Məhkəmə qərarları › İş №1(099)-758/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-758/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-758/2024 27.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, “İkinci Qarabağ” müharibəsində fəal iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 16 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 4(020)-32/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 1(099)- 758/2024 nömrəli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsə alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən öz istifadəsi üçün, külli miqdarda-2,265 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 iyul 2024-cü il tarixdə, saat 22:05-də Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ərazisində saxlanılaraq Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 23:10-da üzərində şəxsi axtarış aparılarkən onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə həmin külli miqdarda-2,265 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək demişdir ki, müharibədən gəldikdən sonra psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamışdır. 16 iyul 2024-cü il tarixdə Beyləqan şəhəri ərazisində ağacın altında şəffaf rəngli sellofan bükümü olduğunu görmüş və bükümün içərisində psixotrop maddə metamfetamin olmuşdur. Özü istifadə etmək üçün bükülünü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 16 iyul 2024-cü il tarixdə axşam saat 22 radələrində Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində yerləşən “Real” marketin qarşısından keçən zaman su almaq üçün avtomobili saxlayıb avtomobildən enmiş, avtomobildən düşüb marketə tərəf gedən zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq Beyləqan RPŞ-nin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifi ilə onlarla birlikdə Beyləqan RPŞ-nə getmişdir. Orada müstəntiq tərəfindən üzərində şəxsi axtarış aparılan zaman əlini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salaraq cibində olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə olan şüşə deyilən maddə olduğunu demişdir. Həmin bükümün içərisində olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,45 qram olması müəyyən edilmiş və götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs “İkinci Qarabağ” müharibəsində fəal iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunduğunu, himayəsində az yaşlı uşağının olduğunu, şəxsiyyətini, yaşını, səhhətini, ailə, maddi və sosial vəziyyətini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, 16 iyul 2024-cü il tarixdə Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə edib üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yerini dəqiqləşdirərək Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində saxlamışlar və Beyləqan RPŞ-nə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli büküm çıxarıb təqim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilmiş və içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 2,45 qram olduğu müəyyən olunmuş və götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin əməkdaşları Şahid3 və Şahid1 ifadələrində Şahid2 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər və ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Lənkəran ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə, saat 22:05-də Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilməsi və polis şöbəsində üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda-2,265 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar olunaraq götürülməsi faktı əsasında Beyləqan RPŞ-nin İstintaq bölməsində toplanmış ilkin araşdırma materialları əsasında 17 iyul 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır.(i.v. 1-33) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:55-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 16) -“şəxsi axtarış keçirilməsi haqqında” 16 iyul 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində Beyləqan RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə çəkisi 2,45 qram olan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür.(i.v. 22-24) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 17 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/670 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-2,265 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(i.v. 30-33) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Beyləqan Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 4(020)- 32/2024 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.(i.v.42-43, 64-68) -“maddi sübut qismində tanıma haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş məhkəmə-kimyəvi ekspertizasında tədqiqata sərf olunduqdan sonra faktiki olaraq təmiz çəkisi 2,165 qram qalmış psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.99) -“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X2 daxil olmuş 15 avqust 2024-cü il tarixli, 18-129/2-1120/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in nevropsixoloji, ruhi-əsəb və digər kabinetlərində dispanser qeydiyyatında yoxdur.(i.v.105) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 27 avqust 2024-cü il tarixli, 5907 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.112-113) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda-2,265 qram psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyi ilə əlaqədar ********* nömrəli cinayət işinin materiallarında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********** nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v.132) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş şəxslərin ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə haqqında protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə-fiziki kimyəvi ekspertizasının və ambulator məhkəmə ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.81) -Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir az yaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir.(i.v.78- 79) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş metamfetaminin külli miqdarda-2,265 qram təşkil etməsini, əməlindən peşman olmasını, ilk məhkumluğunun olmasını, “İkinci Qarabağ” müharibəsində fəal iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, ailə, maddi və sosial vəziyyətini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) nəzərə alaraq təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 iyul 2024-cü il tarixdən hesablanmalı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 1(099)-758/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,165 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilməsi haqqında” istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 16 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,165 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilməsi haqqında” istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar