Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-740/2023 30.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1987-ci ildə Sabirabad rayonunun Yastıqobu kəndində dogulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada tikinti ustası işləyən, məhkumluğu olan, Sabirabad rayonunun Yastıqobu kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən çətənə (kannabis) bitkisinin toxumlarını əldə etmiş və həmin toxumları 2023-cü ilin mart ayının axırlarında yaşadığı Sabirabad rayonunun Yastıqobu kəndindəki evinin həyətyanı sahəsində olan bağ sahəsində, həm də onunla bir həyətdə yaşayan atası Şahid1 yaşadığı evin arxa hissəsindəki bağ sahəsində sonuncunun xəbəri olmadan torpağı şumlayıb qanunsuz olaraq əkmiş, onlardan bitən külli miqdarda-420 (dörd yüz iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Daxil olmuş məlumat əsasında 01 may 2023-cü il tarixdə, saat 13-14 radələrində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonunun Yastıqobu kəndindəki evin həyətyanı sahəsində olan bağ sahəsinə baxış zamanı 23 ədəd və atası Şahid1 yaşadığı evin arxa hissəsindəki bağ sahəsinə baxış zaman 397 ədəd olmaqla cəmi külli miqdarda-420 (dörd yüz iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Sabirabad rayonunun Yastıqobu kəndində özünə məxsus fərdi yaşayış evində yaşamaqla tutulan vaxtadək fərdi qaydada tikinti ustası işləmişdir. Həmçinin yaşadığı həyətdə atası Şahid1 da fərdi yaşayış evi vardır. Bir müddət olar ki, “nəşə”dən, yəni marixuanadan istifadə etməyə başlamışdır. 2022-ci ilin sentyabr ayında yaşadığı kəndin çöllük sahəsində heyvanları otararkən yerdə sellofan torbanın içərisində dəqiq sayını bilmədiyi qədər çətənə bitkilərinin toxumlarını tapmışdır. Sonradan tapdığı toxumları əkmək qərarına gələrək 2023-cü ilin mart ayının axırlarında toxumlardan bir qismini yaşadığı evin həyətyanı sahəsində, qalan toxumları atası Şahid1 yaşadığı evin arxa hissəsindəki bağçada torpağı şümlayıb əkmişdir. Cəmi neçə ədəd toxum əkməsi yadında deyil. Əkdiyi yerlərdə toxumlardan çıxan çətənə şitillərini vaxtaşırı su verməklə onlara qulluq etmişdir. Əkdiyi çətənə bitkiləri tam yetişmədiyindən onlardan istifadə etməmişdir. 01 may 2023-cü il tarixdə, günorta saatlarında həyətinə bir qrup polis əməkdaşları gəlib ona həyətində çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu və həyətinə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Həmin vaxt o, həyətində çətənə bitkisi əkib-yetişdirdiyini etiraf etmiş və polis əməkdaşlarına çətənə bitkiləri əkildiyi yerləri göstərmişdir. Sonra polis əməkdaşları tərəfindən evinin həyətyanı sahəsində olan bağçada əkdiyi çətənə bitkiləri və atası Şahid1 yaşadığı evinin arxa hissəsində olan bağçada əkdiyi çətənə bitkiləri aşkar edilib sayılandan sonra ona məlum olmuşdur ki, öz evinin həyətyanı sahəsində 23 ədəd, atasının evinin arxa hissəsində olan sahədə 397 ədəd çətənə bitkiləri vardır. Sonra aşkar edilmiş cəmi 420 ədəd çətənə bitkiləri polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Həyətində və atasının evinin arxa hissəsində olan sahədə çətənə bitkiləri əkib-yetişdirməsi ilə bağlı ailə üzvlərinin və atası Şahid1 məlumatı olmamışdır. O, yalnız özünün şəxsi istifadəsi üçün çətənə bitkilərini əkib-yetişdirmiş və buna görə də əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır. 01 may 2023-cü il tarixdə Sabirabad rayonun Yastıqobu kənd sakini Təqsirləndirilən şəxs həyətində qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Həmin gün günorta saatlarında əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana, Sabirabad rayonun Yastıqobu kəndinə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı həyətə daxil olduqdan sonra müstəntiq Mirzahid Abasov tərəfindən Təqsirləndirilən şəxs həyətində qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməkdə şübhəli olması və həyətinə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs da etiraz etməmişdir. Bundan sonra Kürkənd kənd icra nümayəndəsinin müavini, Kürkənd kənd bələdiyyə sədri (hal şahidləri), aqronommütəxəssisin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməyə başlayarkən Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində çətənə bitkiləri əkildiyi yerləri göstərmiş, sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, hal şahidləri və aqronom-mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə aid bağçaya baxış keçirilmiş və həmin yerdə 23 ədəd çətənə bitkiləri aşkar olunub qablaşdırılıb götürülmüş, daha sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində aşkar olunan çətənə bitkilərini özünün əkib-yetişdirdiyini, həmçinin atası Şahid1 evinin arxa hissəsindəki sahədə də çətənə bitkiləri əkib-yetişdirdiyini bildirmişdir. Bundan sonra eyni həyətdə yerləşən, Təqsirləndirilən şəxs atası Şahid1 evinin arxa hissəsindəki bağ sahəsinə müstəntiq Emin Əliyev tərəfindən Şahid1, hal şahidləri və aqronom-mütəxəssisin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 yaşadığı evin həyətyanı sahəsində olan bağ sahəsində 397 ədəd çətənə bitkiləri aşkar olunub götürülmüş, sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı Şahid1 evinin arxa hissəsindəki sahədə aşkar olunan çətənə bitkilərini kimin əkməsindən xəbəri olmadığını, ilk dəfə gördüyünü, həmçinin onunla eyni həyətdə yaşayan oğlu Aminin həmin bağçaya nəzarət etdiyini və orada tərəvəz bitkiləri əkdiyini bildirmişdir. Bundan sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs öz evinin həyətyanı sahəsində və atasının evinin arxa hissəsindəki sahədə aşkar olunan çətənə bitkilərini özünün əkib-yetişdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. O, Sabirabad rayonunun Yastıqobu kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Yaşadığı həyətdə oğlu Aminin, həm də özünün evi vardır. 01 may 2023-cü il tarixdə, günorta saatlarında bir qrup polis əməkdaşları həyətinə gəlib ona həyətində çətənə bitkiləri əkilib-becərilməsi ilə bağlı məlumat olduğunu və həyətinə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Sonra polis əməkdaşları özünün iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin arxa hissəsindəki bağçada, tərəvəz məhsullarının arasında 397 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları aşkar olunmuş bitkilərin kimin əkdiyini soruşmuş, o da həmin bitkilərini kimin əkməsindən xəbəri olmadığını, ilk dəfə gördüyünü, həmçinin onunla eyni həyətdə yaşayan oğlu Aminin həmin bağçaya nəzarət etdiyini və orada tərəvəz bitkiləri əkdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş bitkilər kökündən çıxarılıb qablaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. Daha sonra ona məlum olmuşdur ki, həyətində aşkar olunmuş çətənə bitkilərini oğlu Təqsirləndirilən şəxs əkib-yetişdirmişdir. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşlarının 01 may 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Sabirabad rayonunun Yastıqobu kəndində yaşayan Təqsirləndirilən şəxs və Şahid1 yaşadıqları evinin həyətyanı sahədə çətənə kolları əkib-becərmələri barədə əməliyyat məlumatları daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 01 may 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Mirzahid Abasov tərəfindən Təqsirləndirilən şəxs və aqronom-mütəxəssis Əliyar Vəliyevin iştirakı ilə Sabirabad rayonunun Yastıqobu kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan bağ sahəsinə baxış zamanı 23 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar edilib götürülmüşdür. İşdə olan, “Baxış keçirilməsi haqqında” 01 may 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Emin Əliyev tərəfindən Şahid1 və aqronom-mütəxəssis Əliyar Vəliyevin iştirakı ilə Sabirabad rayonunun Yastıqobu kəndində Şahid1 yaşadığı evin həyətyanı sahəsində olan bağ sahəsinə baxış zamanı 397 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar edilib götürülmüşdür. İşdə olan, 01 may 2023-cü il tarixli “Mütəxəssis rəy”lərinə əsasən həmin tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Sabirabad rayonunun Yastıqobu kəndində Təqsirləndirilən şəxs və Şahid1 yaşadıqları evin həyətyanı sahəsində aşkar olunmuş cəmi 420 ədəd bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləri olmaqla onlara aqrotexniki qaydada qulluq edilməklə əkilib becərilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 02 may 2023-cü il tarixli, 18/4659 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda- “Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış ...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı cəmi 23 ədəd yaş vəziyyətdə, ümumi çəkisi-1500 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisinin şitilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 02 may 2023-cü il tarixli, 18/460 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda- “Şahid1 yaşadığı evə və həyətyanı sahəsinə baxış ...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı cəmi 397 ədəd yaş vəziyyətdə, ümumi çəkisi-116200 qram (116 kiloqram 200 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisinin şitilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 02 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 420 ədəd çətənə (kannabis) bitkisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işi üzrə sübutların qiymətləndərilməsi haqqında” 25 avqust 2023cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid1 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və hissələrini toplamaqla kultivasiya etməsi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” və “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in ölçü vahidlərisayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 420 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri külli miqdarda əkib-yetişdirib, kultivasiya etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 may 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Sabirabad Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan, Sabirabad rayon İcra və Probasiya şöbəsinin 03 may 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, 04 dekabr 2019-cu il tarixli hökmlə 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün 13 aprel 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 04 dekabr 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edlimiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olsa da, onun əməlində cinayətlərin residivi yoxdur. İşdə olan, olan Sabirabad rayon, Kürkəndi kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Yastıqobu kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə keçirilən ictimai tədbirlərdə iştirak etməklə, nizam-intizamlı davranışına görə kənd sakinlərinin hörmətini qazanmışdır) xarakterizə olunur. İşdə olan, AA4653160 və AA4653161 №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən olunur ki, X7 17 mart 2010-cu ildə və X5 19 iyun 2018-ci ildə doğulmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 420 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-99 (doxsan doqquz) manat 48 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 420 (dörd yüz iyirmi) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-99 (doxsan doqquz) manat 48 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-740/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-740/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver