Məhkəmə qərarları › İş №1(099)-766/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-766/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-766/2023 30.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Sabirabad rayonu Ulacalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər mıhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində yaşadığı Sabirabad rayonu Ulacalı kəndindəki evin həyətyanı sahəsində düzəltdiyi istixanada, pomidor şitillərinin arasında polietilen dibçəklərdə və yaşayış evinin arxa hissəsindəki torpaqda qanunsuz olaraq külli miqdarda, 59 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə kültivasiya etmiş, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 12 may 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə yerləşən istixanada, polietilen dibçəklərdə 58 ədəd, yaşayış evinin arxa hissəsində torpağa əkilmiş 1 ədəd, ümumilikdə 59 ədəd göküstə, yaşıl çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin aprel ayının əvvəllərində həyətyanı sahədə pomidor və xiyar bitkiləri əkdiyi polietilen parnikdə, pomidor şitillərinin yanında polietilen dibçəklərdə və yaşadığı evin arxasında isə bir ədəd çətənə toxumlarını əkmişdir. Həmin toxumları əkdikdən sonra onlara qulluq etmiş, tez və yaxşı cücərsinlər deyə suvarmışdır. 2023-cü ilin may ayının əvvəllərində parnikdə 58 ədəd, yaşadığı evin arxasında əkdiyi bir ədəd olmaqla ümumilikdə 59 ədəd çətənə bitkiləri böyümüşlər. 12 may 2023-cü il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmişlər və ona narkotik tərkibli bitkilərin əkini ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu səbəbdən də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər. O da baxış keçirilməsinə etiraz etməmiş və barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra iki hal şahidlərinin və aqronomun iştirakları ilə yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı sahədə düzəldilmiş parnikdən 58 ədəd, evin arxa hissəsində bir ədəd, ümumilikdə 59 ədəd yaşıl çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilər köklərindən çıxarılmaqla götürülmüş və bu barədə protokol tərtib edilmişdir.Əməlindən peşimandır. Himayəsində dörd azyüaşlı uşaqlarının olmasını nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Sabirabad Rayon Polis Şöbəsinin cinayətaxtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 may 2023-cü il tarixdə Sabirabad rayonu Ulacalı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Onun razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən istixanada polietilen dibçəklərdə 58 ədəd, yaşayış evinin arxa tərəfində 1 ədəd olmaqla ümumilikdə 59 ədəd, köküstə, yaşıl, çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Baxışda mütəxəssis kimi iştirak edən aqronom bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu bildirmişdir. Həmin bitkilər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkiləri öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Şahid2 da məhkəmədə Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid qismində dindirilən Şahid3 məhkəmədə göstərdi ki, 12 may 2023-cü il tarixdə Sabirabad rayonu Ulacalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində düzəltdiyi istixanada polietilen dibçəklərdə 58 ədəd, yaşayış evinin arxa tərəfində 1 ədəd olmaqla, ümumilikdə 59 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Həmin vaxt aqronom-mütəxəssis kimi dəvət edilmiş Elçin Əhmədov həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Sonra aşkar olunmuş bitkilər köklərindən çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Müstəntiq tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmiş Şahid4 da məhkəmədə Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Baxış keçirilməsi barədə 12 may 2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Ulacalı kəndində yerləşən evin həyətyanı bağ sahəsinə baxış keçirilən zaman ümumilikdə 59 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 13 may 2023-cü il tarixli, 18/504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş 59 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 242,35 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2023-cü il tarixli, 5171 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2011, xx.xx.2012, xx.xx.2014 və xx.xx.2012-ci il tarixlərdə doğulmuş dörd azyaşlı uşaqları vardır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan 59 ədəd, külli miqdarda çətənə (kannabis) bitkilərini əkib becərməklə kultivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 59 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 59 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar