Məhkəmə qərarları › İş №1(099)-737/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-737/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-737/2023 16.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X5 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi ev 46-da qeydiyyatda olmaqla Sabirabad rayonu Kürkəndi kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan külli miqdarda ümumi təmiz çəkisi 2,218 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 13 fevral 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Kürkəndi kənd ərazisində sərnişin qismində əyləşdiyi X4 məxsus Vaz 21074 markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən rayonun Kürkəndi kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd polietilen kəsiyi bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 1,113 qram, 1,105 qram olmaqla, ümumi təmiz çəkisi-2,218 qram olan külli miqdarda, eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, polislər tərəfindən saxlanılarkən onun üzərində 0,5 qram narkotik vasitə heroin olmuşdur. Həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməklə üzərindən aşkar olunan narkotik vasitənin çəkisi çox göstərilmişdir. Onun üzərimdə öz istifadəsi üçün 0,5 qram heroin olmuşdur. O, Kürkəndi kəndində 3 nəfər əməliyyatçı tərəfindən tutulmuş, evdən mağazaya getmək üçün çıxmış, lakin tanışların maşınına minib onlarla getmiş və bazarlıq etmək üçün mağazaya dəymədən onlarla kəndə geri qayıtmışdır. Qapının ağzında əməliyyatçılar onu tutub qolunu buraraq maşına mindirib polis şöbəsinə aparmışlar. Orada əməliyyatçılar onu döyərək narkotik vasitəni kimdən aldığını bildirməyini tələb etmişlər. Bu zaman Elməddin Zərbəliyev ad və soyadını uydurub narkotik vasitəni həmin şəxsdən 45 manata aldığını demiş, əslində isə belə bir şəxsi tanımamışdır. Uydurma ad və soyad dedikdən sonra polislər ona qarşı zor tətbiq etməmişlər. Sonra onu müstəntiqin otağına aparmışlar. Onun üzərində 2 büküm narkotik vasitə olmuş və 2 bükümdə cəmi 0,5 qram narkotik vasitə heroin olmuşdur. O, polislər tərəfindən 09 fevral 2023-cü il tarixdə, saat 11:30-da saxlanılmış, amma saxlanılma vaxtı da düzgün deyil, 13 fevral 2023-cü il tarixi kimi yazıılmışdır, tutulduqdan sonra iki gün Sabirabad RPŞ-nin MSY-də saxlanılmış, sonra Şüvəlana, İstintaq Təcridxanasına göndərilmişdir. Saxlanıldıqdan sonra polislər tərəfindən təpiklə və dubinka ilə döyülmüş, bədənində xəsarətlər olmuşdur. X1 qəbul edilərkən orada döyüldüyünü bildirmiş, amma xəsarətlərini göstərməmişdir. Ailəli olsa da sonradan boşanmış, anası ilə tək yaşamış, Sabirabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də həmin hökmə əsasən cəza çəkməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun məhkəmə istintaqında saxlanılarkən üzərində aşkar olunmuş narkotik vasitə heroinin çəkisinin yalnız 0,5 qram olması, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona qarşı zor tətbiq olunması və üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin çox göstərilməsi, polislər tərəfindən 13 fevral 2023-cü il tarixdə deyil 09 fevral 2023-cü il tarixdə, saat 11:30-da saxlanılması ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə xarakterli, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, onun törətmiş olduğu cinayət əməli özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPX bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir, onun üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Polis şöbəsində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə çıxmışdır. İstintaq zamanı verdiyim ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs üzərindən hansı vəziyyətdə və nə qədər narkotik vasitə aşkar olunması istintaq zamanı ifadə verərkən yadında olmuşdur. Təqsirləndirilən şəxs tutulub polis şöbəsinə gətirildikdən sonra o polis nəfəri kimi sonuncunun yanında olmuşdur, ona qarşı polis şöbəsində zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPX bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Narkotik vasitəilə əlaqədar əməliyyat tədbirləri çox olduğundan Təqsirləndirilən şəxs tutulmasında iştirak edib etməməyini xatırlamır, onu əməliyyatçılar tərəfindən polis şöbəsinə gətiriləndə görmüşdür və üzdən tanıyır, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı orada iştirak etmiş, onun üstündən narkotik vasitə çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPX bölüyünün polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs saxlanılması əməliyyatında iştirak etməmiş, Təqsirləndirilən şəxs tutulduqdan sonra polis şöbəsində saxlanılarkən onun yanında olmuş, vaxt çox keçdiyinə görə onun üzərinə kekçirilən baxışda iştirak etməyini xatırlamır, istintaq zamanı ifadə verərkən xatırladığı hallar barədə ifadə vermişdir və həmin ifadəni təsdiq edir. Şahid4 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 14 fevral 2023-cü il tarixdə xidmətdə olarkən polis şöbəsinə üzərində narkotik vasitə saxlamasında şübhəli bilinərək gətirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni Elməddin Zərbəliyev adlı şəxsdən 45 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir narkotik vasitə, o cümlədən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra aşkar olunmuş bükümlər müstəntiq tərəfindən götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Fətiyev X3 rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2023-cü il tarixli, 18/177 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuşüzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,113 qram, 1,105 qram, ümumi çəkisi 2,218 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Heroinin ümumi çəkisi 2,218 qram, cəmi tədqiqata sərf edildi 0.1 qram, qalıq 2,118 qram. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2023-cü il tarixli, 3507 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Sabirabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(056)- 105/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin 15 noyabr 2023-cü il tarixli, 70617/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası icra olunmamışdır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materillarında olan cinayət törətməkdə şübhə edilən şəxsi tutmay haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə, saat 00:40 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əvvəllər ehtiyatsızlıqdan törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 18-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə belə qərara gəlir ki, Fətiyev X3 Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş müddəti ərzində ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 67.1-ci və 66.4-cü maddələrinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Sabirabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası qismən, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası isə tam birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 2,218 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,118 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 66.4-cü maddələrinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Sabirabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və çəkilməmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası qismən, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası isə tam birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 14 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş əlavə cəzanın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 2,218 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 2,118 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar