Məhkəmə qərarları › İş №1(099)-76/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-76/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-76/2022 07.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1990-cı ildə Lənkəran rayonu, Viyən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, həmin ünvanda qeydiyyatda olmaqla, barəsində 18 avqust 2021-ci ildə həbs qətimkan tədbiri eçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün 2021-ci ilin mart ayında Lənkəran rayonunun Viyən kəndində yerləşən, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkdiyi, cinayət məsuliyyətinə səbəb olmayan 02 ədəd narkotik xassəli çətənə bitkilərini yetişdirdikdən sonra həmin ərazidə satış məqsədi ilə, qanunsuz olaraq qurudaraq onlardan külli miqdar hesab edilən ümumi təmiz çəkisi 5013,072 (beş min on üç tam mində yetmiş iki) qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb əldə edərək, yaşadığı həyətyanı torpaq sahəsindəki yarımtikiliyə daşımış, həmin narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 872,075 qram hissəsinin satışını təşkil etmək məqsədi ilə 133 ədəd kibrit qutularına doldurmuş, digər ümumi təmiz çəkisi 4120,0 qramını 02 ədəd polietilen bağlamada və təmiz çəkisi 20,997 qram olan hissəsini isə 01 ədəd bir litrlik şüşə bankaların içərisinə yığmaqla saxlamış, 16 avqust 2021-ci ildə, saat 18 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Lənkəran rayonunun Viyən kəndində yerləşən evinin həyətinə baxış keçirilərkən yuxarıda qeyd olunan çəkidə narkotik vasitə qurudulmuş marixuana həyətdə saxlanc yeri kimi istifadə olunan tikilidəki sandıqdan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitənin xəstəsi olduğundan 2021-ci ilin mart ayında Bakı şəhərində işləyərkən çətənə bitkisinin toxumlarını əldə edərək yaşadığı Lənkəran rayonunun Viyən kəndinə gətirib həyətində bostan bitkilərinin arasında əkmiş, onları becərib yetişdirərək həmin bitkilərin yarpaqlarını dərib qurudaraq istifadəsi üçün 2 ədəd sellofan torbalara, kibrit qutularına və şüşə bankaya yığıb həyətində, yardımçı tikilidə sandığın içərisinə qoyub saxlamış, 16 avqust 2021-ci ildə, saat 18 radələrində polis əməkdaşları evinə gələrək, ona yaşadığı evin həyətində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə onlarda məlumat daxil olduğunu deyərək həyətinə baxış keçirəcəklərini bildirmiş, həyətinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı polis əməkdaşlarına çətənə bikilərini əkdiyi yeri göstərmiş, sonra həyətindəki köməkçi tikilidə sandıqda gizlətdiyi sellofan torbalarda, kibrit qutularında və şüşə bankada olan qurudulmuş marixuanaları onlara təqdim etmiş, şifahi sorğu-sual zamanı narkotik vasitədən heç kimə satmadığını, onları öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həyətinə baxış keçirildikdən sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayəti etiraf etməklə peşmançılıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadı və üç uşağının olmasını və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq əməlini CM-in 234.1-ci maddəsinə tövsif etməklə ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 16 avqust 2021-ci ildə Təqsirləndirilən şəxs Lənkəran rayonunun Viyən kəndində yerləşən evinin həyətində narkotik xassəli bitkilər əkib-becərməsi ilə məşğul olması və evində narkotik vasitəni saxlaması barədə əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı sonuncu həyətində bostan bitkilərinın arasındakı kiçik boş torpaq sahəni göstərib, orada 5 ay əvvəl 4 ədəd natkotik tərkibli çətənə bitkisi əkib qulluq edərək, 2 ay əvvəl isə həmin bitkiləri çıxarıb yarpaqlarını qurudaraq, istifadəsi üçün saxladığını, sonra həyətindəki köməkçi tikiliyə daxil olaraq oradakı sandığın qapağını açaraq içərisində olan 2 ədəd qara və 1 ədəd qırmızı rəngli sellofan torbaları təqdim edib, əkdiyi çətənə bitkisinin yarpaqlarından əldə etdiyi qurudulmuş marixuanaların həmin torbalara yığdığını bildirmiş, onlara təqdim edilmiş 2 ədəd qara rəngli sellofan torbalara baxılarkən onların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olmuş, qırmızı rəngli sellofan torbanın içərisində isə 133 ədəd kibrit qutusunda və 1 ədəd şüşə bankada qurudulmuş marixuanaya bənzər kütlələr olmuşdur. Baxış başa çatdıqdan sonra bununla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 16 avqust 2021-ci il tarixli “baxış keçirilməsi və götürülmə haqqında” protokoldan görünür ki, həmin gün Lənkəran rayonunun Viyən kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə videoçəkilişlə baxış keçirilərkən sonuncu həyətin giriş hissəsindən 25 metr aralıda yaşayış evinin qarşı sol tərəfində yerləşən ərazidə bostan bitkilərinın arasındakı kiçik boş torpaq sahəni göstərib, orada 5 ay əvvəl 4 ədəd natkotik tərkibli çətənə bitkisi əkib qulluq edərək, 2 ay əvvəl isə həmin bitkiləri çıxarıb yarpaqlarını qurudaraq, istifadəsi üçün saxladığını, sonra həyətindəki köməkçi tikiliyə daxil olaraq oradakı sandığın qapağını açaraq içərisində olan 2 ədəd qara və 1 ədəd qırmızı rəngli sellofan torbaları təqdim edib, əkdiyi çətənə bitkisinin yarpaqlarından əldə etdiyi qurudulmuş marixuanaların həmin torbalara yığdığını bildirmiş, onlara təqdim edilmiş 2 ədəd qara rəngli sellofan torbalara baxılarkən onların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olmuş, qırmızı rəngli sellofan torbanın içərisində isə 133 ədəd kibrit qutusunda və 1 ədəd şüşə bankada qurudulmuş marixuanaya bənzər kütlələr olmuş, 2 ədəd qara rəngli sellofan torbada aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr tərəzidə çəkildikdə birinin çəkisi 2,595 kq, digərinin isə 1,155 kq olmuşdur. Aşkar edilmiş 133 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlələr tərəzidə çəkilərkən ümumi çəkisi 1,335 kq, 2 ədəd qara rəngli sellofan torbada və 1 ədəd şüşə bankada olan qurudulmuş marixuanaya bənzər, kütlələr bir ədəd böyük torbaya qoyulub, tərəzidə çəkilərkən ümumi çəkisi 4.220 kq olmuş, sonra onlar qablaşdırılaraq möhürənib götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həyətində əkib-becərdiyi narkotik vasitəni öz istifadəsi üçün qurudub saxlamasını bildirmişdir. Baxışdan sonra protokol tərtib olunaraq orada iştirak edən şəxslərə ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 avqust 2021-ci il tarixli 19/787 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 2 ədəd sellofan torbada, 1 ədəd şüşə bankada olan qurudulmuş marixuanaya bənzər kütlələr” sözlər və imzalar olan bir ədəd torbadakı, 02 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: -2590,0 qam, -1530,0 qram, ümumi təmiz çəkisi -4120,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Həmin torbadakı 1 şüşə bankada təmiz çəkisi-20,997 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2 ədəd polietilen bağlamadakı və 1 ədəd şüşə bankadakı marixuanalar xarici görünüşlərinə görə bir-biriləri ilə fərqlidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 133 ədəd kibrit qutusu” sözlər və imzalar olan bir ədəd paketdəki, 133 ədəd kibrit qutularında ümumi təmiz çəkisi -872,075 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 2 ədəd sellofan torbada olan marixuanalar, 133 ədəd kibrit qutusunda olan marixuanalar ilə xarici görünüşlərinə görə fərqlidirlər. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd şüşə bankada olan marixuana ilə 133 ədəd kibrit qutusunda olan marixuanalar xarici görünüşlərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasinin 18 avqust 2021-ci il tarixli, 855 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-isifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin əməliyyat tapşırığına 18 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Lənkəran rayonu Viyən kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin mütəmadi istifadəçisi olmaqla satışı ilə də məşğul olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünün istifadə etdiyi narkotik vasitələrə sərf etdiyi xərcləri və digər xərcləri ödəmək üçün, nisbətən ucuz qiymətə əldə etdiyi narkotik vasitələri digər şəxslərə daha baha qiymətə satmaqla qazanc əldə etmişdir. Bu məqsədlə də, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edib, əkib becərərək kultivasiya edib külli miqdarda təxminən 5 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuananı həmin çətənə bitkilərinin yarpaqlarından satış məqsədilə yığıb hazırlayaraq kibrit qutularında, şüşə bankada və sellofanlarda qablaşdıraraq yaşadığın evin həyətyanı torpaq sahəsində yerləşən anbar kimi istifadə edilən tikilidə, sandığın içərisində saxlamışdır. Lakin onun narkotik vasitələri əldə etdiyi mənbəni və satdığı şəxslərin dairəsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evinin həyətindəki tikilidə, sandığın içərisində külli miqdarda narkotik vasitə saxlamasından onun ailə üzvlərinin məlumatı olmamış, belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri gizli olaraq tikiliyə daşıyıb kibrit qutularına, şüşə bankaya və sellofan torbalara yerləşdirərək saxlamışdır. Həmin tikiliyə Təqsirləndirilən şəxs başqa heç kim daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs evinin həyətində narkotik xassəli bitkiləri əkib becərməsi, kultivasiyası ilə məşğul olması və həmin narkotik vasitəni evində saxlaması barədə CAB-də əməliyyat məlumatı olmuş və aşkarlanmış narkotik vasitənin külli miqdarda olmasından da görünür ki, bir nəfərin 5 kq-dan artıq, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq narkotik vasitə qurudulmuş marixuananı qəbul etməkdən ötrü saxlaması inandırıcı deyil. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə aldığı və satdığı şəxslərin dairəsini, həmçinin yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində yerləşən tikilidən aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı kimə və ya kimlərə satacağını müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Lənkəran rayonu Viyən kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx.xx.2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 11 sentyabr 2021ci il tarixli, 764 nömrəli arayışından məlum olur ki, Kazımov X1 şəhər psixiatriya xəstəxanasında qeydiyyatda deyil. İş materiallarında olan Lənkəran rayonlararası X2 tərəfindən verilmiş 25 dekabr 2013-cü il tarixli, 607 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2012-ci ildən bu günədək “Sol tərəfli vərəmi mənşəli keçirilmiş ekssudativ prevritdən sonrakı qalıq əlamətləri” diaqnozu ilə həmin xəstəxanada qeydiyyatdadır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd polietilen bağlamalarda, 01 ədəd şüşə bankada, 133 ədəd kibrit qutularda ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 5012,772 qram olan narkotik vasitə qurudulmuş marixuana və axtarış və götürmə aparılan zaman qeydə alınaraq bir ədəd CD diskə köçürülən videogörüntü maddi sübut qismində tanınmış və saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi qismən etirafedici, şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun izah və tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanunun 1 saylı siyahısına əsasən beynəlxalq adı «Marixuana-Kannabis» olan narkotik vasitənin qurudulmuş halda 5 qramdan, qurudulmayan halda isə 25 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda qurudulmuş marixuana 500 (beş yüz) qram, qurudulmayan halda 2500 (iki min beş yüz) qram və ondan artıq miqdarlarda «Marixuana- Kannabis» isə “külli miqdar” narkotik vasitə kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun saxlanıldığı vaxtdan, yəni – 16 avqust 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 16 avqust 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran rayon məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 may 2021-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş 23 avqust 2021-ci il tarixli, 215 saylı arayış və xasiyyətnamədən görünür ki, Kazımov X1 rayonunun Viyən kəndində qeydiyyatda olmaqla himayəsində arvadı, biri azyaşlı olmaqla üç uşağı ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının iki uşağının olmasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və narkomaniya xəstəliyindən əziyyət çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 5012,772 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd CD disk və iş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 5012,772 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd CD disk və iş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: sədrlik edən Cəlil Nəbiyev İlkin Abdullayev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar