Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-745/2024 06.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi- Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Salyan rayonu, Şorsulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, 17 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 iyul 2024-cü il tarixli qərarla barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilərk o, dərhal məhkəmə iclas zalında həbsə alınmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin mart ayının əvvəllərində yaşadığı Salyan rayonu, Şorsulu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində mişar daşından inşa edilmiş hasarla iydə ağacları arasında yerləşən 2x8,5 metr ölçüdə torpaq sahəsində qanunsuz olaraq əkməklə orada külli miqdarda, cəmi 24 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 17 iyul 2024-cü il tarixdə saat 14 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən yaşayış evinin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı ona məxsus külli miqdarda, cəmi 24 ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 30500 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, Salyan rayonu, Şorsulu kəndindəki evində yaşayır. Narkotik vasitə marixuanadan istifadə etmişdir. 10 ildir ki, çətənə (kannabis) bitkilərini əkib-becərməklə istifadə etmişdir. 2024-cü ilin mart ayının əvvəllərində özündə olan nəşə toxumlarını həyətində əkdiyi iydə ağacları ilə divarın arasındakı boş torpaq sahəsinə səpmiş və sonradan orada 24 ədəd çətənə bitkisi əmələ gəlmişdir. Ondan sonra vaxtlı-vaxtında həmin bitkilərin dibini boşaldıb onları alaqlardan təmizləyərək həm də suvarmışdır. 17 iyul 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı Salyan rayonu, Şorsulu kəndində küçədə olarkən polis əməkdaşları onu görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra birlikdə Salyan RPŞ-nə getməyi ona təklif etmiş, bu səbəbdən polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə RPŞ-nə getmiş və şöbədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulması ona elan olunmuşdur. Öz seçimi əsasında ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və həmin vaxt ona təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya, narkotik vasitə varsa onları çıxarıb təqdim etsin. O, da həmin vaxt üzərində heç bir narkotik vasitə, psixotrop maddə olmadığını, lakin yaşadığı evin həyətində 24 ədəd çətənə bitkiləri əkibbecərdiyini və onları təqdim edib göstərə biləcəyini demişdir. Bu barədə onun yazılı razılığı alındıqdan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Salyan rayonu, Şorsulu kəndində yerləşən evinə gəlmiş, orada videoçəkilişlə və özünün iştirakı ilə həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları tərəfindən həyətyanı sahəsindəki iydə ağaclarının arasında əkdiyi 24 ədəd müxtəlif ölçülü çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən peşimandır. Hesab etmişdir ki, yetişdirdiyi çətənə (kannabis) bitkilərini «Facebook»da paylaşdığı üçün polis əməkdaşları onu tutmuşlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Salyan RPŞnin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 17 iyul 2024-cü il tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 12:00 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu, Şorsulu kəndindəki yaşadığı evin yaxınlığında olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib birlikdə Salyan RPŞ-nə getməyi ona təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra birlikdə Salyan RPŞ-nə getmiş və sonra o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə olub-olmaması soruşulduqda o, üzərində heç bir narkotik vasitə olmadığını, lakin yaşadığı evin həyətində çətənə bitkisi əkib yetişdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim edib göstərəcəyi ərazidə iş üzrə əhəmiyyət kəsb edəcək əşyaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan 17 iyul 2024-cü il tarixdə həmin əraziyə baxış keçirilməsi və ərazidə narkotik vasitə və ya cinayət xarakterli digər əşya müəyyən edildiyi təqdirdə götürülməsi barədə müstəntiq tərəfindən qərar qəbul edimiş, həmin qərara, eləcə də Təqsirləndirilən şəxs yazılı razılıq ərizəsinə əsasən də aqronommütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə gələrək həmin evin həyətyanı sahəsinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində, əkilmiş iydə ağacları ilə mişar daşından inşa edilmiş divarın dibində yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər əkilmiş, həmin bitkilərin dibləri yumşaldılaraq ətrafı alaq otlarından təmizlənmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, onları özünün 2024-cü ilin mart ayında əkdiyini, sonrakı müddətdə mütəmadi olaraq onlara qulluq göstərdiyini, yəni həmin bitkiləri daimi olaraq suvarıb diblərini yumşaltdığını bildirmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis X4 həmin bitkilərə baxış keçirərək, həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq göstərilməklə mütəmadi olaraq suvarılıb diblərinin yumşaldıldığını bildirmişdir. Daha sonra aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkilər onlar tərəfindən bir-bir torpaqdan çıxarılaraq sayılmış, onların ümumilikdə cəmi 24 (iyirmi iki) ədəd olması müəyyən edilmişdir. Bundan sonra baxış keçirilən ərazidən aşkar edilmiş yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar 24 ədəd bitkilər bir daha sayılmış və onların protokolda qeyd olunan saylarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş 24 ədəd çətənə bitkiləri ekspertizaya təqdim edilməsi üçün sellofan torbaya qoyularaq qablaşdırılaraq götürülmüşdür. Dindirilmiş Şahid2 Füzuli oğlu və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 17 iyul 2024-cü il tarixli raport, «Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» qərar, «Baxış keçirilməsi və götürmə aparılması barədə» qərar, onun Salyan rayonu, Şorsulu kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş videoçəkilişdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, yaşadığı evin həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir.(i.v. 3-52) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:55-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 22) -Salyan rayonu, Şorsulu kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi haqqında 17 iyul 2024-cü il tarixli protokoldan, həmçinin baxış keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Şorsulu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən orada əkilmiş iydə ağacları ilə mişar daşından inşa edilmiş divarın dibində biri-birinə yaxın məsafədə əkilmiş 24 ədəd tərkibində narkotik tərkibli maddələr olan çətənə bitkisi aşkar olunaraq götürülmüşdür.(i.v.37-39) -iş üzrə mütəxəssis qismində təyin edilmiş Salyan rayonu, X1 baş aqronomu X4 tərəfindən 17 iyul 2024-ci il tarixdə tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, həmin gün Salyan RPŞ-nin əməkdaşları ilə birlikdə Salyan rayonu, Şorsulu kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən həyətyanı sahənin bağ hissəsində əkilmiş 24 ədəd çətənə bitkisi aşkar edilmiş, həmin bitkilərə aqronom-mütəxəssis kimi baxış keçirib müəyyən etmişdir ki, həmin bitkilər gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsi olmaqla narkotik tərkiblidir, bitkilərin kök dibində olan torpağı nəm və yumşaq olduğundan, onların boyu, gövdə, budaq və yarpaqları yaxşı inkişaf etdiyindən belə nəticəyə gəlmişdir ki, həmin çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir.(i.v.40) -«məhkəmə bioloji ekspertizası»nın 18 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/671 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...24 ədəd..." sözləri və imzalar olan torbada ümumi sayı 24 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-30500 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 24 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.(i.v.49-52) -«təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan olunması haqqında» 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Salyan Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(057)-59/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. 19 iyul 2024-cü il tarixli qərarla barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2024-cü il tarixli, 4(106)-98/2024 nömrəli qərarı ilə Salyan Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(057)-59/2024 nömrəli qərarından Salyan rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mansurov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Salyan Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(057)-59/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.(i.v.62-63, 81-87, 88-89, 112-116) -«maddi sübut kimi tanıma haqqında» 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 30497,60 qram çəkidə ümumi sayı 24 ədəd çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir.(i.v.96) -«Salyan Rayon Mərkəzi Xəstəxanası» X6 06 avqust 2024-cü il tarixli, 18-1-68/2- 1531/2024 nömrəli məktubundan görünür ki, Salyan rayonu, Şorsulu kənd sakini Təqsirləndirilən şəxs poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın və həkimnarkoloqu Saraxanım Zərgərlinin məlumatlarına əsasən qeydiyyatda yoxdur.(i.v.104) -Salyan Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 5(057)-214/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul olunmuş 17 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilsin.(i.v.106) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 22 iyul 2024-cü il tarixli, 606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.125) -«sübutların qiymətləndirilməsi haqqında» 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın, həmçinin onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış və götürmənin aparılmasını əks etdirən videoçəkilişin görüntüləri olan 2 (iki) ədəd CD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v.129-134) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəllənin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 24 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib və yetişdirməklə kultivasiya etməsi əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol, həmin protokola əlavə olunmuş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış çətənə (kannabis) bitkilərinin qalıqları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.101-102) -Salyan rayon İcra Hakimiyyəti başçısının Şorsulu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, evlidir, himayəsində 2015-ci il təvəllüdlü Nihat Əhmədov və 2017-ci il təvəllüdlü Yağmur Əhmədova adlı az yaşlı uşaqları vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir.(i.v.127-128) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq himayəsində iki azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ilk məhkumluğunu, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi), cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X3rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X2 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalında həbsə alınmışdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və «ambulator məcburi-narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq ekspert tədqiqatı nəticəsində qalıq qalmış 30497,60 qram çəkidə ümumi sayı 24 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə tərkibi, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H O K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 17 iyul 2024-cü il tarixdən 19 iyul 2024-cü il tarixədək olan 2 (iki) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı vaxtdan, 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 30497,60 qram çəkidə ümumi sayı 24 ədəd olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-745/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-745/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver