Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-804/2023 01.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Cəlilabad rayonu Bayxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Bayxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 16 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla VAZ 21074 markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobili idarə edərək Cəlilabad rayonu Bayxanlı kəndindən Ocaqlı kəndinə gedərkən Cəlilabad rayonu Gülməmmədli kəndi ərazisində hərəkətdə olarkən Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaqla öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsi daxilində maksimum icazə verilən saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunun tələblərinə əməl etməyib avtomobili 110-120 km/saat sürətlə idarə edərkən idarəetməni itirərək əks istiqamət üçün nəzərdə tutulmuş hərəkət zolağına çıxıb, həmin zolaqla hərəkətdə olan, Şahid idarə etdiyi QAZ 2705 markalı, **-KC-*** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin qismində qabaq sağ oturacaqda əyləşmiş X3 ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, sağ bud və burun sümüyünün qapalı sınığı, alının, sağ almacıq və alt dodaq nahiyəsində əzilmiş yara, alın, alt çənə və sağ baldır nahiyəsində sıyrıqlar əmələ gəlməsi ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurma əlamətlərinə malik bədən xəsarətləri alaraq hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, sürücülük vəsiqəsi və hüququ yoxdur. Lakin bəzi hallarda qardaşı Kamrana məxsus, VAZ 21074 minik markalı, ** BU *** qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 13 aprel 2023-cü il tarixdə yaşadığı Cəlilabad rayonu Bayxanlı kəndində yerləşən evində olduğu zaman qohumu X6 ona zəng edərək onu avtomobili lə rayonun Əliqasımlı kəndinə aparmasını xahiş demişdir. O isə avtomobilin benzini olmadığını bildirmişdir. X10 xahişini nəzərə alaraq onu avtomobili lə Əliqasımlı kəndinə aparmağa razılıq vermişdir. Həmin günsaat 15 radələrində yaşadığı evdən VAZ 21074 minik markalı, ** BU *** qeydiyyat nişanlı avtomobili idarə edərək çıxmışdır. Paşa ilə zəngləşərək onu da kənd ərazisindən avtomobilə götürmüş, o, qabaq sağ sərnişin oturacağında əyləşmişdir. Onlar birlikdə Bayxanlı kəndindən Əliqasımlı kəndi istiqamətində hərəkətə başlamışlar. Avtomobili benzini az olduğuna görə arada «xolostoy» vəziyyətdə hərəkət etdirmişdir. Təxminən saat 16 radələrində onlar Gülməmmədli kəndi ərazisində daxil olmuşlar. Avtomobili kənd ərazisində təxminən 110-120 km/saat sürətlə idarə etdiyi zaman əks istiqamətdən ağ rəngli, Qazel markalı avtomobilin onun hərəkət zolağı ilə gəldiyini görmüşdür. O, həmin avtomobili təxminən ona 70-80 metr məsafə qalmış görmüşdür. Onun sürəti yüksək olduğu üçün əyləc pedalından istifadə edə bilməmiş, qarşı hərəkət zolağa keçərək keçib getmək istəmişdir. Bu məqsədlə avtomobili əks hərəkət zolağına istiqamətləndirmişdir. Lakin Qazel markalı avtomobilin ona çatdıqda öz hərəkət zolağına keçməyə başlamış və onların avtomobilləri toqquşmuşdur. Toqquşma onun hərəkət zolağında deyil, qarşı hərəkət zolağında baş vermişdir. Onun idarə etdiyi avtomobil yolun kənarına düşmüşdür. O, çətinliklə də olsa, avtomobildən yerə enmişdir. Hadisə yerinə yaxınlaşan şəxslərin köməkliyi ilə qabaq sağ oturacaqdan Paşanı çıxarmağa çalışmışlar. Onu avtomobildən çıxartdıqdan sonra öldüyünü görmüşlər. Bir neçə dəqiqə sonra aldığı xəsarətlərdən o da özündən getmişdir. O, özünə gəldikdə artıq xəstəxanada olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X4 məhkəmədə göstərdi ki, mərhum X6 onun doğma oğludur. Onlar eyni evdə bir yerdə qalmışlar. 13 aprel 2023-cü il tarixdə saat 16 radələrində şəxsi işi ilə əlaqədar kənd ərazisində olmuşdur. Həmin vaxt onun mobil telefonuna zəng gəlmiş və qohumları ona Cəlilabad rayonu Gülməmmədli kəndi ərazisində qohumu Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyini, oğlu Paşanın da sərnişin qismində həmin avtomobilin içərisində olduğunu bildirmişlər. Sonra hadisə barədə maraqlandıqda oğlu Paşanın yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini öyrənmişdir. Özü hadisə yerinə getmişdir. Hadisə yerinə gedəndə ona məlum olmuşdur ki, Məzahir avtomobili kəndarası yolda hədsiz yüksək sürətlə sürmüş və qarşıdan gələn Qazel markalı avtomobil il toqquşmuşdur. Hadisə yerində tormoz izi olmamışdır. Zərbə güclü olduğundan «Qazel» markalı avtomobilin mühərriki yerindən çıxmış və bir neçə metr aralı düşmüşdür. Oğlu Paşanın xəstəxanaya aparıldığını bilərək rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya getdikdən sonra oğlunun bədəninin zərbə nəticəsində üç yerə böldünməsini görmüşdür. Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etməsi nəticəsində oğlunu itirdiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir, ona yüksək cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid göstərdi ki, o, QAZ- 2705 Yük Sərnişin markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə il bundan əvvəl alaraq idarə edir. 13 aprel 2023-ci il tarixdə saat 16 radələrində şəxs işi ilə əlaqədar idarə etdiyi avtomobil ilə Cəlilabad rayonu Ocaqlı kəndindən Bayxanlı kəndi istiqamətində hərəkət etmişdir. Gülməmmədli kəndi ərazisində 40-50 km/saat sürətlə öz yolunda hərəkətdə olduğu zaman əks istiqamətdən VAZ 21074 markalı, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yüksək sürətlə gəldiyini görmüşdür. Həmin avtomobil idarə etdiyi avtomobilə təxminən 40 metr qalarkən onun hərəkət zolağına keçmişdir. O, əylənci basmış və idarə etdiyi QAZ-2705 markalı avtomobili toqquşmadan yayındırmaq üçün sağa istiqamətləndirmiş, əylənci basdığı anda avtomobil yerində, öz hərəkət zolağında dayanmışdır. Lakin Təqsirləndirilən şəxs yüksək sürətlə hərəkətdə olduğundan idarəetməni itirmiş və VAZ2107 markalı avtomobil onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. O, avtomobildən dərhal yerə düşmüşdür. VAZ 21074 markalı avtomobilin sürücüsü də yerə düşmüşdür. Lakin VAZ 21074 markalı avtomobilin qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda bir nəfər şəxsin yaralı olduğunu görmüşdür. Həmin avtomobilin sürücüsü ilə o, birlikdə ilkin tibbi yardım göstərmək məqsədi ilə həmin şəxsi çıxartmaq istəmişlər. Həmin şəxs avtomobildə sıxışıb qaldığı üçün onlar həmin şəxsi çıxartmağa çətinlik çəkmişlər. Sonra yol ilə hərəkət edən vətəndaşlar avtomobillərini saxlayaraq onlara kömək etməyə başlamışlar. Onlar birlikdə həmin şəxsi avtomobildən çıxarıb yolun kənarına qoymuşlar. Onlara məlum olmuşdur ki, adını sonradan bildiyi Paşa adlı şəxs yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. VAZ 21074 markalı avtomobilin sürücüsü Məzahir adlı şəxsi isə yaralı vəziyyətdə xəstəxanaya aparmışlar. Bundan sonra polis əməkdaşları da hadisə yerinə gəlmiş və onun iştirakıyla hadisə yerinə baxış keçirilmişdir. 13 aprel 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və sxemdən görünür ki, hadisə Cəlilabad rayonu Ocaqlı kəndindən Bayxanlı kəndi istiqamətində olan avtomobil yolunun Gülməmmədli kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Hadisə baş vermiş yol quru, düz və asfaltbeton örtüklüdür. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. 13 aprel 2023-cü il tarixli, 113 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olmuşdur. 20 aprel 2023-cü il tarixli, avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobil göy rəngdədir. Avtomobilin ban, sol yan, sağ yan və qabaq hissəsi tam olaraq deformasiyaya uğramışdır. Məhkəmə-tibb ekspertinin 23 aprel 2023-cü il tarixli, 10 saylı rəydən görünür ki, mərhum X3 meyiti üzərində qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş-beyin toxumasının ağır dərəcəli əzilməsi, sağ bud və burun sümüyünün qapalı sınığı, alının, sağ almacıq və alt dodaq nahiyəsində əzilmiş yara, alın, alt çənə və sağ baldır nahiyəsində sıyrıqlar müəyyən edilmişdir. Həmin xəsarətlər bərk, küt əşyanın/əşyaların/ güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti 13 aprel 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. X3 ölümünə ağır qapalı kəllə-beyin travması zamanı əmələ gələn baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 avqust 2023-cü il tarixli, 8/2174 nömrəli rəydən görünür ki,yol-nəqliyyat hadisəsinin baş verməsi şəraitində VAZ 21074 markalı, ** BU *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, həmin maddənin tələbinə sasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitəsinə və başqa əmlaka zərər vurmamalıdır. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni, 110-120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ 2705 markalı, ** KC *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-də daxil olmuş 25 iyul 2023-cü il tarixli, 3-13-16-5/2-6606/2023 saylı məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Cəlilabad rayonu, Bayxanlı kənd sakini, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi, Cəlilabad rayonu, Sarxanlı kənd sakini xx.xx.1961-ci il təvəllüdlü Şahid adına xx.xx.2020-ci il tarixdə “BC” kateqoriyalı AF-136908 saylı sürücülük vəsiqəsinin verildiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edəpkən yol hərəkətin qaydalarını pozması səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyyatsızlıqdan bir şəxsin ölümünə səbəbə olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verməsi zamanı idarə etdiyi avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməsi, sürücü Şahid əks istiqamətdə idarə etdiyi QAZ-2705 markalı avtomobili onun hərəkət zolağına çıxarması, onun isə hadisədən yayınmaq üçün idarə etdiyi avtomobili əks hərəkət zolağına istiqamətləndirməsi, lakin Şahid idarə etdiyi avtomobili yenidən öz hərəkət zolağına qaytarması səbəbindən avtomobillər arasında toqquşanın baş verməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətlənlirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmalarına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla məhkəmə iclas zalında həbsə alınmalı, CM-nin 56.1.12-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 01 dekabr 2023-cü il tarixdən hesablanmalı, və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaldıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Ekspertiza xərci 128 ( yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-804/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-804/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver