Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-75/2023 09.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nın 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağcabədi şəhəri, 20 yanvar küçəsi, 07 saylı ünvada qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda – ümumi çəkisi 7005,24 qram narkotik vasitə olan qurudulmuş marixuananı dəqiq məlum olmayan vaxtda və mənbədən tamah niyyəti və satış məqsədi ilə qəsdən qanunsuz olaraq vahid niyyətlə əldə edib daşıyaraq 1 ədəd kibrit qutusunda və 1 ədəd sintetik torbada qablaşdıraraq kibrit qutusunu üzərində, digər hissəsini isə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində qobu kanalında qamışlıqda gizlətməklə saxlamış, 29 iyul 2022-ci il tarixdə saat 22:50 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanında yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinə aparılmış, həmin tarixdə saat 23:30-dan başlayaraq üzərində şəxsi axtarış aparılan zaman, onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq 1 ədəd kibrit qutusunda üzərində saxladığı təmiz çəkisi 5,24 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bundan sonra əməliyyat tədbirinin davamı olaraq 30 iyul 2022-ci il tarixdə saat 00:35-dən başlayaraq Təqsirləndirilən şəxs göstərdiyi Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən qobu kanalının ətrafında satış məqsədi ilə qamışlıqda gizlətdiyi 1 ədəd sintetik torbada saxladığı təmiz çəkisi 7000,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, ümumilikdə isə 7005,24 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istsintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 iyul 2022-ci il tarixdə polis əməkdaşları onu yaşadığı Ağcabədi rayonu 20 Yanvar küçəsi, 7 N-li evin yaxınlığında küçədə saxlayaraq üst-başını axtarmışlar və sonra Ağcabədi rayon Polis şöbəsinə aparmışlar. Şöbədə polis əməkdaşlarının biri onun üzərinə kibrit qutusunun içində narkotik vasitə qoymuş və ona “səni narkotik istifadəçisi kimi sənədləşdirəcəyik” demişlər. Buna görə də, istintaq zamanı marixuananın ona məxsus olması barədə yalandan etirafedici ifadələr vermiş və həmin narkotikin özünə aid olduğunu bildirmişdir. Lakin, polis əməkdaşları tərəfindən kanalın kənarında kisədə aşkarlanan külli miqdarda marixuana ona aid olmamış, polislərin özləri tərəfindən həmin yerə qoyulmuşdur. Marixuanadan istifadə etmişdir. Saxlanılan zaman üzərində narkotik olmamış, heç kimə narkotik satmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş, lakin heç yerə bu barədə şikayət etməmişdir. İstintaq vaxtı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, 2022-ci ilin aprel ayında cəzaçəkmə müəssisəsindən çıxmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək əvvəllər marixuanadan, son zamanlar isə heroindən istifadə etdiyini göstərmişdir. Saxlanılmamışdan təxminən 1-2 ay əvvəl Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ilə piyada yaşadığı ev istiqamətinə gedən zaman kanalın kənarında 15-20 ədəd çətənə kolunun bitdiyini görmüş, gecə gəlib həmin kolları yığıb kanalın içində sərmiş, bir neçə gün sonra quruduqdan sonra yığıb çox hissəsini boş kisəyə, az hissəsini isə öz istifadəsi üçün kibrit qutusunda yığmışdır. 29 iyul 2022-ci ildə saat 23 radələrində polis əməkdaşları tərəfindən yaşadığı küçədə saxlanılmış və rayon polis şöbəsinə aparılmışdır. Şöbədə vəkilin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda saxladığı 5,75 qram marixuananı təqdim etmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, kanalın kənarında da kisədə marixuana gizlətmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində kanalın kənarında gizlətdiyi narkotik vasitə olan yerə gəlmişlər. O, kisədə gizlətdiyi 7 kq marixuananı könüllü təqdim etmişdir. Tutduğu əməldən çox peşman olduğunu göstərmişdir. Heç kimə narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmiş, ancaq tapdığı narkotik vasitədən satıb pul əldə etmək istəmişdir. Polislər tərəfindən ona qarşı fiziki güc tətbiq edilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 29 iyul 2022-ci il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində saxlaması və satışı ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həmin gün axşam vaxtlarında Ağcabədi şəhərəi, 20 yanvar küçəsində yaşadığı evin qarşısında saxlanılaraq RPŞ-nə gətirilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində 5,75 qram çəkidə marixuana olan kibrit qutusunu təqdim etmişdir. Həmin narkotiki haradan əldə etdiyini sorşduqda o, marixuananı təxminən 1-2 ay əvvəl Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən qobu kanalının kənarından 15-20 ədəd çətənə bitkisini görüb yığıb qurudub saxladığını, az miqdarını isə kibrit qutusuna qoyub cibində qoyduğunu, digər qalan hissəsini həmin yerdə qamışlıqda gizlətdiyini bildirmişdir. Baxış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxsla birlikdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən qobu kanalının kənarına getmişlər. Novruz qobu kanalının kənarında qamışlıq hissəsindən 1 ədəd sintetik kisədə olan 7 kq qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Ərizəsinə əsasən onun yaşadığı ünvan 1 ünvana gedərək evə baxış keçirilmiş, evindən və həyətindən heç bir qanuna zidd əşya aşkar olunmamışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, Novruz narkotik vasitə istifadəçisidir və uzun müddət onun satışı ilə məşğul olur. Onun külli miqdarda narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Fərid Məmmədov əlavə olaraq göstərmişdir ki, heç kim Təqsirləndirilən şəxs üzərinə və qobu adlanan kanalın qırağına qamışlığa narkotik qoymamış, həmin yerdə narkotik gizlətməsini Novruzun özü onlara demiş və göstərmiş, heç kim tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşları Şahid2 və X2 ifadələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə və qobu kanalındakı qamışlığa narkotik qoymadıqlarını, həmin narkotik vasitənin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, ona qarşı zor tətbiq olunmadığını göstərərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 30 iyul 2022-ci il tarixli, 18/806 N-li məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,24 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoitik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” sözləri və imzalar olan sintetik torbada təmiz çəkisi 7000 qram çəkidə kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoitik vasitə qurudulmuş marixuanadır. 01 ədəd kibrit qutusunda və 01 ədəd sintetik torbada olan marixuana eyni tərkiblidir -Marixuananın təmiz çəkisi -7005,24 qr,cəmi tədqiqata istifadə olundu - 0,2 qram hər ob 0,01qr, qalıq 7005,04qramdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 1584 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 14 oktyabr 2022-ci il tarixli 638 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddlərinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş 29 iyul 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi” haqqında protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda 5,75 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 30 iyul 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs göstərməsi ilə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən qobu kanalından qamışlıq hissəsindən 1 ədəd sintetik kisədə 7 kq çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 14 oktyabr 2022-ci il tarixli “ifadələrin yerində yoxlanılmasıhaqqında” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 7 kq qurudulmuş marixuananı gizlətdiyi yeri hadisə yerində əyan olaraq göstərmişdir.16 sentyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərində və göstərdiyi yerdən aşkar edilmiş ümumilikdə 7005,24 qram narkotik vasitə-qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7005,04 qramı maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi RPŞ-nın saxlanc otağına təhvil verilmişdir. Ağcabədi rayon poliklinikasının arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhiəsəb və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində kibrit qutusunda 5,24 qram və Ağcabədi rayonu ərazisində qobu kanalının kənarında qamışlıqda 7 kq aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması, narkotikin üzərinə və qamışlığa polis əməkdaşları tərəfindən qoyulması, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunaraq hədələdiyindən məcbur olub ibtidai istintaq zamanı etirafedici ifadələr verməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai araşdırmanın ilk günündən öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007) Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi yuxarıda qeyd olunan dəlillər özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı dindirilimş şahidlərin ifadələri, videçəkilişlə üzərinə və qobu kanalının ətrafına aparılan baxış və götürmə aparılması, habelə ifadələrin yerində yoxlanılması haqqında istintaq hərəkətinin protokolları və digər sübutlarla təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs cibində kibrit qutusunda 5,24 qram qurudulmuş marixuana və Ağcabədi rayonu ərazisində qobu adlanan kanalın ətrafında qamışlıqda eyni tərkibli külli miqdarda qurudulmuş marixuananın aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudlumuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 29 iyul 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 31 iyul 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Hüseynov X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci ildən hesablanmaqla 02 il azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 83-cü maddəsinə əsasən hazırda məhkumluğu ödənilməmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi halda iki il keçmədən yenidən qəsdən ağır cinayət əməlini törətməsi CM-nin 18-ci maddəsinin tələblərinə görə cinayətlərin residivini yaradır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında inzibati ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, CM-nin 65.2-ci maddəsinin müddəalarına əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısınıdan az ola bilməz. Həmin müddəanın tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 12 il azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 ildən az olmamalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcadəbi RPŞ-də saxlanılan ümumi qalıq çəkisi olan 7005,04 qram qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertizadan sonra qalıq qalan 7005,04 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) təqsirləndirilən şəxs Novruz Hümeynovdan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-75/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-75/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver