Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-76/2023 10.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə, xx xxx 1998-ci ildə Sabirabad rayonunun Kürkəndi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində 03 iyul 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 iyun 2022-ci ildə, saat 21:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan Sabirabad şəhəri, Vüqar Əhmədov küçəsində özünə məxsus “VAZ-2106” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 50 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, «Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, avtomobili 90 km/saat sürətlə idarə etmiş, həmin vaxt qeyd olunan qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrımamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunması üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında və yol şəraitinə uyğun yerinə yetirmədiyi, yəni həmin tələbləri pozduğu üçün idarəetməni itirərək avtomobili yolun sağ kənarında yerləşən daş dirəyə vurmuş, nəticədə, ehtiyatsızlıqdan avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vuramaya aid bədən xəsarətləri alaraq, sonuncunun ölümünə səbəb olan yol-nəqliyyat hadisə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci ildə özünə məxsus avtomobillə həmkəndliləri Şahid1 və Zərərçəkmiş şəxsla birlikdə gəzmək üçün Sabirabad şəhərinə getmiş, Bəybala qabaq sağ oturacaqda, Rauf isə arxa sağ tərəfdə əyləşmiş, saat 22 radələrində avtomobili idarə edərkən avtomobilinə paralel olaraq hərəkət edən ağ rəngli VAZ-2106 markalı avtomobilin onun idarə etdiyi avtomobilə tərəfə istiqamətləndirib görüb avtomobillər toqquşmasın deyə avtomobilini sağ tərəfə qaçırtmış, qarşıda olan daş dirəyi görüb əyləci basmış, lakin avtomomobilin sağ orta tərəfi daş dirəyə dəyərək dayanmış, bir qədər sonra təcili-tibbi yardım avtomobili gəlib onları Sabirabad rayon mərkəzi xəstəxanasına aparmış, hadisə nəticəsində Zərərçəkmiş şəxs xəstəxanada dünyasını dəyişmiş, özü və Şahid1 isə yüngül xəsarət almışlar. Təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadı və anasının, eləcə də iki azyaşlı uşaqlarının olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. 30 iyun 2022-ci ildə axşam saatlarında xatırlamadığı bir nəfər şəxs ona zəng edərək həmkəndlisi Təqsirləndirilən şəxs Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə zamanı avtomobildə olan oğlu Bəybalanın xəsarət alaraq Sabirabad rayon mərkəzi xəstəxanasına aparıldığını demiş, hadisəni eşidib xəstəxanaya getmiş, xəstəxanaya çatarkən həkimlərin oğluna ilkin tibbi yardım etdiklərini, az sonra isə oğlunun dünyasını dəyişdiyini görmüşdür. Hazırda Təqsirləndirilən şəxslə barışmadığını, onu bağışlamadığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxsin barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin baş dövlət avtomobili müfəttişi vəzifəsində işləyən Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci ildə saat 21:50 dəqiqədə Sabirabad rayon mərkəzi xəstəxanasından RPŞ-nin növbətçi hissəsinə məlumat verilərək Sabirabad rayonu Kürkəndi kənd sakinləri Təqsirləndirilən şəxs və Şahid1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldıqları, Zərərçəkmiş şəxs isə xəstəxanada ölməsini bildirmiş, dövlət yol polisi bölməsinin yol patrul xidmətinin inspektoru Şahid3lə birlikdə hadisə yerinə getmiş, hadisə yerində VAZ- 2106 markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfindəki daş dirəyə çırpılmış vəziyyətdə olduğunu görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsində göstərilənləri təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Sabirabad şəhəri, Vüqar Əhmədov küçəsində baş vermişdir. Hadisənin baş verdiyi yol asfalt örtüklü, quru, hamar olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı maneə yoxdur. Asfaltın eni 5,90 metr, sağ ehtiyat hissəsinin eni isə 1,40 metrdir. Asfalt üzərində hərəkət axınını ayıran düz nişanlanma xətti yoxdur. Hadisənin baş verdiyi ərazidə maksimum sürəti 50 km/saata qədər məhdudlaşdıran yol nişanı vardır. Hadisənin baş verdiyi yoldan sağ və sol tərəflərdə mağazalar yerləşir. Hadisə yerinə baxış süni işıqlandırma şəraitində keçirildi. Hadisə yerində “VAZ-2106” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ tərəfində üzü daş dirək istiqamətində dayanmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 iyul 2022-ci il tarixli, 17 nömrəli rəyindən görünür ki, müayinə zamanı mərhum Zərərçəkmiş şəxs sol təpə-gicgah sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, baş beyin maddəsinin və ağciyərin ödemi, daxili orqanların doluqanlılığı, sol gicgah nahiyəsində, burnun belində, çənəaltı nahiyədə yaralar, alın nahiyəsində sağda, sağ yanaq proyeksiyasında, sağ bazu oynağının ön səthində, sağ bazunun aşağı 1/3-də bayır səthdə, sağ baldırın yuxarı 1/3-də ön səthdə, aşağı 1/3-də ön səthdə sıyrıqlar -həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlərin qərarda göstərilən şəraitdə əmələ gəlməsi inkar edilmir. Zərərçəkmiş şəxs ölümündən az əvvəl spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb, almış olduğu kəllənin açıq küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir. İş materiallarında olan məhkəmə-yol-nəqliyyatı hadisəsi ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 8/2744 nömrəli rəyindən görünür ki, “VAZ-2106” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etydiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimim sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 06 avqust 2022-ci il tarixli 2064 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” aşkar edilir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən “üzvi şəxsiyyət pozuntusu” diaqnozlu xəstəlik ilə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan “sərxoşluq hallarının yoxlanılmasına dair” 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisədən sonra müayinə olunan zaman ayıq olmuşdur. İş materiallarında olan Sabirabad rayon polis şöbəsinin 15 iyul 2022-ci il tarixli, 179- 15031-1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 30 iyun 2022-ci ildə saat 21:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi ağ rəngli VAZ-2106 markalı avtomobilin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, məhkəmə-tibbi və məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəylərini, həmçinin işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələbləri ilə nəzərdə tutulan qeyd olunan yol hərəkəti qaydalarını pozması nəticəsində yuxarıda göstərilən nəticələrə səbəb olmuş yolnəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmədə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından o, qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür və ona təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 01 iyul 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, işdə olan Sabirabad rayon məhkəməsinin 03 iyul 2022-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 01 iyul 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 09 sentyabr 2022-ci il tarixli, 591 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Quliyev X2 rayonunun Kürkəndi kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı, anası və iki azyaşlı uşaları ilə birlikdə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini isə CM-in 59.1.8-ci, maddələrinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və anasının olmasını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə yuxarıda göstərilən yüngülləşdirici halların olmasını, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayətin ehtiyatsızlıq nəticəsində törədilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə cəza təyin edilməsini, eləcə də müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona təyin olunacaq əsas cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş ) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət hesabına keçirilsin. Hökmdən elan olunduğu, (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov