Məhkəmə qərarları › İş №1(099)-754/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-754/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-754/2023 06.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Saatlı rayonu Oktyabrabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin aprel ayının əvvəllərində onunla eyni, Saatlı rayon Şirinbəy kəndində yaşamış mərhum babası X1 yaşayış olmayan həyətyanı sahəsinin müxtəlif ağaclar olan hissəsində qanunsuz olaraq torpağa əkmiş, 03 may 2023-cü il tarixədək müddət ərzində sayı məlum olmayan toxumlardan bitmiş 386 ədəd çətənə (kannabis) bitkilərinin cücərtilərini mütəmadi olaraq suvarıb qulluq göstərmiş və yetişib ştil halında olduqdan sonra 386 ədəd şitildən 324 ədədini torpaqdan çıxararaq daha yaxşı inkişaf etmək üçün həmin həyətyanı sahənin xüsusi olaraq hazırladığı əkin hissəsində yenidən qanunsuz olaraq torpağa əkib, suvaraq bitkilərə qulluq etməyə davam etmiş, həmin ünvanda 08 may 2023-cü il tarixdə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları ümumilikdə 386 ədəd külli miqdarda çətənə (kannabis) bitkisini aşkar edib götürmüşlər, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib-yetişdirməklə kultivasiya etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Şirinbəy kəndində yaşayır. Çətənə toxumlarını iki il bundan əvvəl tapmışdır. Sonrada isə həmin toxumları əkməyə qərar vermişdir. Bu məqsədlə rəhmətlik babasının həyətyanı torpaq sahəsində əkmişdir. Daha sonra polislər gəlmiş həmin bitlikləri saymış, 386 ədəd olduğu müəyyən olunmuşdur. Toxumları səpdikdən sonra heçnə etməmiş, toxumları təzə əkmişdir, xırda-xırda cürərmişdir. 08 may 2023-cü ildə polislər gələrkən həmin həyətyanı sahədə olmuşdur, elə həmin yerdə də saxlanılaraq, orada da əkdiyi yerləri polislərə göstərmişdir. Polislər bitkiləri aşkar etdikdən sonra sayıb götürmüş, daha sonra bilikdə şöbəyə gəlmişlər. Əməlindən peşmandır, barəsində mümkün qədər az cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilib, bildirmişdir ki, 2023-cü ilin aprel ayının əvvəllərində hava istiləşməyə başladığı üçün qərara gəlmiş ki, toxumları öz istifadəsi üçün əksin. Bu səbəbdən də qeyd etdiyi çətənə toxumlarını götürüb mərhum babası X3 məxsus olan yaşayış olmayan həyətyanı sahəyə gedib, orada ağaclar əkilmiş yerin yaxınlığında 2x5 metr xüsusi düzəltdiyi yerdə topa halında torpağa əkmişdir. Əkdiyi toxumlar cücərməyə başlamış və 03 may 2023-cü il tarixinə kimi həmin cücərtiləri suvarıb diblərini yumşaltmışdır. Əkdiyi toxumlardan 386 ədədi cücərib yetişərək şitil halına gəlmişdir. Toxumları topa halında əkildiyi üçün yetişmiş şitillər sıx halda olduğu üçün qərarlaşdırmış ki, həmin şitilləri geniş əraziyə köçürsün. Bu səbəbdən əkdiyi yerin yaxınlığında 20 sot ərazidə torpaqda yer düzəldib, yetişmiş 386 ədəd şitilin 324 ədədini əvvəl əkildiyi yerdən çıxarıb yaxınlığında düzəltdiyi torpağa yenidən əkmişdir. Həmin bitkilərin diblərini yenidən yumşaldıb qulluq edib və əkildikləri torpağa peyin verirmiş ki, tez böyüsünlər. Əkdiyi bitkilər 08 may 2023-cü il tarixədək təxminən ayrı-ayrılıqda 5-10 sm hündürlükdə boy atmışdılar. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RİHBnın Şirinbəy kənd İƏD-si üzrə icra nümayəndəliyində müavin vəzifəsində işləyir, həmin kənddə yaşayır. 08 may 2023-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq onlar tərəfindən kəndin ərazisində keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. Bundan sonra həmkəndlisi Təqsirləndirilən şəxs mərhum babası Hüseyn Hüseynovun heç kimin yaşamadığı evinin yerləşdiyi küçəyə gəlmiş, bundan sonra polis əməkdaşları həmin həyətdə olan Təqsirləndirilən şəxs küçəyə çağırıb Xəqaniyə bu barədə bildirmişlər və Təqsirləndirilən şəxs icazəsi ilə polis əməkdaşları tərəfindən, onların, yəni hal şahidlərinin və aqranomun iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı evin həyətyanı sahəsinin müxtəlif ağaclar əkilmiş hissəsində 62 ədəd, digər hissədə əkin sahəsindən isə 324 ədəd, ümumilikdə 386 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Baxışda iştirak edən aqronom Tural İbrahimli həmin 386 ədəd bitkiyə baxış keçirdikdən sonra bitkilərə aqrotexniki qaydada qulluq və becərilmə işləri aparıldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs isə həmin 385 ədəd bitkiləri özünün əkib yetişdirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şirinbəy kəndində yerləşən, mərhum babası X3 məxsus, yaşayış olmayan həyətyanı sahədə qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunnmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupu yaradılmış, əvvəlcədən mütəxəssis-aqranom və hal şahidləri dəvət edilmişdir. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs ilə eyni kənddə yaşamış mərhum babası X1 fərdi yaşayış evinin qarşısına getmişlər. Ora çatan zaman Təqsirləndirilən şəxs həyətdə olduğu müəyyən edilmiş və Xəqani səsləmişlər, küçəyə çıxan zaman Təqsirləndirilən şəxs izah edilmiş ki, mərhum babası Hüseyn Hüseynovun həyətyanı sahəsinə onun tərəfindən narkotik tərkibli bitkilərin əkilib-becərilməsi barədə məlumat daxil olmuş, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmiş və baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs da iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı qeyd edilən fərdi yaşayış evinin həyətyanı sahəsində müxtəlif ağaclar əkilmiş hissədə 62 ədəd, həyətyanı sahəsinin əkin hissəsində isə 324 ədəd narkotik tərkibli cətənə bitkilərinə oxşar bitkilər tərəflərindən aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis-aqronom həmin 386 ədəd bitkiyə baxış keçirilmiş və aqranom bildirmiş ki, həmin 386 ədəd bitki çətənə bitkiləridi və onlara aqrotexniki qaydada qulluq və becərilmə işləri aparılmışdır. Həmin ümumilikdə 386 ədəd bitkilər tərəflərindən əkildiyi torpaqdan çıxarılaraq bir ədəd sintetik torbada qablaşdırılıb möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsində uyğun ifadə vermişdir. İşdə olan, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs onunla bir kənddə yaşamış mərhum babası Hüseyn Hüseynovun yaşayış olmayan həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (c İ, i.v 3) İşdə olan, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 08 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (c İ, i.v 4) İşdə olan, «Baxış keçirilməsi haqqında» 08 may 2023-cü il tarixli protokol və videoçəkilişdən görünür ki, Saatlı rayonu Şirinbəy kəndində Təqsirləndirilən şəxs tərəfindən mərhum babası Hüseyn Hüseynovun fərdi yaşayış evinin həyətində müxtəlif ağaclar əkilmiş hissədə 62 ədəd, şumlanmış əkin sahəsində isə 324 ədəd, ümumilikdə 386 qanunsuz olaraq əkib-yetişdirilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. (c İ, i.v 11-14,16) İşdə olan, 08 may 2023-cü il tarixli «Mütəxəssis rəyi»ndən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən əkilib-yetişdirilmiş 386 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. (c İ, i.v 15) İşdə olan, şübhəli şəxsin tutulması haqqında 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2023-cü ildə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 37) İşdə olan, məhkəmə-bioloji ekspertizasının 09 may 2023-cü il tarixli, 18/481 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs qanunsuz olaraq...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı cəmi 386 ədəd yaş vəziyyətdə ümumi çəkisi–725,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli, eyni tərkibli çətənə (kannabis) bitkiləridir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 45-47) İşdə olan, 09 may 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, aşkar olunaraq götürülmüş qalıq çəkisi 724 qram olan ümumilikdə 386 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Saatlı RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c İ, i.v 53) İşdə olan, xx.xx.2023-cü il tarixli Saatlı Rayon Məhkəməsinin 4(055)-27/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 80-83) İşdə olan, xx.xx.2023-cü il tarixli Saatlı Rayon Məhkəməsinin 5(055)-44/2023 nömrəli qərarından görünür ki, “insanların güdülməsi” növündə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 08 may 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 91-92) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən və Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(055)-06/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 1 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (c İ, i.v 105, 120-122) İşdə olan, Saatlı rayon İHB-nın Şirinbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi qardaşlarından və anasından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 124-125) İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4641 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 132-133) İşdə olan, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 17/19-69-2 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2019-cu ildə Saatlı Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs cəzası 08 may 2020-ci ildə başa çatmışdır. (c İİ, i.v 50) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə növlü bitkilər»in ölçü vahidləri-sayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxsla eyni, Saatlı rayon Şirinbəy kəndində yaşamış mərhum babası X1 yaşayış olmayan həyətyanı sahəsindən aşkar edilərək götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 386 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdar təşkil edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Saatlı RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 724,0 qram olan 386 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Saatlı RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 724,0 qram olan 386 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar