Məhkəmə qərarları › İş №1(099)-78/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-78/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-78/2023 18.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci vağzal küçəsi, ev 15- də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 03 avqust 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1150,862 qram çəkidə narkotik vasitə heroini və 400,0 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq özündə saxlamış, 02 avqust 2022-ci ildə, saat 10:50 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 7-ci tağımının YPXA-nın əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Hacıqabul rayonunun Nəvahı kəndində yerləşən 720 saylı postda saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən yuxarıda göstərilən çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxusus «Kia Rio» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək hazırkı ifadəsində göstərmişdir ki, 02 avqust 2022-ci ildə gecə saat 02-03 radələrində idarə etdiyi «Kia Rio» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıdan Mingəçevir şəhərinə yola düşmüş, səhər tezdən Hacıqabul rayonunun Nəvahı kəndində yerləşən DYP-nin postunda yol polisi əməkdaşları tərəfindən saxlanılmış, posta dəvət edilərək otaqlardan birində üzərində şəxsi axtarış keçirilərkən ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşulmuş, o da üzərində 960 manat pul və 10 ABŞ dolları, eləcə də 60 qram çəkidə, 1 ədəd sellofan bükümdə heroin, həmçinin 1 ədəd elektron tərəzi olduğunu bildirib onları polis əməkdaşına təqdim edərək öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin avtomobildə hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Səhər saatlarında Hacıqabul rayon polis şöbəsinə aparılaraq orada yenidən üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilindən 2 ədəd sellofan torbada narkotik vasitə heroin və 1 ədəd sellofan torbada psixotrop maddə metamfetamin, eləcə də 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, sonra protokol tərtib olunaraq orada iştirak edən şəxslər, o cümlədən onun tərəfindən imzalanmışdır. Avtomobilindən aşkar edilərək götürülmüş heroin və metamfetamin ona məxsus olmamış, onlar polis əməkdaşı tərəfindən avtomobilə qoyulmuş, izahat və ifadələrinə polis əməkdaşlarının təzyiqi nəticəsində imza etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 02 avqust 2022-ci ildə gecə saat 02-03 radələrində idarə etdiyi «Kia Rio» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıdan Mingəçevir şəhərinə gedərkən Hacıqabul rayonunun Nəvahı kəndində yerləşən DYP-nin postunda yol polisi əməkdaşları onun avtomobilini saxlayaraq ona yaxınlaşıb üzərində və avtomobilində narkotik vasitə olması şübhəsi olduğunu bildirib onu Hacıqabul rayon polis şöbəsinə gətirmiş, sonra müdafiəçinin iştirakı ilə videoşəkiliş aparılmaqla üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilindən 2 ədəd sellofan torbada narkotik vasitə heroin və 1 ədəd sellofan torbada psixotrop maddə metamfetamin, eləcə də 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, sonra protokol tərtib olunaraq orada iştirak edən şəxslər, o cümlədən onun tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Hacıqabul rayon PŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəmədəyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 02 avqust 2022-ci ildə səhər saatlarında işdə olarkən ona Bakı şəhər sakini Təqsirləndirilən şəxs üstündə və idarə etdiyi «Kia Rio» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən DİN-nin, BDYPnin YPXA-nın 7-ci tağımının 720 saylı YPX-nin baş inspektoru Şahid2 və polis nəfəri Pərviz Əzəmidən ibarət əməliyyat müşahidə qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin günü saat 10:50 dəqiqədə Hacıqabul rayonunun Nəvahı kəndində olan 720 saylı DYP-nin stasionar postunda «Kia Rio» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi müşahidə olunduğundan saxlanılıb rayon polis şöbəsinə aparılmış, orada müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının qabaq sağ cibindən 960 (doqquz yüz altımış) manat pulu və 1 ədəd 10 (on) ABŞ dollarını çıxarıb onlara təqdim etmiş, sonra sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobildən 2 ədəd sellofan torbada narkotik vasitə heroin və 1 ədəd sellofan torbada psixotrop maddə metamfetamin, eləcə də 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, sonra şəxsi axtarış və baxışla bağlı protokol tərtib olunaraq orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz olunmadan imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 02 avqust 2022ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq vət. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman şalvarının qabaq sol cibindən 3 ədəd 100 manatlıq pul əskinazları, 16 ədəd 20 manatlıq pul əskinazları, 19 ədəd 10 manatlıq, 29 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinazları olmaqla, cəmisi 960 (doqquz yuz altmış) manat və 1 ədəd 10 ABŞ dolları aşkar edilmiş, videoçəkilişi özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı avtomobilin bardaçokunda 1 ədəd sellofana bükümün içərsindən narkotik vasitə olan heroinə oxşar maddə,01 ədəd elektron tərəzi, avtomobilin yük yerində,ehtiyyat təkər olan yerdən bir ədəd elektron tərəzi və 02 ədəd sellofan torba, onlardan birinin içərsində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüş, həmin videoçəkilişi özündə əks etdirən bir ədəd disk iş materialların əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2022-ci il tarixli 18/818 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobildən » sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd şəffaf politelin torbada təmiz çəkisi- 1090,0qram, 01 ədəd qara rəngli politelin bükümün içərsindəki 01 ədəd şəffaf politelin bükümdə təmiz çəkisi 60,862 qram, ümumi çəkisi-1150,862 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd politelin torbada təmiz çəkisi-400.0 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 5425 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtyiacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-texniki ekspertizasının 05 noyabr 2022-ci il tarixli 10/5221 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş hər-iki elektron tərəzinin tədqiqatı aparılmış və hər iki tərəzinin düzgün işlədiyi müəyyən edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 02 avqust 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Hacıqabul rayon məhkəməsinin 03 avqust 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 02 avqust 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 29 aprel 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixli hökmlə təyin olunmuş cəzanın çəkilmə müddəti xx.xx.2022-ci ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu 30 aprel 2024-cü ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 02 avqust 2022-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci vağzal küçəsi, ev 15-də qeydiyyatda olmaqla himayəsində arvadı və 2 (iki) azyaşlı uşaqları ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, məhkəməyədək icraat zamanı təqsirini etiraf etməsini, himayəsində heç bir yerdə işləməyən xəstə arvadı və azyaşlı uşaqlarından birinin xəstə olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkiləri 1150,762 qram narkotik vasitə heroin, 399,90 qram psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılan zaman üzərində şəxsi axtarış keçirilərkən ondan aşkar edilərək götürülmüş 960 AZN pulun və 10 ABŞ dollarının anası X2 qaytarılması nəzərə alınmalı, istintaq hərəkətini əks etdirən DVD disklər isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 133 (yüz otuz üç) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 avqust 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkiləri 1150,762 qram narkotik vasitə heroin, 399,90 qram psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılan zaman üzərində şəxsi axtarış keçirilərkən ondan aşkar edilərək götürülmüş 960 AZN pulun və 10 ABŞ dollarının anası X2 qaytarılması nəzərə alınsın, istintaq hərəkətini əks etdirən DVD disklər hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 133 (yüz otuz üç) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar