Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-789/2023 01.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X5 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1969-cu ildə Sabirabad rayonu ŞıxSalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının axırında Sabirabad rayonu Şıxsalahlı kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, yəni 24 ədədini yetişdirərək kultivasiya etmiş, 25 may 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən 24 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 1100,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o özündə olan çətənə bitkisinin toxumlarının 24 ədədini 2023-cü ilin mart ayında həyətyanı sahəsində əkmiş, onları öz istifadəsi üçün əkməklə mütəmadi olaraq həmin bitkilərə qulluq etmiş, onları satmaq fikri olmamışdır. 25 may 2023-cü il tarixdə evdə olduğu zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəyə və həyətdə olan yardımçı tikililərə baxış keçirməli olduqlarını demişlər. O etiraz etməmiş, sonra polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsində yerləşən bağçada əkmiş olduğu 24 ədəd çətənə bitkiləri aşkar edilmiş, çətənə bitkilərinin onun olduqlarını polis əməkdaşlarına bildirmişdir. O cəmi 24 ədəd çətənə bitkisi əkmiş, onların hər birinin fərqli hündürlükləri olmuş, əvvəllər çətənə bitkisi əkməmiş, əkdiyi ağaclar balaca sort ağaclar olmuşdur. O 1992-ci ildən qurudulmuş marixuana istifadə etmişdir, hal-hazırda isə istifadə etmir, müddətli hərbi xidmətdə olan oğlu 19 sentyabr antiterror əməliyyatları zamanı minaya düşmüşdür, həyat yoldaşı xəstədir, qızı texnikumda oxuyur, ailədə yeganə qazanc gətirən şəxsdir. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RİHB-nın Şıxsalahlı kəndi üzrə icra nümayəndəsi Şahid3 ifadəsində göstərmişdir ki, 25 may 2023-cü il tarixdə polis əməkdaşları ona zəng edərək Sabirabad rayonu Şıxsalahlı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə əkməsi barədə məlumat aldıqlarını, həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və baxış keçirilən zaman onun hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O razılıq vermiş və polislərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Ev sahibinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman evin həyətyanı sahəsindən 24 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin vaxt aqronom çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş çətənə bitkiləri torpaqdan çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Onun Təqsirləndirilən şəxs belə işlə məşğul olması barədə məlumatı olmamış, o, sakit insan olmuş, şifahi sorğu zamanı polis əməkdaşlarına 24 ədəd narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini etiraf etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RİHB-nın Şıxsalahlı kəndi üzrə icra nümayəndəsinin müavini Şahid4 ifadəsində göstərmişdir ki, 25 may 2023-cü il tarixdə polis əməkdaşları mənə zəng edərək Sabirabad rayonu Şıxsalahlı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə əkməsi barədə məlumat aldıqlarını, həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər və onu hal şahidi qismində iştirak etmək üçün oraya dəvət etmişlər. O razılıq vermiş və polis şöbəsinə getmişdir. Sonra polislərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Ev sahibi Təqsirləndirilən şəxs həyətdə olmuş, o, baxış keçirilməsinə etiraz etməmidir. Sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman evin həyətyanı sahəsindən 24 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş, aşkar olunmuş çətənə bitkiləri torpaqdan çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Keçirilən baxış zamanı Təqsirləndirilən şəxs heç bir narazılıq etməmiş, şifahi sorğu zamanı polis əməkdaşlarına 24 ədəd çətənə bitkilərinin ona məxsus olduğunu, onları öz istifadəsi üçün əkdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 25 may 2023-cü il tarixdə ona Sabirabad rayonu Şıxsalahlı kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə əməliyyat məlumatı daxil olmuş, odur ki, tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat qrupunun üzvləri, hal şahidləri və aqranomla Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs həyətdə olmuşdur. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə əkməsi barədə məlumat aldıqlarını bildirmiş, ona həyətinə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən ümumilikdə 24 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aqronom çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunmasıны bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri torpaqdan çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı 24 ədəd narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 26 may 2023-cü il tarixli, 18/552 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı cəmi 24 ədəd yaş vəziyyətdə, ümumi çəkisi – 1100,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranana asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş 25 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Sabirabad rayonu Şıxsalahlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, evin arxa sahəsində yerləşən bağçadan yaş vəziyyətdə ümumi çəkisi – 1100,0 qram olan 24 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Sabirabad RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinin toxumlarını haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs hər hansı cinayət əlaqəsinin olması yaxud hər hansı cinayətin törədilməsində iştirakı ilə bağlı əməliyyat marağı kəsb edən heç bir məlumat əldə olunmamışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 may 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-ə verilmiş tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının Şıxsalahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 25 oktyabr 2023-cü il tarixli, 6388 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin əsgəri X2 xx.xx.2023-cü il tarixdən hal-hazıradək Müdafiə Nazirliyinin Baş X3 bölməsində «Mina partlayış travması (xx.xx.2023). Sağ daban nahiyəsinin cırılmış-didilmiş yaraları, sağ said və İİ (ikinci) barmağın dorsal səthinin sıyrılmış yaraları, sağ daban sümüyünün açıq, çoxqəlpəli sınığına görə aparılmış yaraların birincilli-cərrahi işlənməsi və sınıq fraqmentlərinin k-teli ilə fiksasiyasından sonrakı vəziyyət» diaqnozu ilə stasionar müayinə və müalicədədir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlu Şəhriyar Ələkbərlinin müddətli həqiqi hərbi xidmətdə olarkən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatlarında iştirak edərək «Mina partlayış travması (xx.xx.2023). Sağ daban nahiyəsinin cırılmış-didilmiş yaraları, sağ said və İİ (ikinci) barmağın dorsal səthinin sıyrılmış yaraları, sağ daban sümüyünün açıq, çoxqəlpəli sınığına görə aparılmış yaraların birincilli-cərrahi işlənməsi və sınıq fraqmentlərinin k-teli ilə fiksasiyasından sonrakı vəziyyət» xəsarətləri ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yuxarıda göstərilənləri, cəzanı yüngülləşdirən halların məcmuyunu, həmçinin Təqsirləndirilən şəxs oğlu Şəhriyar Ələkbərlinin 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatlarında iştirak edərkən aldığı xəsarət nəticəsində hərəkət qabiliyyətini itirməsi ilə əlaqədar qayğıya ehtiyacının olmasını, bu qayğıda bir ailə başçısı kimi Təqsirləndirilən şəxs fiziki və mənəvi cəhətdən müstəsna roluna ehtiyacın olmasını, onun ailədə yeganə qazanc gətirən şəxs olmaqla, həyat yoldaşının da xəstə olmasını, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasının ailəsinin maddi durumuna və sosial rifahına mənfi təsir edəcəyini müstəsna hallar hesab edərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib ona ittiham olunduğu maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növünün, məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən üzərinə Sabirabad rayonu ərazisi hüdudlarını tərk etməmək, yaşadığı Sabirabad rayonu Şıxsalahlı kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası faktiki yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən aşkar olunmuş ümumilikdə 24 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 1100,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1099,5 qramının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutlduğu 2 (iki) gün müddət təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu ərazisi hüdudlarını tərk etməmək, yaşadığı Sabirabad rayonu Şıxsalahlı kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan cəmi 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınmaqla dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən aşkar olunmuş ümumilikdə 24 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 1100,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1099,5 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər
Məhkəmə qərarları › İş №1(099)-789/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-789/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver