Məhkəmə qərarları › İş №1(099)-80/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-80/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-80/2025 22.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 Rahim qızı və müdafiəçi- Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2010-cu ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu, C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbin 8-ci sinif şagirdi, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində yerləşən dəmir yol stansiyasının yaxınlığında, daha sonra isə 18 mart 2024-cü il tarixdə, saat 10:30 radələrində təhsil aldığı C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbinin həyətində, həmin tam orta məktəbin 9-cu sinif şagirdi, xx.xx.2008-ci il təvəllüdlü, həmkəndlisi yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs digər yetkinlik yaşına çatmayan yaxınları ilə birlikdə sonuncunun dostunun sevdiyi qız barəsində onun nalayiq ifadə işlədib-işlətməməsini aydınlaşdırmaq üçün israrla təşkil etdikləri mübahisə zamanı Zərərçəkmiş şəxs heç-bir əsaslı səbəb olmadan onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsi, sonuncu dəfə həm də yumruqla qəsdən bir dəfə vuraraq ona sağ körpücükaltı nahiyədə qançırla müşaiyət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, daha sonra həmin gün saat 11 radələrində təhsil aldıqları C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbində olarkən zərərçəkmiş şəxsin dostu tərəfindən dərsdən mübahisəyə çağırılıb məktəb binasının arxasında yerləşən küçədə aralarında olan münaqişəni aydınlaşdırarkən Tural Nrməmmədlinin onun, eləcə də ailə üzvlərinin ünvanına yenidən nalayiq söyüşlər söyüb üstünə hücum edərək boğazından tutub ona boyunun ön səthində sıyrıqla müşaiyət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ondan qisas almaq niyətilə üzərində olan istintaqa məlum olmayan bıçağı çıxarıb kəsici hissəsi ilə və sonra dəstəyi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona sol körpücük xəttindən tış hissəyə doğru 2,3 x 0,2 sm ölçülərdə; sol qoltuqaltı nahiyyədə İV-V qabırğalararası sahədə orta qoltuq xətti ilə birləşmədə 3,0 x 0,2 sm ölçülərdə; sol bel nahiyəsində arxa qoltuq xətti üzrə Xİİ qabırqa kəsişməsində 2,5 x 0,2 sm ölçülərdə; sağ arxa qoltuq xətti üzrə Xİİ qabırğa kəsişməsində 4,0 x 0,2 ölçülərdə; sağ paranefral nahiyyədə 2,3 x 0,2 sm ölçülərdə; sol bazunun orta 1/3-nin ön və arxa səthlərində müvafiq olaraq 3,0 x 1,0 eləcədə 1,0 x 0,4 sm ölçülərdə; sol əlin İ barmaq yastığında; İİ daraq proyeksiyasına uyğun ovuc səthində; ll-lll-cü falanqaların ovuc səthində səthi dəri kəsikləri, deşilmiş-kəsilmiş yaralarla müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, sol Vİ-Vİİ qabırqaların sınığı ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, qarının ön divarında xəncərəbənzər çıxıntıdan 4-5 sm aşağı sol orta körpücük xətti ilə kəsişmədə 4,0 x 0,2 sm ölçülərdə qarın və döş boşluğuna keçib soldan bir qədər sağa, aşağıdan bir qədər yuxarı istiqamətlənərək 12 barmaq bağırsağın, böyük piyliyin, qara ciyərin hər iki payının, diafraqmanın və sağ ağ ciyərin aşağı payının zədələnməsinə səbəb olmuş ağırlıq dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, həftənin altıncı günü Tural 6-7 nəfər uşaqla onu evdən çağırmış, özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, səbəbini soruşduqda yaxşı elədiyini bildirmişdir. 18 mart 2024-cü il tarixdə məktəbdə olarkən dərs vaxtı onu altıncı günkü söhbətin davamı olaraq məktəbin arxasına çağırmışlar, Tural 6-7 nəfər uşaqla üstünə gəlmiş, onlarla mübarizə aparmağa gücü çatmadığından məcbur qalıb bıçaqla vurmuşdur. Əməlindən peşmandır, təhsilini davam etdirmək istəyir, xəstə anasının, babasının yanına-evə qayıtmaq istəyir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onunla dava edən şəxsləri Tural çağırmış, 6-7 nəfər hamısı onu vurmuşdur, Elton, Nihad, Elmar, Emin, Qamət, Orxan,Tural-hamısı onu döymüşlər, 16 mart 2024-cü il tarixdə Tural 6-7 nəfərlə birlikdə onu döydüyü üçün qorxduğundan özü ilə evdən mətbəx bıçağı götürmüşdür, 18 martda dərsdən icazə alıb onu məktəbin arxasına çağırmışlar, kiməsə onu döymələri və aralarında olan münaqişə barədə məlumat verməməsi üçün onun ünvanına söyüş söymüşlər, o da söyüşə görə heç kimə bu barədə bildirməmiş, yalnız özünü qorumaq üçün evdən mətbəx bıçağı götürmüşdür, Elmar, Qamət, Nihad, Emil, Elton, Orxan hamısı onu döymüşdür, Tural dava zamanı boğazından yapışmış, gücü çatmadığından bıçaq vurmaq məcburiyyətində qalmışdır, bıçağın az hissəsinin daxilə keçməsi üçün baş tərəfindən əli ilə tutmuş, lakin, bıçaq çox girmişdir, söz-söhbətə səbəb qız məsələsi olmuşdur, belə ki, guya o, Qamətin istədiyi qıza söz atmışdır, lakin, belə bir şey olmamışdır, söhbət zamanı da bildirmişdir, lakin, ona inanmayıb, onu döymüşlər. Tural onunla bir məktəbdə deyil, Sumqayıt şəhərində oxumuşdur, Turala gücü çatmadığı üçün bıçaq vurmaq məcburiyyətində qalmışdır, hazırda Turalla barışmışdır, əməlindən peşmandır. Sonda təqsirləndirilən şəxs evinə, məktəbinə, ailəsinin yanına qayıtmaq istədiyini bildirərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 mart 2024-cü il tarixdə imtahana getmək məqsədi ilə Kürdəmirə getmişdir. Hünər Qamətin istədiyi qıza söz atdığı üçün söhbətləri olmuş və söhbət bağlanmışdır. Sonradan Hünər onu məktəbə çağırmışdır. Hünərlə məktəbin arxasında görüşdükdə onu digər tərəfə aparmışdır. Söhbət əsnasında Hünər üstünə gəldiyü üçün o, Hünəri itələmiş və bu zaman Hünər bıçağı çıxarıb onun qolundan vurmuşdur. Üzərində balonka kurtka olmuş, Hünər üzərinə gələrək, balonkanı qaldırıb bıçağı vurub getmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, həmin məktəbdə oxumamış, imtahanla əlaqədar Kürdəmirə gəlmiş, özü isə Sumqayıtda yaşamış, adı Kürdəmir rayon, Sığırlı kəndində yerləşən məktəbdə getmişdir, imtahandan bir gün əvvəl, yəni, 16 mart tarixində Kürdəmirə getmişdir, mübahisədə bir dəfə, yəni, bıçaqlandığı gün iştirak etmişdir, dava dostu Qamətin sevdiyi qıza görə olmuşdur, Hünər ona söz atmışdır, o, Hünəri döyməmiş, təkcə itələmişdir, əvvəllər Hünərlə münaqişəsi olmamışdır, söhbət Qamətin sevdiyi qıza görə olduğu halda Hünərlə Qamətin deyil, onun dalaşmasını izah edə bilmir, hadisə vaxtı ətrafda kimsə olmamışdır, Qamətin sevdiyi qızı tanımamışdır, Qamətlə Hünərin mübahisəsi martın 16-sı olmuşdur, martın 18-nə kimi Hünərlə söhbəti olmamışdır, 18-i Qamət özü Hünərlə söhbətə gedəcəkmiş, Hünər onu məktəbə təkliyə çağırmış və vurmuşdur, səbəbini bilmir, martın 18-nə kimi Hünəri tanımamışdır, martın 16da olan söhbətdə o, olmamışdır, o, Kürdəmir rayonuna martın 16-sı gecə gəlmişdir, Qamət, Nihad və Elmarı tanıyır, həmin şəxslər onun dostlarıdır, Qamətin istədiyi qızla bağlı məsələyə onun aidiyyəti odur ki, dostunun davası olduğuna görə o da söhbətə getmişdir, Hünərin ona nəyə görə bıçaq vurmasının səbəbini bilmir, bıçaqlanma zamanı Hünərin boğazından tutmuşdur, boğazından tutmasının səbəbi ondan aralanmasına nail olmaq olmuşdur. Zərərçəkmiş şəxsin məhkəmə baxışında verdiyi ifadəsiylə ibtidai istintaqda verdiyi ifadəsi arasında əhəmiyyətli zidiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, hər ikisi Kürdəmir rayonu C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbində təhsil alır, 16 mart 2024-cü il tarixdə, saat 18 radələrində yaşadıqları Sığırlı kəndində yerləşən dəmir yolu stansiyasının yaxınlığında olarkən həmkəndliləri Qamət, Nihad, Elmar, Hünər və Emin dayanıb söhbət etmişlər. Nihad Hünərdən niyə görə Qamətin sevdiyi qız haqqında danışdığını soruşmuş, həmin mübahisəyə müdaxilə etmiş, Hünərlə söyüşmüşdür. Bir az sonra Eltunun qardaşı İrayət gəlib bu söhbəti bağlamış, aralaşıb çıxıb gedərkən Qamət Hünərə «həftənin birinci günü bu söhbətin davamını edərik» demişdir. xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Qamət Hünəri məktəbdən çağırmış, məktəbin arxasında Eltun, İrayət, Elmar, Orxan, Emin və Hünərlə Qaməti gözləmişlər. Hünər Eltundan barəsində niyə görə şər və böhtan xarakterli danışdığını soruşmuş, Qamət həmin vaxt qız haqqında söz danışanı nalayiq söyüşlərlə söymüş, orada Eltun və Qamət Hünərlə mübahisə edərək bir birilərinin ünvanına nalayiq söyüşlər söymüşlər. Bundan sonra aralarında mübahisə gərginləşmiş, sonra məktəbin yan hissəsinə keçmişlər, orada da mübahisə etmişlər. Hünərlə əlbayaxa olaraq bir-birilərinin ünvanına nalayiq söyüşlər söymüşlər. Hünər onu məktəbin həyətindən çölə dəvət etmiş, onunla birlikdə bütün uşaqlar məktəbin arxa hissəsindəki qapıdan həyətdən çölə çıxmışlar. Sol tərəfə getmişdir. Təxminən saat 11 radələrində Hünərlə tək söhbət etmək üçün onu kənara çəkmiş, Hünərlə oxuduğu məktəbin arxasında yerləşən küçəyə, adam olmayan yerə, yəni kənara keçmişlər. Həmin uşaqlardan aralaşmış, uşaqlar onların arxasından gəlməmişlər. İkisi söhbət edərkən aralarında mübahisə yaranmış, Hünərlə əlbəyaxa olaraq bir-birilərinin ünvanına söyüş söymüşlər, bir-birilərinə yumruq və təpiklə zərbələr endirmişlər. Hünər onunla mübahisəni davam etdirmiş, mübahisə zamanı Hünər kəmərinin arxasından bıçaq çıxarıb onun sol qolundan bir dəfə qəsdən zərbə vurmuş, sonra Hünər dayanmadan ona bıçaq zərbələri endirməyə başlamış, bıçaq zərbələrindən sonra yan üstə daşlıq olan yerə yıxılmış, Hünər də üstünə yıxılmışdır. Yerdə olan zaman Hünər onu bıçaqla vurmamış, hər ikisi də ayağa qalxmış, sol əliylə həmin bıçağın iti tərəfindən tutmuş, bıçaq onun əlini kəsmiş, ancaq bıçağı buraxmamış, Hünərə onu vurmamasını demiş, Hünər isə «əgər bıçağı buraxmasan cibimdən ikinci bıçağı çıxardıb səni vuracam» demiş, buna görə bıçağı buraxmışdır. Lakin, Hünər onu vurmamış, oradan qaçıb çıxıb getmişdir. Məktəbə tərəf gəlmiş və məktəbin arxa hissəsində olan evin arxasında küçədə yerə yıxılmış, uca səslə kömək çağırmışdır. Səsinə gələn həmkəndlisi Şahid7 “Vaz 2107” markalı avtomobili ilə onu Kürdəmir RMX-na aparmışlar. Hünər onu bıçaqla vuran zaman ətrafda heç kim olmamış, Hünər ona bıçaq zərbələrini dayanmadan ardıcıl vurmuş və hansı tərzdə yetirməsini dəqiq bilməmişdir. Bədənində olan bütün xəsarətləri Hünər bıçaqla yetirmişdir. Hünər onu vurmamışdan təxminən 15-20 dəqiqə qabaq Hünərlə qıza söz atdığına görə mübahisə etmiş,əlbəyaxa olmuşlar, lakin, bıçaqla vurduğu mübahisələri 2-3 dəqiqə çəkmişdir. (i.v. 209-213) Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı martın 16-dakı söhbətdə olması, digər yetkinlik yaşına çatmayan dostlarının Hünəri dərs vaxtı davaya çağırması, Hünərlə əlbəyaxa olmalarına dair ifadələri nə üçün verdiyini izah edə biməyib, məhkəmə istintaqında verdiyi ifadəsinin həqiqət olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir və verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəyə qədər Hünəri tanımamışdır, oğluna 12 bıçaq zərbəsi vurulmuşdur, Tural Kürdəmirə martın 16-sı getmişdir, Tural hadisə barəsində ona bildirmişdir ki, dostu dalaşdığı üçün o da orada olmaq istəmişdir, hazırda təqsirləndirilən şəxslə barışmışlar. Sonda zərərçəkmiş şəxs və qanuni nümayəndəsi təqsirəndirilən şəxslə barışdıqlarını, orta məktəbin 8-ci sinif şagirdi olduğunu nəzərə alıb, azadlığa buraxılmasını xahiş etdilər. İş üzrə şahid X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Hünər onun xoşu gəldiyi qız haqqında danışmış, mübahisə bundan yaranmışdır. Hünər xalası oğlu ilə gələndə o və Emil onlarla qarşılaşmış, söhbət edərək məktəbin arxasına getmişlər. Hünər onun istədiyi qızın arxasınca danışmadığını demişdir. O da cavabında Hünərə əgər elə bir söz deməmişdirsə birinci gün Eltonun gələcəyini, birlikdə aydınlaşdıracaqlarını demiş, onlar qayıdanda Turalla qarşılaşmışlar. Turala da olanları danışmış, birinci gün Elton gəlmiş, Hünərlə məktəbin həyətində görüşmüşlər. Elton ona qızın arxasınca danışdığını bildirsə də, Hünər danışmadığını demişdir. Hünərin dostu Yusif ona deyəsən qanqaraçılıq salmağa gəldiyini dedikdə, cavabında “lazım olsa edərik” demişdir. Daha sonra Turalın bıçaqlandığını eşitmiş, hadisəni görməmişdir. Verilən suallara cavab olaraq Q.Piriyev bildirmişdir ki, birinci söhbət 16 mart tarixində olmuşdur, Tural da həmin söhbətdə 10 dəqiqə olmuşdur, həmin gün Turalla Hünərin arasında mübahisə olmamışdır, 18 mart tarixində baş vermiş söhbətdə Hünəri vurmamışlar, lakin 16 mart tarixdəki söhbətdə qıza görə Hünərə nalayiq sözlər demişlər, 18 mart tarixdə Hünəri dərsdən o çağırmamışdır, Hünərin Qamətin sevdiyi qıza söz atmasını onlara Elton demişdir, hadisə günü Tural Hünərə nalayiq ifadələr işlətmişdi, 18 mart tarixdə bıçaqlanmadan əvvəl olan söhbətdə olmuş, bıçaqlanmanı görməmişdir. Şahidin məhkəmə baxışında verdiyi ifadəsiylə ibtidai istintaqda verdiyi ifadəsi arasında əhəmiyyətli zidiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Emin, Nihad, Elmar və Turalla birlikdə yaşadıqları kənd ərazisində stansiya adlanan yerin yaxınlığında olarkən Hünər gəlmiş, ondan sevdiyi qız haqqında nalayiq sözlər danışması barədə yenidən soruşduqda aralarında mübahisə yaranmışdır. Həmin vaxt Tural yumruqla Hünərin sinəsindən bir dəfə vurmuş, Turalı kənara çəkib Hünərlə işi olmamasını demişdir. Hünərə bu söhbətin davamını həftənin birinci günü digər tanışları Eltunla birlikdə edəcəklərini deyərək aralaşıb çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində məktəbin arxasında Eltun, İrayət, Tural, Elmar, Orxan, Emin və Nihad ilə birlikdə Hünərin qız barəsində nalayiq söz danışmasını söhbət edib aydınlaşdırarkən həmin vaxt Tural Hünərin ünvanına nalayiq söyüşlər söymüşdür. (i.v 56-58) X2 ibtidai istintaq zamanı ifadələr arasındakı ziddiyyətin səbəbini izah edə bilməyib, məhkəmə istintaqında verdiyi ifadəsinin həqiqət olduğunu bildirmişdir. İş üzrə şahid X1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 16 martda, yəni, 6-cı gün hazırlıqdan çıxanda məhlə uşaqlarını görmüş, uşaqların olduğu yerə çatanda Hünər gəlmiş, sexin arxasına söhbət etmək üçün keçmişlər. O, sadəcə orada söhbətə baxmışdır. Bıçaqlanmanı görməmişdir. Verilən suallara cavab olaraq E.Mürşüdlü bildirmişdir ki, 16 martda mübahisə zamanı Hünərlə Qamət mübahisə etmişdir, Tural ondan sonra gəlmişdir, Hünərlə Tural arasında dava olmamış, bir-birlərinə nalayiq sözlər demişlər, söhbətin davamını birinci gün Eltonun iştirakı ilə etmək barədə razılaşmışlar, Hünərin Turalı məktəbdən çağırmasını görməmişdir, 16 martdakı söhbətdə də Tural olmuşdur. Şahidin məhkəmə baxışında verdiyi ifadəsiylə ibtidai istintaqda verdiyi ifadəsi arasında əhəmiyyətli zidiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı bildirmişdir ki, 16 martdakı söhbətdə Tural Hünərin üstünə gedərək onun sinəsindən əli ilə vuraraq kənara itələmiş, sonra dava-dalaş olmasın deyə Hünərə “çıx get” demişlər. Hünər çıxıb getmiş, gedərkən Qamət Hünərə söhbətin davamını birinci gün davam etdirəcəklərini demişdir. xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində məktəbdə olarkən həmin söhbətin davamını etmək üçün məktəbin bufetinin yaxınlığında Qamət, Nihad, Emil, Tural və Orxan həyətdə toplaşmışlar. Qamət gedib Hünəri də çağırmış, Hünər də gəlmiş, Qamət Hünər ilə sevdiyi qız haqqında danışdığı üçün mübahisə etməyə başlamışlar. Həmin vaxt Tural Hünərin üstünə gedərək onunla yüksək tonla və kobud tərzdə danışaraq ona nalayiq sözlər demiş, sonra ara sakitləşmişdir. Tural Hünəri məktəbdən çölə dəvət etmiş, ikisi məktəbin həyətindən çölə çıxaraq kəndarası yol ilə getmişlər. X1 ibtidai istintaq zamanı ifadələr arasındakı ziddiyyətin səbəbini izah edə bilməyib, məhkəmə istintaqında verdiyi ifadəsinin həqiqət olduğunu bildirmişdir. İş üzrə Şahid8 Hacıbala oğlu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbində tədris işləri üzrə direktor müavinidir. Təqsirləndirilən şəxs 8 “D” sinfində, Zərərçəkmiş şəxs isə 9 “E” sinfində təhsil alırlar. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər ikisi məktəbdə təhsil aldıqları dövrdə özlərini nizam intizamlı şagird kimi aparmışlar, onlar arasında daha əvvəl mübahisə, dava-dalaş olmasını görməmiş və eşitməmişdir. İş üzrə Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə avtomobili ilə yaşadığı kənd ərazisində hərəkətdə olarkən C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbinin yanından keçəndə bir qadın onu köməyə çağırmış, küçədə yerdə Zərərçəkmiş şəxs qan içində uzandığını görüb avtomobili saxlamış və Zərərçəkmiş şəxs avtomobilə mindirərək dərhal Kürdəmir RMX-na aparmışdır. İş üzrə Şahid9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, məktəbdə ibtidai siniflər üzrə direktor müavini vəzifəsində çalışır, həmin gün bıçaqlanma barədə eşitmiş, məktəbdən 200 metr aralıda uşağın yıxıldığını görmüşdür. Turalı qonşuluqda olan Eladxan adlı şəxsin maşınına qoyub xəstəxanaya yola salmışlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş aşağıda qeyd olunan sübutlarla da təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi sübuta yetirilir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: - Tutma haqqında protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarix, saat 17:00-da ARCM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.43-44) - Kürdəmir Rayon Məhkəməsinin 4(041)-21/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan, 8-ci sinif şagirdi Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.99-103) - Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla yaraladığı yeri işarə edir, baxış keçirilən yer Kürdəmir rayonu Sığırlı kənd ərazisində küçədir, həmin yer Sığırlı kənd məktəbinin yaxınlığında yerləşir, baxış zamanı cinayətin aləti olan bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. - Məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 112 saylı rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: qarının ön divarında xəncərəbənzər çıxıntıdan 4-5 sm aşağı sol orta körpücük xətti ilə kəsişmədə 4,0 x 0,2 sm ölçülərdə üzərində cərrahi tikiş izləri olan, səthi bir qədər qabarıq, qırmızımtıl rəngli çapıq, (İ yaranın izi); həmin yaradan bir qədər tış hissəyə doğru 2,3 x 0,2 sm ölçülərdə anoloji çapıq(İİ yaranın izi); sol qoltuqaltı nahiyyədə İV-V qabırğalararası sahədə orta qoltuq xətti ilə birləşmədə 3,0 x 0,2 sm ölçülərdə anoloji çapıq(İİİ yaranın izi); sol bel nahiyəsində arxa qoltuq xətti üzrə Xİİ qabırqa kəsişməsində 2,5 x 0,2 sm ölçülərdə anoloji çapıq (İV yaranın izi); sağ arxa qoltuq xətti üzrə Xİİ qabırğa kəsişməsində 4,0 x 0,2 ölçülərdə anoloji çapıq (V yaranın izi); sağ paranefral nahiyyədə 2,3 x 0,2 sm ölçülərdə anoloji çapıq (Vİ yaranın izi); sol bazunun orta 1/3-nin ön və arxa səthlərində müvafiq olaraq 3,0 x 1,0 və 1,0 x 0,4 sm ölçülərdə anoloji çapıq(Vİİ-Vİİİ yaraların izləri); sol əlin İ barmaq yastığında(İX); İİ daraq proyeksiyasına uyğun ovuc səthində (X); ll-lll-cü falanqaların ovuc səthində (Xİ-Xİİ) deşilmiş kəsilmiş yaralar və səthi dəri kəsikləri iti xassəyə malik alətin (əşya), sol Vİ-Vİİ qabırqaların sınığıküt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlərdən biri (İ xəsarət) qarnın ön divarından-xəncərəbənzər çıxıntıdan 4-5 sm aşağı sol orta körpücük xətti ilə kəsişmədən qarın və döş boşluğuna keçib soldan bir qədər sağa, aşağıdan bir qədər yuxarı istiqamətlənərək 12 barmaq barırsağı, böyük piyliyin, qara ciyətin hər iki payının, diafraqmanın və sağ ağ ciyərin aşağı payının zədələnməsinə səbəb olmuş və bu xəsarət ağırlıq dərəcəsinə görə, həyat üçün təhlukəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir və bir bıçaq zərbəsinin təsirindən əmələ gələ bilərdi. Sol Vİ-Vİİ qabırqaların sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İ yaradan bir qədər tış hissəyə doğru 2,3 x 0,2 sm ölçülərdə anoloji çapıq(İİ yaranın izi); sol qoltuqaltı nahiyyədə İV-V qabırğalararası sahədə orta qoltuq xətti ilə birləşmədə 3,0 x 0,2 sm ölçülərdə anoloji çapıq (İİİ yaranın izi); sol bel nahiyəsində arxa qoltuq xətti üzrə Xİİ qabırqa kəsişməsində 2,5 x 0,2 sm ölçülərdə anoloji çapıq (İV yaranın izi); sağ arxa qoltuq xətti üzrə Xİİ qabırğa kəsişməsində 4,0 x 0,2 ölçülərdə anoloji çapıq (V yaranın izi); sağ paranefral nahiyyədə 2,3 x 0,2 sm ölçülərdə anoloji çapıq (Vİ yaranın izi); sol bazunun orta 1/3-nin ön və arxa səthlərində müvafiq olaraq 3,0 x 1,0 və 1,0 x 0,4 sm ölçülərdə anoloji çapıq (Vİİ-Vİİİ yaraların izləri); sol əlin İ barmaq yastığında (İX); İİ daraq proyeksiyasına uyğun ovuc səthində (X); ll-lll-cü falanqaların ovuc səthində (Xİ-Xİİ) deşilmiş kəsilmiş yaralar və səthi dəri kəsikləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, iti xassəyə malik alətin(əşya), sol Vİ-Vİİ qabırğaların sınığı isə -küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. (i.v 219-223) - Məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 112/a saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: boynun ön səthində sıyrıq, sağ körpücükaltı nahiyədə qançır xəsarətləri küt əşya təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. (İ/v 156-157) - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 409 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair xəstəlik aşkar edilmir. O, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. O, cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və.s) olmamışdır. (i/v 215-217) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, iş üzrə dindirilmiş şəxslərin-təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrin əlaqəli təhlilindən görünür ki, iş üzrə şahid qismində dindirilmiş Elmar, Qamət, Nihad, Emil, Orxan adlı yetkinlik yaşına çatmayanlar şəxslər və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Qamət adlı yetkinlik yaşına çatmayan şəxsin istədiyi qıza söz atmasına dair məlumatı dəqiqləşdirmək məqsədilə 16 mart 2024-cü il tarixdə yaşadıqları ərazidə dəmiryolu stansiyasının yaxınlığında Təqsirləndirilən şəxs söhbətə çağırmış, Təqsirləndirilən şəxs ona şər-böhtan atıldığını, sözügedən qız barəsində heç bir nalayiq söz işlətmədiyini deməsinə baxmayaraq, orada ona qarşı təhqir və təzyiqlər olunmuş, eyni zamanda Zərərçəkmiş şəxs də həmin günkü söhbətdə orada iştirak etmiş və Təqsirləndirilən şəxs sinəsinə yumruqla vurmuş, onun və ailəsinin ünvanına təhqiredici sözlər demiş, bununla kifayətlənməyərək, Qamət adlı şəxs həftənin birinci günü söhbəti bir daha Elton adlı şəxsin iştirakı ilə davam etdirəcəkləri barədə Təqsirləndirilən şəxs xəbərdar etmiş və deyilən vaxtı, 18 mart 2024-cü il tarixdə, saat 10:30 radələrində Təqsirləndirilən şəxs dərsdən icazə alaraq Elmar, İrayət, Emil, Orxan, Elton və Turalın onu gözlədiyi məktəbin arxasına aparmış, həmin vaxt Tural Hünərin üstünə gedərək onunla yüksək tonla və kobud tərzdə danışaraq ona nalayiq sözlər demiş, onlar əlbəyaxa olmuş, bundan sonra Tural Hünəri məktəbdən çölə dəvət etmiş, kənarlaşdıqdan sonra aralarında olan əlbəyaxa münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qisas məqsədilə bıçaqla xəsarətlər yetirib hadisə yerindən uzaqlaşmışdır. Göründüyü kimi, cinayət əməli Zərərçəkmiş şəxs öz tanışlarının yanında Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərinin nəticəsində şəxsi münasibətlərin kəskinləşməsindən yaranan qisas məqsədilə törədilmişdir. Məhkəmə cinayət işi üzrə mövcud sübutları təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı aşağıda qeyd olunanları nəzərə alır: - AR DİN BƏƏSİ-dən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (i.v. 192-194) - İşdə olan xx.xx.2024-cü il tarixli Sığırlı kənd tam orta məktəbinin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə 8-ci sinifdə təhsil almışdır, tədris zamanı dərsə davamiyyəti normal olmuş, müəllimlərin verdiyi tapşırıqları vaxtında yerinə yetirmiş, müəllim və şagird kollektivi arasında hörməti olmuş, davranış qaydalarına əməl etmiş, dərs saatlarında müəllimlərin tələb və təkliflərinə riayət etmişdir. Bacarıqlı, bütün fənnlərə maraq göstərməklə intizamlı şagird olmuşdur. (i.v.239) - Məhkəmə istintaqı zamanı təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam ödənilmişdir. Cinayət Məcəlləsinin 86-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. İşin yuxarıd qeyd olunan hallarından görünür ki, Təqsirləndirilən şəxs hər iki valideyni olan normal ailədə böyümüş, həbs edilənə qədər Kürdəmir rayonu Sığırlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olmuş, tədris müddətində bütün fənnlərə maraq göstərən intizamlı şagird olmuş, cinayət hadisəsi baş verənə qədər hüquq pozuntusu təşkil edən əməldə iştirakı müəyyən edilməmiş, cinayət əməlini törətməzdən iki gün əvvələ qədər zərərçəkmiş şəxslə heç bir mübahisəsi, hətta tanışlığı olmamış, cinayət hadisəsinin baş verməsinə səbəb yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və qeyrilərinin yaratmış olduğu qanunazidd şərait və təsiri olmuşdur. Belə ki, iş üzrə dindirilmiş bütün şəxslərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və onun yaxınlarının birlikdə iştirak etdiyi mübahisəyə təkbaşına çağırılmış, şəxsi münasibətlərin gərginləşməsi nəticəsində cinayət əməli törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in müvafiq olaraq 59.1.2, 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə 3 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar olmadığından Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 8 il olduğundan, ARCM-in 60-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ARCM-in 126.1-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının son həddi 8 ilin dörddə üçündən, yəni 6 ildən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndi və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmərə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayan şəxslərə ilk növbədə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını və qanunla müəyyən olunmuş yetkinlik yaşına çatmayanlara cəza təyinetmənin əsasları ilə birlikdə təqsirləndirilən şəxsin əməli törətdiyi vaxt 14 yaşını yenicə tamam etmiş yetkinlik yaşına çatmayan şəxs-orta məktəbin 8-ci sinif şagirdi olmasını, əməlin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törədilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, təhsil müəssisəsi üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, orta məktəb təhsilini davam etdirmək barədə israrlı arzusunu, şəxsin islah olunmasına məhkəmə tərkibinin qənaətincə kifayət etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona CM-in 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, sınaq müddəti müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 8-ci sinifdə oxuduğu dövrdə təhsildən ayrılaraq 10 aydan artıq müddət həbsdə saxlanılması, bu dövrdə əməlindən səmimi peşman olub zərərçəkmiş şəxslə barışması nəzərə alınaraq, sınaq müddəti ərzində özünü doğrultmağa çalışması və təhsilini davam etdirib cəmiyyətə yararlı vətəndaş olmağa çalışması cəzanın məqsədlərinə xidmət etməklə, təqsirləndirilən şəxsin islah olunmasına kifayət edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsində cəza çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və təhsil müəssisəsini dəyişməmək kimi vəzifələr qoyulmalı, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətimkan tədbiri ilə bağlı məsələyə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və o, həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunsun və üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və o, həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar