Məhkəmə qərarları › İş №1(099)-761/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-761/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-761/2023 28.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında sosial şəbəkdə tanış olduğu “Səccad” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin əldə olunması, saxlanması, daşınmasına və satışına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd bükümdə külli miqdarda-30,846 qram narkotik vasitə olan heroinin və bir ədəd bükümdə külli miqdarda-3,197 qram psixotrop maddə olan metamfetaminin Bakı şəhəri, Xəzər rayonun Binə qəsəbəsində "Sovxoz" deyilən ərazidə yerləşən yolun kənarındakı zibil toplanan dəmir qabın yanında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, idarə etdiyi “KİA-Optima” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 29 may 2023-cü il tarixdə, saat 01 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd bükümdə külli miqdarda-30,846 qram narkotik vasitə olan heroini və bir ədəd bükümdə külli miqdarda-3,197 qram psixotrop maddə olan metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımış, daha sonra cinayətkar qrup üzvləri arasında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin maddələri cinayətkar qrupun digər üzvlərinə çatdırılması (realizə edilməsi) məqsədi ilə üzərində daşıyaraq idarə etdiyi “KİA-Optima” markalı, **-XO- *** dövlət qeydiyyat nişanlı avtomobillə 29 may 2023-cü il tarixdə, saat 15 radələrində Lənkəran şəhərinə gəlib “Ləvəngi dairəsi” adlanan yerdə avtomobillə hərəkətdə olarkən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb narkotik maddənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilməklə üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibində saxladığı bir ədəd "Vinston" markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə külli miqdarda-30,846 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda- 3,197 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər oğurluq cinayətinə görə iki dəfə məhkum olunmuşdur. Təxminən bir il olar ki, narkotik vasitələrdən, əsasən də heroin və metamfetamindən istifadə etməyə başlamışdır. Heroin və metamfetamini Masallı şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. O, üzərində 050/335-10-86 və 050/865-54-26 saylı mobil telefon nömrələri olan “Samsung” markalı mobil telefondan istiadə etmişdir. 2023-cü ilin may ayının əvvəllərində "İnstaqram" sosial şəbəkəsində özünü iranlı kimi təqdim edən "Səccad" adlı şəxslə tanış olmuş, söhbət əsnasında həmin şəxs onun narkotik istifadəçisi olduğunu bilib ona narkotik maddə göndərəcəyini bildirmiş, o da razılaşmışdır. 26 may 2023-cü il tarixdə, o, iranlı “Səccad”la vatsapla əlaqə saxlamış, həmin vaxt “Səccad” ona 600 manatlıq 35 qram heroin və 5 qram metamfetamin göndərəcəyini və həmin maddələri Bakı şəhərində deyəcəyi yerdən gedib götürməsini bildirmiş, həm də ona pulun keçirilməsi üçün bank kartının nömrəsini göndərmişdir. 27 may 2023-cü il tarixdə o, Masallı şəhərində yerləşən mağazaların birində olan "Milliön" ödəmə terminalı vasitəsi ilə iranlının göndəndiyi bank kartının nömrəsinə 600 manat pulu köçürmüş, sonra Bakı şəhərinə getmişdir. Bakı şəhərində icarəyə etibarnamə ilə “KİA-OPTİMA” markalı, **-XO-*** nömrəli avtomobil götürmüş və 28 may 2023-cü il tarixdə, saat 23 radələrində “Səccad”ın onun telefonuna göndərdiyi “məkan bildirişi”nə uyğun olaraq həmin yerə, yəni Bakı şəhəri, Binə qəsəbəsinə atomobillə getmişdir. 2023-cü ilin may ayının 28-dən 29-a keçən gecə saat 01 radələrində (29 may 2023-cü il tarixdə, saat 01 radələrində) atomobillə teleflonunda olan “məkan bildirişi”ndə göstərilən yerə, yəni Binə qəsəbəsində "Sovxoz" deyilən ərazidə, yolun kənarına qoyulmuş “zibil qabları”nın (məişət tullantıları atılan qabların) yanına gedib dəmir qabların yanına qoyululmuş bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini götürmüşdür. Sonra həmin bükülüləri "Vinston" markalı siqaret qutusunun içərisinə qablaşdırıb siqaret qutusunu əynindəki şalvarının cibinə qoymuşdur. O, avtomobillə Bakı şəhəri 3-cü mikrorayon dairəsinə gəlib orada maşını yolun kənarında saxlayıb heroinin və metamfetaminin az bir hissəsini zərli kağızda yandırıb tüstüsünü udmaqla qəbul etdikdən sonra maşında yatmışdır. Həmin gün, saat 09 radələrində yuxudan oyanmış və maşınına Lənkəran şəhərinə gedən üç nəfər tanımadığı şəxsi götürüb Lənkəran şəhəri istiqamətində hərəkət etmiş, yolda Salyan rayonu ərazisində dayanıb bir az istirahət etdikdən sonra yoluna davam etmiş və saat 15 radələrində Lənkəran şəhərində “Ləvəngi dairəsi” adlanan yerə çatmış və həmin üç nəfər şəxs maşından düşüb getmişlər. Sonra o, avtombillə “Ləvəngi dairəsi” adlanan yerdən aralanıb Masallı rayonunun Boradigah qəsəbəsi istiqamətində hərəkət etməyə başlayarkən yol polisi (Yol Patrul Xidməti əməkdaşları) onu saxlayıb spirtli içki qəbul etməkdə şübhəli olduğunu bildirib narkoloji xəstəxanaya aparmışlar. Narkoloji xəstəxanada həkim onu müayinə etdikdən sonra onun narkotikdən istifadə etdiyi məlum olunmuş, özü də narkotik maddə qəbul etdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Lənkəran rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt üzərində siqaret qutusunun içərisində heroin və metamfetamin bükümləri olmuş və o, bu bükümləri kənara ata bilməmişdir. Bundan sonra vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki şalvarının cibindən "Vinston" markalı siqaret qutusunu çıxarıb təqdim edib qutunun içərisində heroin və metamfetamin bükümləri olduğunu bildirmişdir. Təqdim etdiyi siqaret qutusunun içərisindən iki ədəd bükümlər və həmin bükümlərin də içərisindən heroin və metamfetamin kütlələri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, aşkar olunmuş heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu iranlı "Səccad" adlı şəxsdən pulla aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin və metamfetamin kütlələri polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Həmçinin üzərində axtarış zamanı özünə məxsus olan bir ədəd “Samsung” markalı mobil telefon aparatı da (üzərində 050/335-10-86 və 050/865-54- 26 saylı mobil telefon nömrələri olmaqla) polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra polis əməkdaşları tərəfindən özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin avtomobildə qadağan olunmuş əşyalar və ya narkotik maddələr aşkar edilməmişdir. O, narkotik maddələr qəbul etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona görə də o, narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin üzərində aşkar olunmuş heroin və metamfetamini şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə məhkəmədə verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşıdır. 29 may 2023-cü il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidə xidmətdə olarkən tanımadığı şəxsin idarə etdiyi “KİA Optima” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin yerdə dayandığını və avtomobildən üç nəfər tanımadığı şəxslərin düşdüyünü görmüş, sonra həmin avtomobil “Ləvəngi dairəsi”nə daxil olub Masallı rayonun Boradigah qəsəbəsi istiqamətində olan yolla hərəkətə başlayan zaman sürücünün sərxoş olmasından şübhələnib ona işarə verib avtomobili saxlatmışdır. Həmin sürücü özünü Təqsirləndirilən şəxs kimi təqdim edib Masallı rayonun Ərkivan qəsəbəsinə getdiyini bildirmişdir. Ona avtomobili sərxoş vəziyyətdə idarə etməkdə şübhəli olduğu bildirilib tibbi müayinədən keçmək üçün narkoloji xəstəxanasına aparılmış və orada həkim müayinəsindən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Sonra Təqsirləndirilən şəxs avtomobillə birlikdə Lənkəran ŞRPŞ-nə gətirilmiş və o, bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Sonra Təqsirləndirilən şəxs təhqiqatçısı Vurğun Məmmədovun xidməti otağına aparılmış və orada təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) və dəvət edilmiş başqa polis əməkdaşlarının, o cümlədən CAB-nın baş əməliyyat müvəkkili Şahid3 iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən siqaret qutusunu çıxarıb təqdim edib qutunun içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisindən iki ədəd büküm və həmin bükümlərin içərisindən tanımadığı narkotik maddələr (heroin və metamfetamin kütlələri) aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələri (heroin və metamfetamini) kiməsə çatdırması, həm də özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik maddələr (heroin və metamfetamin kütlələri) təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxsun hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin əməkdaşının 29 may 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə, saat 15:30-da Lənkəran şəhəri, “Ləvəngi” dairəsi adlanan yerdə hərəkətdə olan “KİA-Optima” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü özünü şübhəli apardığından saxlanılmış, sürücü Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında avtomobili idarə etməsinə əsaslı şübhələr olduğundan Təqsirləndirilən şəxs narkoloji xəstəxanada tibbi müayindən keçirilmiş və onun narkotik vasitənin təsiri altında avtomobili idarə etməsi müəyyən edildiyində polis şöbəsinə gətirilib aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, Lənkəran Şəhər Narkoloji Xəstəxanasının “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 29 may 2023-cü il tarixli, 001369 №-li Aktla müəyyən olunur ki, 29 may 2023-cü il tarixdə sürücü Təqsirləndirilən şəxs avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 29 may 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Vurğun Məmmədov tərəfindən müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd “Vinston” markalı siqaret qutusunu çıxarıb təqdim edərək içərisində heroin və metamfetamin olduğunu bildirmişdir. Təqdim olunun siqaret qutusundan bir bükümdə heroinə və bir bükümdə metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroin və metamfetamini 28 may 2023-cü il tarixdə tanımadığı, özünü İran vətəndaşı kimi təqdim edən şəxsə bank kartı vasitəsilə 600 manat köçürməklə əldə etdiyini və istifadəsi üçün üzrində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A32” markalı mobil telefon aparatı (üzərində mobil telefon nömrələri ilə birlikdə) təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 büküm ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi-30,846 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd büküm ..." sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi-3,197 qram olan ağ rəngli kristallardan ibarət olan maddə-metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 30,746 qram və qalıq metamfetamin 3,147 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat qəpik təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin hüquqi tövsifi haqqında” 01 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 30,746 qram heroin, 3,147 qram metamfetamin və bir ədəd “Samsung Galaxy A32” markalı mobil telefon aparatı (üzərində mobil telefon nömrələri ilə birlikdə) iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 06 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayətkar qrupun üzvləri olan şəxsiyyəti məlum olmayan “Səccad” adlı şəxs və qeyriləri barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetamin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 30,846 qram narkotik vasitə olan heroin və 3,197 qram psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin əvvəlcədən digər şəxslərlə razılaşmaqla ayrı-ayrı növlərdən ibarət olan narkotik psixotrop maddələr əldə edib, saxlayıb daşıması onun bu maddələri qazanc əldə etmək niyyəti ilə əldə etməsini özündə ehtiva edən hallar kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin və metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 may 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 10 may 2017ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay 03 gün müddəti cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Habelə Masallı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 14 iyul 2021-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 12 may 2015-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 30 may 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır İşdə olan, Masallı rayon, Ərkivan qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 01 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 30,746 qram narkotik vasitə olan heroin və 3,147 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd “Samsung Galaxy A32” markalı mobil telefon aparatı (üzərində 050/335-10-86 və 050/865-54-26 saylı mobil telefon nömrələri olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası X2 təhvil verilməlidir. Habelə iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 30,746 qram narkotik vasitə olan heroin və 3,147 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd “Samsung Galaxy A32” markalı mobil telefon aparatı (üzərində 050/335-10-86 və 050/865-54-26 saylı mobil telefon nömrələri olmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası X2 təhvil verilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar