Məhkəmə qərarları › İş №1(099)-785/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-785/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-785/2024 25.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1970-ci il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Bəcirəvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməklə əkib yetişdirmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda hazırlayıb, əldə edərək saxlamışdır.

2. Belə ki, o, 2024-cü ilin aprel ayının ortalarında yaşadığı İmişli rayonu, Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində istintaqla müəyyən olunmayan mənbədən qeyri-müəyyən sayda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya edərək, onlardan külli miqdarda 42 (qırx iki) ədədini əkilmiş vəziyyətdə torpaqda saxlamış, digər tərkibində narkotik aktivliyə malik komponentlər olan yetişmiş çətənə (kannabis) bitkilərinin gövdə və budaqlarından külli miqdarda 232 (iki yüz otuz iki) ədəd hissəsini qanunsuz olaraq toplayaraq, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq məqsədilə quruması üçün yaşadığı evin həyətindəki böyürtkən kollarının üstünə atmış, 22 avqust 2024-cü il tarixdə saat 15:31 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı İmişli rayonu, Bəcirəvan kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədən əkilib yetişdirilmiş vəziyyətdə 42 (qırx iki) ədəd, yəni külli miqdarda, yaş vəziyyətdə ümumi çəkisi 17000,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi, həyətdəki böyürtkən kollarının üstündən 232 (iki yüz otuz iki) ədəd, yəni külli miqdarda, quru halda ümumi çəkisi 6000,0 qram təşkil edən tərkibində narkotik aktivliyə malik komponentlər olan çətənə (kannabis) bitkisinin gövdə və budaqlardan ibarət hissələri və qurutmaqla qanunsuz olaraq kustar üsulla hazırlayaraq saxladığı 4385,0 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

İşin halları və dəlilləri:

3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən - Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə təqsirli, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2024-cü ilin aprel ayının ortalarında yaşadığı İmişli rayonu, Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qeyri-müəyyən sayda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əkib, aqrotexniki qaydada qulluq edib çətənə bitkiləri yetişdirmişdir. 2024-cü ilin avqust ayında polis əməkdaşları gələrək həmin bitkiləri aşkar etmişdir. Özü, 35 ildir qurudulmuş marixuana istifadə edir. Evində axtarış zamanı narkotik vasitə aşkar edilməmişdir, həmçinin o marixuana qurudub saxlamamışdır.

4. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, toxumların bir qismini ona məxsus pay torpaq sahəsinin kənarından, bir qismini isə çəkmək üçün aldığı marixuananın içində tapmışdır. Tapdığı toxumları öz həyətində, təxminən 2024-cü ilin aprel ayında əkmiş, əkən zaman 18-20 toxum olmuşdur. Narkotik vasitələri əkməsi barədə ailə üzvlərinin heç birinin məlumatı olmayıb. O, çətənə kollarının hamısını eyni vaxtda deyil, müxtəlif vaxtlarda əkmişdir. Onun əkdiyi ağacların bəziləri 1,5 – 2 metr hündürlüyündədir, yabanı halda özü çıxanlar isə balacadırlar. Öz əkdiyi ağacları bir yerə əkmiş, amma yabanı çıxanlar hərəsi bir tərəfdə çıxmışdır. Çətənə kollarını qurutmamışdır, sadəcə qırıb böyürtkən kolunun üzərinə atmışdır. Polis əməkdaşları həmin bitkiləri də kolların üzərindən götürüb, tərəzi vasitəsi ilə çəkərək qablaşdımışlar. Polis əməkdakları tərəfindən ona qarşı hər hansı fiziki güc və ya təsir edilməmiş, təzyiqlərə məruz qalmamışdır, ibtidai istintaq zamanı müdafiəçi ilə təmin olunmuşdur.

5. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

6. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində (ilkin şübhəli və təqsirləndirilən şəxs qismində) göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:30 radələrində o və ailə üzvləri yaşadıqları fərdi yaşayış evində olmuşlar. Bu vaxt onu çöldən çağırmışlar. O, evin darvazasının qarşısına çıxan zaman bir neçə mülki geyimdə olan şəxslərin dayandığını görmüş və onlar ona tərəf yaxınlaşıb özlərini təqdim edərək İmişli Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ona daxil olmuş məlumat əsasında yaşadığı evin həyətində narkotik tərkibli çətənə kollarının olmasına şübhə olmasını bildirib evin həyətyanı sahəsinə baxış keçirəcəklərini demişlər. Həmin vaxt polis əməkdaşlarının birinin əlində olan mobil telefon vasitəsilə videoçəkiliş edilərək aparılan bütün hərəkətlər qeydə almışdır. O, heç bir etiraz etməmiş və baxış keçirmələri üçün onları evin həyətinə dəvət etmişdir. Bundan sonra hamısı birlikdə evin arxasında yerləşən həyətyanı sahəyə baxış keçirən zaman polis əməkdaşları oradan narkotik tərkibli çətənə kolları aşkar etmişlər. Narkotik tərkibli çətənə kollarını əkdiyi yeri o özü polis əməkdaşlarına könüllü olaraq göstərmişdir. Belə ki, həmin vaxt oradan onun əkdiyi 42 ədəd çətənə kolları, eyni zamanda əvvəllər yararsız hesab edib çıxarıb həyətin sərhədini müəyyən edən koldan olan çəpərinin üstünə atdığı çətənə kollarından qurudulmuş halda olan 14 kiloqram kütlə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və müvafiq ekspertizaya təqdim edilməsi üçün qablaşdıralaraq götürülmüşdür. Yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarının toxumlarını bir il əvvəl ona və ailəsinə məxsus pay torpaq sahəsinə baxmaq üçün gedəndə yolun kənarında olan kibrit qutusunun içərisindən tapmışdır. O, təxminən 25 ildir ki, qurudulmuş marixuana istifadə edir. Buna görə də həmin kibrit qutusunun içərisində olan toxumların marixuanaya aid olan toxumlar olduğunu bilmiş, həmin toxumları 2024-cü ilin aprel ayında torpağa əkmişdir. Toxumlardan bitmiş 42 ədəd çətənə bitkisinə aqrotexniki qaydada özü qulluq etmişdir. Bundan əlavə, bir neçə dənə çətənə kolu bitmiş və o, həmin kolları yararsız hesab etdiyindən onları çıxarıb həyətlərinin kənarında yerləşən yabanı kolların üzərinə atmışdır. Aşkar olunmuş çətənə kollarına mütəmadi olaraq su verib diblərini belləmişdir. O, hazırda əməlindən çox peşmandır. Keçirilən əməliyyat tədbirləri zamanı polis əməkdaşları ona psixi və ya fiziki zor tədbir etməmiş, onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. O heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Yaşadığı evin həyətindən aşkar edilmiş çətənə kollarını şəxsi istifadəsi üçün əkmişdir. İstifadəsində bir telefon nömrəsi vardır və o da ***-***-**-** saylı mobil nömrədir. Bundan başqa, ona məxsus evin həyətində yerləşən böyürtkən kollarının üzərindən aşkar edilmiş çətənə hissələri olan 232 ədəd gövdə və budaqların olduğu çətənə kollarını o, əkməmişdir. Onlar yabanı halda bitmişdir. Yabanı halda bitdikdən sonra o, onlara aqrotexniki qaydada qulluq etməmişdir. Həmin kollar yabanı bitdiyindən və bundan başqa məhsul verməyəcəyini fikirləşdiyindən onları kökündən çıxarıb kolların üzərinə atmışdır. Aşkar edilmiş çətənə hissələri olan 232 ədəd gövdə və budaqların olduğu çətənə kollarını o, qurutmaq məqsədilə böyürtkən kollarının üzərinə atmamış, həmin bitkilərin yararsız olduğunu fikirləşdiyi üçün kolların üzərinə atmışdır. Təxminən bir il yarım bundan əvvəl ona və ailəsinə məxsus pay torpaq sahəsindən tapmış olduğu bir ədəd kibrit qutusunun içərisində təxminən 40-50 ədəd arası kannabis bitkisinin toxumu olmuşdur. O, tapmış olduğu kibrit qutusunun içərisində olan kannabis bitkisinin toxumlarını hamısını yaşadığı evin həyətinə əkmişdir. O, ilk dəfə idi ki, çətənə bitkisinin toxumlarını bu il, yəni 2024-cü ilin aprel ayında torpağa əkmiş, əvvəllər narkotik tərkibli çətənə bitkisinin toxumlarını torpağa əkməmişdir. Həmçinin istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə pay verməmişdir (cild 1, iş vərəqə 53-55, 68- 70, 122-125).

7. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, 35 ildir ki, qurudulmuş marixuana istifadə edir, əkdiyi çətənə bitkiləri 42 deyil, təxminən 20 ədəd olmuşdur, kolların üzərinə atılmış çətənə kollarını o özü atmış, lakin qurudmaq məqsədi ilə deyil, zibil qismində, həmin bitkilər yararsız olduğu üçün atmışdır. Çətənə bitkisinin əkilməsi və becərilməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır.

8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.

9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

10. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ-nin CAB-ın narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 avqust 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, qanunvericiliyə uyğun qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, qrupun üzvləri ilə birlikdə 22 avqust 2024-cü il tarixdə saat 15:30 radələrində İmişli rayonu, Bəcirəvan kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, Təqsirləndirilən şəxs özü narkotik vasitə əkdiyini etiraf etmiş, onların baxış keçirməsinə etiraz etməmiş, əkdiyi narkotik vasitələrin yerini onlara göstərmiş, aqronomun və təqsirləndirilən şəxsin özünün iştirakı ilə, həmçinin video görüntü qeydə alınmaqla həyətyanı sahəyə baxış keçirilmiş, təxminən boy hündürlüyündə olan 42 (qırx iki) ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək torpaqdan çıxarılmış, aqronom Rüstəm Quliyev çətənə (kannabis) bitkilərinə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu, sulandığını, tumunun təmizləndiyini və gübrə verildiyini bildirmişdir. Daha sonra, baxışın davamında bağın baş tərəfində, qurudulması üçün böyürtkən kollarının üzərinə sərilmiş qeyri-müəyyən sayda çətənə kolları aşkar edilmişdir. Aşkar edilmiş çətənə kolları topa formada evin qarşısında olan çardağın altına yığılaraq sayılmış, daha sonra ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılaraq, ağ kisələrə yığılmış, elektron tərəzi vasitəsi ilə çəkilmiş, toxunulmazlığının təmin edilməsi üçün kisələr tam bağlanmış və möhürlənmişdir. Sonra baxışın və götürülmənin aparılması barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şahid, narkotik vasitələr qablaşdırıldıqdan sonra elektron tərəzi vasitəsilə çəkilən zaman quru halda çətənə kollarının yığıldığı iki ədəd sintetik torbanın içərisində olan kütlə ilə birlikdə ayrı-ayrılıqda çəkilərinin 7.4 kq və 7.8 kq, yaş halda olan çətənə kollarının yığıldığı iki ədəd sintetik torbanın içərisində olan kütlə ilə birlikdə ayrı-ayrılıqda çəkilərinin 22,5 kq və 17,9 kq olmasını, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza X7 Bölməsinin rəyində aşkar edilmiş 42 ədəd yaş vəziyyətdə çətənə kollarının ümumi çəkisinin 17000,0 qram olması, bundan başqa çətənə (kannabis) bitkilərinə məxsus 232 ədəd gövdə və budaqların ümumi çəkisinin 6000,0 qram və bağlamaların içərisində açıq halda (dağılmış) vəziyyətdə olan qurudulmuş marixuananın ümumi çəkisinin 4385,0 qram olması barədə göstərmişdir ki, məhkəmə ekspertiza mərkəzinin istifadə etdiyi elektron tərəzilər daha dəqiq çəkir, həmçinin torpaqdan çıxarılan çətənə kollarının köklərində torpaq qırıntıları qalmışdır, bu səbəbdən çəkilərdə fərq yaranmışdır. Məhkəmə iclasında verilən suallara cavabında şahid bildirmişdir ki, tədbir keçirilən zaman Təqsirləndirilən şəxs aşkar edilmiş 42 ədəd yaş halda olan çətənə kollarına aqrotexniki qaydada qulluq etdiyini özü səmimi etiraf etmişdir. Bundan əlavə, o məqsədli şəkildə əvvəlcədən çıxartdığı çətənə bitkilərini quruması üçün böyürtkən kollarının üzərinə sərmişdir. Havalar isti keçdiyindən o, çətənə bitkilərini qurutmaq və istifadə etmək məqsədi güdmüşdür.

11. Məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid3 və Şahid4 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər.

12. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 əvvəllər İmişli RPŞ-nin CAB-ın narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində çalışsa da, hazırda o, daxili işlər orqanlarında xidmət etmir. Bu səbəbdən həmin şahidin ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid1 öz ifadəsində digər şahidlərlə oxşar məzmunlu ifadə verərək qeyd edilən xüsusatları təsdiq etmişdir (Cild 1, i.v. 130-134).

13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərara əsasən müəyyən olunur ki, ********* saylı cinayət işi başlanılmış və istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə İmişli RPŞ-nin İstintaq bölməsinə göndərilməsi qərara alınmışdır. (c İ, i.v 1)

15. İmişli Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi ilə məşğul olması bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4)

16. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə» 22 avqust 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsinə dair İmişli Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6)

17. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-dən tutulmuş hesab edilmişdir. (c İ, i.v 26-27)

18. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və videoçəkilişdən görünür ki, xx.xx.2024cü il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində İmişli RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilir, onun özünün iştirakı ilə çətənə bitkiləri torpaqdan çıxarılır, həmçinin böyürtkən kollarının üzərində olan qurudulmuş çətənə bitkiləri aşkar edilərək götürülür, onlar bir yerə yığılaraq sayılır, tərəzi vasitəsi ilə çəkiləri müəyyən edilir, daha sonra sentetik torbalara yığılaraq bağlanır, möhürlənir və protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalanır. (c İ, i.v 11-14)

19. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, İmişli rayonu Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin 22 avqust 2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitki olan 42 (qırx iki) ədəd çətənə (kannabis) koluna aqrotexniki qaydada qulluq edilmiş, yəni dibləri boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. (c İ, i.v 15)

20. “Şübhəli şəxsin tutulması haqqında” 30 mart 2023-cü il tarixli qərardan və bu barədə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25-27)

21. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Məhkəmə-bioloji ekspertizasının 23 avqust 2024-cü il tarixli, 3-16-16/2-18/752 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərlərindəki ağ kağızlarda: “...Təqsirləndirilən şəxs həyətinə...” sözləri yazılmış və imzalar olan 2 ədəd sintetik torbada cəmi 42 ədəd yaş vəziyyətdə ümumi çəkisi-17000,0 qram (17 kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir.

22. Tədqiqata təqdim olunmuş üzərlərindəki ağ kağızlarda: “...Təqsirləndirilən şəxs həyətinə...” sözləri yazılmış və imzalar olan 2 ədəd sintetik torba bağlamadakı: - cəmi 232 ədəd quru halda ümumi çəkisi – 6000,0 qram olan bitki hissələri tərkibində narkotik aktivliyə malik komponentlər vardır; - həmin bağlamaların içərisində açıq halda (dağılmış) ümumi çəkisi - 4385,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş 42 ədəd çətənə bitkiləri, cəmi 232 ədəd çətənə hissələri (gövdə və budaqlar) və marixuanalar tərkiblərinə görə eynidir. (c İ, i.v 42-44)

23. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 41)

24. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(036)-112/2024 nömrəli qərarından görünür ki, İmişli Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 22 avqust 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. (c İ, i.v 45-46)

25. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(036)-70/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 avqust 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 77-82)

26. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilərək götürülmüş ümumi çəkisi 17000, qram olan, ümumi sayı 42 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonrakı 16999,5 qram təmiz çəkisi (iki ədəd bağlamada, möhürlənmiş vəziyyətdə), ümumi çəkisi – 6000,0 qram olan ümumi sayı 232 ədəd quru halda bitki hissələri (gövdə və budaqlar) çətənə (kannabis) bitkilərinin hissələri ekspertiza tədqiqatından sonrakı 5999,25 qram təmiz çəkisi (iki ədəd bağlamada, möhürlənmiş vəziyyətdə), ümumi çəkisi - 4385,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 4384,9 qram bir ədəd bağlamada, möhürlənmiş vəziyyətdə cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İmişli RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (c İ, i.v 83-84)

27. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (c İ, i.v 93-94)

28. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “İmişli rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən 13 sentyabr 2024-cü il tarixdə alınmış 18-1-46/2-920/2024 nömrəli məktuba əsasən İmişli rayonu, Bəcirəvan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs İmişli RMX PHŞdə ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. (c İ, i.v 101)

29. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli İmişli RİHB-nin Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası, anası, arvadı, 2007-ci il təvəllüdlü qızından və 2008-ci il təvəllüdlü oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (c İ, i.v 102-104)

30. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, “ambulator məcburi-narkoloji ekspertiza” üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 6235 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 105-106)

31. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, 16 oktyabr 2024cü il tarixdə telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ZTE markalı mobil telefona baxış keçirilsə də, telefonun “adlar”, “mesajlar”, “zənglər” bölməsinə və “Whatsapp messenger” proqramına baxış keçirilərkən” narkotik vasitələrin alış və satışı barəsində iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumata rast gəlinməmişdir. (c İ, i.v 179)

32. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ZTE markalı mobil telefon Təqsirləndirilən şəxs arvadı X3 təhvil verilmişdir. (c İ, i.v 181)

Əməlin tövsifi və digər hüquqi məsələlər:

33. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

34. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

35. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

36. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

37. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

38. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.

39. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

40. CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

41. CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

42. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir.

43. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

45. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.

46. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: əkdiyi çətənə kollarının 42 ədəd deyil, 20 ədəd olması və narkotik vasitə olan marixuananı qurudub saxlamaması, böyürtkən kollarının üzərində aşkar edilən kolları zibil qismində atmasından ibarətdir.

47. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd etdikləri ilə bağlı bildirir ki, iş materiallarında olan izahat və ifadələrində, eləcə də baxış və götürmə istintaq hərəkətlərinin video-diskində təqsirləndirilən şəxs 42 ədəd çətənə (kannabis) bitkilərinin ona məxsus olduğunu bildirərək, etiraf edir. Həmçinin, cinayət işi materiallarında olan İmişli rayonu Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin 22 avqust 2024-cü il tarixli rəyinə əsasən 42 (qırx iki) ədəd çətənə (kannabis) koluna aqrotexniki qaydada qulluq edildiyi, yəni dibləri boşaldıldığı, suvarıldığı və becərilməsi üçün xüsusi qaydada qulluq edildiyi göstərilmişdir (c İ, i.v 15). Bu hal Təqsirləndirilən şəxs dediklərini təkzib edir və aşkar edilən 42 ədəd kolun yabanı deyil, məhz əkib-becərilməklə yetişdirildiyini sübut edir. Kimin tərəfindən yetişdirilməsi və qulluq edilməsi barədə mübahisə edilmir, çünki 42 ədəd bitki təqsirləndirilən şəxsin özünəməxsus həyətyanı sahəsində aşkar edilmişdir, özünün də bildirdiyi kimi, həmin bitkilərə (20 ədədə münasibətdə) yalnız özü qulluq etmişdir, ondan başqa bitkilərin əkilməsindən və becərilməsindən ailə üzvlərinin və ya digər şəxslərin məlumatı olmamış, həmin sahəyə heç kim daxil olmamışdır.

48. İkinci dəlil ilə bağlı məhkəmə qeyd edir ki, çətənə (kannabis) bitkilərinin böyürtkən kollarının üzərinə atılması və həmin kolların məhz Təqsirləndirilən şəxs tərəfindən atılması hazırki işin mübahisəsiz halıdır. Çünki, video-diskə baxış zamanı həmin çətənə (kannabis) bitkiləri polis əməkdaşları tərəfindən kolların üzərində aşkar edilir, bu zaman Təqsirləndirilən şəxs həmin kolları zibil qismində atdığını bildirir, dolayısı ilə çətənə (kannabis) bitkilərinin Təqsirləndirilən şəxs tərəfindən qırılması, kolların üstünə atılması onun özü tərəfindən etiraf edilir və bu hissədə hər hansı mübahisə yoxdur. Həmçinin, məhkəmə iclası zamanı da təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq, çətənə (kannabis) bitkilərinin böyürtkən kollarının üzərinə onun özü tərəfindən atıldığını bildirir, bu hissədə hər hansı mübahisə etmir. Yeganə mübahisə olunan hissə, Təqsirləndirilən şəxs həmin çətənə (kannabis) bitkilərini qurudmaq məqsədi ilə yoxsa zibil qismində torpaqdan çıxararaq ora atmasıdır. Bu mübahisəli hissə ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs özünün də bildirdiyi kimi onun 35 ildir ki, qurudulmuş marixuana çəkməsi, çətənə (kannabis) bitkilərinin məhz avqust ayında, havaların isti keçən vaxtında, qızmar günəşin altına atması (məsələn soyuq qış aylarında, yağmurlu və ya qarlı havalarda həmin bitkilərin qırılaraq kolların üstünə atılması bu nəticəyə gəlməyə imkan verməyə bilərdi), zibil adlandırmasına baxmayaraq, onu zibilliyə atmaması və ya yandırmaqla məhv etməməsi, onun marixuananı qurudmaq məqsədi olduğunu sübut edir, təqsirləndirilən şəxs Mehti Mehtyevin dediklərinin isə həqiqəti əks etdirmədiyini, onun bu ifadəsinin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda əkməsini, yetişdirməsini və onları (onların hissələrini) toplamaqla kultivasiya etməsini, həmçinin satış məqsədi olmadan narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi və saxlamasını sübuta yetirilmiş hesab edir.

49. Təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü qeyd edilən 2 mülahizə, yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur.

50. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-nin 234.1-1-ci və 237.2.3-cü maddəsində nəzərdə tutulan əməllər hər ikisi ağır cinayətdir.

51. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

52. CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

53. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

54. Qeyd olunan Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 21ci bəndində göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir.

56. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir.

57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə marixuana və 16 ədəddən artıq çətənə bitkisi külli miqdar təşkil edir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

58. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

59. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

60. Beləliklə, X2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 237.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur.

61. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri).

62. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir.

63. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur.

64. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 237.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.

65. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

66. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

67. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır.

68. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan ümumi çəkisi 17000, qram olan, ümumi sayı 42 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonrakı 16999,5 qram təmiz çəkisi (iki ədəd bağlamada, möhürlənmiş vəziyyətdə), ümumi çəkisi – 6000,0 qram olan ümumi sayı 232 ədəd quru halda bitki hissələri (gövdə və budaqlar) çətənə (kannabis) bitkilərinin hissələri ekspertiza tədqiqatından sonrakı 5999,25 qram təmiz çəkisi (iki ədəd bağlamada, möhürlənmiş vəziyyətdə), ümumi çəkisi - 4385,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 4384,9 qram bir ədəd bağlamada çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir.

69. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

70. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

71. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək, təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ümumi çəkisi 17000, qram olan, ümumi sayı 42 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonrakı 16999,5 qram təmiz çəkisi (iki ədəd bağlamada, möhürlənmiş vəziyyətdə), ümumi çəkisi – 6000,0 qram olan ümumi sayı 232 ədəd quru halda bitki hissələri (gövdə və budaqlar) çətənə (kannabis) bitkilərinin hissələri ekspertiza tədqiqatından sonrakı 5999,25 qram təmiz çəkisi (iki ədəd bağlamada, möhürlənmiş vəziyyətdə), ümumi çəkisi - 4385,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 4384,9 qram bir ədəd bağlamada çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci – 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 04 ədəd disk və 01 (bir) ədəd flash kart iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Neymət Məmmədov Cavanşir Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar