Məhkəmə qərarları › İş №1(099)-800/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-800/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-800/2023 01.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu ildə İmişli rayonu, Qaralar kəndində doğlumuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla, İmişli rayonu, Oruclu kəndində yaşa yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 2023-cü ilin mart ayının sonlarında İmişli rayonu, Oruclu kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki kolluq ərazidə əkilib-becərilməsi qadağan olunmuş, külli miqdarda, yəni 138 (yüz otuz səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz əkərək, həmin bitkiləri aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, 12 iyul 2023-cü il saat 20 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun İmişli rayonu, Oruclu kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki kolluq ərazidə 138 (yüz otuz səkkiz) ədəd, külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 7-8 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. İstifadə etmək üçün marixuana aldıqda onu əzib toxumlarını çıxartmış və dərman qabının ampula şüşəsində xarab olmaması və əkinə yararlı olması üçün saxlamışdır. Yığdığı toxumları 2023-cü ilin mart ayının sonlarında evinin həyətyanı sahəsində, iki ayrı yerdə kolluq ərazidə əkmişdir. Toxumları ovucunun içərisində səpmiş və əkdiyi çətənə bitkilərinin sayı barəsində fikirləşməmişdir. Bundan sonra çətənə bitkilərinə mütəmadi olaraq qulluq etmiş, çətənə bitkisinin dibinə su yığıldıqca həmin suyun yolunu təmizləyərək çətənə bitkisinin dibində qalaraq kökünün məhv olmamasının qarşısını almışdır. 12 iyul 2023-cü il tarixdə saat 20 radələrində heyvanlarını çöl sahədən gətirən zaman evinin qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, evinin həyətyanı sahəsinə baxış keçiriləcəyini demişlər. O, da bu barədə ərizə verərək, baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış keçirilən zaman sahənin bir hissəsində əkdiyi 36 ədəd çətənə kolu və digər hissəsində əkdiyi 102 ədəd çətənə kolu aşkar edilmişdir. Ümumilikdə evinin həyətyanı sahəsindən 138 ədəd çətənə kolları aşkar edilmişdir. Sonra həmin çətənə kolları onun və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, üzəri imzalanmışdır. Çətənə bitkilərini özü istifadə etmək üçün əkmiş, başqa fikri olmamışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə ona İmişli rayon, Oruclu kənd sakini Budaq Qənbərov adlı şəxsin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkbili çətənə bitkisi əkməsi barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinə gedərək evi müşahidəyə götürmüşlər, saat 20:00 radələrində Təqsirləndirilən şəxs çöl sahədən heyvanlarını gətirdiyini görərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini demişlər. Budaq Qənbərov buna etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Budaq Qənbərovun həyətinə baxış keçirilən zaman evin arxasında olan kolluq ərazidən 36 ədəd, digər kolluq ərazidən isə 102 ədəd, ümumilikdə 138 ədəd çətənə bitkisi və 4 ədəd su qabı aşkar edilmişdir. Bundan sonra həmin çətənə bitkiləri aqronomun iştirakı ilə çıxarılaraq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Budaq çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin əməkdaşıları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 iyul 2023-cü il tarixli, 18/726 nömrəli rəyində qeyd olunmuşdur ki, Tədqiqata təqdim olunmuş üzərində “…Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən 138 ədəd...” sözləri və imzalar olan 03 ədəd sintetik torbada ümumi sayı 138 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 10200,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim edilmiş 138 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Ekspertiza tədqiqatından sonrakı qalıq çətənə bitkilərinin çəkisi 10186,20 qram. Qeyd: Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli, 5932 nömrəli “ambulator məcburinarkoloji tibbi yoxlama” rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsələhət görülür. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və məhkəmə zamanı tədqiq edilmiş videogörüntülərdən müəyyən görünür ki, baxış keçirilən keçirilən yer İmişli rayonu, Oruclu kəndində vətəndaş Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətyanı sahəsidir. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində qanunsuz olaraq əkilmiş, tərkibində narkotik vasitə olan bitkilərin olubolmaması soruşulduqda, sonuncu əli ilə yaşayış evinin arxasında iki yer göstərərək, həmin yerlərə çətənə kolları əkməsini bildirmişdir. Evin arxasında, sağ tərəfdə böyürtkən kollarının içərisində kolları arxaya çəkdikdə əvvəlcədən hazırlanmış cığırla getdikdə orada aqrotexniki qaydada qulluq edilmiş, dibləri boşaldılmış, müxtəlif hündürlüklərdə olan 36 ədəd çətənə kollarına bənzər narkotik tərkibli bitkilər aşkar olunaraq torpaqdan çıxarılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs evinin arxasındakı digər böyürtkən kollarını göstərərək, həmin yerdə də çətənə kollarını əkməsini bildirmiş, yenə əvvəlcədən hazırlanmış cığırla həmin kolların içərisinə baxış keçirildikdə orada da aqrotexniki qaydada qulluq edilmiş, dibləri boşaldılmış, həmin yerdə aşkar edilmiş 4 (dörd) ədəd kauçuk su qabıları ilə mütəmadi olaraq suvarılmış, müxtəlif hündürlüklərdə olan 102 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər aşkar edilərək torpaqdan çıxarılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ümumilikdə 138 ədəd çətənə kollarına bənzər kollar sintetik torbalara yığılaraq qablaşdırılmışdır. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İmişli rayonu, Oruclu kənd sakini Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş narkotik tərkibli bitki olan 138 ədəd çətənə (marixuanna) koluna aqro-texniki qayada qulluq edilmiş yəni, dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İmişli Rayon məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 12 iyul 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 138 ədəd narkotik tərkibli çətənə bitkiləri, baxış zamanı götürülmüş və həmin bitkilərə qulluq edilməsi üçün nəzərdə tutulmuş 4 (dörd) ədəd kauçuk su qabı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli «İmişli Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda dayanmır. İş materiallarında olan İmişli rayon Oruclu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Oruclu kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və üç yetkinlik yaşına çatmış oğlanlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinin görüntülərini əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 237.2.3-cü maddəsrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- İmişli Rayon polis şöbəsində saxlanılan 138 (yüz otuz səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və baxış zamanı götürülmüş və həmin bitkilərə qulluq edilməsi üçün nəzərdə tutulmuş 4 (dörd) ədəd kauçuk su qabı məhv edilməli, baxış keçirilməsi haqqında prtokolların görüntülərini yazıldığı 2 ədəd DVD disk cinayət təqibi materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalı, Budaq Qəmbədov barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 12 iyul 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - İmişli Rayon polis şöbəsində saxlanılan 138 (yüz otuz səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və baxış zamanı götürülmüş və həmin bitkilərə qulluq edilməsi üçün nəzərdə tutulmuş 4 (dörd) ədəd kauçuk su qabı məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış baxış keçirilməsi haqqında prtokolların görüntülərini yazıldığı 2 ədəd DVD disk cinayət təqibi materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Budaq Qəmbədova hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar