Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-766/2024 20.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında Türkiyə Respublikasında olarkən tanışı, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınması və ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa, ümumi cinayətkar niyyətə və qrup üzvləri arasında olan cinayətkar bölgüyə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasının Aslandüz şəhərində olan şəxsiyyəti istintaqa məlum olmayan üzvünə qazanc əldə etmək məqsədilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz olaraq əldə edilib mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicilərinin (adapterlərin) içərisində gizlədilməsi və bundan sonra qanunsuz dövriyyəsinin həyata keçirilməsi üçün qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq qrupun Bakı şəhərində olan digər üzvü Şahid1 cinayətin törədilməsindən xəbəri olmayan şəxs vasitəsilə göndərilməsini bildirmiş, buna uyğun olaraq qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvü İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən altı bükümdə, ayrı-ayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38,721 qram, 37,199 qram və 47,754 qram çəkilərdə olmaqla, ümumilikdə külli miqdarda 263,906 qram çəkidə heroin narkotik vasitəsini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə hər birində bir büküm olmaqla mobil telefonlar üçün nəzərdə tutulan altı ədəd enerji yükləyicinin (adapterin) içərisində şəffaf sellofana qablaşdırıb gizlədərək yanlarında bir ədəd ”Siemens”, bir ədəd ”Nokia” və bir ədəd ”Samsung” markalı olmaqla üç ədəd sadə, sensorsuz, işlək vəziyyətdə olmayan mobil telefonla birgə saxlamış, qrupun digər üzvü Şahid1 göndərilməsi üçün 08 iyun 2019-cu il tarixdə İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn “X11” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, cinayətin törədilməsindən xəbəri olmayan X2 təhvil vermiş, sonuncu öz növbəsində qeyd olunan külli miqdarda heroin narkotik vasitəsinin gizlədildiyi mobil telefonlar üçün nəzərdə tutulan altı ədəd enerji yükləyicini (adapteri) və yanında olan üç ədəd işlək vəziyyətdə olmayan mobil telefonu 50 (əlli) manat daşıma haqqı müqabilində qəbul edərək idarə etdiyi nəqliyyat vasitəsilə həmin tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrək daşımış və bununla da cinayətkar qrup üzvləri 08 iyun 2019-cu il tarixdə, saat 16 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda (hazırki Biləsuvar Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində) ümumilikdə külli miqdarda 263,906 qram heroin narkotik vasitəsinin cinayətin törədilməsindən xəbəri olmayan şəxs vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, qeyd olunan tarixdə həmin narkotik vasitələr yəni, ümumilikdə külli miqdarda 263,906 qram heroin narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Həmin cinayət işi üzrə məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı cinayət işinin materialları ilə tanış olarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirildiyinin göründüyünü, qrup üzvü Şahid1 barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığını, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 yanvar 2022-ci il tarixli qərarı ilə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 1(101)-104/2021 nömrəli hökmünün dəyişdirilərək, sonuncunun həmin Məcəllənin 32.5.206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən aidiyyətin mübahisələndirilmədiyini, eynilə Bakı Apellyasiya Məhkəməsində də aidiyyət məsələsinin müzakirə mövzusu olmadığını, lakin, eyni qrupun digər üzvü Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra aidiyyətin düzgün müəyyən edilməməsi əsası ilə müvafiq qərarla Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ünvanlandığının məlum olduğunu bildirərək, cinayət işi üzrə aidiyyətin mübahisələndirilməli olduğunu və mübahisənin həll edilməsi üçün cinayət işinin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir (yazılı vəsatət cinayət işinin materiallarına əlavə edilmişdir). Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə vəsatət müzakirəyə çıxarılmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi aidiyyət qaydalarına əməl edilməsinə etiraz etmədiyini və dövlət ittihamçısı tərəfindən təqdim edilmiş vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi ilə həmfikir olduğunu bildirmişdir. Məhkəmə heyəti cinayət prosesi tərəflərinin fikirlərini dinləyib, işin materiallarını nəzərdən keçirməklə, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, dövlət ittihamçısı tərəfindən məhkəməyə təqdim olunmuş vəsatət cinayət işinin materiallarına əlavə olunmaqla təmin edilməli və iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işindən cinayətkar qrupun “Bobili” (Təqsirləndirilən şəxs nəzərdə tutulur), “Nasir” adlı və naməlum digər üzvləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə hazırki cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 01, i.v. 01-26). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (cild 01, iş vərəqi 27-28). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 01, i.v. 109). Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ibtidai araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir (cild 01, i.v. 126- 128). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli protokolu və sərhədkeçmə məlumatları barədə portal çıxarışından görünür ki, həmin komitənin gömrük xidmətinin “vahid avtomatlaşdırılmış idarəetmə sistemi”-nə baxış keçirilmiş, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2019-cu il tarixdə, saat 16:19-da Bakı aeroportundan Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və həmin tarixdən ölkə ərazisinə qayıtmamışdır (cild 01, i.v. 179; 181-182; cild 02, i.v. 40-41; 104-106). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsi üçün tutulması qərara alınmışdır (cild 01, i.v. 241-243). Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən hazırki cinayət işi ibtidai araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir (cild 01, i.v. 249-251). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs və digər şəxslərin yerləri müəyyən olunmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır (cild 01, i.v. 252-276). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(101)-104/2021 nömrəli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 02, i.v. 02-11). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(103)-123/2022 nömrəli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Şahid1 barəsində olan xx.xx.2021-ci tarixli, 1(101)-104/2021 nömrəli hökmü dəyişdirilərək ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5.206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 02, i.v. 17-29). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat təzələnmişdir (cild 02, i.v. 30). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinə tövsif edilmiş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 02, i.v. 35-39; 109). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 4(004)-601/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 8 (səkkiz) gün müddətə həbs qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır (cild 02, i.v. 60-64). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisindən kənarda axtarışda olması ilə əlaqədar dayandırılmışdır (cild 02, i.v. 66-69). Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti başçısının X9-Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 466 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatdadır (cild 02, i.v. 81). xx.xx.2023-cü il tarixli, 3744 nömrəli təhvil-təslim aktından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Heydər Əliyev adına X7 Dövlət Gömrük Komitəsinin əməkdaşlarına təhvil verilmişdir (cild 02, i.v.100). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat təzələnmişdir (cild 02, i.v. 102). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 4(004)-108/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 09 may 2024-cü il tarixədək uzadılmışdır (cild 02, i.v. 228-232). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq İdarəsi 2-ci Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (cild 03, i.v. 26-27). Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cild 03, i.v. 37-75). xx.xx.2024-cü il tarixli ittiham aktı və Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün həmin tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 03, i.v. 102-134; cild 04, i.v. 01). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1694/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış və iş məhkəmə baxışına təyin olunmuşdur (cild 04, i.v. 18-19). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1694/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 04, i.v. 79-81). Məhkəmə təqdim olunmuş vəsatətlə əlaqədar cinayət işinin materiallarına istinadən ilk növbədə onu qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında Türkiyə Respublikasında olarkən tanışı, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınması və ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa, ümumi cinayətkar niyyətə və qrup üzvləri arasında olan cinayətkar bölgüyə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasının Aslandüz şəhərində olan şəxsiyyəti istintaqa məlum olmayan üzvünə qazanc əldə etmək məqsədilə külli miqdarda heroin narkotik vasitəsinin qanunsuz olaraq əldə edilib mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicilərinin (adapterlərin) içərisində gizlədilməsi və bundan sonra qanunsuz dövriyyəsinin həyata keçirilməsi üçün qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq qrupun Bakı şəhərində olan digər üzvü Şahid1 cinayətin törədilməsindən xəbəri olmayan şəxs vasitəsilə göndərilməsini təmin etməklə bağlı ittiham verilmişdir. Verilmiş ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınması və ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə cinayət əməlini törədərkən Türkiyə Respublikasının ərazisində olmuş, 07 dekabr 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına təhvil verilmiş və cinayət işinin ibtidai istintaqının aparılması Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi tərəfindən davam etdirilmiş, 22 aprel 2024-cü il tarixdə ibtidai istintaq tamamlanaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayəti törətməkdə qabaqcadan əlbir olduğu iddia olunan tanışı Şahid1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündə göstərilmişdir ki, Şahid1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən cinayətlərin residivi formasında, 2019-cu ilin may ayında şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək realizə edilməsi üçün ona göndərilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Türkiyə Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa “Bobili” (Təqsirləndirilən şəxs nəzərdə tutulur) adı ilə məlum olan üzvünün göstərişi ilə cinayətkar qrupun İran İslam Respublikasının Aslandüz şəhərində olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa “Nasir” adı ilə məlum olan digər üzvü istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən altı bükümdə, ayrı-ayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38 721 qram, 37,199 qram və 47,754 qram olmaqla, ümumilikdə külli miqdarda, 263,906 qram heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə hərəsində bir büküm olmaqla altı ədəd mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicinin (adapterin) içərisində şəffaf sellofana qablaşdırıb gizlədərək ona göndərilməsi üçün 08 iyun 2019-cu il tarixdə İran İslam Respublikasından tranzit keçməklə Naxçıvandan Bakıya gələn “X11” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, cinayətdən xəbərsiz Azərbaycan Respublikasının vətəndaşı X2 təhvil vermiş, Mirhüseyn Seyidov öz növbəsində qeyd olunan külli miqdarda heroin narkotik vasitələrinin gizlədildiyi altı ədəd mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicilərini “Nasirdən” 50 (əlli) manat daşıma haqqı müqabilində qəbul edərək idarə etdiyi nəqliyyat vasitəsilə həmin tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş və beləcə o, həmin gün saat 16 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda ona göndərilmiş həmin narkotik vasitələrin cinayətdən xəbərsiz Mirhüseyn Seyidov vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, qeyd olunan tarixdə həmin narkotik vasitələr gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüş, o isə keçirilmiş istintaq- əməliyyat tədbirləri nəticəsində 07 avqust 2019cu il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs Şahid1 barəsində olan cinayət işi üzrə məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır, tutulanadək maklerlik fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin may ayında Türkiyədə yaşayan “Bobili” ləqəbli şəxs (Təqsirləndirilən şəxs nəzərdə tutulur) Türkiyə mobil operatoruna məxsus telefon nömrəsindən “WhatsApp” vasitəsilə onunla əlaqə saxlamış, Naxçıvandan olan yaşlı bir kişinin İrandan sərhəddən keçirərək ona mobil telefon gətirib verəcəyini, həmin telefonları özündə saxlamağını, daha sonra telefonları ondan təhvil alacaqlarını bildirmişdir. “Bobili” ilə razılaşmışdır. Sonuncu ona yaşlı kişinin mobil telefon nömrəsini vermişdir. Növbəti gün həmin yaşlı kişi ona zəng edib, bir neçə dəqiqədən sonra avtovağzal ərazisində “Naxçıvan” kafesinin yanında olacağını deyib, telefonları təhvil almağını bildirmişdir. İdarə etdiyi “Qaz 3110” markalı avtomobillə həmin yerə getmiş və orada Seyid adlı həmin yaşlı kişi ilə görüşmüşdür. Sonuncu bağlı sellofan paketdə mobil telefonları ona vermiş və o, telefonları götürüb evə qayıtmışdır. Həmin gün “Bobili” ona yenidən zəng edib, telefonları təhvil alıb-almadığını soruşmuşdur. Sonuncuya telefonları aldığını demişdir. “Bobili” bir-iki günə telefonları ondan götürəcəklərini bildirib, əvəzində ona 50-60 (əlli-altmış) manat pul verəcəklərini bildirmişdir. Təxminən iki gündən sonra Novxanı qəsəbəsində tanımadığı bir nəfər şəxs ona 60 (altmış) manat pul verib telefonları ondan götürmüşdür. Daha iki gün sonra telefonları ondan təhvil alan şəxs ona 2.600 (iki min altı yüz) manat pul gətirmişdir. O, həmin pulu götürüb avtovağzala aparıb Seyidə vermişdir. Növbəti dəfə təxminən on gündən sonra “Bobili”nin zəngindən sonra Seyid yenə ona telefonlar gətirib vermişdir. Bir neçə gündən sonra tanımadığı həmin şəxs telefonları ondan götürüb, ona 60 (altmış) manat pul vermişdir. İki gündən sonra həmin şəxs ona 850 (səkkiz yüz əlli) manat pul vermiş, o da həmin pulu Seyidə çatdırmışdır. Sonuncu dəfə iyun ayının əvvəllərində “Bobili” ona “WhatsApp”da mesaj yazıb, Seyidin yenə gətirib ona telefon verəcəyıni bildirmişdir. Sonuncuya evdən çıxa bilmədiyini deyib, telefonları götürmək üçün taksi göndərəcəyini bildirmişdir. Bundan sonra o, *9933 taksi xidməti ilə əlaqə saxlayıb, avtovağzaldan Novxanı kəndi “AS” marketin yanına taksi sifariş vermişdir. Taksi sürücüsü onunla əlaqə saxladıqda ondan xahiş etmişdir ki, avtovağzalın yanında Seyid adlı şəxslə görüşüb, telefonları götürüb “AS” marketin yanına çatdırsın. Taksi sürücüsü onunla razılaşmışdır. Həmin ərəfədə dostu Cavid zəng edib, birlikdə gedib qızlarla dincəlməyi təklif etmiş və o, razılaşmışdır. Bir qədər sonra Cavid onu götürmək üçün tanışı Xəyyamla bilikdə evinin qabağına gəlmişdir. Cavidlə görüşmüş, elə bu vaxt *9933 taksi xidmətinin sürücüsü zəng edib, “AS” marketin yanına çatığını bildirmişdir. Caviddən xahiş etmişdir ki, həmin taksini olduqları küçəyə yönləndirmək üçün Xəyyamı göndərsin. Cavid də Xəyyamı bu məqsədlə göndərmişdir. Bir neçə dəqiqə gözləmiş, lakin Xəyyam gəlib çıxmamış və telefon zənglərinə cavab verməmişdir. Odur ki, “AS” marketin yanına getmişlər, lakin nə Xəyyam, nə də taksi orada olmuşdur. Taksi sürücüsü də telefona cavab verməmişdir. Bir qədər sonra taksi sürücüsü ilə əlaqə saxlaya bilmişdir. Sonuncu gətirdiyi selofan paketi Xəyyama verdiyini bildirmişdir. Sonra Cavidlə əlaqə saxlamış, sonuncu Xəyyamı yol polislərinin saxladığını, buna görə də Xəyyamın arxasınca getdiyini bildirmişdir. Axşam saatlarında yenidən Cavidlə əlaqə saxlamışdır. Sonuncu Xəyyamı oradan çıxardığını, telefonların da onda olduğunu bildirmişdir. Cavidə gətirib telefonları ona verməsini demiş, sonuncu səhəri gün verəcəyini bildirmişdir. Növbəti gün Cavidə zəng çatmamışdır. Bu hadisədən təxminən on beş gün sonra Cavidlə görüşmüşdür. Sonuncu göndərilən telefonların içərisindən kakos çıxdığını bildirmişdir. Nasir adlı şəxsi və iranlını tanımır. Heç vaxt İranda olmamışdır. Narkotik vasitələrdən istifadə etmir. Göndərilən telefonların içərisində narkotik vasitə gizlədildiyindən məlumatı olmamışdır. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Sözü gedən hökmdə ibtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X1 ifadəsindən görünür ki, o, ailəsinin dolanışığını təmin etmək üçün uzun illərdir ki, özünə məxsus “X11” markalı, ** UF *** dövlət nömrə nişanlı avtomobililə Bakı-Naxçıvan marşrutu üzrə sərnişin daşıyır, birbaşa avtomobil yolu olmadığından İrandan keçməklə gedib-gəlir. 08 iyun 2019-cu il tarixdə səhər 07 radələrində Naxçıvandan beş nəfər sərnişinlə Bakıya doğru yola çıxmış, əvvəlcə Culfa gömrük postundan keçib İrana daxil olmuşdur. Aslandüz rayonunda olan zaman əvvəlcədən tanıdığı Nasir adlı şəxs istifadəsində olan +**********35 saylı mobil nömrədən ona zəng edib harda olduğunu soruşmuş, sonuncuya Biləsuvara çatmağına az qaldığını demişdir. Nasir ona Azərbaycana gətirmək üçün telefon verəcəyini, zəhmət haqqı kimi 50 (əlli) manat pul veriləcəyini bildirmişdir. 2019-cu ilin may ayının ilk həftəsindən etibarən artıq dörd dəfə Nasirin ona verdiyi telefon və adaptrları təhvil alıb öz maşınında Azərbaycan tərəfə keçirmiş və Bakıda təhvil alan şəxsə çatdırmışdır. İlk dəfə Nasirin ona verdiyi iki ədəd mobil telefon və adaptrı ondan təhvil alıb özü ilə Azərbaycana gətirib, Bakıda Şahid1 vermişdir. Sonuncu idarə etdiyi tünd rəngli “Qaz 3110” markalı avtomobillə gəlmiş, iki ədəd telefonla iki ədəd adapterı ondan təhvil alıb əvəzində ona 20 (iyirmi) manat pul vermişdir. Növbəti vaxtlarda, ya Kamran özü ya da onun göndərdiyi taksi sürücüsü telefon və adaptrları ondan təhvil almışlar. 08 iyun 2019-cu il tarixdə isə artıq beşinci dəfə idi ki, Nasir ona telefon və adaptr vermişdir. Həmin gün günorta saat 15 radələrində İranın Biləsuvar gömrüyündə Nasirlə görüşmüşdür. Sonuncu ona bir ədəd qara rəngli sellofan torba verib, içində üç ədəd telefon və altı ədəd adapter olduğunu demişdir. Nasir bu əşyaları da əvvəlki qaydada özü ilə Bakıya aparmağını və Bakıda görüşüb təhvil alacaqlarını bildirəndən sonra, yola çıxmaq üçün avtomobilinə getmişdir. Həmin sellofandakı adapterlərdən dörd və telefonlardan iki ədədini sellofandan çıxarıb maşının şitinin üstünə qoymuşdur. Sellofanın içində iki adapterlə bir telefon qalmışdır. Həmin sellofanı da sürücü oturacağının yanında olan boşluğa qoymuşdur. İranın Biləsuvar gömrüyünü keçdikdən sonra, Azərbaycanın Biləsuvar gömrüyünə daxil olmuşdur. Gömrük nəzarəti zamanı adaptrların içindən şəffaf sellofan bükümdə tozşəkilli qəhvəyi rəngli maddə aşkar olunmuş, gömrük işçisi həmin maddənin heroin narkotik vasitəsınə bənzədiyini bildirmişdir. Gömrük işçiləri onunla şifahi sorğu-sual apararkən baş verənləri olduğu kimi danışmışdır. Ona Kamranın tutulması üçün əməliyyat tədbirləri həyata keçirəcəklərini bildirib, həmin tədbirdə iştirak edib köməklik göstərməyi təklif etmiş və o, razılıq vermişdir. Beləliklə, adaptrları da götürərək müşayiət altında Bakı şəhərinə yola düşmüşdür. Avtovağzalda “Naxçıvan” kafesində olarkən Kamran ona zəng etmiş, Nasirin verdiyi telefon və adaptrları təhvil almaq üçün taksi göndərəcəyini demişdir. Bu barədə gömrükçülərə məlumat vermişdir. Bir qədər sonra Kamran zəng edib taksinin gəlib çatdığını, əşyaları təhvil verməsini bildırmişdir. Kafedən çıxıb Babək Mirzəzadə adlı taksi sürücüsünün yanına getmiş, içində adaptrlar olan torbanı sonuncuya vermişdir. Bu vaxt gömrükçülər Babəki saxlamış və bır qədər sorğu-sual etdikdən sonra, ona əməliyyat tədbirlərinin davamında köməklik göstərməsini təklif etmişlər. Babək razılaşmış və gömrükçülərin müşayiəti ilə Kamranı saxlamaq üçün Novxanı tərəfə yola düşmüşlər. Novxanı qəsəbəsində “AS” adlı bır marketin qarşısında dayanmış, Babək Kamranla əlaqə saxlayıb olduğu yeri ona demişdir. Kamran əşyaları təhvil almaq üçün “BMW X5” markalı, nömrəsinin sonu 805 olan maşını göndərəcəyini demişdir. Bir qədər sonra Babəkin olduğu “Daewoo Gentra” markalı taksinin qabağında qara rəngli “BMW X5” markalı, **-UZ-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin maşından düşən bir nəfər taksiyə doğru gəlməyə başlamış, həmin şəxs taksinin baqaj hissəsinin yanına gedəndə gömrükçülər onu saxlamışlar. Onlarla birgə Əməliyyat-İstintaq Baş İdarəsinə gəlmişlər. Bundan əvvəl dörd dəfə gətirdiyi telefon və adaptrların içində nə isə gizlədilməsindən xəbəri olmamışdır. Əvvəlki səfərlərində Kamran Nasirə çatdırılması üçün ayrı-ayrı vaxtlarda verdiyi 2.600 (iki min altı yüz) manat, 800 (səkkiz yüz) manat pul barədə Kamrandan soruşsa da, sonuncu ona şübhəli heç nə deməmişdir. X3, X6 əvvəllər tanımamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin “cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, iş üzrə şahid Mirhüseyn Seyidov ifadəsində bildirmişdir ki, Nasirin ona verdiyi telefon və adapter avadanlıqlarını təhvil alıb öz maşınında Azərbaycan tərəfə keçirib gətirib Bakıda təhvil alan şəxsə çatdırarkən Azərbaycan tərəfdə olduğu vaxt hər dəfəsində +**********13 saylı türk nömrəsindən ona bir nəfər şəxs (Təqsirləndirilən şəxs nəzərdə tutulur) zəng edib olduğu yeri soruşur və telefonları təhvil almaq üçün adam göndərəcəyini deyirmiş. Yuxarıda göstərilən şahid ifadələrindən bir daha aydın olur ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən Türkiyədə olmaqla xarici ölkənin ərazisində olmuşdur. Bundan başqa, qabaqcadan əlbir olan cinayətkar qrupun Bakı şəhərində olan digər üzvü Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddələri ilə olan və ibtidai istintaqı Təqsirləndirilən şəxs barəsində olan cinayət işindəki kimi Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış və qəbul olunmuş yekun qərar yuxarı instansiya məhkəməsində qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin aidiyyəti haqlı olaraq mübahisələndirilir və həll edilməlidir. Məhkəmə təqdim olunmuş vəsatətlə əlaqədar həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 62-ci maddəsi hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun olduğunu və şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilməməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət işinin materiallarından məlum olduğu kimi, Təqsirləndirilən şəxs ittiham 2019-cu ilin may ayında Türkiyə Respublikasında olarkən tanışı, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınması və ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməlini törətməklə əlaqədar verilmiş, cinayət əməli törədilərkən Babək özü Türkiyə Respublikasında olmuş, narkotik vasitələr onun ölkə ərazisindən kənarda verdiyi göstəriş əsasında cinayətdən xəbərsiz olan şəxs tərəfindən Azərbaycan Respublikasının ərazisinə keçirilmiş, cinayətin üstü Azərbaycanın Biləsuvar gömrüyündə açılsa da, əməliyyat tədbiri davam etdirilərək narkotik vasitələr müşayiət altında Bakı şəhərinə gətirilmiş və burada cinayətkar qrupun üzvü Şahid1 yaxalanmış, digər üzv olan Təqsirləndirilən şəxs ölkə ərazisindən kənarda olduğundan onun barəsində icraat dayandırılmış, Kamranın barəsində olan cinayət işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılaraq yekun qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 66 və 69-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında cinayət mühakimə icraatını həyata keçirən məhkəmələrdən biri də ağır cinayətlər məhkəmələridir. Ağır cinayətlər məhkəmələri birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə, habelə digər materiallara baxır. Hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 4 nömrəli, 14 noyabr 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Yasamal, Xocavənd və Laçın rayonları; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Hacıqabul, İmişli, Kürdəmir, Lerik, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Yardımlı rayonları və Şirvan şəhəridir. Cinayət-Prosessual Məcəllənin 74.2 və 74.3-cü maddələrində göstərilir ki, uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir:- uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer; cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Kommentariyasında göstərilir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Cinayət işlərinin ərazi üzrə məhkəmə aidiyyəti növ aidiyyəti və şəxslərə görə aidiyyət nəzərə alınmaqla tətbiq olunur. Bu zaman konkret cinayət işinin və ya cinayət təqibi ilə bağlı olan digər materialın əvvəlcə növ aidiyyəti və şəxslərə görə aidiyyət nəzərə alınmaqla hansı növ birinci instansiya məhkəməsinə (rayon (şəhər) məhkəmələrinə, hərbi məhkəmələrə, yaxud ağır və ya xüsusilə ağır cinayətlərə baxan məhkəmələrə) aid olduğu, daha sonra isə ərazi aidiyyətinə görə konkret hansı məhkəmədə baxılmalı olduğu müəyyən edilməlidir. Uzanan cinayətin törədildiyi yer onun başa çatdığı yer hesab olunsa da, davam edən cinayətin başa çatdığı yer cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer hesab olunur. Xaricdə törədilməsi ehtimal olunan cinayətlər üzrə cinayət işlərinin ərazi üzrə məhkəmə aidiyyəti ümumi qaydada müəyyən edilə bilməz, çünki, həmin cinayətin törədildiyi əraziyə Azərbaycan Respublikasının heç bir məhkəməsinin səlahiyyətləri şamil olunmur. Ona görə də belə cinayət üzrə cinayət işlərinə həmin cinayəti törətmiş təqsirləndirilən şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Cinayət-Prosessual Məcəllənin şərh edilən maddəsinə əsasən, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən birinci instansiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikasının cinayət qanunvericiliyi uzanan və davam edən cinayətlərin anlayışını vermir. Lakin qanunvericilik bu cinayətlərin mövcudluğunu tanıyır və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində həmin cinayətlərə istinad olunması heç də təsadüfi xarakter daşımır. Konstitusiya Məhkəməsinin Plenumu nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq qeyd edir ki, uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Məsələn, Cinayət Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq silahın saxlanması. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir:- bu cinayətlər iki və daha artıq müstəqil, yəni birbirindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur”. Cinayət-Prosessual Məcəllənin 74.4 və 74.8-ci maddələrində o da göstərilir ki, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, habelə eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5, 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli Qərarında göstərilir ki, qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip- ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur. Uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır. Əgər bir icraatda birləşdirilmiş müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə dair işlər eyni səviyyəli birinci instansiya məhkəmələrinə, məsələn hər biri ağır cinayətlər məhkəməsinə aiddirsə, məhkəmə aidiyyəti məsələsi Cinayət-Prosessual Məcəlləsinin 74.8-ci maddəsində təsbit edilmiş qaydaya müvafiq surətdə həll edilməli, yəni cinayət işinə məhkəməyədək icraatın başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Həmin maddəyə əsasən, eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, cinayətlər müxtəlif inzibati ərazi vahidlərində törədildikdə, cinayət işinə istintaqı aparılan cinayətlərin əksəriyyətinin və ya ən ağırının törədildiyi yer üzrə məhkəmə baxır. Qanunverici ibtidai araşdırma və məhkəmə icraatının məhz cinayətin törədildiyi yer üzrə həyata keçirilməsini müəyyən etməklə sübutların sürətli, tam şəkildə əldə olunması və yoxlanılmasını təmin etmək, nəticədə cinayət mühakimə icraatının vəzifələrinin icrasına nail olmaq məqsədini güdmüşdür. Beləliklə, Konstitusiya Məhkəməsi bəhs olunan qərarında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair işə cinayətə son qoyulduğu yerin yurisdiksiyasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır. Ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli madələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 5-ci bəndində qeyd olunur ki, narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyataxtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 75.1-ci maddəsi onu nəzərdə tutur ki, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxılır. Cinayət-Prosessual Məcəllənin 299.3.5-ci maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında müzakirə olunan məsələlərdən biri də, təqsirləndirilən şəxsin qətimkan tədbiri ilə bağlı olan məsələdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş həbs qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1694/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır və belə olan halda onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə sözü gedən qərarın olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin olunmalı və iş aidiyyatın müəyyənləşdirilməsi hissədə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 66, 69, 74, 75.1, 77, 193 və 299-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı məhkəməyə təqdim etdiyi vəsatət cinayət işinin materiallarına əlavə olunmaqla təmin edilsin. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1694/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarının olması nəzərə alınsın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Qərarın surətinin 3 (üç) gün müddətində cinayət prosesinin tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(099)-766/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-766/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver