Məhkəmə qərarları › İş №1(099)-79/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-79/2022

04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-79/2022 04.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Əliyev Əli Abdulla oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1970-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda tamah niyyəti, satış məqsədi ilə ümumi təmiz çəkisi 0.208 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitə heroini 22 aprel 2021-ci il tarixdə Kürdəmir şəhərində tanışı Şahid3 25 manat müqabilində satmış, həmin tarixdə saat 16 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid3 Kürdəmir rayonu, Karrar kəndində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən həmin 01 ədəd bükümdə təmiz çəkisi 0,208 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən 11 avqust 2021-ci il tarixdə məlum olmayan mənbədən 0,724 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,194 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 13 avqust 2021-ci il tarixdə saat 18 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri 20 yanvar küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki köynəyin sol döş cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,724 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,194 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, narkotikdən istifadə etməkdə özünü təqsirli bilir. 13 avqust 2021-ci il tarixdə gecə saat 4-5 radələrində Kürdəmir rayonunda evində yatarkən polis əməkdaşları yaşadığı evin hasarından həyətə daxil olub evə girmişlər və onu polis şöbəsinə aparmışlar. Şöbədə polislər onun cibinə 1 qram metamfetamin və 0,7 qram heroin qoymuşlar. Saxlanılarkən üzərində narkotik olmamışdır. Polislər tərəfindən ona zor tətbiq olunduğundan çəkiliş zamanı məcburi olaraq narkotikin ona məxsus olduğunu bildirmişdir. Şahid3 tanıyır, ona narkotik satmamışdır. 22 aprel 2021-ci il tarixdə taksi sürücü olan Vüqar Şirinovun maşını ilə hərəkətdə olarkən Kürdəmir restoranını qarşısında dayanan tanışı Afşini də oradan götürüb sonuncunu yaşadığı Karrar kəndinə aparıb düşürmüşlər. Afşinin narkotikdən istifadə edib etməməsindən xəbəri yoxdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə narkotikin ona məxsus olmadığını, polislər tərəfindən ona zor tətbiq olunduğunu bildirmişdir. Özü uzun müddətdir ki, narkotik istifadəçisidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadədə göstərmişdir ki, 11 avqust 2021-ci il tarixdə Bakı şəhərində olarkən “Təzə bazar” deyilən ərazidən “Füzuli” adında şəxsdən şəxsi istifadəsi üçün 20 manata 1 qram heroin və 20 manata 1 qram metamfetamin almışdır. 13 avqust 2021-ci il tarixdə saat 18 radələrində Kürdəmir rayonunda yaşadığı evin yaxınlığında yerləşən mağazadan siqaret alıb evinə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparılmış, üzərinə keçirilən baxış zamanı əynində olan qısaqol köynəyin sol döş cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroin və 1 ədəd polietilen bükümdə olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu və istifadə etmək üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Ona heç kimin təsir və ya başqa formada təzyiq göstərməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq məhkəmə tədqiq edilmişdir. Belə ki, o, həmin ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə səhər satlarında Kürdəmir şəhərində yaşayan tanışı Kamalın ***-***-**-** mobil nömrəsinə zəng edib ondan 25 manatlıq narkotik istəmiş, 10 dəqiqə sonra Kamal “Mersedes” markalı taksi maşını ilə Kürdəmir restoranının qarşısına gəlmiş, maşının qabaq sağ oturacağına əyləşmiş və maşın hərəkətdə olarkən Kamal ona bir bükümdə 25 manatlıq heroin vermişdir. Sonra onu Karrar kəndinin ərazisində asfalt yolun kənarında düşürüb özləri Sığırlı kəndi istiqamətinə hərəkət etmişlər. Evləri istiqamətə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Üzərinə keçirilən baxış zamanı şalvarının sağ yan cibindən bir ədəd bükümdə heroin aşkar edilmiş, narkotiki Kamaldan aldığını etiraf etmişdir. Həmçinin Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Şahid3 məhkəmə istintaqı zamanı da dindirilən zaman ibtidai istintaqda vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri ərazisində xidmətdə olan zaman narkotik vasitələrin satışı ilə məşğul olan İslamov X1 şəhərində saxlanılaraq şöbəyə aparılmış, şəxsi axtarış zamanı Kamal əynində olan qısaqol köynəyin sol döş cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroin və 1 ədəd polietilen bükümdə olan psixotrop maddə metamfetamini çıxararaq təhvil vermişdir. Şifahi sorğu zamanı Kamal həmin narkotik vasitə və psixotrop maddəni 11 avqust 2021-ci il tarixdə Bakı şəhərində Füzuli adlı şəxsdən 40 manata aldığını etiraf etmişdir. Bundan başqa Kamal Kürdəmir rayon, Karrar kəndində yaşayan Şahid3 tanıdığını, 22 aprel 2021-ci il tarixdə onunla görüşdüyünü, lakin ona narkotik vasitə satmadığını bildirmişdir.Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə çoxsaylı məlumatlar daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 18/877 №li rəyindən görünür ki, tədqiqata tədim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərinə...” sözləri yazılmış kağız paketdəki 1 ədəd “gümüşü” rəngli kağıza bükülmüş polietilen kəsiyi bükümdə təmiz çəkisi – 0.724 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 polietilen kəsiyi bükümdə təmiz çəkisi- 1.194 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2021-ci il tarixli 1325 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Camədləddin oğlunun əynindəki köynəyin sol döş cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 22 iyul 2021-ci il tarixli 592 №li məktubundan görünür ki, İslamov X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur. 15 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0.724 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0.674 qram qalığı və 1.194 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalan 1.144 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir.Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Əməliyyat tapşırığına cavabdan görünür ki, Şahid3 üzərində aşkar edilmiş narkotik vasitəni həqiqətən də Təqsirləndirilən şəxs əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi “Füzuli” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və Kürdəmir rayon ərazisində müxtəlif şəxslərə narkotik vasitələr satması barədə məlumatlar əldə edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib qəti olaraq 2 il 3 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması və 1335 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.2-cü maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında Şahid3 narkotik vasitə satmaması, üzərində aşkar olunan narkotik vasitə heroinin və metamfetaminin ona məxsus olmaması, heç vaxt narkotikin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona qarşı zor olunaraq hədələndiyindən zorla ifadə verməyə məcbur edilməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Kürdəmir Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında ona qarşı sürülmüş ittihamda özünü qismən təqsirli bilərək üzərində aşkar olunan narkotikin ona məxsus olduğunu, narkotiki şəxsi istifadəsi üçün əldə etdiyini, istintaqdan yayınmaq niyyətinin olmadığını, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi qismən etirafedici şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmaması, habelə Şahid3 narkotik vasitə satmaması ilə bağlı göstərdiyi xüsusatlar onun üzərinə baxış keçirilməsi və götürülməsi haqqında istintaq hərəkəti protokolu, habelə Şahid3 CM-nin 234.1-ci maddəsilə məhkum olunmasına dair qüvvəyə minmiş Kürdəmir Rayon Məhkəmsinin hökmü ilə, məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, Şahid3 Kürdəmir Rayon Məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində üzərində aşkar olunan heroini Təqsirləndirilən şəxs 25 manata aldığını, eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Yusif Yusibzadə Təqsirləndirilən şəxs saxlanılarkən üzərində aşkar olunan heroin və metamfetaminin ona məxsus olmasını etiraf etməsini bir daha israrla təsdiq etmişlər. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində polis əməkdaşları tərəfindən üzərlərinə narkotikin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qismən etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, məhkum Şahid3 barəsində quvvəyə minmiş Kürdəmir Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmünü, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi, Şahid3 25 manat pulun müqabilində heroin satması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən qanunsuz olaraq narkotik vasitəni, psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.2-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, o, CMnin qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. 13 avqust 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2021-ci il tarixdə CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün Kürdəmir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmiş və götürlümşdür. İş materiallarında olan xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə Təqsirləndirilən şəxs barəsində şikayət və ya təqsirləndirici material daxil olmamışdır. İş materiallarında olan Kürdəmir RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 15 noyabr 2021-ci il tarixli 137 №li məktubundan görünür ki, ailə üzvləri 1969-cu i təvəllüdlü arvadı Zeynəb İslamovadan və 19 iyun 2009-cu il təvəllüdlü qızı Nigar İslamovadan ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 69.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.2-ci maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 234.4.2-ci maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə hallara gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, o, əvvəllər CM-nin 234.1-ci maddəsilə məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən cinayət törətməkdə davam etmişdir. Bu bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olan şəxsdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Kürdəmir RPŞ-də saxlanılan 0,674 qram heroin və 1,144 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk isə cinayət işində saxlanılmalıdır. CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cəmaləddin oğlu Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və hazırda Kürdəmir RPŞ-də saxlanılan 0.674 qram heroin və 1.144 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar