Məhkəmə qərarları › İş №1(099)-742/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-742/2022

26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-742/2022 26.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1985-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağcabədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, «08 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, Ağcabədi şəhəri, S.Vurğun küçəsi ev 67-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib 10,37 qramı üzərində və 5200 qramını qardaşı X3 məxsus olmaqla idarə etdiyi Merceds-Benz markalı, **-VL- *** dövlət qeydiyyat nişanlı avtomobilində daşıyaraq saxlamış, 09 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməsində, üzərində gəzdirməsində və idarə etdiyi avtomobilində saxlamasında, eləcə də satışında şübhəli bilinərək Ağcabədi şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzbati binasına gətirilib həmin gün saat 23:10-dan başlayaraq inzibati binanın həyətində idarə etdiyi Mercedec-Benz markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avomobilinə baxış keçirilərkən avtomobilin arxa yük yerində qəsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq saxladığı ağ rəngli sintetik torbada təmiz çəkisi 5200 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra 10 avqust 2022-ci il tarixdə saat 00:05-dən başlayaraq həmin polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi-ağ rəngli şortun arxa sağ cibində qəsdən satış məqsədilə qanunsuz satış məqsədilə əldə edib daşıyaraq saxladığı bir ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 10,37 qram, ümumilikdə isə külli miqdarda, 5210,37 qram təmiz çəkiyə malik çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə təxminən saat 23:00 radələrində o Ağcabədi rayonu Nəriman Nərimanov küçəsində hərəkətdə olan zaman marketdən siqaret almaq üçün avtomobili həmin küçədə yerləşən marketin qarşısında saxlamışdır. Həmin vaxt əynində şortu olmuşdur. Bu vaxt bir neçə nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, ona narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu bildirib rayon polis şöbəsinə getməyi demişlər, o da etiraz etməmişdir. O, özü avtomobilini idarə etmiş və polis əməkdaşları da yanında əyləşmişlər, onu avtomobili ilə birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasının həyətinə gələn kimi idarə etdiyi Mercedes Benz markalı **-VL-*** dövlət qeydiyat nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi Mercedes Benz markalı 10VL987 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsindən bir ədəd ağ rəngli sintetik torba aşkar olunaraq götürülmüşdür. Polislər tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamış, eyni zamanda avtomobilində də narkotik vasitə olmamışdır. Polis şöbəsində olan zaman polis əməkdaşları ona təziq edərək uzərinə az miqdarda marixuanna narkotik vasitəsi və avtomobilinə bağlamada narkotik vasitəsi qoyaraq həmin maddələrin ona məxsus olmasını etitaf etməsi üçün təziqlər etmişlər. Halbu ki, onun üzərində və avtomobilində heç bir narkotik vasitə olmmışdır. Polis əməkdaşları ona təziqlər etdikləri üçün videoçəkiliş zamanı üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitələrinin ona məxsus olmasını demişdir. Təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə baxışı zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 08 avqust 2022-ci il tarixdə axşam saatlarında Ağcabədi rayonu Qarabağ kanalının kənarında gəzən zaman orada ağzı kəndirlə bağlanmış bir ədəd sintetik torbanın olduğunu görmüş, onda maraq oyandığı üçün həmin torbaya yaxınlaşmış və torbanın içərisinə baxdıqda orada narkotik vasitə olan qurudulmuş marixuananın olduğu aşkar etmişdir. O əvvəllər də marixuanadan istifadə etdiyi üçün torbanın içərisindəkinin marixuana olduğunu bilmişdir. Həmin torbanı yerdən götürüb ona məxsus Mercedes Benz markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymuşdur. Tobanın içərisindən bir qədər marixuana götürərək selofanla bağlayıb cibinə qoymuşdur ki, istifadə etsin. 09 avqust 2022-ci il tarixdə təxminən saat 23:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, nəticədə avtomaşınından və cibindən marixuana aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “Polis əməkdaşları onu saxlayarkən üzərində və avtomaşınında narkotik vasitə olmamışdır, polis əməkdaşları onun avtomaşınına və cibinə marixuana yerləşdirərək həbs etmişlər” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ağcabədi rayon Polis şöbəsinin əməkdaşı Şahid1 əməliyyat müvəkkili ifadəsində göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi, üzərində gəzdirməsi, idarə etdiyi avtomobildə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün saat 23:00 radələrində Ağcabədi şəhəri, N.Nərimanov küçəsində tərəflərindən saxlanılmış, Təqsirləndirilən şəxs onun və digər polis əməkdaşlarının iştirakı ilə özü Mercedes-Benz markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib yolda hər hansı bir yerdə dayanmadan bir başa Ağcabədi rayon Polis şöbəsinə gətirilmiş, şöbənin həyətinə gələn kimi, avtomobildən aralaşmadan Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes-Benz markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi nəzərinə çatdırılmış, Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı video çəkilişdən isifadə edilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə, psixotrop maddə, eləcə də qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olmasını bildirmiş və avtomobilin açarını cibindən çıxarıb, avtomobilin arxa yük yerini açıb göstərmişdir. Bundan sonra iştirakçılarla birlikdə qeyd edilən avtomobilin yük hissəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes-Benz markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən bir ədəd ağ rəngli üzərində “Orxan un” yazısı olan sintetik torba aşkar edilmişdir. Həmin sintetik torbanın içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş kütlə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, artıq 10 avqust 2022-ci il tarixdə saat 00:05 dəqiqədə polis şöbəsinin binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış axtarış aparılması bildirilmiş, Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə və ya psixotop maddə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şortun sağ arxa cibindən 01 ədəd yaşıl rəngli sellofan torbanı çıxarıb təqdim etmiş, həmin yaşıl rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddə də qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və maşınından aşkar edilmiş marixuanaya bənzər kütləni Qarabağ kanalının yanından tapdığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin əməkdaşı Şahid5 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 10 avqust 2022-ci il tarixli 18/844 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdə 01 ədəd yaşıl rəngli polietilen torbada təmiz çəkisi – 10.37 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotk vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs” sözləri və imzalar olan sintetik torbada təmiz çəkisi 5200 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd yaşıl rəngli polietilen torbada və 01 ədəd sintetik torbada olan marixuana eyni tərkiblidir. Marixuananın ümumi çəkisi – 5210,37 qram, cəmi tədqiqata istifadə olundu – 0,02 qr (hər ob-0,01 qr), qalıq – 5210,17 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edır. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli 1529 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli, 667 nömrəli məhkəmə-psixatriya ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli videoçəkilişlə «baxış və götürmə axtarış aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes-Benz markalı, **-VL-*** dölət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən bir ədəd ağ rəngli üzərində “Orxan m” yazısı olan sintetik torbanın içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar 5 kq 205 qr çəkidə kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli videoçəkilişlə «şəxsi axtarış aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs n üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən üzərindən 12,80 qram çəkidə narkotik vasitə marixuana oxşar kütlə aşkar edilməsi müşahidə olunur. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 09 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, hökmün surətindən və Amnistiya aktının tətbiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Həsənov X4 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, «08 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, 7-ci bəndinə əsasən isə məhkumluğu üzərindən götürülmüşdür. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görunür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın onun özünə məxsus olması, həmin narkotik vasitəni satış məqsədilə saxlaması, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəninin mənbəyi hələki müəyyən edilməmişdir. İş materiallrında olan 11 noyabr 2022-ci il tarixli Ağcabədi rayon X2 Hüquqi şəxsin arayışından görünür ki, Həsənov X4 RMX-nın poliklinika şöbəsinin nevroloji kabinetində qeydiyyatda durmur və narkoloji kabinetdə qeydiyyatda durur. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Həsənov X4 şəhəri, S.Vurğun küçəsi ev 67-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2006-cı il təvəllüdlü Tofiq Həsənov yetkinlik yaşına çatmayan və xx.xx.2008-ci il təvəllüdlü Orxan Həsənov adlı azyaşlı uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 15 noyabr 2022-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 5210,17 qram qurudulmu marixuanna narkotik vasitəsi maddi sübut kimi tanınmış saxlanılması üçün Ağcabədi Rayon Poli Şöbəsinin saxlanc kamerasına təhvil verilmişdir. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs qurudulmuş marixuannanı mənbəyinin müəyyən edilməsindən ötrü material ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi qurudulmuş marixuanna narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqlarının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Ağcabədi rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5210,17 qram qurudulmuş marixuanna məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 09 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Ağcabədi rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5210,17 qram qurudulmuş marixuanna məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar