Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-785/2023 27.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Astara rayonu, Pəlikəş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2011-ci il tarixli, 1(089)-171/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 28, 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Astara rayonu, Pəlikəş kəndində qeydiyyatda olmaqla yaşamış, 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 4(018)-77/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-6,278 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən 06 iyul 2023-cü il tarixdə, saat 17:00-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Pəlikəş kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə külli miqdarda-6,278 qram olan narkotik vasitə heroin onun əynində olan ağ rəngli şalvarın sağ yan cibindən aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək demişdir ki, 2023-cü ilin fevral ayından yenidən narkotik vasitə istifadə etməyə başlamış, əsasən narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş və bəzən narkotik vasitə heroindən də istifadə etmişdir. Narkotik vasitə almaq üçün 05 iyul 2023-cü il tarixdə təxminən saat 13 radələrində Astara şəhərinə gedib, mərkəzi bazarda tanımadığı şəxsdən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini 100 manat almış, lakin aldığı heroindən istifadə etməmişdir. 07 iyul 2023-cü il tarixdə, saat 16:50-də yaşadığı evdən üzərində narkotik vasitə heroinlə çıxmış, yolda Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin əməkdaşları onu saxlamışlar və onu Astara RPŞ-yə gətirmişlər. Üzərində aparılan şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı narkotik vasitənin özünə məxsus olduğunu, Astara rayonunda tanımadığı şəxsdən 100 manata aldığını demişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.4, 28, 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 14 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroini 05 iyul 2023-cü il tarixdə, təxminən saat 13 radələrində, Astara rayonunda yerləşən mərkəzi bazarının arxa tərəfindən, tanımadığı şəxsdən 100 manata öz istifadəsi üçün almış, əvvəllər həmin şəxsdən heç vaxt narkotik vasitə heroin almamış, ilk dəfə həmin şəxsdən narkotik vasitə heroin almışdır. Polis əməkdaşları onu döyməmişlər, heç bir fiziki və pisixi təsirlərə məruz qalmamışdır. Barəsində olan cinayət işinə tez baxıb yekunlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları, oğlunun həbsi ilə onu təhdid etdiklərindən üzərinə qoyulmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu demişdir. Astara rayonu ərazisində baş vermiş qətil hadisəsi ilə əlaqədar oğlu həbs olunduğundan düzgün ifadə vermək istəmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin əməliyyatçısı Xəyal Abışov zəng vuraraq onu çağırmış, şöbəyə gəldikdən sonra narkotik vasitə heroin verərək üzərinə qoymasını bildirmiş, etiraz etdikdə polis əməkdaşları onu döymüşlər, Xəyal Abışov oğlunu da gətirərək üzərinə narkotik vasitə heroin qoyacağını bildirmişdir. Oğlunun da şərlənərək həbs olunacağından qorxduğu üçün üzərinə Xəyal Abışov tərəfindən qoyulmuş narkotik vasitəni qəbul etmiş, narkotik vasitə heroin şalvarının cibinə qoyulmuş, üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Saxlanılan zaman oğlu Türkiyyə Respublikasında olmuş, oğlu orada təhsil almış, o, həbs olunduğu üçün oğlu Azərbaycan Respublikasına qayıtmışdır. Xəyal Abışov tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinə çağrılan zaman qaynı həbs olunmuş, elə bilmişdir ki, qaynı ilə bağlı onu çağırırlar. Xəyal Abışov öz nömrəsi ilə zəng vuraraq onu çağırmışdır, həmin vaxtı qayınatasıgildə olmuş və ot daşımışdır. Qaynı bir gün əvvəl 4 qram narkotik vasitə ilə tutulmuşdur, qaynının həbs olunmağının ona heç bir aidiyyəti olmamışdır. Üzərinə narkotik vasitə Lənkəran rayonunda Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin inzibati binasında qoyulmuş, üzərində şəxsi axtarış isə Astara RPŞ-də aparılmışdır. Astara rayonu, Pəlikəş kəndində yaşamışdır. Şahid2 yalan ifadə vermiş, onların işlədikləri idarəyə öz ayağı ilə getmişdir. Çağırış əsasında «Qazel» markalı avtomobillə Lənkəran şəhərinə gəlmiş, təxminən 12:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinə çatmışdır və həmin vaxtı tək olmuşdur. Ona gələn zəngin telefon nömrəsi yadında qalmamışdır. Xəyal Abışov birinci dəfə ona 5 iyul 2023-cü il tarixdə axşam tərəfi zəng etmiş, 6 iyul 2023-cü il tarixdə də bir neçə dəfə zəng vuraraq taksi tutub gəlməsini demişdir. Gələn zaman yol boyu kameralara düşmüşdür. Heyvan saxlamaqla məşğul olmuş, daimi işi olmamışdır. Yaşadığı ev yoxdur, meşədə kuma şəklində tikdiyi evdə yaşayır. Astara rayonu, Pəlikəş kəndində atasına məxsus ev var, özünün daimi yaşamaq üçün evi yoxdur. Şahid kimi dindirilən Şahid3 həbs edilməmişdən iki ay əvvəl yolda durarkən ona səbəbsiz yerə bir sillə vurmuşdur. Xəyal Abışov ona telefon və nömrə alıb vermişdir. Nömrəsi ***-***-**-**-dır, Xəyal Abışov həmin telefon nömrəsinə zəng etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Qeyd etmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 19 oktyabr 2019-cu il tarixdə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etməmiş, 2023-cü ilin fevral ayından narkotik vasitə istifadə etməyə başlamış, əsasən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş və bəzən narkotik vasitə olan heroindən də istifadə etmişdir. 05 iyul 2023cü il tarixdə səhər yuxudan oyandıqdan sonra heroin istifadə etmək istəmiş, lakin istifadəsi üçün heroin olmamışdır. Buna görə də narkotik vasitə almaq qərarına gəlmiş və evdən 150 manat pul götürüb yaşadığı evi tərk etmişdir. Təxminən saat 13 radələrində Astara şəhərinə çatmış, Astara rayon mərkəzi bazarında narkomana oxşayan bir nəfərə yaxınlaşmış, məqsədi həmin şəxsdən narkotik vasitə olan heroin almaq olmuşdur. Həmin şəxslə bir qədər söhbət edib narkoman olduğunu, narkotik vasitə almaq üçün Astara şəhərinə gəldiyini demiş, ilk öncə həmin şəxs narkotik vasitəsinin olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını desə də, həmin şəxsi inandırmışdır ki, ona hər hansı problem yaratmaq fikri yoxdur və sadəcə olaraq narkotik vasitə alıb, istifadə etmək istəyir. Həmin şəxs ona inanmış və yarım saat gözləyəcəyi təqdirdə onun üçün heroin gətirə biləcəyini demişdir. Həmin şəxs ondan hansı məbləğdə narkotik vasitə istədiyini soruşmuş və həmin şəxsə 100 manat məbləğində heroin istədiyini demiş, həmin şəxs razılaşıb ondan uzaqlaşaraq getmişdir. Bazarın ətrafında, kənar bir yerdə gözləməyə başlamış və təxminən 15 dəqiqə keçdikdən sonra həmin şəxs yaxınlaşıb, 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini ona vermiş, o da həmin şəxsə 100 manat pul verib evinə getmiş, lakin həmin gün aldığı heroindən istifadə etməmişdir. 07 iyul 2023-cü il tarixdə, saat 16:50-də yaşadığı evi tərk etmiş, evi tərk edərkən narkotik vasitə olan heroin üzərində olmuşdur. Yolda piyada hərəkətdə olan zaman yanında avtomobil dayanmış, avtomobildən düşən mülki geyimli şəxslər dərhal ona yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona bildirmiş, bundan sonra polislər avtomobilləri ilə onu Astara RPŞ-nə gətirmişlər. Şöbəyə daxil olduqda ilk olaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış başlanan zaman üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunmuş, təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin təqdim etdiyi 01 ədəd bükümdə heroindən başqa üzərindən hər hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 8 qram olması müəyyən edilmişdir. Daha sonra 1 ədəd zərfin üzərində qeydlər aparılmış, müdafiəçi ilə birlikdə zərfin üzərində imzalarını çəkmişlər. Daha sonra təqdim etdiyi və elektron tərəzidə çəkilmiş büküm həmin zərfdə qablaşdırılmış və zərf möhürlənmişdir. Sonra onunla şifahi sorğu aparılmış, şifahi sorğu zamanı narkotik vasitənin özünə məxsus olduğunu, Astara rayonunda tanımadığı şəxsdən 100 manata aldığını demişdir. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ona ucadan oxunmuş, müdafiəçisi ilə və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroini 05 iyul 2023-cü il tarixdə, təxminən saat 13 radələrində, Astara rayon mərkəzi bazarının arxa tərəfindən, tanımadığı şəxsdən 100 manata istifadəsi üçün almış, əvvəllər həmin şəxsdən heç vaxt narkotik vasitə almamış, ilk dəfə həmin şəxsdən narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs ilkin izahatında və şübhəli şəxs qismində verdiyi ifadəsində də törətdiyi cinayət əməlini tam şəkildə etiraf etmiş, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını, onu hədələyən olmadığını bildirmiş, heç kimdən şikayət və tələbinin olmadığını demişdir. Astara Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 4(018)-77/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən bildirmişdir ki, ona verilmiş ittiham üzrə narkotik vasitələr ona məxsus olmuş, narkotik vasitələri satmaq məqsədi olmamış və uzun müddətdir ki, narkotik vasitədən istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi əlavə ifadəsini təsdiq etdiyini demiş və əlavə ifadəsində bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin əməliyyatçısı Xəyal Abışov zəng vuraraq onu çağırmış, şöbəyə gəldikdən sonra ona narkotik vasitə heroin verərək üzərinə qoymasını bildirmiş, etiraz etdikdə polis əməkdaşları onu döymüşlər, Xəyal Abışov oğlunu da gətirərək üzərinə narkotik vasitə heroin qoyacağını bildirmiş, oğlunun da şərlənərək həbs olunacağından qorxduğu üçün üzərinə Xəyal Abışov tərəfindən qoyulmuş narkotik vasitəni qəbul etmiş, narkotik vasitə heroin şalvarının cibinə qoyulmuş, üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə heroin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən döyüldüyü və oğlunun həbs edilməsi ilə hədələndiyi, psixi zorakılığa məruz qaldığı üçün o, üzərindən aşkar edilmiş bükümü iki gün əvvəl Astara rayonu ərazisində tanımadığı şəxsdən 100 (yüz) manat pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmiş və tərtib edilmiş istintaq sənədlərini imzalamışdır. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi əlavə ifadəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin əməliyyatçısı Xəyal Abışovun zəng vuraraq onu çağırması, şöbəyə gəldikdən sonra narkotik vasitə heroin verərək üzərinə qoyması, etiraz etdikdə polis əməkdaşlarının onu döyməsi, Xəyal Abışov oğlunu da gətirərək üzərinə narkotik vasitə heroin qoyacağını bildirməsi, oğlunun da şərlənərək həbs olunacağından qorxduğu üçün üzərinə Xəyal Abışov tərəfindən qoyulmuş narkotik vasitəni qəbul etməsi, narkotik vasitə heroinin şalvarının cibinə qoyulması, üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroini çıxararaq təqdim etməsi, həmin narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döyüldüyü və oğlunun həbs edilməsi ilə hədələndiyi, psixi zorakılığa məruz qaldığı üçün etirafedici ifadə verdiyini deməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X10 ifadəsində bildirmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 06 iyul 2023-cü il tarixdə Astara rayonu, Pəlikəş kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə kifayət qədər qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra daxil olmuş məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq, şöbə rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə DİN-in BNMİ-nin Cənub Bölgəsində şöbənin polis əməkdaşları Şahid2 və Şahid3 iştirak edirmişlər. Şöbə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir müddət sonra saat 17 radələrində Təqsirləndirilən şəxs Astara rayonun Pəlikəş kəndində yaşadığı evin yaxınlığında küçədə piyada hərəkət etdiyini müşahidə etmişlər. Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, birlikdə Astara RPŞ-yə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə Astara RPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra DİN-nin BNMİ-nin təhqiqatçısı Anar Aslanov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, üzərində narkotik vasitə və ya psixotrop maddə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqda video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan süd rəngli şalvarının qabaq sağ yan cibindən 1 ədəd büküm çıxarıb, masa üzərinə qoyub bildirmişdir ki, bükümün içində narkotik vasitə heroin vardır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin bükümdən başqa hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Həmin bükümün içinə baxış zamanı müəyyən edilmişdir ki, bükümün içində açıq qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi içində narkotik vasitə heroinə bənzər kütlə olan büküm götürülərək, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, öz istifadəsi üçün əldə edib, üzərində daşıyaraq saxladığını, həmin kütləni 4 iyul 2023-cü il tarixdə Astara rayonu ərazisində tanımadığı şəxsdən 100 manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əldə etdiyi narkotik vasitədən də heç kimə satmadığını və vermədiyini bildirmişdir. Şəxsi axtarışın sonunda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuş və keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Verilmiş sualları cavablandıraraq şahid Xəyal Abışov bildirmişdir ki, Habilə zəng edib şöbəyə çağırmamış, Habil ilə bir-birlərini tanımışlar, Habil ilə münasibətləri olmuş, Habilin evində də olmuşdur. Habil ona çox köməklik etmişdir. Habil iş baxımından ona çox kömək edib məlumatlar vermiş, daha sonra Habilin özü haqqında məlumat daxil olmuş və ondan sonra Habili şöbəyə gətirmişlər. Habili Pəlikəş kəndində saxlamışlar. Habili 06 iyul 2023-cü il tarixdə günortadan sonra saxlamışlar. İşi ilə əlaqədar çox mobil nömrə işlətmiş, Habili saxlayan zaman hansı mobil nömrəni işlətməsi dəqiq xatirində deyildir. Hal-hazırda da istifadəsində 7-8 mobil nömrəsi vardır. Habil dağda, sərhəddə yaxın yerdə yaşayır, meşə sahəsinə mal-qara aparır, Habilin kənddə özünün evi yoxdur, həmin kənddə Habilin qayınatasının bir də atasının evi vardır. Habilin qayınatasının evində olmuşdur. Əvvəldə Habilin barəsində məlumat daxil olmuş, Habili bir dəfə də şöbəyə 3-4 il bundan qabaq gətirmişdir. Həmin vaxt üzərindən heç nə çıxmamış, ondan sonra münasibətləri yaxşı olmuş, Astara rayonunda görüşüb danışmışlar. Habil ilə telefonla əlaqə saxlamışlar, Habil də özü ona zəng vurmuşdur. Habil ilə hansı telefon nömrəsi ilə əlaqə saxlamağı yadında deyildir, Habilin 7-8 telefon nömrəsi olmuşdur. Telefonunu format etdiyi üçün nömrələr silinmişdir. Telefon nömrəsi ***-***-**-**-dir, həmin nömrədən başqa nömrəsi yoxdur. Habilə öz adına nömrə alıb vermiş, hətta Habilə telefon da alıb vermişdir. Həmin telefon nömrəsi ilə Habilin oğlu ilə də əlaqə saxlamışdır. Habilin oğlu Habil həbs olunduqdan sonradan tutulmuşdur. Habil saxlanılan zaman 3 nəfər əməliyyata getmişlər, onunla birlikdə Şahid2 və Şahid3 olmuşlar. Habili saxlamaq üçün gedən zaman hansı avtomobillə getmələrini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin əməliyyat müvəkkili Şahid2 ifadəsində şahid Xəyal Abışovun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamış, digər tədbirlər zamanı Təqsirləndirilən şəxs qohumları da saxlanılmışdır. Təqsirləndirilən şəxs Astara rayonu, Pəlikeş kəndində yaşadığı evin yanında yolunun üzərində saxlamışlar, konkret olaraq nəyin yanında saxladıqları yadında qalmamışdır. Bildiyinə görə əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrüyyəsi, üzərində saxlaması və daşıması barədə olmuşdur. Təqsirləndirilən şəxs əvvəllərdə tərəflərindən saxlanılmış və narkoitk vasitə istifadə etdiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında ondan əlavə Xəyal Abışov və Şahid3 iştirak etmişlər. Hazırda ***-***-**- ** telefon nömrəsindən istifadə edir, Təqsirləndirilən şəxs saxlanılan zaman həmin nömrəni istifadə edib-etməməsini xatirlamır. Təqsirləndirilən şəxs saxlanılan zaman təxminən saat 17 radələri olmuşdur. Astara rayonu, Pəlikeş kəndi Astara rayonundan uzaqda yerləşir, Lənkəran rayonunda olan iş yerlərindən həmin kəndə müxtəlif surət həddindən asılı olaraq müxtəlif saatlarda getmək olar. Onlar ərazilərdə olurlar, Xəyal daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra toplaşaraq əməliyyat məlumatını icra etmək üçün getmişlər. İşləri çox olduğundan konkert olaraq nə vaxt toplaşdıqlarını xatırlamamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı o, saxlanıldığı gün daxil olmuşdur. Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs saxlamaq üçün hansı avtomobillə getmələrini, həmin avtomobili kimin idarə etməsini, Təqsirləndirilən şəxs avtomobildə harada əyləşməsini xatırlamamışdır. Təqsirləndirilən şəxs onlara müqavimət götərməmiş, onu bir dəfəyə saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin polis nəfəri vəzifəsində işləyən Şahid3 ifadəsində bildirmişdir ki, 06 iyul 2023-cü il tarixdə Astara rayonu, Pəlikəş kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində X10 və Şahid2 ilə birlikdə iştirak etmişdir. 06 iyul 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 17 radələrində Təqsirləndirilən şəxs Astara rayonu, Pəlikəş kəndində yaşadığı evin yaxınlığında küçədə piyada hərəkət edən zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, birlikdə Astara RPŞ-yə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə Astara RPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtraış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd büküm çıxarıb, masa üzərinə qoyub bildirmişdir ki, bükümün içində kakos, yəni narkotik vasitə heroin vardır. Bükümün içində açıq qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi içində narkotik vasitə heroinə bənzər kütlə olan büküm götürülərək, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, öz istifadəsi üçün əldə edib, üzərində daşıyaraq saxladığını, həmin kütləni 4 iyul 2023-cü il tarixdə Astara rayonu ərazisində tanımadığı şəxsdən 100 manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əldə etdiyi narkotik vasitədən də heç kimə satmadığını və vermədiyini bildirmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlamaq üçün «Niva» markalı avtomobillə getmişlər, həmin vaxtı yanlarında əlavə bələdçi olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman üzərində səhv etmirsə ***-***-**-** telefon nömrəsi olmuşdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə, saat 17:00 radələrində Astara rayonu Pəlikəş kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilməsi, videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilən zamanı külli miqdarda- 6,278 qram narkotik vasitə heroinin aşkar edilib götürülməsi, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu, həmin kütləni iki gün əvvəl Astara rayonu ərazisindən tanımadığı şəxsdən, ona 100 (yüz) manat pul ödəməklə istifadə etmək məqsədi ilə əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını etiraf etməsi faktı əsasında BNMİ-nin CBRŞnin təhqiqat bölməsində toplanmış ilkin araşdırma materialları əsasında 07 iyul 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild 1, i.v. 1-46) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 06 iyul 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 11) -«şəxsi axtarış keçirilməsi haqqında» 06 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışın başlanıcığında Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edilməklə, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofanda narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masa üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin bükümdən başqa hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içində narkotik vasitə heroinə bənzər kütlə olan büküm götürülərək, elektron tərəzidə çəkilərək 8 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, öz istifadəsi üçün əldə edib, üzərində daşıyaraq saxladığını, həmin kütləni 2 gün əvvəl Astara rayonu ərazisində tanımadığı şəxsdən 100 manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əldə etdiyi narkotik vasitədən də heç kimə satmadığını və bağışlamadığını, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir.(i.v.25-27) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 07 iyul 2023-cü il tarixli 19/703 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə... » sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -6,278 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v. 42-45) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Astara Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 4(018)-77/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 65-66, 82-84) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 06 iyul 2023-cü il tarixli 702 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v. 133) -«məhkəmə-tibbi ekspertizası»nın 06 iyul 2023-cü il tarixli 653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v. 134-135) -Lənkəran Ağır Cinayətlər Məhkəməsnin 20 sentyabr 2011-ci il tarixli 1(089)- 171/2011 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.4, 28.206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.(i.v. 97-119) -Astara RPŞ-nin CAB-nin əməliyyat tapşırığına verilmiş 25 iyul 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini əldə etmə mənbəyinin müəyyən edilməməsi, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik vasitə heroini öz istifadəsi üçün əldə etməsi barədə məlumatın olması müəyyən edilmişdir. (i.v. 121). -Astara Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 5(018)-121/2023 nömrəli qərarı ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin baş əməliyyat müvəkkili polis moyoru X11 tərəfindən qəbul edilən «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 06 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.(i.v. 128-129) -Astara rayon X3 X7 şöbəsinin 28 iyul 2023-cü il tarixli, 3625 və 3626 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Xəstəxananın Poliklinika şöbəsinin ruhiəsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda durmur.(i.v. 130-131) -«Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuşdur.(i.v. 143-144) -«sübutların qiymətləndirilməsi haqqında» 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 6,178 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş, narkotik vasitə heroin Astara RPŞ-nin saxlancına təhvil verilmiş, 1 (bir) ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 164-172) -«cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaqa məlum olmayan şəxs barəsində hazırkı cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir.(i.v. 174-177) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zaman əlavə ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında verdiyi ilkin ifadəsi, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitə heroinin özünə məxsus olmasını, Astara rayonu ərazisində tanımadığı şəxsdən 100 (yüz) manat pul ödəməklə istifadə etmək məqsədi ilə alaraq üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbənin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X10, Şahid2 və Şahid3 da ifadələrində bir daha təsdiq etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən cibindən narkotik vasitə heroini çıxararaq təqdim etmiş, hər hansı etirazı olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-polis əməkdaşları tərəfindən döyüldüyü, oğlunun həbs olunması ilə hədələndiyi və psixi zor tətbiq olunduğu üçün həmin narkotik vasitələr barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altına alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təhlil edilən iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində və məhkəmə istintaqında verdiyi ilkin ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini, döyülmədiyini və hədə-qorxu gəlinmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu vaxtdan polis əməkdaşları tərəfindən döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması barədə hər hansı nəzarət orqanına şikayət etməmişdir. Hansıkı Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə hazırkı məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş X10, Şahid2 və Şahid3 ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə 06 iyul 2023-cü il tarixli protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə-fiziki kimyəvi ekspertizasının və ambulator məhkəmə ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 28.206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.(i.v. 95-96) -Astara rayon İcra Hakimiyyəti başçısının Pəlikəş kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli, 1298 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi arvadı, bir yetkinlik yaşına çatmış oğlu və iki yetkinlik yaşına çatmamış, xx.xx.2006-cı il təvəllüdlü- X8 və xx.xx.2008-ci il təvəllüdlü- X2 ibarətdir. Yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (i.v. 158-159). Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin külli miqdarda olmaqla 6,278 qram təşkil etməsini, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqlarının olmasını, ailə, maddi və sosial vəziyyətini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) nəzərə alaraq təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2011-ci il tarixli 1(089)-171/2011 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 206.4, 28.206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 14 aprel 2021-ci il tarixdə başa çatmış, cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayətləri törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə tərkibi hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 iyul 2023-cü il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 4(018)- 77/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 iyul 2023-cü il tarixli, 702 nömrəli rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi- 6,178 qram təşkil edən heroin narkotik vasitəsi höküm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materialarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin aparılmasının videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Astara Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 4(018)-77/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,178 qram təşkil edən heroin narkotik vasitəsi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış keçirilməsi haqqında» 06 iyul 2023-cü il tarixli istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-785/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-785/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver