Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-782/2023 23.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Əhmədov Vüqar ikram oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1984-cü ildə Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 306.1-ci maddəsi ilə 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında dövlət mülkiyyətində aid olan Kürdəmir rayonu Topalhəsənli kəndi ərazisindən keçən “Bəhrəm” su arxının kənarında yerləşən torpaq sahəsində külli miqdarda - 18 (on səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, dövlət mülkiyyətində aid olan Kürdəmir rayonu Topalhəsənli kəndi ərazisindən keçən “Bəhrəm” su arxının kənarında yerləşən torpaq sahəsinə keçirilən baxış zamanı, kolların arasından 18 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 3200.0 qram çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Narkotik tərkibli çətənə bitkilərinin toxumlarını tanımadığı şəxsdən almış və 2023-cü ilin təxminən aprel ayında yaşadığı Kürdəmir rayonu ərazisində mal-qara otardığı yerdə su arxının kənarında torpağa əkmiş və həmin toxumlar bitmişdir. Lakin o, həmin bitkilərə qulluq etməmiş, bitkilər özü böyümüşdür. 10 iyun 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı kəndin icra nümayəndəsi onu çağırmış və həmin vaxt da polis əməkdaşları ona yaxınlaşıb narkotik tərkibli bitkiləri əkib-əkmədiyini soruşmuş, o, isə polis əməkdaşlarına narkotik əkdiyini bildirmiş və həmin kolların yerini polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları onun göstərdiyi yerdən 18 ədəd narkotik kolu çıxararaq qablaşdırmışlar. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, həmin bitkiləri də şəxsi istifadə etməsi üçün narkotik əldə etmək məqsədi ilə əkmişdir. Lakin həmin bitkilərə mütəmadi qulluq göstərməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. O, 18 ədəd narkotik bitkisi əkmiş, əvvəllər isə belə bir iş tutmamışdır. İbtidai istintaq zamanı özünün əkdiyi narkotik vasitələrin həmkəndlisi Asəf Həsənov tərəfindən əkildiyini desə də bunu məsuliyyətdən yayınmaq, eləcə də Asəflə arasında ədavət olduğu üçün demişdir. Narkotik tərkibli bitkiləri şəxsi istifadəsi məqsədi ilə özü əkmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, İİİ qrup əlil olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı da şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə demək olar ki eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2023cü il tarixdə Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, saxlaması, qəbul etməsi və narkotik bitkilərin əkib becərilməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra, bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə etmiş, sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş və xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs saxlanılıb ondan narkotik vasitə əkib əkmədiyi soruşulmuş, həmin zaman Adil narkotik tərkibli bitkilər əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini demiş, sonra Adil çətənə kollarını əkdiyi yeri göstərib kolların arası ilə gedərək Kürdəmir rayonu Topalhəsənli kəndi ərazisinə çöl sahəsinə gəlmiş, orada su arxının kolluq olan tərəfinə keçib kolların arasından balaca bir talaya keçib 18 ədəd torpaqda olan çətənə bitkilərinə bənzər bitkiləri göstərmiş, həmin bitkilər müstəntiq tərəfindən torpaqdan çıxarılmış, aqronom baxışı zamanı həmin bitkilərin çətənə bitkiləri olduğu, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanıb dibləri boşaldıldığı müəyyən edilmişdir. Həmin bitkilər müstəntiq tərəfindən qablaşdırılmış, sonra Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə gətirilmiş, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmağa başlanılmış, lakin üzərində heç bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı həmin bitkiləri Şahid4 tərəfindən əkildiyini bildirsə də sonradan Adil sonuncu ilə ədavəti olduğu üçün belə dediyini, həmin bitkiləri şəxsən özü əkdiyini və qulluq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 və PPXB-nin polis nəfəri X4 Məmmədovla eyni məzmunda ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, qəbul etməsi, eləcə də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsinə dair şübhələrin olması haqqında 10 iyun 2023-cü il tarixli raport, sonuncunun yaşadığı kənd ərazisində yerləşən çöl sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş videogörüntülər iş üzrə Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yerləşən çöl sahəsinə baxış keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 3-4; 7-8;21-23) - “baxış keçirilməsi və götürmə aparılması” haqqında 10 iyun 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin protokoluna əlavə olunmuş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:05-də Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Topalhəsənli kənd ərazisində “Bəhrəm” su arxının kənarında 18 ədəd torpağa əkilmiş çətənə kolları aşkar olunmuşdur (i.v. 21-23) - 10 iyun 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində olan 18 ədəd bitki çətənə bitkilərinə oxşar bitkilərdir. Həmin çətənə bitkilərinin dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. (i.v. 24) - “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 27) - “şəxsi axtarış və götürmə keçirilməsi” haqqında 10 iyun 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin protokoluna əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya və narkotik vasitələr aşkar olunmamışdır. (i.v. 47-49) - məhkəmə bioloji ekspertizasının 11 iyun 2023-cü il tarixli 18/620 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: ‘‘...Təqsirləndirilən şəxs əkib becərdiyi...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamada cəmi 18 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 3200,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (i.v. 53-56) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 63-64) - Kürdəmir rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 4(041)-73/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 iyun 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 79- 84) - “maddi sübut kimi tanıma haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, 10 iyun 2023-cü il tarixli protokolla götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 3199,5 qram olan 18 ədəd çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 98) - “mobil telefona baxış keçirilməsi haqqında” 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung J3” markalı mobil telefona baxış keçirlmiş, telefonun “Qaleriya” yazısı olan hissəsində Adil Mursaliyevin çətənə kolu ilə fotoşəkil çəkdirməsi müəyyən edilmişdir. (i.v. 119-120) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 sentyabr 2023-cü il tarixli 1546 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olduğundan narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i.v.162) İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilsə də əkdiyi narkotik vasitələrə qulluq etmədiyini göstərmiş və onun bu ifadəsini də məhkəmə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil kimi qiymətləndirir və bu dəlillə bağlı məhkəmə tərkibi qeyd edir ki, Adil Mürsəliyev ibtidai istintaq zamanı verdiyi ifadələrində aşkar olunmuş 18 ədəd narkotik tərkibli çətənə bitkilərinə mütəmadi olaraq qulluq etdiyini bildirmişdir. Onun qeyd edilən formada ifadə verməsini məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də təsdiq etmişdir. Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş 10 iyun 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi Kürdəmir rayonu Topalhəsənli kəndi ərazisində olan 18 ədəd bitki çətənə bitkilərinə oxşar bitkilərdir. Həmin çətənə bitkilərinin dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. Buna görə də məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsinin qeyd edilən hissəsini sübut kimi qəbul etmir və hesab edir ki, Adir Mursalıyev belə bir ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdmüşdür və onun dedikləri hər hansı sübut növü ilə təsdiq edilmir, əksinə cinayət işi materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə tam təkzib edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31) hissə) başlayır. Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yerləşən çöl sahəsində aqrotexniki qaydada qulluq edilmiş çətənə növlü bitkilərin aşkar edilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş videoçəkiliş, ekspertiza rəyi və digər istintaq hərəkəti protokolları və sübutlarla tam təsdiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində (çətənə kollarına qulluq etmədiyini bildirməsi halı istisna olmaqla) bildirdiklərini ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinə materiallarına uyğun olduğundan və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyindən iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs etriafedici ifadəsi, şahid qismində dindirilmiş üçün çağırılmış Şahid1, Şahid2 və Şahid3 ifadələri, “baxış keçirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli protokol, ona əlavə edilmiş videoçəkiliş materialları, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, məhkəmə biloji ekspertizasının 11 iyun 2023-cü il tarixli, 18/620 saylı və məcburi narkolji tibbi yoxlamanın 15 sentyabr 2022-ci il tarixli, 1546 saylı rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2012-cü il tarixl hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-cü və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Baki şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci tərixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilərək 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına və 4000 manat cərmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunub. Bundan əlavə Təqsirləndirilən şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-cüil tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-cü maddəsi ilə təqsirləndirilərək, 02 il 06 ay azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, xx.xx.2021-cü il tarixdə Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli məclisin xx.xx.2021-cü il tarixli “Amnistiya“ qərarının 5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırlması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v 104-107) Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar cinayətin residivini yaratmadığına görə Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2011 və xx.xx.2014-cü il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. (i.v. 117-118) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 59-cu maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə mənfi xasiyyətləndirilməsindən və əvvəllər məhkum olunmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki nəfər azyaşlı uşağının olmasından (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halın olduğunu və CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 10 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi-narkoloji yoxlamanın 15 sentyabr 2023-cü il tarixli, 1546 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3199,5 qram olan 18 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 10 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3199,5 qram çəkidə olan 18 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-nin Maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Samsung J3” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yerləşən çöl sahəsinə baxış və üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-782/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-782/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver