Məhkəmə qərarları › İş №1(099)-75/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-75/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-75/2024 18.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Qanunçuluq vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran Ağır Cinayətlər məhkəməsinin 31 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31 mart 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olmayan, Cəlilabad şəhəri, V.Niftullayev küçəsi, ev 41-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Sayadulla oğlunun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Sayadulla oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Cəlilabad şəhəri ərazisinə daşımış, 31 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 38,043 qram külli miqdarda ağ rəngli kristal formalı psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı qara rəngli pul kisəsinin içərisindən aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Sayadulla oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə, saat 09 radələrində işə getmişdir. Anasının dayısı oğlu vəfat etdiyi üçün saat 10-11 arası işdən icazə alaraq yas mərasiminə getmiş, saat təxminən 12 radələrində tanımadığı nömrədən zəng gəlmişdir. “Get contact” proqramı vasitəsilə zəng edən şəxsin polis olduğunu öyrənmişdir. Təxminən 2 saat sonra məscidə namaz qılmaq üçün getmiş, məsciddən çıxdığı zaman ona polis əməkdaşları yaxınlaşaraq, özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişdir. O da razılaşaraq polis şöbəsinə onunla birlikdə getmişdir. Polis əməkdaşları onun pul kisəsini üzərindən götürərək içərisinə narkotik vasitə qoymuşlar, o, narazılıq etdiyi üçün əməliyyatçılar onui döyərək, dişini sındırmışlar, onu təhqir etmişlər. Heç bir günahı yoxdur, üzərimdə narkotik vasitə olmamışdır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixd, saat 12 radələrində Cəlilabad şəhərində yerləşən “silsilə” adlanan ərazidə piyada gəzən zaman yolun kənarında bir ədəd şəffaf sellofan bükümünün olduğunu görmüşdür. Həmin bükümü yerdən götürdükdən sonra formasına baxmış və narkotik vasitələrin bağlandığı formada olduğunu gördüyü üçün bükümü azca açmışdır. Bu zaman sellofan paketin içərisində patı kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını görmüşdür. Özü patı istifadəçisi olduğu üçün həmin psixotrop maddəni dərhal tanımışdır. Ətrafa baxıb onu heç kimin görmədiyini bildikdən sonra yerdən tapdığı psixotrop maddəni üzərində saxladığı pul kisəsinin içərisinə yerləşdirmişdir. Pul kisəsini isə əynində olan cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 14 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada gəzən zaman mülki formada olan 3 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə, üzərində daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə aparmışlar. Şöbədə üzərində axtarış aparılan zaman təhqiqatçı onda qanunsuz hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O, əynindəki cins şalvarın sağ yan cibində qoyduğu pul kisəsinin içərisində gizlətdiyi bir ədəd sellofan paketdə olan patı kimi tanıdığı psixotrop maddəni təqdim etmişdir. Bundan sonra protokol tərtib edilmiş və həmin maddə qablaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “polis əməkdaşları onun pul kisəsinə narkotik vasitə qoyması, onu döyərək təzyiq göstərməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olan Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisinə daxil olması barədə ona əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 15 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs özünün narkotik vasitə aludəçisi oluğunu və hazırda üzərində patı kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı pul kisəsinin içərisindən bir ədəd şəffaf bükülünü təqdim etmiş və həmin bükülüdə psixotrop maddə patı kimi tanıdığı metamfetamin olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş maddə müvafiq qaydada qablaşdırılıb möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni Cəlilabad şəhərində piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddələri satması faktını müəyyən edə bilməmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə onlarda atasının “40 mərasimində” iştirak etmişdir. Rəşad saat təxminən 12 radələrində yas mərasiminə gəlmiş və onlar qəbirstanlığa gedənə kimi yas mərasimində olmuşdur. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə qonşusu Eldəniz Ağayevin atasının “40 mərasimində” görmüşdür. Təqsirləndirilən şəxs saat təxminən 11-12 radələrində yas mərasimində görmüş, onlar 12:30-da qəbirstanlığa getmişlər, sonra Rəşadı mərasim yerində görməmişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. 31 yanvar 2023-cü il tarixdə saat təxminən 11:30 radələrində qonşusu Eldəniz Ağayevin atasının “40 mərasimində” işğtirak etmişdir. Təqsirləndirilən şəxs də həmin mərasimdə yemək paylayarkən görmüşdür. Onlar təxminən 12:45-də qəbirstanlığa getmişlər, sonra Rəşadı mərasim yerində görməmişdir. Məhkəmə şahidlər Eldəniz Ağayev, Vidadi Hüseynov və Tanrıverdi Mədətovun məhkəmə baxışı zamanı verdiyi ifadələrdə göstərdikləri xüsusatları tədqiq etmişdir. Belə ki, həmin şahidlər məhkəmə baxışı zamanı ifadələrində “Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə saat 11:00-12:30 radələrin arasında Eldəniz Ağayevin atasının “40 mərasimində” iştirak etdiyini görmələri” xüsusatlarını bildirmişlər. Məhkəmə qeyd olunan ifadələrə qiymət verərək hesab edir ki, qeyd olunan xüsusatlar iş üzrə hər hansı bir halı müəyyən etmir. Göründüyü kimi, iş materiallarında olan sənəd və şahid ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində faktiki olaraq polis əməkdaşları tərəfindən saxlanılmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs saxlanmazdan 2 saat əvvəl yas mərasimində iştirak etməsini onun təqsirliyi və ya təqsirsizliyinə dair hər hansı bir əhəmiyyət kəsb etməməsini nəzərə alaraq qeyd olunan şahid ifadələrində hər hansı bir sübut növü kimi qəbul etmir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli 19/128 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş «Vət Təqsirləndirilən şəxs üzərindən aşkar olnmuş psixotrop maddə olan metamfetaminə bənzər kütlə…» sözlər imza olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi : - 38,043 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqatdan sonrakı qalıq psixotrop maddə metamfetamin 37,993 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan 08 aprel 2023-cü il tarixli 933 nömrəli Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, adaptivlik, özünümüdafiə etməyə meyillilik kimi fərdi psixi xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən emosional vəziyyətində hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli 121 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan bicində olan pul qabının içində şəffaf gəngli sellofana bükülmüş üzəri yapıqan lentə bağlanmış bir ədəd bükülünü çıxardaraq təqdim etmiş. Həmin bükülünün içərisində psixotrop maddə «patı» metamfetamin olduğunu bildirmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 31 yanvar2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 37,993 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, 1 ədəd disk iş materiallarına əlavə olunmuş psixotrop maddə metamfetamin Cəlilabad RPŞ0-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X2 Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31 mart 2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxsin cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmır. İş materiallarında olan Cəlilabad RMX-sı Publik hüquqi şəxsin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sayadulla oğlu xəstəxananın narkoloji və psixiatrik kibinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Cəlilabad şəhəri İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X1 şəhəri, V.Niftullayev küçəsi 41-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı azyaşlı uşağından ibarətdir, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin haqqında» 12 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitəsinin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddənin hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.«Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallırdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə 12 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan respublikası CM-nin 167-1,167- 2,168.1,234.4.1, 281.1 və 283.1-ci madələri ilə cinayət işinin başlanılması rədd edildiyindən, xx.xx.2023-cü il tarixli 4/209 nömrəli və xx.xx.2023-cü il tarixli 4/816 nömrəli məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının rəyləri üzrə təyin olunmuş 250 (iki əlli) manat ekspertiza xərci ondan tutulmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Cəlilabad RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 37,993 qram psixotrop maddə metamfetamin məhv edilməli, və şəxsi axtarış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Cəlilabad RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 37,993 qram psixotrop maddə metamfetamin məhv edilsin. - Şəxsi axtarış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar