Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-775/2023 20.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi- Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Yardımlı rayonu, Ünəç kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Yardımlı şəhəri, Ünəç küçəsi ev 89-da qeydiyyatda olmaqla yaşamış, 23 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yardımlı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 4(038)-15/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən külli miqdarda-25,636 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıyaraq, 23 iyun 2023-cü il tarixdə saat 12:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu, Abasallı kəndi ərazisində saxlanılaraq Yardımlı Rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin tarixdə saat 13:50 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə həmin külli miqdarda-25,636 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, 23 iyun 2023-cü il tarixdə yaşadığı kəndin ərazisində heyvanlarını otaran zaman 5-6 nəfər polis əməkdaşı onu saxlayaraq Yardımlı RPŞ-nə aparmışlar. Həmin vaxtı saat 7-8 radələri olmuşdur. RPŞ-də Aqşin adlı və digər adlarını bilmədiyi polis əməkdaşları onun üzərinə narkotik vasitə qoyaraq götürməsini bildirmişlər, onu döymüşlər və ailə üzvülərini RPŞ-nə gətirməklə, yaşadığı evdən 6 kq narkotik vasitə heroin çıxarmaqla hədələmişlər. Heç vaxt narkotik vasitə görməmiş, polislərin təzyiqləri nəticəsində üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Kasıb ailədir, ailə üzvlərinin dolanışığı çətindir, polis əməkdaşları onu şərləyərək tutmuşlar. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, polis əməkdaşlarının hansı səbəbdən onu saxlamalarını bilməmişdir. RPŞ-də saxlanılan zaman tək olmamış, RPŞ-də digər adamları da saxlamışlar. Həmin saxlanılan şəxsləri sonradan RPŞ-dən buraxmışlar. RPŞ-də saxlanılan zaman adını bilmədiyi polis əməkdaşı ona «sənin də 50000-60000 manatın olsa idi sən də buraxılardın demişdir». Polis əməkdaşları əllərini arxadan bağlayaraq onu yerə yıxıb döymüşlər, 2-3 saat ayağının altına dubinka ilə vurmuşlar. Döyülməsi nəticəsində bədəni üzərində heç bir xəsarət yaranmamışdır. RPŞ-də saxlanılan zaman qulağı ağrımış və polis əməkdaşları tərəfindən qulağına dərman qoymuşlar. Döyülməsi barədə Yardımlı rayon prokurorluğuna şifahi şəkildə demiş, lakin araşdırma aparılıb-aparılmamasını bilməmişdir. Aqşin adlı polis əməkdaşını tanımışdır, çünki yaxını olan bir nəfər əvvəllər polis əməkdaşları tərəfindən saxlanılan zaman Aqşinə 5000 manat pul aparmış, həmin pulu polis şöbəsində Aqşinə vermiş və Aqşini birinci dəfə orada görmüşdür. Heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Aqşin adlı polis əməkdaşı ilə ədavəti düşmənçiliyi olmamışdır. Saxlanılan zaman heyvanlarını otarmışdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi ilə razı olmamış, heç vaxt narkotik vasitədən istifadə etmədiyi halda məcburi müalicəyə ehtiyacının olması əsassız olaraq yazılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman etirafedici izahat verməsinin səbəbi də polislərin onu hədələməsi olmuşdur. RPŞ-də onu məhkəmə-tibb eksperti müayinə etmiş, lakin bədəni üzərində xəsarət olmamışdır. Onun üzərində şəxsi axtarış istintaq hərəkəti Lənkəran şəhərində keçirilmişdir. Polislər tərəfindən saxlanılan zaman Yardımlı RPŞ-nə aparılmış, orada neçə saat qalmasını xatırlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində telefon olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəə gətirilən vaxt artıq üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə heroin qoyulmuşdu, çünki polis əməkdaşları tərəfindən Yardımlı RPŞ-də döyülmüş və hədələnmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənə gəldikdən sonra üzərində şəxsi axtarış aparılmış, o da polislərin sözü ilə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş narkotik vasitə heroini çıxararaq təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. Müstəntiqə Yardımlı RPŞ-də ifadə vermiş, ifadə verən zaman yanında müdafiəçisi olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatdadır, lakin Yardımlı rayonu, Abasallı kəndində müvəqqəti yaşayır, mal-qara saxlamaqla məşğul olur. Əvvəllər məhkum olunmamışdır. Təxminən iki aydır ki, narkotik maddə qəbul edir. Tutulmamışdan iki-üç gün əvvəl rayonun Abasallı kəndi ərazisinə yerləşən el arasında «Bərəncü» adlanan sahədə şəxsi təsərrüfatında olan heyvanları otararkən yerdən 1 ədəd sellofan büküm tapmışdır. Həmin bükümə baxdıqda içərisində narkotik maddə olan heroin olmasını görmüşdür. Həmin narkotik maddəni istifadə etmək üçün əynindəki şalvarının cibinə qoymuş, sonradan narkotik maddədən bir dəfə də istifadə etmişdir. 23 iyun 2023-cü il tarixdə təxminən saat 12-00 radələrində Yardımlı rayonu, Abasallı kəndi ərazisində heyvanları örüş sahəsində otaran zaman mülki formada tanımadığı şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməkdaşları kimi təqdim etmişlər və ona «siz narkotik vasitələrin dövriyyəsində şübhəlisiniz, ona görə də sizi Yardımlı RPŞ-nə dəvət edirik» demişlər. O, da etiraz etməmiş və onlarla birlikdə Yardımlı RPŞ-nə gəlmişdir. Polis şöbəsində otaqların birində müdafiəçinin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunmuş bükümün içərisindəki maddənin nə olduğunu soruşduqda «narkotik maddə heroindir», təxminən 2-3 gün bundan əvvəl gündüz vaxtı təxminən saat 9-10 radələrində Yardımlı rayonu ərazisində «Bərəncü» deyilən sahədə heyvanları otaran zaman yerdən tapdığını, özü qəbul etmək məqsədi ilə üzərində saxladığını, bir-iki dəfə də həmin narkotik vasitədən istifadə etdiyini demişdir. Sonra üzərindən aşkar olunan narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisi 27,84 qram olmuşdur. Ondan aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o, da həmin protokola imza etmişdir. Bundan əlavə onun üzərində şəxsi axtarış aparılan zaman şalvarının sol yan cibindən «REDMİ» markalı mobil telefon, şalvarının arxa sağ cibindən isə qara rəngli dəri materialdan olan içərisində 134 manat pul, 1 ədəd VÖİN şəhadətnaməsi, üzərində telefon nömrəsi yazılmış kağız parçası, 1 ədəd «bir bank» plastik bank kartı və həkim vizit kartı olan pul kisəsi aşkar edilmişdir. 1-2 ay olar ki, narkotik vasitə heroin qəbul etdiyini, başqa narkotik vasitələr qəbul etmədiyini, satışı ilə məşğul olmadığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 (bir) ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinin ona məxsus olduğunu, «Bərəncü» deyilən ərazidə yerdən tapdığını, özü qəbul etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat və şübhəli şəxs qismində ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, aşkar olunmuş narkotik vasitə heroini yerdən tapmamış, polislər tərəfindən cibinə qoyulmuş, həmin narkotik vasitə heroin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı ailə üzvülərinin polis şöbəsinə gətirəcəkləri, yaşadığı evdən 6 kq narkotik vasitə çıxaracaqları ilə hədələr edildiyi, psixi zorakılığa məruz qaldığı üçün o, heroini yolda hərəkətdə olarkən yerdən taparaq cibinə qoyduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən-cibindən aşkar olunan narkotik vasitə heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunaraq döyüldüyünü, psixi zor tətbiq olunaraq ailəsi ilə hədələndiyini, heroinin polislər tərəfindən üzərinə qoyulduğu üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər hədələdikdən sonra bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Yardımlı şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddələr qəbul etməsi ilə əlaqədar ona əməliyyat məlumatları daxil olmuşdur. 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə X4 əməkdaşları Şahid2 və Şahid3 iştirakları ilə qrup yaradılmış və həmin gün saat 12:00 radələrində tədbir keçirilmişdir. Keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs Yardımlı rayonu, Abasallı kəndi ərazisində saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik maddələri qəbul etməsi üzərində gəzdirmədə şübhəli olması barədə məlumat vermişlər, onlarla Yardımlı RPŞ-nə getməli olduğunu və üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs RPŞ-nə getmək üçün heç bir etirazının olmadığını bildirmiş və birlikdə RPŞ-nə getmişlər. RPŞ-də otaqlardan birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 təhqiqatçısı, polis mayru Famil Həsənov, müdafiəçi İntiqam Hüseynovun iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefon, şalvarın arxa yan cibindən dəri materialından olan pul qabı və şalvarın qabaq sağ cibindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Pul kisəsinə baxdıqda içərisindən VÖEN şəhadətnaməsi, üzərində telefon nömrəsi olan kağız parçası, bir bank plastik kartı, həkim vizit kartı, pul əskinazları olmaqla cəmi 134 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sellofan bükümün nə olduğunu soruşduqda bildirmişdir ki, iki aydır narkotok vasitə kakos (heroin) qəbul etmiş, üzərindən aşkar olunan sellofan bükümdəki narkotik vasitə heroindir, 2-3 gün əvvəl Yardımlı rayonu, Abasallı kəndinə məxsus «Bərəncü» deyilən sahədə heyvanları otaran zaman yerdən tapmışdır. Bir dəfə həmin kakosdan istifadə etmiş, qalan hissəsini isə özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, həmin narkotik vasitədən heç kimə verməmiş, satmamışdır. Sellofan bükümdəki narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 27,84 qram olmuşdur. Aşkar olunan narkotik vasitə ağ zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Verilən suallara cavab olaraq Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs döyməmişlər, ona qarşı digər qanunsuz hərəkətlərə yol verməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını istintaq hərəkəti Yardımlı RPŞ-də aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman Aqşin adlı polis əməkdaşı orada iştırak etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini olduğu kimi təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməkdaşları Şahid2 və Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini olduğu kimi təsdiq etdiyini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 23 iyun 2023-cü il tarixdə saat 12:00 radələrində narkotik vasitələrin satışında şübhəli şəxs kimi Yardımlı rayonu, Abasallı kəndi ərazisində saxlanılaraq Yardımlı RPŞ-nə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə 25,636 qram çəkidə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülməsi faktı ilə bağlı 24 iyun 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır.(i.v.1-34) -23 iyun 2023-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.(i.v.3) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 23 iyun 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 20) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 23 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd CD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 1 ədəd «Redmi» markalı mobil telefon, şalvarın arxa sağ cibindən pul qabı, sağ yan cibindən aşkar edilmiş 1 ədəd sellofan büküm içərisindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 27,84 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayət və tələbi olmamış, törətdiyi əmələ görə peşman olmuşdur. (i.v. 29-31) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 24 iyun 2023-cü il tarixli, 19/681 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və və möhürləndi ...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi- 25,636 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir.(i.v. 44-47) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Yardımlı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 4(038)-15/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 66-67, 87-90) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 24 iyun 2023-cü il tarixli, 677 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.93-94) -«maddi sübut kimi tanınması haqqında» 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd «REDMİ» markalı mobil telefon maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-də məsul saxlanışa verilmişdir.(i.v. 125-126) -«maddi sübut kimi tanınması haqqında» 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, təmiz çəkisi 25,636 qr olan, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış çəkisi 25,536 qram qalan heroin maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-nin məsul saxlanışa verilmişdir.(i.v.128-129) -«ambulator məhkəmə-psixiatrik ekspertizası»nın 04 sentyabr 2023-cü il tarixli, 2524 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi dövrdə onda hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür.(i.v.151-153) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroini, iki-üç gün əvvəl Yardımlı rayonu, Abasallı kəndi ərazisinə yerləşən el arasında «Bərəncü» adlanan sahədə şəxsi təsərrüfatında olan heyvanları otararkən yerdən içərisində narkotik vasitə heroin olan 1 ədəd sellofan bükümü tapdığı yeri göstərməklə, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (i.v.156-157) -«sübutların qiymətləndirilməsi haqqında» 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilmiş görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk və "xxxx" MMC-nin 1 ədəd CD diski iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.160-169) -«sübutların qiymətləndirilməsi haqqında» 13 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək ona yenidən ittiham elan edilmişdir.(i.v.160-169) -«230840026 nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən həmin fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir.(i.v.171-172) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən-cibindən aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunaraq döyülməsi, psixi zor tətbiq olunaraq ailəsi ilə hədələnməsi məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş heroini yerdən taparaq cibinə qoyması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə hesab edilir. Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-25,636 qram çəkidə narkotik vasitə heroin əldə edib, əynindəki şalvarın sağ yan cibində saxlayaraq daşımış, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki və psixi zor tətbiq olunduğunu, ona hədə qorxu gəldiklərini, üzərindəncibindən çıxan narkotik vasitə heroinin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polis əməkdaşı tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polis əməkdaşları tərəfindən hədələnərək məcbur edildiyi üçün deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Yardımlı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 4(038)-15/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis şöbəsində hər hansı işgəncəyə və təzyiqə məruz qalmadığını, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Yardımlı rayon prokurorluğundan daxil olmuş 18 oktyabr 2023-cü il tarixli, 2-2/1- 030809/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklər Mübarizə İdarəsinin CBRŞ-nin əməkdaşları tərəfindən döyülməsi, işgəncələrə məruz qalması və hədələnməsi ilə bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 6557/2023 nömrəli «məhkumun tibbi kitabçasın»dan görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə verilmiş suaları inkar etmiş, deməsinə görə sağ bazunun aşağı sağ saidinin 1/3-də analizlə əlaqədar olaraq qançır əmələ gəldiyini bildirmiş, daxili orqanları ilə bağlı şikayəti olmamışdır. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin «şəxsi axtarış və götürmə aparılması barədə» 23 iyun 2023-cü il tarixli protokolda 27,84 qram qeyd edilməsi, «məhkəmə-kimyəvi ekspertizası»nın 24 iyun 2023cü il tarixli, 19/681 nömrəli rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin 25,636 qram müəyyən edilməsi ilə bağlı bildirir, «şəxsi axtarış və götürmə aparılması barədə» 23 iyun 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmış və iştirkaçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilmişdir. Məhkəməyədək icraatı aparan orqan tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin miqdarına hər hansı formada müdaxilə edilməsi müəyyən olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 116) -Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Yardımlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-ci il tarixli, 5-81-1/2-31-2023 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadi və iki yetkinlik yaşına çatmayan övladları-xx.xx.2006-cı il təvəllüdlü Elcan Abbaszadə, xx.xx.2007-ci il təvəllüdlü Könül Abbaszadə ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.146-147) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən), cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Mətləb Qarayev Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 iyun 2023-cü il tarixdən hesablanmalı və Yardımlı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 4(038)-15/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın 24 iyun 2023-cü il tarixli, 677 nömrəli rəyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 25,536 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «REDMİ» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» istintaq hərəkəti icra edilən zamanı çəkilmiş videoçəklişi özündə əks etdiriən 1 (bir) ədəd DVD disk və "xxxx" MMCdən daxil olmuş 1 (bir) ədəd CD disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 23 iyun 2023-cü il tarixdən hesablansın. Yardımlı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 4(038)-15/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 25,536 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd «REDMİ» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» istintaq hərəkəti icra edilən zamanı çəkilmiş videoçəklişi özündə əks etdiriən 1 (bir) ədəd DVD disk və "xxxx" MMCdən daxil olmuş 1 (bir) ədəd CD disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-775/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-775/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver