Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-77/2022 07.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri Füzuli küçəsi döngə 5, ev 4-də qeydiyyatda olmaqla yaşayan, iş üzrə 21 iyul 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 6,320 qram psixotrop maddə metamfetamini və 401,19 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, həmin marixuananın 6,19 qramını üzərində daşımaqla saxlamış, 21 iyul 2021-ci il tarixdə saat 16:00-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, H.Əliyev prospektində saxlanaraq polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi - 6,19 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, 23 iyul 2021-ci il tarixdə saat 11 radələrində isə yaşadığı Şirvan şəhəri, Füzuli küçəsi döngə 5, ev 4-də yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən evə bitişik heyvan damında qanunsuz olaraq saxladığı 6 ədəd bükümdə ayı-ayrılıqda çəkiləri-0,977 qram, 1,083 qram, 0,975 qram, 1,075 qram, 1,050 qram, 1,160 qram- ümumi təmiz çəkisi-6,320 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd sellofan bağlamada 395 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. 28 sentyabr 2020-ci il tarixdə müharibəyə getmiş, 28 dekabr 2020-ci il tarixdə isə müharibədən qayıtmışdır. Cəbrayıl və Qubadlı rayonlarının azad olunmasında iştirak etmişdir. Müharibə vaxğı yerdən bir qutuda nəşə tapmışdır. Özü nəşə çəkən olmuşdur. «Patı» adlanan metamfetamindən də istifadə etmişdir. Polis əməkdaşları tərəfindən tutulan zaman onun üzərində bir papiros nəşə olmuşdur. Nəşə bir ədəd kibrit qutusunda olmuşdur. Həmin nəşə onun cibindən çıxmışdır. Tutulmasından on beş gün əvvəl onların heyvanları itmişdir. Onun qardaşı Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Şirvan şəhər polis şöbəsinin əməkdaşları onlardan şikayətlərini geri götürməyi tələb etmişlər. Lakin onlar şikayətlərini geri götürməmişlər. Ona görə də onları polis şöbəsinə çağırmışlar. Şikayətlərini geri götürmədiklərinə görə həbs edilmişdir. Saxlanılan zaman üzərində yalnız bir kibrit qutusunda nəşə olmuşdur. Metamfetamin və digər çəkidə qurudulmuş marixuana ona məxsus olmamışdır. Evindən aşkar olunmuş metamfetamini və marixuananı polis əməkdaşı Şamxal onun evinə qoymuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqındla tədqiq olunan ifadəsində göstərmişdir ki, arabir narkotik vasitələrdən istifadə etmişdir. 30 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunda döyüşərkən yerdən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana tapmış, həmin marixuanadan bir qədərini istifadə etmiş, qalan hissəsini isə kibrit qutusunda özündə saxlamışdır ki, sonradan istifadə edər. Müharibədən xx.xx.2020-ci il tarixdə qayıdarkən kibrit qutusunda olan qurudulmuş marixuananı da özü ilə gətirmiş və üzərində saxlamışdır. 21 iyul 2021-ci il tarixdə saat 16 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Avangard” avtoehtiyat hissələri mağazasının yaxınlığında olarkən polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən polis əməkdaşı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa, onları könüllü təqdim etməsini təklif etmişlər. O da, həmin vaxt əynində olan şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmiş, kibrit qutusu açılıb içərisinə baxıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. O, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Bundan başqa, 23 iyul 2021-ci il tarixdə onun, qardaşı Sabir Əliyevin, polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakları ilə yaşadığı Şirvan şəhəri, Füzuli küçəsi döngə 5, ev 4-də yerləşən fərdi yaşayış evinə bitişik heyvan saxlamaq üçün nəzərdə tutulmuş damdan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 6 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuş, həmin vaxt bu barədə protokol tərtib edilmiş, o, protokolun qeyd hissəsində həmin aşkar olunmuş kütlələrin ona məxsus olmadığını və onlardan xəbəri olmadığını bildirmiş və protokola imza etməkdən imtina etmiş, protokola digər şəxslər imza etmişlər. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi şahidlərin ifadələri, şəxsi axtarış, axtarış və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, Şahid2 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 iyul 2021-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə saat 16 radələrində Şirvan şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə dəvət olunmuş, narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuş və üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni yerdən taplığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs heyvanlarının oğurlanması barədə polis şöbəsində məlumat olmamış və Təqsirləndirilən şəxs heyvanlarının itməsi ilə bağlı ərizəsini geri götürməsini tələb etməmişlər. Təqsirləndirilən şəxs heç bir təsir, təzyiq göstərməmişlər. Şahid3 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsində cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili işlədiyi zaman, 23 iyul 2021-ci il tarixdə saat 11 radələrində narkotik vasitə saxlamaqda şübhəli olani Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Fizulu küçəsi döngə 5, ev 4-də axtarış aparılmasında iştirak etmişdir. Baxış zamanı fərdi yaşayış evinə bitişik heyvan damından bir ədəd sellofan torbada 6 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümlər və 1 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüşdür. O, Təqsirləndirilən şəxs evinə narkotik vasitə qomamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında isə onun iştirakı olmamışdır. Təqsirləndirilən şəxs heyvanlarının itməsi ilə bağlı polis şöbəsində heç bir məlumat olmamış və onlar Təqsirləndirilən şəxs heyvanlarının itməsi ilə bağlı şikayətindən imtina etməsini tələb etməmişlər. Ona heç bir təzyiq göstərməmişlər. Məhkəmədə şahid kimi dindirilən polis əməkdaşı Şahid4 da Şahid3lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid6 məhkəmədə göstərdi ki, 23 iyul 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Fizulu küçəsi döngə 5, ev 4-də yerləşən fərdi yaşayış evində axtarış aparılmasında hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı fərdi yaşayış evinə bitişik heyvan damından bir ədəd sellofan torbada 6 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümlər və 1 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus heyvan damına narkotik vasitə qoymamışlar. Cinayət işi materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə haqqında 21 iyul 2021-ci il tarixli protokoldan və axtarış zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd, göy rəngli parça şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Axtarış aparılması haqqında 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Füzuli küçəsi döngə 5, ev 4-də yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən evə bitişik heyvan damında qanunsuz olaraq saxladığı 6 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və 1 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 22 iyul 2021-ci il tarixli, 18/763 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,619 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Kompleks materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının 23 iyul 2021-ci il tarixli, 18/773-774 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılarkən götürülmüş 01 ədəd polietilen torbada təmiz çəkisi - 395 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, 06 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,977 qram, 1,083 qram, 0,975 qram, 1,075 qram, 1,050 qram, 1,160 qram-ümumi təmiz çəkisi-6,320 qram olan ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş marixuana ilə üzərindən aşkar edilmiş marixuana eyni tərkiblidirlər. Məhkəmə-psixiatrik ekspertizasının 20 avqust 2021-ci il tarixli, 1868 nörməli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının, 21 oktyabr 2021-ci il tarixli, 4070 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Əli Bayramlı rayon məhkəməsinin hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə edilmişdir, cərimə cəzasını tam ödəmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla «Cəbrayılın azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilmişdir. İş üzrə ekspertiza tədqiqatından sonra qalmış 401,13 qram qurudulmuş marixuana və 6,020 qram psixotrop maddə metamfetamin 04 noyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Şirvan şəhər Polis Şöbəsinə saxlanca verilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan matemfetamini və 401,19 qram qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs yalnız bir ədəd kibrit qutusunda üzərində aşkar olunmuş marixuananın ona məxsus olması, evində aşkar olunmuş metamfetaminin və qurudulmuş marixuananın polis əməkdaşı Şamxal tərəfindən qoyulması, heyvanlarının itməsi barədə qardaşı tərəfindən edilmiş şikayəti geri götürməməsi səbəbindən polis əməkdaşlarının onu saxlamaları barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddələsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan şəhər polis şöbəsində saxlanılan 401,13 qram qurudulmuş marixuana və 6,020 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 95 manat 85 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 401,13 qram qurudulmuş marixuana və 6,020 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertizaxərci 95 manat 85 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-77/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-77/2022
07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver