Məhkəmə qərarları › İş №1(099)-75/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-75/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-75/2025 13.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X12 və zərəçəkmiş şəxsin hüquqi varisinin nümyəndəsi X4, təqsirləndirilən şəxsin müdafiəçisi- Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu arvadı X6 başqa şəxslə sevgi münasibətlərinin olmasını aşkar edib bu halı şəxsi və ailə ləyaqətinə toxunan, onu insanlar arasında nüfuzdan salan hərəkət kimi qiymətləndirərək Sevil Əlilini xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlib bu məqsədlə 26 mart 2024-cü il tarixdə saat 14 radələrində sonuncu ilə gələcəkdə yaşamaq üçün Xırmandalı kəndində tikintisi tamamlanmamış fərdi yaşayış evində quraşdırılmış yeni qapılara baxmaq və təmizlik işləri görmək adı ilə onu həmin tikiliyə dəvət etmiş, daha sonra paltarını dəyişməyi bəhanə edib aralaşaraq əvvəlcədən evin giriş qapısının üzərində saxladığı, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb belində gizlətmiş və qonaq otağında Sevil Əlilinin arxasını ona tərəf çevirib pəncərəyə doğru baxmasından istifadə edərək üzərində olan bıçaqla əvvəlcə zərərçəkmiş şəxsin kürəyinə zərbələr endirmiş, zərbələrin təsirindən bıçağın tiyəsinin Sevil Əlilinin kürək nahiyəsində qırılıb qaldığını və sonuncunun qaçmaq istədiyini görüb xüsusi əzab verdiyini dərk edib arzulamaqla, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək onu yerə yıxaraq bıçağın qırılmış dəstəyi ilə zərərçəkmişin başına, üzünə nizamsız zərbələr endirməkdə davam etmiş, sonra isə döşəmədən taxta parçasını götürərək Sevilin üzünə və başına zərbələr endirmiş, bununla da kifayətlənməyərək, Sevil Əlilinin müqavimətini tam qırmaqdan ötrü döşəmədən zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı metal çubuğu götürüb sonuncunun döş qəfəsinə zərbə endirərək ölümünə səbəb olmuş kəskin qanitirmə ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin, döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən bir ədəd deşilmiş yarası və döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən və ağciyərin sol payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi iki ədəd sağlamlığa ağır zərər vurmaya, sağ kürək nahiyəsində bir ədəd, sol əlin arxa səthində dörd ədəd və ovuç səthində bir ədəd kəsilmiş yara, başın sağ alın təpə nahiyəsində bir ədəd, sol alın təpə nahiyəsində iki ədəd, təpə nahiyəsinin mərkəzi hissəsində bir ədəd, üst dodağın mərkəzi hissəsinin selikli qişasında bir ədəd, alının sol yarısında iki ədəd, sağ gicgah çənə oynağı nahiyəsində bir ədəd, döş qəfəsinin sol yarısının ön səthində bir ədəd əzilmiş yara, sol göz yuvası ətrafında və sol yanaq-çənə və alt dodaq nahiyəsində qançır kimi cəmi iyirmi ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Sevil Əlilini xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra zərərçəkmiş şəxsin ölməsinə əmin olmaq məqsədilə kəndirdən düzəltdiyi ilgəyi sonuncunun boynuna keçirib sürüyərək stranqulasiya şırımı kimi qeyri-həyati xəsarət yetirməklə Sevil Əlilini pilləkənin yuxarısından aşağıya doğru boynundan asmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 mart 2024-cü il tarixdə Novruz bayramını keçirmək məqsədilə Bakı şəhərindən Biləsuvar rayonuna getmiş, evə gəldikdə ailə üzvlərinin hamısı yatılı olmuşlar. Həyat yoldaşı Sevilin telefonuna baxmış və orada başqa şəxslə yazışmasını görmüşdür. Bundan sonra Sevili oyatmış və onun səsinə evdəki digər şəxslər də oyanmışlar. Valideynləri ona hər şeyi qanun çərçivəsində həll etməyi məsləhət görmüşlər. O, Sevilin atası Əliyə zəng edərək Sevilin ona xəyanət etdiyini, gəlib onu aparmasını bildirmiş. Əli gəlmədiyinə görə Sevili özü atasının evinə aparmış, Sevilin ögey anası Nətavan və bibisi Zeynəbə Sevilin yazışmalarını göstərmiş, onlar Sevilə onları biabır etdiyini bildirmişlər. Sübut kimi lazım olacağını düşünərək həmin anların videoçəkilişini də aparmışdır. Həmin vaxt Sevili öldürmək istəsə də, uşaqlarına görə fikrindən daşınmışdır. O, Sevili boşanmağa razı salmaq üçün yeni tikdirdiyi evə aparmış, Sevil ona boşandıqları təqdirdə uşaqların özündə qalacağını bildirmişdir. Bundan əlavə onu təhqir etmiş və bundan da pis hərəkətlər edəcəyini demişdir. Həmin vaxt onun gözü bıçağa sataşmış və Sevili bıçaqla vurmuş, bıçağı vurduqdan sonra bıçaq sınaraq Sevilin bədənində qalmış, bundan sonra ancaq onu öldürmək haqqında fikirləşmişdir. Niyəti onu xüsusi amansızlıqla öldürmək olmamış, öldüyündən əmin olmaq üçün çoxsaylı zərbələr endirmiş və axırda boğazından asmışdır. Sevili öldürdükdən sonra polis şöbəsinə gedərək könüllü təslim olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Sevili atasıgilin evində boşanmağa razı sala bilmədiyi üçün tikdirdikləri evə onu razı salmaq məqsədilə aparmışdır. Onu bıçaqla vurduqdan sonra bıçaq qırılmış və Sevil onu təhqir etdiyi üçün əlinə nə keçsə onunla vurmağa başlamışdır. Sevilə çoxsaylı xəsarətlər yetirməkdə məqsədi onu susdurmaq olmuşdur. Onu evə apararkən öldürmək niyəti olmamış, Sevil uşaqları və evi ondan alacağını bildirdikdə onu öldürmək qərarına gəlmiş, tez ölməsinə nail olmaq üçün haragəldi zərbələr endirmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Əliyev Əli Hüsü oğlu ifadəsində göstərmişdir ki, 18 mart 2024-cü il tarixdə Anar ona telefonla zəng edərək qızının telefonla kiminləsə danışdığını bildirmiş, bir müddət sonra Anar özü Sevili evə gətirmişdir. Mart ayının 20-si Anar özü onlara gəlmiş, ayın 25-nə qədər gəlib-getmişdir. Anar ona demişdir ki, Sevil onun anasından üzr istəməlidir. Sevil anasının yanına üzr istəməyə gedəndə onu evdən qovmuşlar. Mart ayının 26-da ona zəng gəlmiş və demişlər ki, Anar Sevili öldürüb. Bundan sonra hadisə baş verən yerə getmiş və polis əməkdaşlarının orada olduğunu görmüşdür. Verilən suallara cavab olaraq Ə.Əliyev bildirmişdir ki, Anarla qızı 2019-cu ildən evli olmuşlar. Onun qızını öldürə biləcəyi barədə şübhəsi olmamışdır. Anar onlara əvvəl boşanmaq istədiyini, sonradan isə Sevil onun anasından üzr istəsə barışacağını bildirmişdir. O, Sevili Şahid2 adlı şəxslə əlaqə saxlamasına görə öldürdüyünü demişdir, həmin şəxsi tanımır. Qızının ikinci nömrəsi olmamışdır. İş materiallarında qeyd edilən nömrə ilə Sevil onlarla əlaqə saxlamamışdır. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədən təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid2 Sabiq oğlu ifadəsində göstərmişdir və verilən suallara cavab olaraq bildirmişdir ki, Sevili real tanımayıb. Onunla “Tiktok” sosial şəbəkəsində tanış olmuşlar. Başqa münasibətləri olmamışdır, həmin vaxtlar Biləsuvar RPŞ-də işləmişdir. Sevillə Xırmandalıda görüşməmişlər. Sevilin telefonunda olan nömrə onun adına olmuş, nömrənin kodunu ona Sevilin xahişi ilə “Whatsapp” sosial şəbəkəsini işlədə bilməsi üçün vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadə özünə məxsusdur, ona qarşı heç bir təzyiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Biləsvuvar RPŞ-nin müvəqqəti saxlama yerinin rəisi vəzifəsində işləyir, 26 mart 2024-cü il tarixdə xidmətdə olarkən saat 15 radələrində rayon polis şöbəsinin məsul növbətçisi bir nəfər şəxsin şöbəyə yaxınlaşaraq həyat yoldaşını öldürdüyünü bildirməsi barədə məlumat vermiş, onlar həmin şəxsə yaxınlaşanda üzərində qan izləri olduğunu görmüşlər. Onlar əməliyyat qrupu ilə birlikdə Xırmandalı kəndinə şübhəli şəxsin ata evinə getmişlər. Anarın atası onlarla hadisənin baş verdiyi evə getmiş, evə girib qapını açanda bir nəfər qadın meyitinin qan içində və asılmış vəziyyətdə olduğunu görmüşlər. Şübhəli şəxs polis bölməsinə daxil olarkən şok vəziyyətində olmuş və şalvarında qan ləkələri var olmuşdur, həyat yoldaşı Sevil Əlilini öldürdüyünü demişdir. İş üzrə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü rayon ərazisində xidmətdə olarkən növbətçi hissədən zəng olunaraq hadisə barədə məlumat verilmiş, Xırmandalı kəndində Təqsirləndirilən şəxs atasının evinə, sonra hadisənin baş verdiyi evə getmişlər. Evə girib qapını açanda qadın meyidinin asılmış vəziyyətdə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs təslim olan zaman görməmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl Anar Sevilin ona xəyanət etdiyini, başqası ilə yazışdığını bildirmişdir. X11 evlərinə gətirmişlər. Sonradan Anar onu aldadıb aparıb öldürmüşdür. Hadisə olana qədər Anar onlara gəlib-gedirmiş. 25 mart gecə Anar onlara gəlmiş və spirtli içki gətirmiş, həmin gecə onlarda qalmış, 26 mart səhər saat 07-də getmiş, günorta saat 2də gəlib Sevili aparmış və onu öldürmüşdür. Anar 8 gün onlara gedib-gəlmiş, uşaqlar isə Anarın atası evində olmuşdur. Uşaqlarını Sevilə göstərməmişlər, Anar Sevili aparacağını demişdir. İş üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Anarın yoldaşı Sevilin ona xəyanət etməsi nəticəsində Anar onu öldürmüşdür. 18 mart tarixində gecə Anarla Sevilin dava səslərinə oyanmışlar, Anar onlara mesajlar və şəkillər göstərib Sevilin ona xəyanət etdiyini bildirmişdir. O, oğluna məsələni qanuni şəkildə həll etməyi məsləhət bilmişdir. Anar Sevili öldürmək barədə bir söz deməmiş, o boşanmaq istəmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şəxsin təqsirini könüllü boynuna alması haqqında » protokoldan görünür ki, Məmiyev X3 Rayonu Polis Şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq yaşadığı Biləsuvar rayonu Xırmandalı kəndində arvadı 27 yanvar 1999-cü il təvəllüdlü X7 qətlə yetirməsi barədə məlumat vermişdir.( C-İ, i.v. 5 ) - «Şübhəli şəxsin tutulması haqqında» 26 mart 2024-cü il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 40-41) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ARCM-in 120.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (C-İ, i.v. 83-84) - Biləsuvar Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 4(022)-34/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4(dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (C-İ, i.v. 107-108) - «Təqsirləndirilən şəxsə yenidən elan etmə haqqında» 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona ARCM-in 120.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (C-İİİ, i.v. 78-79) -«Hadisə yerinə baxış keçirilməsi haqqında» 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən Təqsirləndirilən şəxs yeni tikdirdiyi fərdi yaşayış evidir. Ev iki mərtəbəli olmaqla mişar daşından inşa edilmiş və yoldan həyətə keçməkdən ötrü hər hansı maneə qoyulmamış, hər iki tərəfində fərdi yaşayış evləri yerləşir. Evə giriş ön hissədən və sol yan tərəfdən dəmir qapıdandır. Evin ön hissəsində olan qapı kilidlidir, sol yan tərəfdə yerləşən qapıdan evə daxil olduqda evin giriş qapısından betonabənzər tökmə pilləkənin olduğu və pilləkənin sol yan tərəfindən boynundan tərpənişsiz vəziyyətdə bir nəfər şəxsin yuxarıdan aşağıya doğru asılı vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin meyit 27 yanvar 1999-cu il tarixdə doğulmuş X8 məxsusdur. Meyitin üzündə, başında xəsarətlər və qanabənzər ləkələr mövcuddur və boynuna toxumalı kəndir ilgəyi keçirilmişdir. Tikilinin birinci mərtəbəsinin döşəməsi torpaq örtüyündən ibarətdir və meyitin ayağı ilə arasında məsafə 42 sm təşkil edir. Meyitin yaxınlığından döşəmədə olan bənövşəyi rəngli tərliyin bir tayı qabalaşdırılıb möhürlənərək götürülmüşdür. Pilləkənlərlə tikilinin ikinci mərtəbəsinə qalxdıqda X6 boynuna keçirilib asıldığı kəndirin digər ucunun pilləkənin yuxarı hissəsi ilə çəkilərək pilləkənin sağ yan hissəsində betondan çıxan 25 sm uzunluğunda armatura dolandığı və bu şəkildə bağlandığı statik bərkidildiyi müəyyən edilir. Həmin tikilinin taxtadan olan giriş qapısının aşağı hissəsində axmaya və sıçramaya xarakterik 2-25 sm diametrdə qanabənzər ləkələr müəyyən edilmişdir. Həmin qanabənzər ləkələr qırmızı rəngdə olmaqla nəm olduğu müəyyən edilmişdir. 4x6,2 metr ölçüdə qonaq otağına daxil olduqda həmin giriş qapısının otaq tərəfdən hissəsindən döşəmədən 120 sm hündürlüyədək sıçramaya və sürtülməyə xarakterik döşəməyə doğru böyüyən və aşağı hissəsində 32 sm diametrdə olan qanabənzər ləkələr olduğu müəyyən edilmişdir. Həmin qanabənzər ləkələrin davamı olaraq taxta döşəməyə sürtülmüş və axmış qanabənzər ləkələrin olduğu müəyyən edilmişdir. Sözügedən qanabənzər ləkələr nəm şəkildə al qızmı rəngindədirlər. Həmin qanabənzər izlərdən tampona bulaşdırılmış 08 ədəd nümunə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Giriş qapısından 117 sm aralıda döşəmə üzərində bir ədəd tiyəsi yuxarı hissədən qırılmış bıçaq aşkar edilmiş və bıçağa baxış keçirilərkən üzərində qanabənzər ləkələrin olduğu, qara qulpuna göy rəngli izolent dolandığı müəyyən edilmişdir. Döşəmədə bıçaqdan 12 sm aralıda armatur parçası aşkar edilmiş və hadisə yerində aşkar edilən tiyəsi sınmış vəziyyətdə bir ədəd bıçaq, bir ədəd armatur parçası qablaşdırılıb möhürlənərək götürülmüşdür. Fərdi yaşayış evinin qonaq otağına açılan digər üç otağında təmir işləri aparıldığı müəyyən edilmişdir. Hadisə yerində istintaq üçün əhəmiyyət kəsb edəcək digər əşya aşkar edilməmişdir. Bundan sonra X6 boğazından asılmış kəndir armatura bağlanmış hissədən açılmış və qablaşdırılıb möhürlənərək götürülmüşdür. Fərdi yaşayış evinin ümumi baxışı zamanı qeyd edilənlərdən başqa iş üçün əhəmiyyət kəsb edən digər əşya-dəlil aşkar edilməmişdir. (C-İ, i.v. 9-22) -«Meyitə baxış keçirilməsi haqqında» 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, xarici müayinə zamanı meyitin əynində içərisi qırmızı, üstü qara rəngli qolsuz gödəkcə, boz rəngli cins şalvar, qəhvəyimtil-yaşılımtıl qarışıq rəngli uzun qol köynək, qabaq hissəsi narıncı və arxası qara rəngli iki cibli idman üslubunda şalvar, qara rəngli mayka, açıq çəhrayımtıl rəngli büstqalter, hər iki ayağında açıq bozumtul rəngli corab və açıq çəhrayımtıl rəngli tursik olmuşdur. Meyitin bədəni üzərində başın sağ alın təpə nahiyəsində 1 (bir) ədəd, sol alın təpə nahiyəsində 2 (iki) ədəd, təpə nahiyəssinin mərkəzi hissəsində 1 (bir) ədəd, üst dodağın mərkəzi hissəsinin selikli qişasında 1 (ədəd), alının sol yarısında 2 (iki) ədəd, sağ gicgah çənə oynağı nahiyəsində 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının ön səthində sol ön qoltuq xətti üzrə 3-cü və 4-cü qabırğaarası səviyyədə 2 (iki) ədəd kənarları nahamar, qurtaran ucları küt, düz xətt şəkilli, oval və qeyri-müəyyən formalı, 1.8x1.0 sm dən 6.5x1.0 dək yara, sağ və sol kürək nahiyəsində hərəsində 1 (bir) ədəd, sol əlin arxa səthində 4 (dörd) ədəd, ovuç səthində 1 (bir) ədəd 2.2x0.5 sm dən 4.7x1.0 sm dək kənarları hamar, qurtaran ucları iti müxtəlif istiqamətdə yerləşmiş düz xətt şəkilli yara, sol göz yuvası ətrafında və sol yanaq-çənə və alt dodaq nahiyəsində 6.2x4.0 sm, 11.5x9.0 sm və 1.5x1.0 sm ölçüdə qırmızımtıl-göyümtül-bənövşəyi rəngli oval və qeyri-müəyyən formalı qançır, boynun yuxarı 1/3 hissəsinin ön səthində, boyunun sağ və sol yan səthlərini əhatə edən köndələn çəp istiqamətdə yerləşmiş 1-1.2 sm enində 0.1-0.2 sm dərinliyində qırmızımtıl-qəhvəyi rəngli bir qədər bərk konustensiyalı stranqulyasiya şırımı vardır. Sol kürək nahiyəsindəki yaradan, yaraya saplanmış gümüşü rəngli bıçaq tiyəsinin təxminən 1 sm xaricə çıxmış hissəsi müəyyən edilməmişdir. Meyitin xarici müayinəsi zamanı yuxarıda qeyd olunanlardan başqa xəsarətlər aşkar edilməmişdir . (C-İ, i.v. 23-96) -«Cinayətin aləti olan bıçağa baxış keçirilməsi haqqında» 29 mart 2024-cü il tarixli protokola əsasən bıçaq qatlanmayan, tiyə və dəstək hissədən ibarət olmaqla köndələn istiqamətdə bölünmüş vəziyyətdədir. Bölünmüş bıçağın hər iki hissəsini bir yerə qoyduqda bıçağın ümumi uzunluğu 220 mm-dir, tiyəsi bozumtul gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir, tiyənin ucu kəsici tərəfin maili formada əyilərək küt tərəfə birləşmişdir, tiyənin üzərində qanabənzər ləkələr vardır, tiyənin üzərində dəstəyə yaxın hissədə hazırda oxunması mümkün olmayan yazılar və 666 rəqəmi zavod işarələrinin fraqmentləri əks olunmuşdur, tiyənin uzunluğu 109 mm və orta hissəsində eni 20 mm-dir. Dəstəyin üzərinə qara rəngli plastmas materialdan üzlüklər bərkidilmişdir və tünd göy rəngli yapışqan lent bağlanmışdır, dəstəyin uzunluğu 111 mm, orta hissədə eni 18 mm, qalınlığı 10 mm-dir, bıçaq zavod üsulu ilə hazırlanmışdır, deşicikəsici xassəyə malik mətbəx bıçaqlarına uyğundur, bıçağın tiyəsi və dəstəyi üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. ( C-İ, İ.v 133-135) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından verilmiş 06 aprel 2024-cü il tarixli, 319 nömrəli məktubdan görünür ki, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1997-ci il təvəllüdlü Məmiyev X5 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. (C-İ, i.v. 220) - «Mobil telefona baxış keçirilməsi haqqında» 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonun “Whatsapp” proqramının söhbətlər menyusunda müxtəlif adlarda və adsız mobil telefon nömrələrinin qeydə alındığı aşkar edilmiş, Whatsapp” bölməsində müxtəlif adlarda və adsız mobil telefon nömrələrinin istifadəçiləri ilə Anar arasında müxtəlif mövzularda, müxtəlif vaxtlarda, saatlarda yazılı mesajlaşmaların olduğu, orada olan “***-***-**-**” nömrəsinə daxil olduqda həmin yerdə çoxlu yazışmaların olduğu və qadın səsi ilə səsli mesajların olduğu müşahidə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadı Sevil Əlili mobil telefonunun “Whatsapp Business” proqramında ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir, həmin nömrəni ona yazışdığı Samir adlı şəxs vermişdir və onunla Samirə məxsus olan ***-***-**-** mobil telefon nömrəsi ilə aralarında sevgi mövzusunda yazışmaları olmuşdur. Sonradan Samirin öz yazdıqlarını pozduğunu gördüyü üçün Sevilin telefonunda olan onun Samirə yazdıqlarını öz mobil telefonunun “Whatsapp” proqramına göndərmişdir. ***-***-**-** mobil telefon nömrəsini Sevilə “Whatsapp Business” proqramı açması üçün Samir verdiyinə görə həmin nömrə Samirin özündə olmuş və həmin nömrə ilə başqa telefonda “Whatsapp Business” proqramı açdığı üçün Sevilin mobil telefonunda olan bütün yazışmalar pozulmuşdur. Bu səbəbdən həmin yazışmalar Sevilin mobil telefonunda qalmamışdır. Telefonda olan səsyazmalar proqramına daxil olduqda orada 18 mart 2024-cü il tarixdə, saat 11:05-də və saat 11:31-də səs yazılarının qeyd edildiyi müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin səs yazıları onunla Samir arasında olan söhbət zamanı qeydə alınmış səs yazılarıdır. Telefonun “Google” proqramının tarixçələr menyusuna daxil olduqda orada Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə “Qəsdən adam öldürmənin bütün halları, 2 uşaq anasını öldürmə, pisixoloji şiddət, yoxsa qısqanclıq, xəyanətə görə qətl, xəyanət üstə qətl neçə il iş verilir, 120.2-ci maddə, adam öldürüb təslim olduqda cinayət, qəsdən adam öldürmək, ər arvadını qəsdən öldürərsə cinayət, arvadını qəsdən öldürməkdə təqsirli, uşaqları anadan məhrum etmək” adları altında axtarışlar verdiyi müşahidə edilmişdir. (C-İİ, i.v. 91-100) - Məhkəmə-tibbi ekspertizasının 30 mart 2024-cü il tarixli 153 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs sağ əlinin 5-ci barmağında sıyrıq vardır, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 26 mart 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. (C-1, i.v. 143-145) - Məhkəmə-tibbi ekspertizasının 26 aprel 2024-cü il tarixli, 03 saylı rəyinə əsasən X6 bədəni üzərində döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçməklə, ürək kisəsini və ürəyi zədələyən 1 (bir) ədəd deşilmiş yara, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən və ağciyərin sol payını zədələyən 1 (bir) ədəd deşilmişkəsilmiş yara, sağ kürək nahiyəsində 1 (bir) ədəd, sol əlin arxa səthində 4 (dörd) ədəd və ovuç səthində 1 (bir) ədəd kəsilmiş yara, başın sağ alın təpə nahiyəsində 1 (bir) ədəd, sol alın təpə nahiyəsində 2 (iki) ədəd, təpə nahiyəsinin mərkəzi hissəsində 1 (bir) ədəd, üst dodağın mərkəzi hissəsinin selikli qişasında 1 (ədəd), alının sol yarısında 2 (iki) ədəd, sağ gicgah çənə oynağı nahiyəsində 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının ön səthində 1 (bir) ədəd əzilmiş yara (cəmi 17 ədəd), sol göz yuvası ətrafında və sol yanaq-çənə və alt dodaq nahiyəsində qançır (cəmi 3 ədəd), boyun nahiyəsində stranqulyasiya şırımı 1 (bir) ədəd müəyyən olunmuş, həmin xəsarətlərdən boyun nahyiyəsindəki stranqulyasiya şırımından başqa bütün xəsarətlər həyatidir, deşilmiş-kəsilmiş və kəsilmiş yaralar kəsici əşyanın (əşyaların), ola bilər ki bıçağın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) ola bilər ki dəmir parçasının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 26 mart 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçməklə, ürək kisəsini və ürəyi zədələyən 1 (bir) ədəd deşilmiş yara və döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçən və ağciyərin sol payını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş (cəmi iki ədəd) yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmaya səbəb olmuş sağlamlığa yüngül zərərvurma əlamətlərinə aiddir. X9 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin, döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən 1 (bir) ədəd deşilmiş yarası nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur. Meytin boyun nahiyəsində stranqulasiya şırımı qeyri həyati olub, ölüm baş verdikdən sonra kəndirlə sıxılma (ola bilər ki qərarda göstərilmiş şəraitdə yəni kənar şəxs tərəfindən asılma) nəticəsində əmələ gəlmişdir. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, hər hansı bir narkotik və psixotrop maddə aşkar edilməmişdir. Meyitin uşaqlıq yolundan götürülmüş tamponda sperma aşkar edilmişdir. (C-İİ, i.v.101-106) - Məhkəmə-tibbi kriminalistik ekspertizasının 03 may 2024-cü il tarixli, 157/2024- MTKŞ saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş X8 məxsus köynəyin arxa hissəsində 03 (üç) ədəd, gödəkçənin arxa hissəsində ortada 04 (dörd) ədəd, ön hissəsində solda yuxarıda 01 (bir) ədəd dəlib-keçən zədələr aşkar edilmişdir. Mikroskopik olaraq, zədələrin kənarları sapların demək olar ki, düz bölünmüş uclarından ibarətdir, onlardakı liflərin ucları eyni səth üzrə yerləşirlər, bir zədə yığcamdırlar, zədələrin bir ucunda son sapda zədə mənfəzi tərəfindən zədələnmə qeyd olunur, digər ucunda son köndələn saplarda zədə mənfəzi tərəfindən qeyri-bərabər bölünmə qeyd olunur, zədələrin həmin ucunun sonuncudan əvvəlki saplar zədə oxu boyunca qeyri-bərabər bölünmüş olub, onlardakı liflər bir zədə saçaqlanmış, ucları isə müxtəlif səthlər üzrə yerləşirlər. Bu zədələrin forma, xarakter və morfolojı əlamətlərinə görə demək olar ki, bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş X8 məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsinin mümkünlüyünü yoxlamaq məqsədilə eksperiment aparılmalı olmuş, lakin bıçaq ekspertizaya eksperiment üçün yararsız vəsiyyətdə təqdim olunduğundan (biçağın tiyəsi dəstəkdən ayrılmış vəziyyətdə) onunla eksperiment aparılmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, gödəkçə, bir cüt ayaqqabı üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Predmet (metal çubuq şəkilli) üzəri qəhvəyi bozumtul rəngdə olub uzunluğu 280 mm-dir, predmetin qalınlığı 6mm-dir və metal çubuqda bir qədər əyilmə müşahidə olunur. Təqdim olunmuş metal çubuq forma və konstruktiv xüsusiyyətlərinə, hazırlanma materialı və qaydasına görə demək olar ki, zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlı borudur və soyuq silah hesab edilmir. 02 ədəd bıçaq fraqmenti, bunlardan biri bıçağın dəstəy ilə birlikdə onun əsasına bitşik bölünmüş tiyə fraqmentində, digəri isə tiyə fraqmentindən ibarətdir. Bıçağın dəstəyi onun metal milinə hər iki tərəfdən 3 ədəd metal millə bərkidilmişdir. Əsasında boz gümüşü rəngli orta və uc hissəsinə yaxın qara rəngli ebonent materialdan ibarətdir. Dəstək dalğavaridir, yuxarı kənarı düz xətt şəkilidir, ucu isə çəp xətt şəkilidir. Dəstəyin uzunluğu 111 mm, əsasında eni 18 mm, qalığı 10mm-dir. Dəstəyin hər iki lövhəsinin üzərinə göy rəngli izolent çəkilmişdir. Bu fraqmentlərin bitişik tiyənin bölünmüş hissəsi bozumtul gümüşü rəngli metaldan ibarətdir. İti kənarının səviyyəsindən 45mm, məsafədən tiyə köndələn istiqamətdə tam olaraq bölünmüş xətti hamar ucları isə itidir. Bölünmə xəttinin uzunluğu 45 mm, eni 25 mm, küpün qalınlığı 1 mm-dir. Bölünmüş tiyə fraqmenti bozumtul gümüşü rəngli metaldandır, bir tərəfi itilənmiş, əsası köndələn istiqamətli bölünmüş, bölünmə xətti hamar ucları itidir. Bölünmə xəttinin uzunluğu 25 mm, bu fraqmentin ülgücü bölünmə xətti aşağı ucundan başlamaqla maili qalxaraq əks kənarla birləşir. Tiyənin ülgücü itidir. Bu fraqmentin əks kənarı küpü əsasında düz xətt şəklində davam edib əks kənarla birləşib tiəynin ucunu əmələ gətirir. Tiyənin uzunluğu 109 mm, əsasında eni 20 mm-dir. Tiyənin sola əyilməsi müşahidə olunur. Təqdim olunmuş iki fraqmentə bölünmüş bıçaq zavod üsulu ilə hazırlanmış mətbəx və təsərrüfat təyinatlı bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. (C-İİ, i.v.118-127) - Məhkəmə-tibbi bioloji ekspertizasının 10 may 2024-cü il tarixli, 237/2024-MTBŞ saylı rəyinə əsasən X6 A BO sistemi üzrə qan qrupu-Abeta(H)/1U. Təqsirləndirilən şəxs A BO sistemi üzrə qan qrupu-Oalfa, beta/İ/. Ekspertizaya təqdim olunan bir-birindən ayrılmış bıçaq dəstəyi və tiyəsi, 08 ədəd çubuqlu pambıq tampon, dəmir paçası, taxta parçası, kəndir, X8 məxsus lifçik, alt mayka, ev şalvarı, 01 cüt corab, kofta, 01 cüt rezin başmaq, şalvar, jilet, Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, cins şalvar, jilet, kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti A BO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri, əksər ləkələrdə həmçinin beta aqlyutinin alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X8 məxsus ola bilər. Qanın qarışıq olduğu və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə həmçinin onunda qarışmış qanının olması inkar olunmur. (C-İİİ, i.v.16-24) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 03 may 2024-cü il tarixli 1253 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hirslilik, emosionallıq, kinlilik, başqalarının hiss və yaşamlarına biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq törətdiyi əməl zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs həyat yoldaşı X6 başqa şəxslə münasibətinin olmasını müəyyən etdikdən sonra ona qarşı qərarın təsviri hissəsində qeyd olunmuş cinayət əməlini törətməsini əvvəlcədən planlamış və hadisə zamanı onun emosional sferasında situasiya ilə əlaqədar gərginlik halı əmələ gələ bilərdi və o, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.(C-İİİ, i.v.25-30) - «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında» 17 aprel 2024-cü il tarixli 982 nömrəli akta əsasən Təqsirləndirilən şəxs müayinə olunan zaman sərxoş olmamışdır. ( C-İ, i.v.237) - «Sübutların qiymətləndirilməsi haqqında» 24 iun 2024-cü il tarixli qərardan görünür ki, X8 məxsus 1ədəd qolsuz gödəkcə, 1 ədəd boz cins şalvar, 1ədəd uzunqol toxmalı köynək, 1 ədəd idman üslublu şalvar, 1 ədəd qara rəngli mayka, 1 ədəd bustqalter, 1 cüt bozumtul rəngli corab, 1 cüt göy rəngli rezin yay başmağı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd bozumtul rəngli uzunqol köynək, 1 ədəd qara rəngli qolsuz gödəkcə, 1 cüt qara rəngli idman üskublu ayaqqabı, hadisə yerindən pambıq pamponlara hopdurularaq götürülmüş 08 ədəd pambıq tamponlar, hadisənin predmeti olan 1 ədəd bıçaq, 1 ədəd metal çubuq, 1 ədəd taxta parçası və 1 ədəd toxumalı kəndir cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləsuvar Rayon Prokurorluğunun arxivinə verilmişdir. (C-İİİ, i.v. 39-77) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: “X7 əvvəldən öldürmək niyyəti olmamışdır, onu yeni tikdirdiyi evə boşanmağa razı sala bilmək üçün aparmışdır. Lakin Sevil ona uşaqları və evini əlindən alacağını, bundanda pis hərəkətlər edəcəyini bildirirək onu özündən çıxarmış və bu zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Sevili öldürmək qərarına gəlmişdir. Onu bıçaqla vursa da ölməmiş və onu təhqir etməyə davam etmiş, bundan sonra o, tikilməkdə olan evdə əlinə keçirdiyi digər vasitələri yoldaşına vurmağa başlamışdır. Çoxlu zərbələr endirməkdə məqsədi ona əzab vermək deyil, onu susdurmaq olmuşdur.” Müdafiə tərəfinin dəlilləri bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin dəlillər həm işin faktiki halları, həm də iş materialları ilə təkzib olunur. Belə ki, əvvəla, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi əvvəlcədən öldürmək niyətinin olmaması, ona çoxsaylı zərbələr yetirmək məqsədinin onun susdurulmasına nail olmaq istəməsi ilə bağlı dəlili onun özünün telefonunda aşkar olunmuş 23 mart 2024-cü il tarixli internet tarixcəsi ilə təkzib olunur. Belə ki, həmin axtarış keçmişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə “Qəsdən adam öldürmənin bütün halları, 2 uşaq anasını öldürmə, pisixoloji şiddət, yoxsa qısqanclıq, xəyanətə görə qətl, xəyanət üstə qətl neçə il iş verilir, 120.2-ci maddə, adam öldürüb təslim olduqda cinayət, qəsdən adam öldürmək, ər arvadını qəsdən öldürərsə cinayət, arvadını qəsdən öldürməkdə təqsirli, uşaqları anadan məhrum etmək” başlıqları ilə internetdən axtarışlar etmiş, ən azı həmin tarixdən etibarən arvadını öldürmək haqqında düşünmüş, Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyası ilə maraqlanmışdır. Bundan başqa, həm Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, həm də atası Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uşaqları ilə sonuncu dəfə görüşdükdə onlara xatirə qalması üçün marketdən oyuncaqlar almışdır. Bütün qeyd olunan halların təhlili Təqsirləndirilən şəxs ona xəyanət edilməsini öyrəndiyi vaxt deyil, 8 gün ərzində həyat yoldaşını barışacaqlarına inandıraraq 8 gündən sonra kimsəsiz yarımçıq tikiliyə aparması ilə birlikdə nəzərə alındıqda müəyyən olunur ki, o, Sevil Əlilini öldürməyi əvvəlcədən planlaşdırmış, bunun üçün uyğun şərait, yəni, xüsusi amansızlıqla qəsdən adam öldürmək üçün uyğun olan yarımçıq tikilini seçmiş, barışmaq bəhanəsi ilə zərərçəkmiş şəxsi oraya aparmış və orada ona xüsusi əzab verdiyini dərk edərək çoxsaylı zərbələr endirib həyatdan məhrum etmiş, yenə də qəzəbi soyumamış və zərərçəkmiş şəxsi boğazından asmışdır. Göstərilən halları nəzərə alıb məhkəmə, təqsirləndirilən şəxsin dəlillərinə münasibətdə qeyd edir ki, bu hissədə söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hər bir adam öldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Lakin, qanunvericilikdə sadəcə amansızlıqla deyil, xüsusi amansızlıqla törədilən qətl cinayətləri ağırlaşdırıcı hallarda törədilən qəsdən həyatdan məhrumetmə əməllərinə aid edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxs X8 yetirmiş olduğu xəsarətlərin sayı, lokalizasiyası, yetirilmə mexanizmi, təqsirkarın və zərərçəkmişin qüvvələrinin nisbəti və sair hallar onun cinayət əməlini törətməzdən 3 gün əvvəl Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyası ilə maraqlanması ilə birlikdə nəzərə alındıqda təqsirkar Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi prosesində zərərçəkmiş X8 yetirdiyi çoxsaylı xəsarətlərin sonuncuya xüsusi fiziki əzab verdiyi faktını dərk etdiyinə dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi ilə bağlı aşağıda qeyd olunanları nəzərə almağı zəruri hesab edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-in X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v. 223) - Biləsuvar RİHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 04 aprel 2024-cü il tarixli, 5-39-3/2-522 saylı arayış və ona əlavə edilmiş xasiyyətnamədən görünür ki, Məmiyev X3 rayonu, Xırmandalı kəndində yerləşən atası Şahid3 məxsus evdə ailə üzvləri ilə birlikdə yaşamış, uzun müddətdir Bakı şəhərində işlədiyi üçün orada tək yaşamış, ailədə səmimi və mehriban olmuşdur. Qonşularla münasibəti müsbət olmuş, kənddə yaşıdları arasında hörmət və nüfuz sahibi olmuş, lakin kənddə gedən ictimai-siyasi işlərdə iştirak etməmiş, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Himayəsində 2 azyaşlı övladı vardır.( C-İ, i.v. 152-154) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını isə Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Himayəsində 2 azyaşlı övladının olmasını məhkəmə təqsirləndiriən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, eyni zamanda qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin öz həyat yoldaşını öldürməkdə ifadə olunan cinayət əməlini törətməklə iki azyaşlı övladını hər iki valideynin varlığından məhrum etməsi vurulmuş zərərin həcmini və ictimai təhlükəli nəticənin ağırlığını artırmaqla ümumilikdə əməlin ictimai təhlükəliliyini artıran haldır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Biləsuvar Rayon Prokuroluğunun arxivində saxlanılan X8 məxsus 1ədəd qolsuz gödəkcə, 1 ədəd boz cins şalvar, 1ədəd uzunqol toxmalı köynək, 1 ədəd idman üslublu şalvar, 1 ədəd qara rəngli mayka, 1 ədəd bustqalter, 1 cüt bozumtul rəngli corab, 1 cüt göy rəngli rezin yay başmağı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd bozumtul rəngli uzunqol köynək, 1 ədəd qara rəngli qolsuz gödəkcə, 1 cüt qara rəngli idman üskublu ayaqqabı, hadisə yerindən pambıq pamponlara hopdurularaq götürülmüş 08 ədəd pambıq tamponlar, hadisənin predmeti olan 1 ədəd bıçaq, 1 ədəd metal çubuq, 1 ədəd taxta parçası və 1 ədəd toxumalı kəndir məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 51-2, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Biləsuvar Rayon Prokurorluğunun arxivində saxlanılan X8 məxsus 1ədəd qolsuz gödəkcə, 1 ədəd boz cins şalvar, 1ədəd uzunqol toxmalı köynək, 1 ədəd idman üslublu şalvar, 1 ədəd qara rəngli mayka, 1 ədəd bustqalter, 1 cüt bozumtul rəngli corab, 1 cüt göy rəngli rezin yay başmağı, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd bozumtul rəngli uzunqol köynək, 1 ədəd qara rəngli qolsuz gödəkcə, 1 cüt qara rəngli idman üskublu ayaqqabı, hadisə yerindən pambıq pamponlara hopdurularaq götürülmüş 08 ədəd pambıq tamponlar, hadisənin predmeti olan 1 ədəd bıçaq, 1 ədəd metal çubuq, 1 ədəd taxta parçası və 1 ədəd toxumalı kəndir məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ayşən Vəliyeva Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar