Məhkəmə qərarları › İş №1(099)-806/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-806/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-806/2023 13.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 18 avqust 1994-cü ildə Lənkəran rayonunun Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını tam çəkməmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 22 iyun 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videkonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti müəyyən olunmayan şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan şəxslərin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Lənkəran rayonunun Darquba kəndi ərazisində gizlətməklə saxladıqları külli miqdarda - 10064,504 qram çəkidə narkotik vasitə heroini, 40345,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 990,0 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını, 975,0 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişi və 300 ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 120 qram təşkil edən 3000 həb narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib 44,504 qram çəkidə narkotik vasitə heroini üzərində, qalan müxtəlif növ narkotik vasitələri isə idarə etdiyi “Khazar” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Lənkəran rayonunun Darquba kəndi ərazisinə daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbənin əməkdaşları tərəfindən 21 iyun 2023-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün gecə saat 04:00-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 1lə Mübarizə İdarəsinin X3 Şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə 44,504 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 21 iyun 2023-cü ildə səhər saat 06:40-da avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən onun satış məqsədi ilə əldə edərək saxlamaqla daşıdığı üç ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3265,0 qram, 3530,0 qram və 3225,0 qram olmaqla ümumilikdə 10020,0 qram çəkidə narkotik vasitə heroin, altı ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3230,0 qram, 10135,0 qram, 6860 qram, 7600,0 qram, 4420,0 qram və 8100,0 qram olmaqla ümumilikdə 40345,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükülüdə, təmiz çəkisi 990,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, bir ədəd bükülüdə, təmiz çəkisi 975,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş, 300 ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 120 qram təşkil edən 3000 həb narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 iyul 2023-cü ildə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan “Əli” adlı şəxslə tanış olmuş, onunla “Whatsapp” vasitəsi ilə danışmış, sonuncu 4 kiloqram narkotik vasitə olan marixuananı onun dediyi yerdən götürüb Salyan şəhərinə aparmasını, bunun müqabilində ona 2000 manat pul verəcəyini demiş, onunla razılaşmış, 20 iyun 2023-cü ildə “həmin şəxs onunla yenidən əlaqə saxlamış, narkotik vasitənin Lənkəran rayonu, Darquba kəndinin giriş hissəsində qoyulduğunu demiş, 21 iyun 2023-cü ildə gecə vaxtlarında idarə etdiyi Khazar markalı **-AJ-*** nömrəli avtomobillə deyilən yerə getmiş, torbada olan narkotik vasitəni götürərək avtomobilin arxa yük yerinə yerləşdirmiş, saat 04 radələrində Lənkəran rayonu, Darquba kəndi ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə polis əməkdaşlarının təzyiqi nəticəsində ifadələrinə imza etmişdir. Narkotik vasitəni Kürə adlanan yerdən götürmüş, narkotik vasitə 4 kiloqram marixuana olmuş, üzərindən və avtomobilin yük yeridən aşkar olunmuş 40 kiloqram narkotik vasitə polis əməkdaşları tərəfindən ora qoyulmuşdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək törədilmiş cinayət haqqında ətraflı ifadələr vermiş və ifadəsində göstərmişdir ki, İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Əli” adlı şəxs narkotik vasitələrin alveri ilə məşğul olduğunu demiş, sonuncu “kuryer” kimi onun dediyi yerdən narkotik vasitələri götürüb Bakı şəhərinə aparmaqla deyilən yerə qoysa ona yaxşı pul verə biləcəyini bildirmiş, maddi çətinlik çəkdiyi üçün razılaşmış, 20 iyun 2023-cü ildə “Əli” adlı şəxs onunla yenidən əlaqə saxlamış, narkotik vasitənin Lənkəran rayonu Darquba kəndinin giriş hissəsində qoyulduğunu demiş, 21 iyun 2023-cü ildə gecə vaxtlarında idarə etdiyi Khazar markalı **-AJ-*** nömrəli avtomobillə deyilən yerə getmiş, sonuncunun göndərdiyi torbada müxtəlif növ narkotiklər olmuş, həmçinin özü istifadə etməsi üçün də bir büküm heroin olmuş, torbadakı narkotikləri avtomobilin arxa yük yerinə yerləşdirmiş, bir büküm heroini isə şəxsi istifadəsi üçün üzərində saxlamış, saat 04 radələrində Lənkəran rayonu, Darquba kəndi ərazisində idarə etdiyi Khazar markalı, **-AJ- *** qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq avtomaşınla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Polis Şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış, avtomobilinə isə baxış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibində gizlətdiyi bir ədəd sellofan bükümdə narkotik maddə heroini çıxarıb təqdim etmiş, baxış zamanı avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış, avtomaşının arxa yük yerindən bir ədəd sintetik torbanı göstərib təqdim etmiş, həmin sintetik torbanın içərisinə baxıldıqda içərisində 06 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd bükümdə heroin, 01 ədəd bükülüdə həşiş, 01 ədəd bükülüdə həşiş qətranı və 300 ədəd listlərdə metadon tableti aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı aşkar olunmuş narkotik maddələri İran İslam Respublikasının vətəndaşı olan «Əli» adlı şəxsin göndərdiyini, həmin narkotik vasitələri onun Bakı şəhərinə aparıb deyəcəyi yerə qoyduqdan sonra bunun müqabilində ona 2000 manat pul veriləcəyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbədə işləyən Şahid2 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü ildə gecə saat 04:00 dəqiqədə Lənkəran rayonu, Darquba kəndinin girəcəyində idarə etdiyi Khazar minik markalı, **-AJ-*** qeydiyyat nişanlı avtomaşında saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış, avtomobilə baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd selofan büküm çıxararaq içində narkotik vasitə heroin olduğunu bildirmiş, bundan sonra avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açaraq avtomaşının arxa yük yerindən bir ədəd sintetik torban təqdim etmiş, həmin sintetik torbanın içərisinə baxıldıqda içərisində 06 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd bükümdə heroinə bənzər kütlə, 01 ədəd bükülüdə həşişə bənzər kütlə, 01 ədəd bükülüdə həşiş qətranına bənzər kütlə və 300 ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar olunaraq götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri İran İslam Respublikasının vətəndaşı olan «Əli» adlı şəxsin göndərdiyini, həmin narkotik vasitələri onun Bakı şəhərinə aparıb deyəcəyi yerə qoyduqdan sonra bunun müqabilində ona 2000 manat pul veriləcəyini bildirmiş, şəxsi axtarış və baxış keçirilməsi haqqında protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs istər saxlanılarkən, istərsə də şöbədə olarkən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs gecə saat 04:00-da Lənkəran rayonu Darquba kəndi ərazisində saxlanılaraq Regional Şöbənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “avtomobilə baxış və götürmə aparılması haqqında” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 21 iyun 2023-cü ildə gecə saat 06:40-da Təqsirləndirilən şəxs idarə etdiyi Khazar markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa yük yerindən üç ədəd bükülülərdə narkotik vasitə heroinə bənzər kütlə, altı ədəd bükülülərdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd bükülüdə narkotik vasitə həşiş qətranına bənzər kütlə, bir ədəd bükülüdə narkotik vasitə həşişə bənzər kütlə, 300 ədəd konvalyutda 3000 həb narkotik vasitə metadona bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə kimyəvi və bioloji ekspertizanın 21 iyun 2023-cü il tarixli 19/667 rəyindən görünür ki, tədqıqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdə” sözlər və imzalar olan 1 ədəd zərfdəki 1 əddə bükülüdə təmiz çəkisi 44,504 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı **-AJ-*** qeydiyyat nişanlı avtomobildən.” sözlər və imzalar olan bir əddə kisə bağlamadakı, 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3265,0 qram, 3530,0 qram və 3225,0 qram, ümumi təmiz çəkisi 10020,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 6 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 3230,0 qram, 10135,0 qram, 6860 qram, 7600,0 qram, 4420,0 qram və 8100,0 qram, ümumi təmiz çəkisi 40345,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və biolojı komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi 990,0 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır; bir ədəd bükülüdə təmiz çəkisi 975,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir; 30 ədəd konvalyutda ümumi sayı 3000 əddə olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 120,0 qramdır. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomaşından aşkar olunmuş heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qalıq: Heroin- 10064,104 qram; qurudulmuş marixuana – 40344,4 qram; həşiş qətranı - 989,9 qram; həşiş - 974,9 qram, metadon həbləri – 2945 ədəd təşkil edir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 iyun 2023-cü il tarixli 659 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədi ilə DİN-in BNMİ-nin X3 Şöbəsinə ünvanlanmış tapşırığa cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi müəyyən edilmiş, lakin onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarından görünür ki, barəsində məhkəmədə “həbs qətimkan tədbirinin seçilməsi” məsələsinə baxılarkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir təsir və ya təzyiqə məruz qalması barədə heç bir fikir bildirməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 iyun 2023-cü il tarixli 617 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10064,104 qram narkotik vasitə heroin, 40344,4 qram narkotik vasitə qurudulmuş marixuana, 989,9 qram narkotik vasitə həşiş qətranı, 974,9 qram narkotik vasitə həşiş və 2945 ədəd metadon həblər, eləcə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş və ona məxsus «Samsunq» markalı mobil telefon aparatı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır, şəxsi axtarış və baxış keçirilməsi haqqında videogörüntülər olan 02 ədəd CD disklər cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş ona məxsus 200 (iki yüz ) manat pul onun özünə təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici, şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində və avtomobilndə aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını, 40 kiloqram narkotikin avtomobilinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub narkotik vasitələrin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə məhkəmə-tibbi ekspertizası keçirilərək müvafiq rəy alınmış, həmin rəylə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, döyülməsi ilə bağlı şikayətlə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış, baxış və və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hal barədə heç bir fikir bildirməməsi, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şalvarının cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək heroinin özünə məxsus olduğunu, avtomobildən aşkar olunan narkotik vasitələrin isə 2000 manat müqabilində «Əli» adlı şəxsin Bakı şəhərində deyəcəyi qoymalı olduğunu yerə etiraf edir, narkotik vasitənin üzərinə və ya avtomobilin yük yerinə polis əmkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onun cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, həmçinin şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokolları, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr heroin, qurudulmuş marixuana, həşiş qətranı, həşiş və metadon həbləri miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 21 iyun 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 22 iyun 2023cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 21 iyun 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran rayon məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə, CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli, 53 nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ərizə ilə cəza çəkdiyi 02 saylı MTC-in rəisinə müraciət edərək ailə vəziyyətilə əlaqədar Bakı şəhərinə getmək üçün 03 günlük icazə almışdır. İş materillarında olan 02 saylı MTC-in 21 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2023-cü ildən hesablanmaqla, cəzaçəkmə müddətinin sonu 07 iyul 2025-ci ildə başa çatır və ona təyin edilmiş azadıqdan məhrum etmə cəzasından 11 (on bir) ay, 14 gününü çəkmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmuyu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixli hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını tam çəkmədən yenidən ağır cinayət əməli törətmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X2 rayonunun Sütəmurdov kəndində qeydiyyatda olmaqla orada yaşamış və yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10064,104 qram narkotik vasitə heroin, 40344,4 qram narkotik vasitə qurudulmuş marixuana, 989,9 qram narkotik vasitə həşiş qətranı, 974,9 qram narkotik vasitə həşiş və 2945 ədəd metadon həblər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş və ona məxsus «Samsunq» markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılmalı, şəxsi axtarış və baxış keçirilməsi haqqında videogörüntülər olan 02 ədəd CD disklər cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş ona məxsus 200 (iki yüz) manat pulun özünə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 120 (yüz iyirmi ) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 67.5-ci maddələrinə əsasən Lənkəran Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il, 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 21 iyun 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 10064,104 qram narkotik vasitə heroin, 40344,4 qram narkotik vasitə qurudulmuş marixuana, 989,9 qram narkotik vasitə həşiş qətranı, 974,9 qram narkotik vasitə həşiş və 2945 ədəd metadon həblər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və baxış keçirilməsi haqqında videogörüntülər olan 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş və ona məxsus «Samsunq» markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılsın, eləcə də ona məxsus 200 (iki yüz) manat pulun özünə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi ) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar