Məhkəmə qərarları › İş №1(099)-794/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-794/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-794/2023 29.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Yüzil oğlu, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxx 2006-cı ildə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Salyan rayonu Xıdırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə saat 18 radələrində sinif yoldaşı olmuş həmkəndlisi xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Yuzil oğlu ilə Salyan rayonu Xıdırlı kəndində yerləşən “Səmayə” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən zaman sonuncu ilə eyni masa arxasında yanaşı oturmaqla öz aralarında zarafat edib bir-birinin barəsində şəxsiyyətlərini aşağılayan ifadələr işlətdiklərindən aralarında mübahisə yaranmış, toy məclisindən çıxdıqdan sonra kənd ərazisində görüşüb aralarındakı mübahisəyə aydınlıq gətirmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə razılaşaraq hər biri öz evinə getmiş, bundan sonra istifadələrində olan mobil telefonun “Whatsapp” proqramı vasitəsilə qarşılıqlı olaraq bir-birinin ünvanına nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs təklifi ilə Salyan rayonu Xıdırlı kəndində açıq ərazidə “pir” adlanan yerdə görüşməyə razılaşdıqdan sonra, sonuncudan şəxsi münasibətlər zəminində qisas alıb qəsdən öldürmək qərarına gələrək həmin kənddə yaşadığı evdən mətbəx bıçağı götürüb saat 22 radələrində razılaşdıqları ərazidə görüşərkən evdən götürdüyü bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib nahiyələrinə ümumilikdə 7 zərbə endirib, sonuncuya sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin 1 ədəd və qarın boşluğunun 1 ədəd daxilə keçib daxili orqanları zədələyən sol tərəfli döş qəfəsinin hematoraksı, dalağın zədələnməsi, mədənin diafraqmasının zədələnməsi ilə nəticələnən cəmi 2 ədəd yaraları, həmçinin dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol kürək sümüyünün 1 ədəd, sağ kürək sümüyünün 1 ədəd və bel nahiyəsinin 3 ədəd olmaqla ümumilikdə 7 ədəd xəsarəti yetirərkən həmin vaxt Zərərçəkmiş şəxs qışqırıq səslərinə hadisə yerinə çatan atası Qanuni nümayəndə2 onu kənara itələməsi, Zərərçəkmiş şəxs əvvəlcə Qaradağ Rayon Tibb Mərkəzinə, daha sonra isə Respublika Klinik Xəstəxanasına aparılaraq ixtisaslı tibbi yardım alması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən (zərərçəkmiş şəxsə öldürmək üçün deyil, cəzalandırmaq üçün xəsarət ytirməkdə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 iyun 2023-cü il tarixdə Salyan rayonu Xıdırlı kəndində yerləşən “Səmayə” şadlıq sarayında sinif yoldaşı Əsmərin toy mərasimi keçirilmişdir, Əsmər toya sinif yoldaşlarını da dəvət etdiyi üçün Kamran da toya gəlmiş, sonuncu ilə aralarında narazılıq olmuş, buna görə Kamran ona restorandan bayıra çıxmağını tələb etmiş, onlar birlikdə restorandan bayıra çıxmışlar. Restoranın tualetinin yerləşdiyi yerə getdikdən sonra Kamran onun ünvanına nalayiq ifadə işlətmiş, bundan sonra Kamran ətrafda adamlar olduğunu deyib ona öz mobil telefon nömrəsini vermiş, o, da bundan sonra “Whatsapp” tətbiqində Kamrana mesaj yazmış və nömrəsi də ona düşmüşdür. Kamran yaşadığı evin yaxınlığında onu gözləyəcəyini və onu da həmin yerə çağıracağını demiş, o da, Kamranla razılaşmışdır. Bundan sonra onlar toya qayıtmış, toyun sonlarına yaxın isə o çıxıb öz yaşadığı evə getmişdir. Evdə çay içdiyi vaxt Kamran “Whatsapp” vasitəsilə səs ataraq yaşadığı evin arxa tərəfində yerləşən pirin yanında onu gözlədiyini demiş və onu həmin yerə çağırmışdır. Bundan sonra Kamranın onu döyə biləcəyini düşünərək özünü müdafiə etmək məqsədilə evdən yağ bıçağı götürüb şalvarının arxa cibinə qoymüşdür. Bundan sonra o, Kamranın dediyi yerə gəlmiş, həmin yerə çatdığı vaxt Kamran ona zəng etmiş və harada olduğunu soruşduqda ona çatdığını demişdir. Kamranın tək halda gözlədiyini görüb onun yanına getmişdir. Kamran nə üçün restoranda onunla kobud davrandığımı soruşmuş, o, isə Kamranın səhv etdiyini deyib üzərinə gələrək yaxasından tutmuşdur. Sonra nə baş verdiyini dəqiq xatırlamır, ani olaraq özünü itirmiş və cibində olan bıçağı çıxarıb Kamranın bədəninə bıçaqla ardıcıl zərbələr vurmağa başlamışdır. Həmin anda Kamranın bədənindən qan axdığını gördüyü üçün qorxaraq dayanmışdır. Onların səs-küyə həmin vaxt Kamranın atası Yuzil yaşadığı evdən çıxıb onlara tərəf gəlməyə başlamışdır. Yuzil onların yanına çataraq üzünə bir dəfə şillə vurmuş, bundan sonra o qorxduğu üçün qaçmağa başlamışdır. Qaçdığı vaxt əlində olan bıçağı xatırlamadığı yerdə yol kənarına tullamışdır. Daha sonra qorxduğu üçün kəndin kənarına qaçıb getmiş, gecəni isə dayısı Şahinin evində keçirtmişdir. Kamranı öldürmək fikri olmamış, onu qorxutmaq məqsədi bıçaqla vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə dəymiş ziyan valideynləri tərəfindən ödənilmiş, onunla barışıq əldə etmişdir. Məhkəmədən gənc olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında dindirilmiş Zərərçəkmiş şəxs Yuzil oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Ceyhun 9-cu sinfə qədər onunla eyni məktəbdə paralel sinifdə oxumuşdur. 12 iyun 2023-cü il tarixdə sinif yoldaşı Əsmərin yaşadıqları kənddə yerləşən “Səmayə” şadlıq sarayında toy mərasimi keçirilmiş, Əsmərin sinif yoldaşları da həmin toya dəvət olunmuşdurlar. Saat 17 radələrində o da anası Şahid3 ilə birlikdə həmin toy mərasiminə getmişlər. Toyda sinif yoldaşları eyni masa ətrafında əyləşmiş, o Ceyhunla yanaşı stullarda oturmuşdur. Saat 18 radələrində masa ətrafında əyləşib yemək yedikləri vaxt Ceyhun onunla adi sözlərlə zarafat etməyə başlamış, lakin onunla yaxın münasibəti olmadığı üçün Ceyhunun zarafatlarına əhəmiyyət verməmişdir. Ceyhun ona əhəmiyyət vermədiyini gördükdə ani olaraq onun oğlanlığına şübhə etdiyini demiş, Ceyhun tək özünün yox bütün sinif yoldaşlarının onun oğlanlığına şübhə etdiklərini bildirmişdir. O, Ceyhuna danışığına fikir verməsini və restorandan bayıra çıxıb söhbət etmələrini demiş, bundan sonra Ceyhunla birlikdə masadan qalxıb restorandan bayıra çıxmşlar. Restoranın qarşı tərəfində avtomobillərin dayandığı yerə getdikdən sonra Ceyhundan onun oğlanlığına nə üçün şübhə etdiyini soruşmuş, Ceyhun isə yenə də tək özünün yox, bütün sinif yoldaşlarının onun oğlanlığına şübhə etdiklərini demişdir. O, Ceyhuna həmin sözünün izahını verməsini demiş Ceyhun onun üzərinə gəlib yaxasından tutmuş, o, isə əli ilə Ceyhunu itələyib ətrafda başqa adamların olduğunu demişdir. Bundan sonra Ceyhuna yaşadığı evin yaxınlığına gəlməsini, orada təkbətək görüşüb söhbətə aydınlıq gətirməyi demiş. Ceyhun da onunla razılaşmış və tək halda gələcəyini bildirmişdir. Bundan sonra onlar yenidən restorana qayıtmış, bir neçə dəqiqədən sonra bütün sinif yoldaşları masadan qalxıb toydan çıxmışlar. Restorandan çıxdıqdan sonra Ceyhun yenidən onun yanına gəlib mobil nömrəsini soruşmuş, o da Ceyhuna öz mobil nömrəsini vermişdir. Ceyhun onun nömrəsini qeyd etdikdən sonra görüşəcəyini demiş və çıxıb getmiş, o da anası ilə birlikdə evə qayıtmışdır. Evə yenicə çatdığı vaxt Ceyhun “Whatsapp” ani mesajlaşma tətbiqində ona mesaj yazaraq harada olduğunu soruşmuş, bundan sonra Ceyhuna “Whatsapp” ani mesajlaşma tətbiqində zəng etmiş, Ceyhun gəlmək istədiyini dedikdə ona evə yenicə çatdığını bildirmişdir. Ceyhunun dostları ilə birlikdə olduğunu və onun tək gəlməyəcəyini düşündüyüm üçün Ceyhuna bir qədər sonra gəlməsini demiş. Ceyhun onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o da Ceyhuna eyni sözlərlə qarşılıq vermişdir. Saat 21 radələrində Ceyhun onu əvvəlcə kənddə yerləşən “Plaşatka”, daha sonra “Akof” deyilən yerlərə çağırmış, lakin o Ceyhuna zəng edərək yaşadığı evin yaxınlığında qəbiristanlığın kənarında yerləşən “pir” deyilən yerə gəlməsini demişdir. Saat 22 radələrində Ceyhun “Whatsapp” ani mesajlaşma tətbiqində ona zəng edərək gəldiyini bildirmişdir. Həmin vaxt o, yaşadığı evin həyətində olmuş, atası evdə televizora baxırmış, anası isə həyətdə ev işləri ilə məşğul olmuşdur. O, Ceyhunla görüşmək üçün həyətin arxa tərəfə açılan darvazasından çıxaraq təxminən 50 metr məsafədə yerləşən boş əraziyə getmiş, darvazadan çıxdığı vaxt Ceyhunun da kənardan tək halda gəldiyini görmüş, ondan 30-40 metr arxada isə təxminən 10 nəfər üzlərini görmədiyi həmyaşıdları olmuşdur. Ceyhun onun yanına çatdıqdan sonra yaşadığı evdən kənarlaşmaq üçün bir qədər irəliyə getmişlər, həmin ərazidə yarımtikili halda olan ev və yerdə qazılmış quyu olmuşdur. Ceyhunla birlikdə həmin əraziyə çatdıqları vaxt heç gözləmədiyi halda Ceyhun onun sol qolumdan tutub özünə tərəf çəkmiş və sağ əlində olan bıçaqla onun bədəninə zərbə vurmuşdur. Ani olaraq huşunu itirdiyi üçün dizləri üstə yerə yıxılmış, 2-3 saniyə sonra özünə gəldiyi vaxt yerdə dizləri üstə olmuş, Ceyhun isə onun arxa tərəfində dayanaraq dizlərini kürəyinə söykəmişdir. Eyni zamanda Ceyhun onun kürək nahiyəsinə bıçaqla zərbələr vurmuş, Ceyhun onu bıçaqla vurduğu ilk anda qışqırdığı üçün atası və anası qaçaraq həmin yerə gəlmiş, Ceyhun isə həmin yerdən qaçaraq getmişdir. Bundan sonra anası onu yaşadıqları evinin həyətinə aparmış. Daha sonra atası və anası qonşularının avtomobili ilə onu Bakı şəhəri Qaradağ Rayon Tibb Mərkəzinə aparmışdırlar. Orada ona ilkin tibbi yardım göstərilmiş, lakin vəziyyəti ağır olduğundan onu təcili tibbi yardım vasitəsilə Bakı şəhərinə X5 göndərmişdirlər. Hazırda Təqsirləndirilən şəxsla barışmış, onu bağışlamış, ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs isə onun həkməndlisidir. 12 iyun 2023-cü il tarixdə saat 17 radələrində oğlu Kamran anası Günellə birlikdə kənddə yerləşən “Səmayə” şadlıq sarayında keçirilən Kamranın sinif yoldaşının toy mərasiminə gedib qayıtmışdırlar. Saat 22 radələrində şam yeməyini yedikdən sonra evdə uzanıb televizora baxmış, Kamran isə evdə öz mobil telefonu ilə məşğul olmuşdur. Kamranın mobil telefonuna 1-2 dəfə zəng gəlsə də, onun konkret olaraq nə danışdığına fikir verməmişdir. Kamran mobil telefonla danışaraq həyətə çıxmış, həmin vaxt arvadı Günel isə həyətdə iş görmüşdür. Bir neçə dəqiqədən sonra Günel evə yanına gələrək Kamranın mobil telefonda kiminləsə danışdığını və həyətin arxa qapısından bayıra çıxdığını demişdir. Günel narahat olduğu üçün ondan Kamranın ardınca getməsini xahiş etmişdir. O, da köynəyini geyinib həyətin qəbiristanlığa tərəf açılan darvazadan bayıra çıxmış, həmin anda hava qaranlıq olmuş və yaxınlıqda heç nə görünməmişdir. O, “pir” deyilən əraziyə tərəf irəlilədiyi vaxt kiminsə qışqırmasını eşidib dərhal qaçaraq səsin gəldiyi tərəfə getmişdir. Həmin yerdə yenicə inşa edilmiş yaşayış evinin qarşısında oğlu Kamranın dizi üstə yerdə oturduğunu, əllərinin isə aşağı doğru sallaq vəziyyətdə qaldığını görmüşdür. Həmin vaxt Ceyhun Kamranın arxa tərəfində dayanmışdır və əli ilə oğlu Kamranın bel nahiyyəsinə davamlı zərbələr vurmuşdur. Bu zaman Ceyhunun əlində bıçaq görmədiyi üçün onun yumruqla Kamranı vurduğunu düşünmüşdür. Oğlu Kamran həmin anda qışqırmış, Ceyhun isə “vurdum, vurdum” demişdir. O, dərhal qaçaraq Ceyhunun üz nahiyyəsinə asta şəkildə şillə vuraraq onu kənara itələmişdir. Ceyhun qaçaraq həmin yerdən uzaqlaşmış, Günel də hadisə yerinə gəlmiş və Kamrana yardım etməyə başlamışdır. Sonra Kamranı Bakı şəhəri Qaradağ Rayon Tibb Mərkəzinə aparmış, orada oğlu Kamrana ilkin tibbi yardım göstərilmiş, lakin vəziyyəti ağır olduğundan Kamranı təcili tibbi yardım vasitəsilə Bakı şəhərinə X5 göndərmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verərək Qanuni nümayəndə2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 289 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs Yuzil oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsinin 1 ədəd və qarın boşluğunun 1 ədəd daxilə keçib daxili orqanları zədələyən sol tərəfli döş qəfəsinin hematoraksı, dalağın zədələnməsi, mədənin diafraqmasının zədələnməsi ilə nəticələnən cəmi 2 ədəd yaraları, həmçinin sol kürək sümüyünün 1 ədəd, sağ kürək sümüyünün 1 ədəd və bel nahiyəsinin 3 ədəd olmaqla ümumilikdə 7 ədəd yaraları, deşici-kəsici alətin (bıçağın) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Bu xəsarətlərdən 2 ədəd daxilə keçib orqanları zədələyən sol tərəfli hematoraks, dalağın və mədənin diafraqmasının zədələnməsi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər 5-i isə sol kürək sümüyünün 1 ədəd, sağ kürək sümüyünün 1 ədəd və bel nahiyəsinin 3 ədəd daxilə keçməyən yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 251 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli 869 nömrəli «məhkəmə trosoloji ekspertizanın» rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşik xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri də aiddir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Salyan rayonu Xıdırlı kəndi ərazisində kənd qəbiristanlığının yaxınlığında yerləşir. Həmin ərazi kənd sakinləri arasında “pir” adlandırılır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, 12 iyun 2023-cü il tarixdə saat 22 radələrində məhz həmin yerdə həmkəndlisi Zərərçəkmiş şəxs Yuzil oğlunu bıçaqla vuraraq xəsarət yetirmiş, həmin vaxt Kamranın atası Yuzil yaşadığı evdən çıxıb onlara tərəf gəldiyi üçün o, Kamrandan aralanıb qaçmağa başlamış, qaçdığı vaxt əlində olan bıçağı yol kənarına tullamışdır. İş materiallarında olan 15 iyun 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “İphone 14 Pro” markalı, smartfon tipli mobil telefona baxış keçirilərkən telefonda quraşdırılmış “Whatsapp” ani mesajlaşma tətbiqinin “Sohbetler” bölməsinin “Arşivlenmiş” hissəsində “+994 51 384 88 32” saylı mobil nömrə istifadəçisi ilə Zərərçəkmiş şəxs arasında səs və yazılı mesajların olduğu, həmin mesajlarda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmələri, həmçinin mübahisələrinə aydınlıq gətirmək üçün bir-birilərini ayrı-ayrı yerlərə çağırdıqları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Yuzyıl oğlunun 28 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan təqsirəlndirilən şəxs Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən ona tam şəkildə ödənilmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli Salyan rayon Xıdırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Abuşov X4 rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası, qardaş və bacısından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizzə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 21 avqust 2023-cü il taixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Yuzil oğlunun əynində olmuş boz rəngli cins şalvar, qara rəngli mayka və boz rəngli alt paltarı maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs və şahidlərin ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hallar, yəni Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, yalnız qorxutmaq məqsədilə bıçaqla ona xəsarətlər yetirməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi ittihamda göstərilən cinayətin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində bildirilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq hesab edir ki, Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Nihad Malızadənin həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan vaxtı törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, gənc olmasını, əvvəllər məhkum olunmamasını, əməlini qismən etiraf etməsini və peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.8, 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Həmin Məcəllənin 60.1 və 63.3-cü maddələrinə əsasən «Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz», «Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz». Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 60.1, 63.3 və 85.5-cimaddələrinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 29, 120.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 29,120.1ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 85.5-ci maddəsində göstərilir ki, azadlıqdan məhrumetmə cəzası yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. İlk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Odur ki, Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Salyan RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs Yuzil oğlunun əynində olmuş boz rəngli cins şalvar, qara rəngli mayka və boz rəngli alt paltarı məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 14 iyun 2023-cü il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış: – Salyan RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs Yuzil oğlunun əynində olmuş boz rəngli cins şalvar, qara rəngli mayka və boz rəngli alt paltarı məhv edilsin. İş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar