Məhkəmə qərarları › İş №1(099)-784/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-784/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-784/2023 27.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1989-cu ildə Zəngilan rayonu Şayıflı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, F.X.Xoysk küçəsi, ev 10, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 5123,252 qram kustar üsualla hazırlanmış narkotik vasitə heroini əldə edib, 5120 qramını daşımaqla yaşadığı Şirvan şəhəri X3 küçəsi ev 10, mənzil 22-də, 3,252 qramını isə üzərində saxlamaqla daşımış, 16 may 2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, yaşadığı Şirvan şəhəri X3 küçəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 17-də üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə 3,252 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, bundan sonra saat 19:50-də yaşadığı mənzilə baxış keçirilərkən yataq otağındakı çarpayının yan tərəfində olan dolabın üçüncü siyirməsinin alt hissəsindən bir ədəd qara rəngli sellofan paketin içərisində olan beş ədəd üzəri yapışqan lentlə bağlanmış, qara rəngli torbanın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1010,0 qram, 1040,0 qram, 1025,0 qram, 1040,0 qram, 1005,0 qram olmaqla, ümumi çəkisi 5120 qram olan, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və üzərində narkotik vasitə izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şirvan şəhərində F.X.Xokski küçəsində yaşayır. Narkotik vasitələrlə məşğul olmur. Şirvan şəhər polis şöbəsinin əməliyyatçıları Namaz və İsmayıl ona narkotik vasitələri satmağı təklif etmişlər. Lakn onldarın təklifi ilə razılaşmamışdır. Həbs olunmasından 10-15 gün əvvəl Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzinə müraciət edərək polis əməkdaşları Namazın və İsmayılın ona narkotik vasitələri satmasını təklif etmələri barədə məlumat vermişdir. Bununla əlaqədar olaraq Şirvan şəhər polis şöbəsinin təhqiqatçısı tərəfindən onun izahatı alınmışdır. 16 may 2023-cü il tarixdə gecə saat 24 radələrində anasına məxsus Şirvan şəhərində yerləşən evdə təklikdə yatdığı zaman polis işçiləri Namaz və İsmayıl anasının evinə gələrək qapını döymüşlər. O, qapını açanda Namaz və İsmayıl evə daxil olmuşlar. Onu döymüşlər, İrana gedib-gəldiyini demişlər, evi tamamilə axtarmışlar, lakin qanunsuz bir əşya tapmamışlar. Onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsi rəisinin müavini onu qəbul etmişdir. Rəis müavini ona demişdir ki, Namaza tapşırmışdır, üzərinə üç qram narkotik vasitə qoyaraq onu istifadəçi kimi məsuliyyətə verəcəklər. Namaz ona «kokos» iylətmişdir ki, qanından narkotik çıxsın ki, istifadəçi kimi məsuliyyətə cəlb olunsun. O da məcbur olub polis işçiləri ilə razılaşmışdır. Sonra onu yaşadığı evə aparmışlar. Evin qapısını açarla onun özü açmışdır. Evdə daxil olmuşlar. Evində axtarış aparılan zaman 5 kiloqram heroin aşkar olunmuşdur. Lakin həmin heroin ona məxsus olmamışdır. Onun evinin açarının biri jekdə olmuşdur. Polis işçiləri onun evinin açarını jekdən götürərək onun evinə narkotik vasitəni qoymuşlar. O, təqsirsizdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, təxminən 12 ildir ki, narkotik vasitədən istifadə edir. 2023-cü ilin aprel ayının sonlarında tanımadığı mobil nömrədən “Whatsap” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj gəlmişdir. Mesajda fars dilində bir söz yazılmışdır. Bundan sonra həmin sosial şəbəkə vasitəsilə həmin nömrədən ona zəng gəlmiş, cavab verdikdə həmin şəxs adının Ramin olmasını, azərbaycanlı olmasını, lakin İran İslam Respublikasında yaşamasını söyləyib onunla tanış olmaq istədiyini bildirmişdir. O isə onu tanımadığı demişdir. Raminə Şirvan şəhərində də yaşamasını demişdir. Ramin adlı şəxslə 3-4 gün danışdıqdan sonra ona iş təklifi etmişdir. O, Ramindən nə iş olmasını soruşduqda Ramin ona Azərbaycan Respublikası əraizisində narkotik vasitə qoyduracağı yerin ünvanını və fotoşəkilini çəkib ona göndərəcəyini, onun da həmin narkotik vasitəni götürüb sonra onun söyləyəcəyi yerə qoyacağını, həmin işin qarşılığında onun bank kartına pul köçürəcəyini söyləmişdir. O isə Ramin adlı şəxsin təklifi ilə razılaşmamışdır. Ramin adlı şəxs onun əvvəllər qeyri-rəsmi olaraq yaşadığı Xəyalla birgə olan çılpaq fotoşəkillərini ona göndərib, həmin işə razılşamayacağı təqdirdə həmin fotoşəkilləri sosial şəbəkələrdə paylaşacağını söyləmişdir. O isə həmin şəkillərin köhnə olmasını söyləyib yenə də onun iş təklifi ilə razılaşmamışdır. Bundan sonra həmin şəxs 3-4 gün müddətində onunla sosial şəbəkə vasitəsilə görüntülü danışdığı zaman çılpaq görüntülərini telefonun yaddaşına çəkərək köçürməsini söyləyib həmin video və fotoşəkilləri ona göndərmiş, ona həmin video və fotoşəkillərini sosial şəbəkələrdə paylayaşacağını bildirmişdir. Ona görə də məcbur olub, Raminin təklifi ilə razılaşmışdır. Bundan sonra Ramin ona İran İslam Respublikası ərazisinə gəlməsini demişdir. O razılaşmış, bundan sonra Ramin onun adına olan "xxxx" ASC-yə məxsus bank kartına 41 manat pul köçürmüş və Raminin ona izah etməsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gedib oradan Naxçıvan Muxtar Respublikasına gedən avtobusa bilet almış, həmin avtobusla yola düşmüş, Raminin ona söyləməsi ilə Biləsuvar rayonundan İran İslam Respublikası ərazisinə keçmiş, keçdikdən sonra Raminin deməsi ilə qara rəngli avtomobilə əyləşmiş və Raminin olmasını görmüşdür. Raminin yanında Əli adlı şəxs olmuşdur. Ramin onu Parsabad şəhərində yerləşən evinə aparmışdır. Raminlə getdiyi evdə 2 gecə qalmış, həmin müddət ərzində Ramin ona ya orada onunla yaşacağını, orada narkotik vasitələrin satışı ilə məşğul olacağını, ya da Azərbaycan Respublikası ərzisində ona təklif etdiyi qaydada narkotik vasitlərin çatdırılması ilə məşğul olacağını demişdir. O, Raminlə əvvəlcə razılaşmamışdır. Lakin Ramin onu döyərək və bədənini yandıranla yandırıb işgəncə verməyə başlamış, həmçinin ona onun çılpaq olan video və fotoşəkillərini sosial şəbəkələrdə paylaşacağını söyləmişdir. O da bu səbəbdən Azərbaycan Respublikas ərazisində onun söylədiyi qaydada narkotik vasitələrin çatdırılması kimi işləyəcəyinə razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Ramin onu Biləsuvar sərhəd keçid məntəqəsinə gətirmiş, o oradan Biləsuvar rayonuna keçib Şirvan şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə Ramin onunla əlaqə saxlayıb, xx.xx.2023-cü il tarixdə yaşadığı evdən *9900 nömrəyə zəng edərək Biləsuvar rayonu əraizisinə gedəcəyini bildirib taksi sifariş vermiş, təxminən saat 16 radələrində tanımadığı taksi sürücüsünün idarə etdiyi ağ rəngli xarici markalı avtomobillə Biləsuvar rayonuna getmişdir. Orada “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobildən enmişdir. Orada olduğu zaman Ramin adlı şəxsin əvvəlcədən ona bildirməsi ilə qırmızı rəngli “VAZ 21010” markalı avtomobil ona yaxınlaşmışdır. Həmin avtomobilin tanımadığı sürücüsü ilə narkotik vasitənin qoyulduğu yerə getmiş, həmin yerdən bir ədəd qara torbada olan beş ədəd bağlamada narkotik vasitəni və bir ədəd elektron tərəzini götürüb həmin avtomobillə yenidən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gəlmiş, oradan da Şirvan şəhərindən gəldiyi taksi sürücüsü ilə yaşadığı evə qayıtmışdırdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Şirvan şəhəri X3 küçəsində olduğu zaman polis işçiləri onu saxlamış, üzərində narkotik vasitə saxlamaqda və narkotik vasitədən istifadə etməkdə şübhəli olduğumu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində saat 17 radələrində üzərinə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarışa başlanmamış polis əməkdaşları ona üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya vardırsa, təqdim etməsini təklif etmişlər. O da üzərindəki yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış, başqa bir qanunsuz əşya aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə heroin polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 3,55 qram olmuşdur. Həmin maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra həmin tarixdə saat 19:30 radələrində polis əməkdaşları və vəkillə birlikdə Şirvan şəhəri X3 küçəsi, ev 10 saylı binanın qarşısına gəlmiş və sonra həmin binanın 6-cı mərtəbəsinə qalxaraq 22 saylı mənzilin qapısına yaxınlaşmış, saat 19:50-də yaşadığı həmin mənzilə polis əməkdaşlarının, vəkilin və onun iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşı ondan yaşadığı mənzildə də narkotik vasitələrin olubolmamasını soruşub, olduğu halda könüllü təqdim etməsini təklif etmişlər. O da yaşadığı evin yataq otağında olan çarpayının sağ tərəfindəki dolabın üçüncü siyirməsinin alt hissəsində gizlədib saxladığı bir ədəd qara rəngli torbanı götürüb polis əməkdaşlarına təqdim etmiş və həmin torbanın içərisində 5 ədəd bağlamanın olmasını, həmin bağlamaların içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin qara rəngli torbanın içərisinə baxıldıqda içərisindən 5 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli bağlamanın və bir ədəd elektron tərəzinin olması müəyyən edilmişdir. Həmin 5 ədəd bağlama polis əməkdaşları tərəfindən açılıb içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Həmin maddələr də qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şirvan şəhər polis şöbəsində Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 may 2023-cü il tarixdə Şirvan şəhəri, F.X.Xoyski küçəsi, bina 10, mənzil 22 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitə saxlaması, narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmaqla polis əməkdaşı Şahid2 ilə əməliyyat tədbirləri həyata keçirməklə həmin gün saat 16 radələrində Şirvan şəhəri, F.X.Xoyski küçəsində Lamiyəni saxlamış və polis şöbəsinə dəvət etmişlər. Onun üzərində polis baş serjantı Şahid3 tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış aparılarkən əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Lamiyə 01 ədəd sellofan bükülünün içərisində narkotik vasitə heroin olduğunu, heroini İran İslam Respublikasında tanış olduğu Ramin adlı şəxsin dediyi yerdən götürdüyünü və yaşadığı evə gətirdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin də onun bir hissəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçinin iştirakı ilə və video çəkilişlə zərfə qoyularaq qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında onun yaşadığı ünvan 1 ünvanda vəkilin iştirakı ilə baxış keçirilən zaman evin yataq otağındakı çarpayının yan tərəfində olan dolabın üçüncü siyirməsinin alt hissəsindən bir ədəd qara rəngli sellofan paketin içərisində olan beş ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli torbanın içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir göstərməmişlər. Onun üzərinə və yaşadığı mənzilə narkotik vasitə qoymamışlar. Təqsirləndirilən şəxs guya ona narkotik vasitə satmaqla məşğul olmasının təklif edilməsi, lakin Lamiyə həmin təkliflə razılaşmadığına görə onun üzərinə və yaşadığı mənzilə narkotik vasitənin onun tərəfindən qoyulması, yaşadığı mənzilin açarının bir surətinin mənzil istismar idarəsində olması, onun iştirakı olmadan yaşadığı mənzilin qapısının açılaraq oraya narkotik vasitə qoyulması və ona heroin iylətməsi barədə ifadəsi yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 və Şahid4 da Şahid1 eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 16 may 2023-cü il tarixdə polis şöbəsinə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını icra etmişdir. Videoçəkilişlə və vəkilin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı Lamiyənin əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülü və həmin sellofan bükülünün içərisində narkotik vasitə olan herionə bənzər kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Lamiyə həmin sellofan bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini İran İslam Respublikasında tanış olduğu Ramin adlı şəxsin dediyi yerdən götürdüyünü və yaşadığı evə gətirdiyini, narkotik vasitənin bir hissəsinin evində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərilməmişdir. Şəxsi axtrış və götürmə aparılmas haqqında 16 may 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılarkən o, üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, əynindəki şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində heroinəbənzər maddənin olması müəyyən edilmişdir. Onun üzərində əlavə olaraq bir ədəd açar, alışqan və mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixli ərizəsində polis əməkdaşları tərəfindən yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Mənzilə baxış keçirilməsi barədə 16 may 2023-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilin giriş qapısı Təqsirləndirilən şəxs olan açarla açılmaqla mənzilə daxil olduqda Təqsirləndirilən şəxs könüllü olaraq yataq otağındakı dolabda gizlətdiyi bir ədəd qara rəngli sellofan paketi təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sellofan torba açıldıqda içərisində 5 ədəd bağlamalarda narkotik vasitə heroinəbənzər maddələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkildikdə çəkisinin 5,655 kq olması müəyyən olunmuşdur. Materialların məhkəmə ekspertizasının 17 may 2023-cü il tarixli, 18/523 saylı rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,252 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 05 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1040 qram, 1025 qram, 1040 qram, 1005 qram-ümumi çəkisi 5120 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici və kimyəvi komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatı aparılması mümkün olmadığımdan onun miqdarı və digər maddələr ilə eyni tərkibli olub-olmadığımı müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ümumi çəkisi 5123,232 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi təkirb komponentlərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2969 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3498 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir, ittiham olunduğu əmələ münasibətdə anlaqlıdır, məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şivan şəhər mərkəzi xəstəxanasının 08 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə «Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu» diaqonzu ilə qeydiyyatdadır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs subaydır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinin əməliyyatçısıları Namaz və İsmayılın ona narkotik vasitələri satmağı təklif etmələri, lakn onldarın təklifləri ilə razılaşmaması, hətta həbs olunmasından 10-15 gyn əvvəl Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzinə müraciət edərək polis əməkdaşları Namazın və İsmayılın ona narkotik vasitələri satmasını təklif etmələri barədə məlumat verməsi, bununla əlaqədar olaraq Şirvan şəhər polis şöbəsində araşdırma aparılması, 16 may 2023-cü il tarixdə gecə saat 24 radələrində anasına məxsus Şirvan şəhərində yerləşən evdə təklikdə yatdığı zaman polis işçiləri Namaz və İsmayılın həmin evə gələrək onu döymələri, onu polis şöbəsinə aradıqdan sonra polis əməkdaşı Namazın müayinə zamanı onda narkomaniya xəstəliyinin aşkar olunması məqsədi ilə ona «kokos» iylətməsi, cibinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması, evində axtarış aparılan zaman aşkar olunmuş 5 kiloqram heroinin ona məxsus olmaması, onun evinin açarının bir surətinin mənzil istismarı idarəsində olması, polis işçilərinin onun evinin açarını mənzil istismarı idarəsindən götürərək onun evinə narkotik vasitəni qoymaları barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi barədə protokoldan və videoçəkilişdən görünür ki, mənzilin qapısı Təqsirləndirilən şəxs özündə olan açarla açılır. Onun mənzilin açarının bir surətinin mənzil istismar idarəsində saxlanılması, polis işçilərinin həmin açarla mənzilinin qapısını açaraq mənzilə narkotik vasitələri qoyması barədə ifadəsi qeyri-obyektiv ifadədir. Bütün mənzillərin açarlarının mənzil istismar idarəsində saxlanılması, vətəndaşın iştirakı olmadan mənzil istismar idarəsində olan açarla hər hansı şəxsin qapını açıb mənzilə daxil olması mümkün deyildir. Həmçinin müəyyən edilir ki, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması üçün ona narkotik vasitə iylətməyə zərurət olmamışdır. Belə ki, yuxarıda qeyd edildiüi kimi, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi xəstəxanasında nakromaniya xəstəliyi iələ əlaqədar olaraq əvvəldən qeydiyyatda olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs polis işçiləri Namaz və İsmayılın onu narkotik satmağa məcbur etmələrini, bu barədə həbs olunmasından əvvəl Daxili İşlər Nazirliyinin «102» zəng mərkəzinə zəng etməklə məlumat verməsini, bununla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılmasını göstərsə də, məhkəmənin sorğusuna cavab olaraq Şirvan şəhər polis şöbəsindən daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin «102» xidməti zəng mərkəzinə zəng edərək qeyri-rəsmi yaşadığı Elmir adlı şəxsin onu döyməsi barədə, xx.xx.2023-cü il tarixdə isə «102» xidməti zəng mərkəzinə müraciət edərək Hüseyn adlı şəxsin ona məxsus fotoşəkilləri»Tik-tok» sosial şəbəkəsində paylaşaraq onu təhqir etməsi barədə məlumat vermişdir. Polis işçilərinin onu narkotik satmağa məcbur etmələri barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olduğundan ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilə bilməz, yaşayış yeri üzrə xəstəxanada, narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 1 ədəd elektron tərəzi, 3,152 qram və 5119,5 qram çəkilərdə narkotik vasitə heroin məhv edilməli, cinayət işinə əlavə edilmiş iki ədəd videodisklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 1 ədəd elektron tərəzi, 3,152 qram və 5119,5 qram çəkilərdə narkotik vasitə heroin məhv edilsin, cinayət işinə əlavə edilmiş iki ədəd videodisklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar