Məhkəmə qərarları › İş №1(099)-738/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-738/2023

04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-738/2023 04.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Neftçala rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi PX-nin 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə yaşadığı Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində və evinin həyətyanı sahəsinə qoyduğu, içərisinə torpaq doldurulmuş 1 ədəd dəmir və 9 ədəd plastik qablarda 207 ədəd, külli miqdarda əkibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 17 may 2023-cü il tarixdə saat 18:30 radələrində Neftçala rayon Polis Şöbəsinin (bundan sonra- Neftçala RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə 189 ədəd və həyətyanı sahəyə qoyulmuş 1 ədəd dəmir qabda 2 ədəd, 1 ədəd plastik qabda 8 ədəd və 8 ədəd plastik qabın hər birində 1 ədəd olmaqla ümumilikdə 207 ədəd, külli miqdarda narkotik təbiətli əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, arabir narkotik vasitələrdən istifadə etmişdir. 2023-cü ilin təxminən mart ayında Kür çayı sahilindən keçərkən yerdən sellefon görüb götürmüş və həmin torbada narkotik toxumları ilə birgə başqa toxumlar da olmuşdur. Həmin toxumları özü ilə götürüb evinə gətirmiş və həmin ərəfələrdə narkotik toxumlarını həyətindəki ağacların ətrafına, eləcə də həyətdə olan bir neçə plastik qabın içinə atmışdır. Bundan sonra həmin toxumların inkişaf etməsi üçün onlara hər hansı aqrotexniki qaydada qulluq etməmiş, həmin toxumlara yağış suyu dəydiyindən, eləcə də ağacları suvardığında və ağacların dibinə peyin tökdükdə həmin toxumlar da suvarıldığından və peyin onlara da təsir etdiyindən toxumlar inkişaf etmişdir. Həmin bitkiləri şəxsi istifadə etməsi üçün əkmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hnası fiziki zor tətbiq etməmiş, hədələməmişlər. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı da şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə demək olar ki eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli bitkilər əkib-becərməsi barədə Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvləri və mütəxəssis qismində dəvət edilmiş aqronomun iştirakı ilə 17 may 2023-cü il tarixdə, saat təxminən 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Qaraqaşlı kəndinə getmişlər. Təqsirləndirilən şəxs evindən çölə çağırıb özlərini təqdim edib barəsində olan şübhə barədə məlumat verib həyətinə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onları həyətə dəvət etmiş, evinin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həyətyanı sahədə və həyətyanı sahəyə qoyulmuş plastik və dəmir qablarda tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilmişdir. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və suvarılmış vəziyyətdə olmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom Vidadi Bağırov həyətyanı sahədə və həyətyanı sahəyə qoyulmuş plastik və dəmir qablardakı bitkilərə baxaraq bildirmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir və onlara xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həyətyanı sahədə və həyətyanı sahəyə qoyulmuş plastik və dəmir qablarda tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar 207 ədəd bitki vardır. Həmin bitkilər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadə etməsi üçün əkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşları Şahid2 və Məcidov X4 Qəfərovla eyni məzmunda ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun yaşadığı Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsinə dair məlumatın olması haqqında 17 may 2023-cü il tarixli raport, sonuncunun həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş videogörüntülər iş üzrə Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yerləşən çöl sahəsinə baxış keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 3; 5-10;30-32) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 17 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 37) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 17 may 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin protokoluna əlavə olunmuş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:00-da Neftçala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həyəytyanı sahəsinə baxış keçirilmiş və ümumlikdə 207 ədəd torpağa əkilmiş çətənə kolları aşkar olunmuşdur (i.v. 30-32) - 17 may 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsində təqdim etdiyi ümumilikdə 207 ədəd olmaqla 22 sm-dən 74 sm hündürlüyədək və yaş halda ümumi çəkisi 685 qram olan tərkibində tərkibində narkotik xassəli çətənə bitkilərinə xüsusi aqrotexniki qaydada qulluq edilib, dibləri boşaldılıb, peyin verilib, suvarılaraq xüsusi qaydada qulluq edilmişdir. (i.v. 33) - məhkəmə bioloji ekspertizasının 18 may 2023-cü il tarixli 18/527 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan sintetik torbada cəmi 207 ədəd yaş vəziyyətdə ümumi çəkisi-480,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli, eyni tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. (i.v. 45-46) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 54-55) - Neftçala rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 4(053)-39/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 67- 69) - “maddi sübut kimi tanıma haqqında” 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, 17 may 2023-cü il tarixli protokolla götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 479,7 qram olan 207 ədəd çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Neftçala RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 92) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 iyul 2023-cü il tarixli 4829 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.100-101) İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilsə də əkdiyi narkotik vasitələrə qulluq etmədiyini göstərmiş və onun bu ifadəsini də məhkəmə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil kimi qiymətləndirir və bu dəlillə bağlı məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində aşkar olunmuş 207 ədəd narkotik tərkibli çətənə bitkilərinə mütəmadi olaraq qulluq etdiyini bildirmişdir. Onun qeyd edilən formada ifadə verməsini məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də təsdiq etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, narkotik tərkibli bitkilərin toxumlarını ağacların arasında əkmiş, ağaclara peyin və su verərkən həmin bitkilər də inkişaf etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs dolayı yolla olsa belə narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş 17 may 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsində təqdim etdiyi ümumilikdə 207 ədəd olmaqla 22 sm-dən 74 sm hündürlüyədək və yaş halda ümumi çəkisi 685 qram olan tərkibində tərkibində narkotik xassəli çətənə bitkilərinə xüsusi aqrotexniki qaydada qulluq edilib, dibləri boşaldılıb, peyin verilib, suvarılaraq xüsusi qaydada qulluq edilmişdir. Buna görə də məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsinin qeyd edilən hissəsini sübut kimi qəbul etmir və hesab edir ki, Təqsirləndirilən şəxs belə bir ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdmüşdür və onun dedikləri hər hansı sübut növü ilə təsdiq edilmir, əksinə cinayət işi materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə tam təkzib edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31) hissə) başlayır. Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yerləşən evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edilmiş çətənə növlü bitkilərin aşkar edilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş videoçəkiliş, ekspertiza rəyi və digər istintaq hərəkəti protokolları və sübutlarla tam təsdiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində (çətənə kollarına qulluq etmədiyini bildirməsi halı istisna olmaqla) bildirdiklərini ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinə uyğun olduğundan və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyindən iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs etriafedici ifadəsi, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “baxış keçirilməsi haqqında” 17 may 2023-cü il tarixli protokol, ona əlavə edilmiş videoçəkiliş materialları, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, məhkəmə biloji ekspertizasının 18 may 2023-cü il tarixli, 18/527 saylı və məcburi narkolji tibbi yoxlamanın 29 iyul 2023-cü il tarixli, 4829 saylı rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Neftçala rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Qasımov X7 rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmişdir. (i.v 82-83; 94-99) Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar cinayətin residivini yaratmadığına görə X2 əməlində residiv yoxdur. -Neftçala rayon İcra Hakimiyyəti Başçısının Cəngan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi özü və xx.xx.1957-ci il təvəllüdlü həyat yoldaşından ibarətdir. Yaşayış yeri üzrə normal xarakterizə edilmişdir.(i.v. 91-92) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 59-cu maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən və əvvəllər məhkum olunmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 may 2023-cü il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi-narkoloji yoxlamanın 29 iyul 2023-cü il tarixli, 4829 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 479,7 qram olan 207 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 17 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 479,7 qram çəkidə olan 207 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar