Məhkəmə qərarları › İş №1(099)-74/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-74/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-74/2022 25.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi- hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, subay, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində pasport qeydiyyatında olan, 03 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, 03 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qutarmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayının ortalarında şəxsiyyəti məlum olan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mesajlama sisitemi vasitəsilə danışaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitəni və psixotrop maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə razılığa gəlmişlələr. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs nömrəsi məlum olmayan bank kartı vasitəsilə 75 manat pulu şəxsiyyəti məlum olmayan İİR vətəndaşın hesabına köçürdükdən sonra naməlum şəraitdə və vaxtda qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirilmiş və Abşeron rayonu, Xırdalan dairəsi adlanan yerin yaxınlıqdakı küknar ağacının dibinə qoyulmuş bir ədəd siqaret qutusunda psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq götürüb əldə edib üzərində saxlamış və 29 iyul 2021-ci il tarixdə məlum olmayan vaxtda yaşadığı Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə gətirmişdir. 04 avqust 2021-ci il tarixdə saat 21 radələrində Beyləqan RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Beyləqan rayonu,1-ci Şahsevən kəndi ərazisində saxlanılmış və şəxsi axtarış zamanı tünd boz-qara rəngli şalvarının sol arxa cibindən təmiz çəkisi 0,383 qram psixotrop maddə olan metamfetamin, həmçinin, yaşadığı evə baxış keçirilən zaman isə qonaq otağında yorğandöşək yükünün arasında olan elektron tərəzinin qapağının altından bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 6,696 qram külli miqdarda narkotik vasitə olan heroin, həmin otaqdakı güldanın içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,546 qram külli miqdarda narkotik vasitə olan heroin, yataq otağındakı şkafın içərisində olan qırmızı rəngli çaynikin içərisindən bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 4,496 qram külli miqdarda narkotik vasitə olan heroin, digər yataq otağında olan tozsoranın qapağının altından bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,445 qram psixotrop maddə olan metamfetamin, həmin otaqdakı şkafın üzərində olan dərman qutusunun içərisindən bir ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 0,274 qram narkotik vasitə olan heroin, cəmi 4 ədəd bükümdə ümumi təmiz çəkisi 19,012 qram külli miqdarda narkotik vasitə olan heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,828 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, oğurluqla bağlı axtarışda olmuşdur. 4 avqust 2021-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı Beyləqan rayonu 1-ci Şahsevən kənd ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona təzyiq olunmuşdur. Saxlanılan zaman üzərindən və evindən narkotik maddə aşkar olunmamışdır. Polis əməkdaşları onu hədələdiyindən zorla ifadə verməyə məcbur olmuşdur. Evində yükün arasında aşkar olunan elektron tərəzi, əvvəllər zərgərliklə məşğul olan anasına məxsusdur. Özü elektron tərəzidən heç vaxt istifadə etməyib. İranlı Əli adlı şəxsi tanımır, heç bir İran vətəndaşı ilə telefon danışığı və yazışması olmamışdır. Narkotikdən istifadə etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuşdur. Belə ki, o, həmin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2021ci ilin iyun ayının ortalarında Bakı şəhərində olarkən istifadəsində olan ***-***-**-** mobil nömrə ilə “Whatsapp” proqramı vasitəsilə əvvəllərdən İran vətəndaşı kimi tanıdığı Əli adlı şəxsin istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edib ondan heroin istəmiş, onun “Kapital bank”a məxsus kartına 75 manat pul göndərdikdən sonra qəbzin şəklini çəkib “Whatsapp” vasitəsilə Əliyə göndərmişdir. Həmin gün Əli onun istədiyi narkotiki kuryer vasitəsilə Abşeron rayonu, Xırdalan dairəsi deyilən ərazidə yolun kənarındakı küknar ağacının dibində bir ədəd siqaret qutusunun içərisində qoyub şəklini ona göndərib yerini ona demiş, həmin gün heroini Əlinin dediyi yerdən götürmüş və 29 iyul 2021-ci il tarixdə yaşadığı Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə gəlmişdir. Narkotiki yaşadığı evin müxtəlif otaqlarında xırda bükümlərdə gizlətmişdir. 04 avqust 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, yaşadığı evə baxış keçirilmiş, yataq otağındakı tozsoranın içərisində saxladığı bir bükümdə adını «şüşə» kimi bildiyi narkotiki, həmin otaqdakı şkafda olan dərman qutusunun içərisində saxladığı bir bükümdə heroini, qonaq otağında çarpayının üzərindəki yükün arasında saxladığı qara rəngli sellofan torbada olan bir ədəd bükümdə tərəzinin arasına qoyduğu heroini, həmin qonaq otağında sol tərəfdə yerləşən şkafın üzərindəki güldanın içərisində saxladığı heroini polis əməkdaşları təqdim etmişdir. Bundan sonra polis əməkdaşları qonaq otağına açılan sol tərəfdə yerləşən yataq otağında uşaq beşiyinin içərisindən iki ədəd dəftərçənin şəklini çəkdikdən sonra götürmüşlər. Dəftərçənin içərisində şəxsi yazıları olmuşdur. Daha sonra digər yataq otağında sağ tərəfdə şkafın içərisindəki çaynikin içində saxladığı ağ sellofan torbada olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərində aparılan şəxsi axtarış zamanı əynində olan şalvarın sol arxa cibindən bir ədəd ağ sellofan torbada olan şüşə kimi bildiyi psixotrop maddə aşkar edilmişdir. Yaşadığı evə, həmçinin üzərində şəxsi axtarış aparılan zaman ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadə məqsədilə saxlamışdır. İran vətəndaşı kimi tanıdığı Əli adlı şəxslə 2017-ci ildə Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 16 saylı cəza çəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Beyləqan rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və o, 1-ci Şahsevən kəndi ərazisində saxlanılmış, onun yaşadığı evə baxış keçirilmiş, yataq otağındakı şkafın yanında olan tozsoranın içərisində bir ədəd bükümdə ağ rəngli 0,58 qram metamfetamin, həmin otaqda şkafın içərisində olan dərman qutusunun içərisində qəhvəyimtil rəngli 0,32 qram heroin, qonaq otağında çarpayının üzərindəki yükün arasında saxladığı qara rəngli sellofan torbada olan elektron tərəzini və tərəzinin arasına qoyduğu bir ədəd bükümdə 5,6 qram heroini, daha sonra həmin otaqda sol tərəfdə yerləşən şkafın üzərindəki güldanın içərisində saxladığı ağ rəngli sellofan torbada olan bir ədəd bükümdə 8,15 qram heroini təqdim etmişdir. Bundan sonra qonaq otağına açılan sol tərəfdə yerləşən yataq otağında olan uşaq beşiyinin içərisindən iki ədəd dəftərçə aşkar edilmiş və dəftərçənin şəklini çəkdikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs həmin yataq otağında şkafın içərisindəki çaynikin içində saxladığı ağ rəngli sellafan torbada olan bir ədəd bükümdə 4,32 qram çəkidə heroini təqdim etmişdir. Digər yataq otağında heç bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonra o,Beyləqan RPŞ-nın inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı qara rəngli şalvarın sol arxa cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə 0,65 qram metamfetamin aşkar edilmişdir. Heroin və metamfetamin qablaşdırılaraq eskpertizaya göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 4 avqust 2021-ci il tarixdə saat 22 radələrində polis əməkdaşları tərəfindən Beyləqan rayonu, 1-ci Şahsevən kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Baxış zamanı Rövşən yataq otağındakı şkafın yanında olan tozsoranın içərisində saxladığı bir ədəd bükümdə 0,58 qram metamfetamini, həmin otaqda olan şkafın içərisində dərman qutuda saxladığı bir ədəd 0,32 qram qəhvəyimtil rəngli, kəskin qoxulu heroini təqdim etmişdir. Bundan sonra qonaq otağına baxış keçirilmiş, çarpayının üzərindəki yükün arasında saxladığı qara rəngli sellofan torbada olan tərəzini və tərəzinin arasına qoyduğu bir ədəd bükümdə 5,6 qram narkotiki təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin qonaq otağında, qapıdan daxil olduqdan sonra sol tərəfdə yerləşən şkafın üzərindəki güldanın içərisində saxladığı, ağ rəngli sellofan torbada olan bir ədəd bükümdə 8,15 qram narkotiki təqdim etmişdir. Qonaq otağına açılan üç ədəd yataq otaqların birində uşaq beşiyinin içərisindən iki ədəd dəftərçə aşkar edilmiş və dəftərçənin şəklini polis əməkdaşları çəkdikdən sonra götürülmüşdür. Həmin yataq otağında dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya kütlə aşkar edilməmişdir. Bundan sonra digər yataq otağına baxış keçirilmiş, həmin yataq otağında Rövşən şkafın içərisindəki çaynikin içində saxladığı ağ rəngli sellafan torbada olan bir ədəd bükümdə 4,32 qram narkotiki təqdim etmişdir. Aşkar edilmiş dörd ədəd bükümdə olan narkotik vasitə bir ədəd ağ rəngli zərfdə, digər bir ədəd bükümdə olan psixotrop maddə isə başqa ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş və iş materiallarında olan materialların məhkəmə ekspertizasının 05 avqust 2021-ci il tarixli, 18/829 N-li rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdə sellofan kəsiyinə bükülmüş 1 ədəd polietilen bükümündə təmiz çəkisi-0.383 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən” sözləri yazılmış kağız paketdə 1 ədəd polietilen bükümündə təmiz çəkisi-0.445 qram olan maddə kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən” sözləri yazılmış kağız paketdə 2 ədəd polietilen bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0.274 qram, 7.546 qram, 2ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4.496 qram, 6.696 qram, ümumi təmiz çəkisi -19.012 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. - Tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən götürüldüyü qeyd edilən metamfetaminlər eyni tərkiblidir. Məhkəmə istintaqında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 4194 N-li rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Beyləqan rayonu, 1-ci Şahsevən kəndindəki evində qonaq otağında olan döşək yükünün arasında 01 ədəd elektron tərəzinin qapağının arasından 01 ədəd qara rəngli sellofan kəsiyi bükümündə çəkisi 5,6 qram olan narkotik vasitə heroin, həmin otağın girişindən sol tərəfdə yerləşən güzgülü şkafın üstündə olan güldanın içərisindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 8,15 qram olan narkotik vasitə heroin, qonaq otağından keçdikdə yataq otağında olan şkafın içərisində olan qırmızı rəngli çaynikdən 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,32 qram olan narkotik vasitə heroin, evin girişindən sağda yerləşən yataq otağında olan tozsoranın qapağının altından 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,58 qram olan psixotrop maddə metamfetamin, həmin otaqda olan şkafın üzərində olan dərman qutusunun içərisindən 01 ədəd ağ rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,32 qram olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sol arxa cibindən 01 ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülərək qablaşdırılmış, bükümlə birlikdə çəkisi 0,65 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 3 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı evin müxtəlif otaqlarından və üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra ümumi təmiz çəkisi 18,812 qram qalan heroin, ümumi təmiz çəkisi 0,728 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və şəxsi axtarış protokoluna əlavə edilmiş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Beyləqan rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 4 noyabr 2021-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində və evində aşkar olunan narkotik vasitə heroinin və metamfetaminin ona məxsus olmaması, iranlı Əli adlı şəxsi tanımaması, onunla heç bir əlaqəsinin olmaması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunaraq hədələdiyindən zorla ifadə verməyə məcbur edilməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Beyləqan Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında istintaqdan yayınmaq niyyətinin olmadığını, buna görə də barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007; ) Bundan başqa, Təqsirləndirilən şəxs evində aşkar olunan külli miqdarda heroinin və üzərində aşkar olunan metamfetaminin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat evə baxış və üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid5, Şahid6, Şahid7 Təqsirləndirilən şəxs üzərində metamfetamin və yaşadığı evdə külli miqdarda heroin və metamfetamin aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin bağlamanı əvvəllər tanıdığı “Əli” adlı iranlının göndərdiyini, 75 manat pulun müqabilində həmin bağlamanı Abşeron rayonu, Xırdalan dairəsi adlanan yerin yaxınlığındakı küknar ağacının dibindən götürərək yaşadığı Beyləqan rayonu 1-ci Şahsevən kəndindəki evində xırda bükümlərdə gizlətməsini bir daha israrla təsdiq etmişlər. Bundan başqa, “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətlərinin aparılmasında təqsirləndirilən şəxsin üzərindən çıxan metamfetaminin özünə məxsus olmasını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşakar vəkilin yanında qeyd-şərtsiz və açıq aşkar formada bəyan etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində polis əməkdaşları tərəfindən üzərlərinə narkotikin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan tarixlərdə verdiyi ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs üzərində metamfetaminin, evində xırda bükümlərdə külli miqdarda heroinin və elektron tərəzinin aşkar edilməsi, ona göndərdiyi külli miqdarda narkotik vasitənin heroinin və psixotrop maddənin «Əli» adlı iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb üzərində qanunsuz daşımaqla yaşadığı Beyləqan rayonu 1-ci Şahsevən kəndinəki evinə gətirib qazanc əldə etmək niyyətilə xırda bükümlərdə saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən Azərbaycan Respublikasına qanunsuz qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməli düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, “Əli” adlı İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs satış məqsədi ilə Abşeron rayonu, Xırdalan dairəsi adlanan yerin yaxınlığındakı küknar ağacının dibindən qanunsuz olaraq əldə edib yaşadığı Beyləqan rayonu 1-ci Şahsevən kədindəki evinə gətirib xırda bükümlərə bölüb saxlamışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməlləri tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Əli” adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhəddindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Əli” adlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Əli” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri “Əli” ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra Abşeron rayonu Xırdalan dairəsi adlanan yerin yaxınlığındakı küknar ağacının dibindən qanunsuz əldə edib, saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsirolunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz “Əli” adlı şəxs tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz “Əli” adlı şəxs təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Əli” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Əli”yə kömək etmişlər. Buna görə də, təqsirləndirilən şəxs həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Əlidən başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – Əliyə yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 4 avqust 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 6 avqust 2021-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Beyləqan Rayon Məhkəməsinin 6 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 4 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən, habelə Hacıqabul və Beyləqan Rayon Məhkəməsinin hökmlərinin surətindən görünür ki, Qabilov X1 Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 may 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Beyləqan Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə (cinayətlərin residivi) 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Beyləqan rayon İHB-nın 1-ci Şahsevən kənd İƏD-si üzrə nümayəndəliyinin 29 oktabr 2021-ci il tarixli xasyiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kafi xarakerizə olunur (özünə məxsus həyat tərzi keçirmiş, kənddə ictima tədbirlərdə yaxından iştirak etməmiş, narkotik maddələrdən istifadə etməmiş, alkoqol içkilərə meyilli olmamış, barəsində şikayət daxil olmamışdır). Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1 və 234.4.3-cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən beş ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə hallara gəldikdə isə məhkəmə belə nəticəyə cəlir ki, o, əvvəllər qəsdən cinayət töərtdiyinə görə məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan başqa, Beyləqan Rayon Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 4 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞ-də saxlanılan 18,812 qram heroin, 0,728 qram metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ona cinayətlərin məcmusu üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Beyləqan Rayon Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 4 avqust 2021-ci ildən hesablansın və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞ-də saxlanılan 18,812 qram heroin, 0,728 qram metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar