kəllə tağı sümüklərində çoxsaylı patoloji hərəkətlilik qeyd olunur, yanağın sol yarısında-qaşdan başlayaraq sol burun dəliyinə qədər boylama istiqamətlənmiş 6x2 sm ölçüdə, kənarları qeyri-düzgün-qabarmış, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşayət olunan, mənfəzində üz-sklet sümüklərinin qəlpələnmiş sınıqları görünən yara vardır, sağ qaşın tış hissəsində 3x1,5 sm ölçüdə, kənarları qeyridüzgün-qabarmış, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşayət olunan yara vardır, sağ bu nahiyyəsi aşağı üçdə-biri hissəsində patoloji hərəkətlidir aşkar edilmişdir. (c 1, i.v 17-21). İş materiallarında olan 04 may 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi publik hüquqi şəxsi Beyləqan rayon şöbəsinin təşrih otağında yolnəqliyyat hadisəsi nəticəsində ölmüş X10 meyitinə baxış keçirilmiş, hər hansı bir xəsarət aşkar edilməmişdir. (c 1, i.v 24-28). İş materiallarında olan ƏN-İV № 466471 nömrəli xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Mercedes Benz 190E minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil X14 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ Təqsirləndirilən şəxs xx.xx.2023-cü ilədək verilmişdir. (c 1, i.v 41). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c 1, i.v 57-58). İş materiallarında olan 18 iyun 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Mercedes Benz 190E markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan Rayon Polis Şöbəsinin duracağında saxlanılması nəzərə alınmışdır. (c 1, i.v 59). İş materiallarında olan Beyləqan RİHB-nın Qəhrəmanlı qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 216 nörməli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası, anası və qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 61-62). İş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 25 iyul 2023-cü il tarixli 8/1941 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz E 190” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. (c 1, i.v 66-69). İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində yaxın qohumu-həyat yoldaşı X5 tanınmışdır. (c 1, i.v 73). İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 iyun 2023-cü il tarixli, 14/23 nömrəli rəyindən görünür ki, X4 meyitinin müayinəsi zamanı kəllə tağı sümüklərinin kəllə əsası sümüklərinə keçən çoxsaylı, qəlpələnmiş, xətti sınıqları, üz skelet sümüklərinin çoxsaylı qəlpələnmiş açıq sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ bud sümüyünün aşağı üçdə birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı, yanağın sol yarısının və alın nahiyəsinin əzilmiş yarası aşkar olunmuşdur. X4 meyitində aşkar olunmuş xəsarətlər, ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X4 ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəsilinə əsaslanaraq demək olar ki, X4 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. (c 1, i.v 84-88). İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 may 2023-cü il tarixli, 15/23 nömrəli rəyindən görünür ki, X10 ölümünə səbəb suda boğulma nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Bu ölümü təsdiqedici əlamətlər: ağız və burun dəliklərində kiçik qabarcıqlı davamlı köpüyün olması(Kruşevski əlaməti), ağ ciyərlərin emfizeması və hiperhidraziyası, visseral plevra altına açıq çəhrayımtıl-qırmızımtıl rəngdə lələşəkilli formalı qansızmalar(Rasskazov-Lukomski ləkələri); mədədə və nazik bağırsaqların yuxarı şöbələrində mayenin yığılması, qanın duru vəziyyəti və ürəyin sağ yarısında çox olması, daxil üzvlərin venoz doluqanlılığı və s. X10 bədən səthində hər hansı bir xəsarət aşkar olunmamışdır. Meyit əlamətlərinin inkişaf dərəcəsini, ilin fəsilini və meyitin tapıldığı şəraiti nəzərə alaraq demək olar ki, mərhum X10 ölümü qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. (c 1, i.v 89-93). İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 iyun 2023-cü il tarixli, 289/23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ bud sümüyünün travmatik arxa-yuxarı çıxığı; sağ sirkə kasasının arxa divarının çoxqəlpəli, yerinidəyişmiş qapalı sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. (c 1, i.v 94-96). İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X10 hüquqi varisi qismində yaxın qohumu-atası Şahid1 tanınmışdır. (c 1, i.v 100). İş materiallarında olan xx.xx.2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c 1, i.v 157-158). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 190” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq 04 may 2023-cü il tarixdə, saat 03 radələrində Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsinə gedən asfalt örtüklü yolda Qəhrəmanlı qəsəbəsi istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan idarəetməni itirib avtomobili yoldan sağa çıxararaq su kanalına aşırmaqla avtomobildə olan sərnişin X6 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, nəticədə X4 aldığı baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xarakterli xəsarətlərdən və avtomobildə olan digər sərnişin X2 boğulma nəticəsində baş vermiş mexaniki asfiksiya səbəbindən hadisə yerində ölmələri ilə nəticələnən, yəni ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə tövsif edilmiş və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş, həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə səmimi etiraf etsə də, həmin hadisədən sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmamış, onlara vurulmuş ziyanı ödəməmiş, başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri etməmiş, cinayətdən əziyyət çəkən zərərçəkən şəxslərin hüquqi varislərinə və onların ailəsinə qayğı və insani rəftar nümayiş etdirməmişdir. Nəticədə məhkəmə istintaqı zamanı zərərçəkən şəxslərin hüquqi varisləri Təqsirləndirilən şəxs şikayətçi olduqlarını, onun cəzalandırılmasını xahiş etmişlər. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.3-cü maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Beyləqan RPŞ-nin duracağında saxlanılan “Mercedes Benz E 190 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X12 qaytarılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 85 (səksən beş) manat ekspertiza xərci X7 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X13 Saxlama Yerinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-nin duracağında saxlanılan “Mercedes Benz E 190 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X12 qaytarılsın. Məhkəmə məsrəfləri hesab edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar