Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-747/2022 27.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Qazıməmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzanın çəkilməmiş hissəsindən azad olunmuş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının 1 ay 29 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Hacıqabul şəhəri, Koroğlu küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 14 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qr, 0,314 qr, 0,233 qr, 0,272 qr, 0,388 qr, 0,175 qr, 0,477 qr, 0,412 qr, 0,515 qr, 0,492 qr, 0,298 qr, 0,433 qr, 0,230 qr və 0,286 qram - ümumi təmiz çəkisi-4,870 qram olan, külli miqdarda narkotik vasitə heroini və 03 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,350 qr, 1,071 qr və 0,883 qram-ümumi təmiz çəkisi-2,304 qram olan, külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamışdır. 06 sentyabr 2022-ci il tarixdə saat 18:25 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Koroğlu küçəsi 14 №-li evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin və psixotrop maddə mateamfetaminin onun əynində olan şalvarının cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü narkotik istifadəçisi kimi təqsirli bilərək göstərdi ki, 06 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Hacıqabul şəhəri Koroğlu küçəsi 14 saylı evində ailə üzvləri ilə birlikdə olduğu zaman polis əməkdaşları onun evinə gəlmiş, narkotik saxlamaqda şübhəli olduğunu bildirməklə onu zorla evdən çıxarıb avtomobilə mindirmiş və Hacıqabul Rayon Polis Şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində 0,2 qramdan az miqdarda narkotik vasitə heroin və 0,2 qramdan az miqdarda psixotrop maddə metamfetamin olmuşdur. Həmin maddələri şalvar cibində öz istifadəsi üçün saxlamışdır. Polis şöbəsinə aparıldıqdan sonra narkotik vasitələrlə bağlı olaraq şübhəli şəxs kimi tutulmuşdur. Üzərində axtarış aparılmasına baxmayaraq göstərilən maddələri polis əməkdaşları aşkar edə bilməmişlər. Sonradan polis şöbəsində ayaq yolunda olarkən özü həmin heroini və metamfetamini istifadə etmişdir. Lakin polis işçiləri nərəfindən üzərinə heroin və metamfetamin qoyulmuşdur. Polis işçiləri ona CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə veriləcəyini vəd etmişlər. Həm də polis işçiləri onu döymüş, təzyiq etmişlər. Bu səbəbdən də üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən heroinin və metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhərində yerləşən «Elit» ticarət mərkəzinin yaxınlığında piyada gedərkən yerdən bükümlərdə narkotik vasitə heroin və metamfetam tapmışdır. 06 sentyabr 2022-ci il tarixdə saat 18:25 radələrində Həmin maddələr üzərində olmaqla yaşadığı Hacıqabul şəhəri Koroğlu küçəsi 14 №-li evin yaxınlığında polis işçiləri tərəfindən saxlanılmış, polis işçiləri ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirməklə onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmasından əvvəl polis əməkdaşları ona üzərində hər hansı bir qanunsuz əşya və predmet vardırsa, təqdim etməsini təklif etmişlər. O əyinindəki şalvarının sağ cibində saxladığı içərisində narkotik vasitə olan 14 ədəd bükümləri və psixotrop maddə metamfetamin olan 03 ədəd bükümləri təqdim etmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib etmişlər. Tərtib olunmuş protokolun məzmunu ilə tanış olduqdan sonra protokola imza etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 sentyabr 2022-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üstündə narkotik vasitə olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməklə həmin günü saat 18:25 radələrində onu Hacıqabul şəhəri, Koroğlu küçəsi 14 №-li evin yaxınlığında saxlamaqla rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışın aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əyinində olan şalvarının sağ cibində saxladığı, içərilərində heroin olan 14 ədəd və psixotrop maddə metamfetamin olan 03 ədəd bükümləri təqdim etmişdir. Onun təqdim etdiyi bükümlər götürlmüş və bu barədə protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, onun üzərinə heroin və metamfetamin qoyulmamışdır. Təqsirləndirilən şəxs bu barədə ifadələri yalandır. Məhkəmədə şahid qismində dindirilən Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarının sağ cibindən 14 ədəd kağız bükümlərd narkotik vasitə heroinə bənzər və 03 ədəd bükümlərdə psixotrop maddə mateamfetaminə oxşar maddələr aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilən kütlələri Şirvan şəhərində «Elit» bazarının yanında yol kənarında tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 07 sentyabr 2022-ci il tarixli, 18/968 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 14 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,245 qram, 0,314 qram, 0,233 qram, 0,272 qram, 0,388 qram, 0,175 qram, 0,477 qram, 0,412 qram, 0,515 qram, 0,492 qram, 0,298 qram, 0,433 qram, 0,230 qram, 0,286 qram-ümumi təmiz çəkisi-4,870 qram olan, qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 03 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,350 qram, 1,071 qram və 0,883 qram- ümumi təmiz çəkisi-2,304 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2022-ci il tarixli, 5817 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyiacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən, məhkəmə hökmlərinin və qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli sərəncamına əsasən əfv olunaraq cəzanın çəkilməmiş hissəsindən azad olunmuş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəsasının 1 ay 29 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Ailə tərkibi haqqında 19 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2010,xx.xx.2016 və xx.xx.2013-cü il tarixlərdə doğulmuş üç azyaşlı uşaqları vardır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə mənfi səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-06 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində az miqdarda heroin və metamfetamin olsa da, həmin maddələrin polis əməkdaşları tərəfindən aşkar olunmaması, qeyd olunan heroinin və metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis işçilərinin təzyiqi altında və ona narkotik vasitələrin istifadəçisi kimi CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağını vəd etdiklərindən heroinin və metamfetaminin özünə məxsus olmasını bildirməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları və tədqiq edilmiş sübutlarla uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının müddialarını nəzərə alır. Belə ki, Ali Məhkəmə plenumunun həmin qərarında qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin miqdarca çox olmasa da, məhkəmə onun həmin maddələri çoxsaylı xırda bükümlərdə olmaqla üzərində saxlayıb daşımasını nəzərə alaraq satış məqsədinin olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 4,170 qram narkotik vasitə heroin və 2,154 qram psixotrop maddə matamfetamin məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 4,170 qram narkotik vasitə heroin və 2,154 qram psixotrop maddə matamfetamin məhv edilsin. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-747/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-747/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver