Məhkəmə qərarları › İş №1(099)-82/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-82/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-82/2022 22.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkil Müdafiəçi Calal oğlunun iştirakı ilə, xx xxxx 1967-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Astara rayonunun Hamuşam kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 21 sentyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlama, daşıma və satma barədə İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə onların İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla keçirilməsinə və külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, həmin şəxslərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirdiyi, külli miqdarda 12035 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 985 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 2060 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı Astara rayonunun Hamuşam kəndində yerləşən evinə daşıyıb gətirərək gizlətməklə saxlamış, 75 qram çəkidə, külli miqdarda narkotik vasitə tiryəki isə üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 sentyabr 2021-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün gecə saat 00.30-da saxlanılaraq ünvan 2 ünvanda yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X3 gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə, külli miqdarda 75 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 20 sentyabr 2021-ci ildə, gecə saat 04.45-də onun razılığı və iştirakı ilə evinə keçirilən baxış zamanı evində gizlətdiyi bir ədəd idman çantasında bir ədəd bağlamada 8 (səkkiz) ədəd bükümdə olmaqla ümumilikdə külli miqdarda 12035 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə, külli miqdarda 910 qram çəkidə narkotik vasitə tiryək, eləcə də 2 (iki) ədəd bağlamada olmaqla külli miqdarda təşkil edən 2060 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə tiryəkin və heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, telefonda tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxs ona narkotik vasitələr göndərəcəyini və həmin narkotik vasitələri onun dediyi yerlərə qoyacağı və deyəcəyi şəxslərə verəcəyi halda ona 3000 manat pul verəcəyini vəd verdiyindən onunla razılaşmış, 19 sentyabr 2021-ci ildə Məhəmməd yenidən ona zəng edərək onu sərhədin yaxınlığına çağırmış, gecə saatlarında onun dediyi vaxtda həmin yerə getmiş, Məhəmməd orada içərisində müxtəlif narkotik vasitələr və psixotrop maddələr olan idman çantasını ona vermiş, razılaşmaya əsasən həmin maddələri Astara şəhərində ayrı-ayrı yerlərə qoyacağı halda Məhəmməd ona ümumi borclu olduğu 7000 manat pulu verəcəyinə söz vermiş, Məhəmmədin verdiyi idman çantasının yaşadığı Astara rayonunun Hamuşam kəndində yerləşən evinə aparıb gizlətmiş, 20 sentyabr 2021-ci ildə gecə saatlarında yaşadığı evin yaxınlığında Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirlmiş, şöbədə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən üzərində heç bir narkotik vasitə olmamış, yaşadığı evə baxış keçirilərkən evində, divanın altında gizlətdiyi 1 ədəd idman çantasında olan bağlamaların içərisinə qoyulmuş narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülmüş, sonra protokol yazılaraq orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayəti maddi imkansızlığı səbəbi ilə bağlı törətdiyini, himayəsində heç bir yerdə işləməyən arvadı və xəstə uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış zamanı, evinə baxış keçirilərkən, eyni zamanda istintaq orqanında izahat və ifadə verərkən törətdiyi cinayət əməli barəsində özünü tam təqsirli bilməklə ətraflı ifadələr vermiş və ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin qanunsuz olaraq Azərbaycana keçirdiyi və ya göndərdiyi narkotik vasitələri və ya psixotrop maddələri ona veriləcəyi pulun müqabilində realizə etməkdə “Məhəmməd”ə narkokuryerlik etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 19 sentyabr 2021-ci ildə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Astara rayonunun Hamuşam kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Astara rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış qrupu yaradılmış, 20 sentyabr 2021-ci ildə gecə saat 00.30 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X3 gətirilmiş, şöbədə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə tiryəkə bənzər kütləni çıxarıb onlara təqdim etmiş, şifahi sorğu zamanı üzərindən aşkar olunmuş tiryəkin özünə məxsus olduğunu, həmin narkotiki İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsdən bir həftə əvvəl Astara rayonu ərazisində əldə etdiyini, həmin şəxsin satmaq üçün ona narkotik vasitələr və psixotrop maddə göndərdiyini, həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq şəklini “Məhəmməd”ə göndərəcəyini və qarşılığında ona pul veriləcəyini, hazırda yaşadığı evində narkotik vasitələr olduğunu bildirmiş, Təqsirləndirilən şəxs evinə sonuncunun razılığı və iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evində gizlətdiyi bir ədəd idman çantasında bir ədəd bağlamada 8 ədəd bükümdə içərisində külli miqdarlarda narkotik vasitə tiryəkə, heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək qablaşdırılıb götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış, mənzilə baxış və götürmə haqqında” 20 sentyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 sentyabr 2021-ci ildə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün gecə saat 00.30-da yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş İdarənin Cənub X3 gətirələrək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 75 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq gecə saat 04.45-də sonuncunun yaşadığı Astara rayonunun Hamuşam kəndində evinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yerləşən evin qonaq otağından bir ədəd idman çantasında olan bir ədəd bağlamadaki külli miqdarda 910 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1005 qram, 1010 qram, 2005 qram, 2060 qram, 2025 qram, 910 qram və 2020 qram olmaqla ümumilikdə külli miqdarda 12035 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram və 1045 qram olmaqla ümumilikdə külli miqdarda 2060 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə tiryəkin və heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 6/4152 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 75,0 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyi maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə -tiryəkdir; Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi” yazısı olan çantasındakı," - 8 (şəkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1000 qram, 1005 qram, 1010 qram, 2005 qram, 2060 qram, 2025 qram, 910 qram, 2020 qram ümumi təmiz çəkisi 12035 qram (12kq 35 qram) qəhvəyi tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 (iki) ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkisi 1015 qram, 1045 qram, ümumi təmiz çəkisi 2060 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 910 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyi olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə -tiryəkdir; bir ədəd üzərində “X5” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və tiryəkin izləri vardır. İz şəklində olduğu üçün heroinin və tiryəkin çəkisini və bükümlərdəki heroinlərlə və tiryəklə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi və yaşadığı ünvandan aşkar edilmiş tiryəkin ümumi təmiz çəkisi 985 qramdır və həmin tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Tiryəkin qalığı– 984,8 qram, heroinin qalığı – 12034,68 qram, metamfetaminin qalığı – 2059,8 qram təşkil edir. İş materiallarında olan ambulator məcburi-narkoloji ekspertizasının 27 oktyabr 2021ci il tarixli, 4168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefona aparatına keçirilmiş baxış protokolundan görünür ki, telefonun yaddaşının “Kontakti” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (902) ***-**-** nömrəsinin “Dostum”, +98 (930) ***-**-** nömrəsinin “Dostum 1”, +98 (914) ***-**-** nömrəsinin “Əzim”, +98 (930) ***-**-** nömrəsinin “İsmayıl”, +98 (914) ***-**-** nömrəsinin “Mehrab”, +98 (991) ***-**-** nömrəsinin “Mehrab 1”, +98 (937) ***-**- ** nömrəsinin “Monera”, +98 (914) ***-**-** nömrəsinin “Pürmən”, +98 (903) ***-**-** nömrəsinin “Qorban”,+98 (902) ***-**-** nömrəsinin “Rəsul”, +98 (938) ***-**-** nömrəsinin “Sabir” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa telefonda aşkar edilmiş “WhatsApp” ani zəngləşmə proqramı vasitəsi ilə: - xx.xx.2021-ci ildə “Dostum 1” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (930) ***-**-** nömrəsindən bir ədəd buraxılmış zəngin olması, - xx.xx.2021-ci ildə “Qorban” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (903) ***-**-** nömrəsinə “Qardaş getdim götürdüm allah razı olsun” məzmununda səsli mesajın göndərildiyi, - xx.xx.2021-ci ildə “Mehrab 1” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (991) ***-**-** nömrəsindən daxil olmuş 6 telefon danışının aparıldığı, - xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində “Dostum 1” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (930) ***-**-** nömrəsindən daxil olmuş 9 telefon danışının aparıldığı, - xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində “Qorban” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 (903) ***-**-** nömrəsindən daxil olmuş 5 telefon danışının aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azercell Telekom» MMC-dən daxil olmuş məlumatlara baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Bundan başqa xx.xx.2021-ci ildə saat 18.01-də İran İslam Respublikasının mobil telefon operatoruna məxsus **********0966 saylı mobil telefona zəng olunaraq 55 saniyə danışığın və xx.xx.2021-ci ildə saat 08.13-də həmin nömrədən bir ədəd mətnini müəyyən etmək mümkün olmadığı smsin daxil edildiyi aşkar edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 19 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2008-ci ildən 01 may 2019-cu ilədək olan müddət ərzində “Astara” sərhədkeçmə məntəqəsindən İran İslam Respublikası istiqamətində 12 dəfə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək geri qayırmışdır. İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədi İlə əldə edib saxlaması, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxslə birgə əlaqəsinin olması, “Məhəmməd” adlı şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərməsi, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri ölkə ərazisində qanunsuz daşıması fəaliyyəti ilə məşğul olması təsdiq edilsə də, ondan götürülmüş narkotik vasitə və psixotrop maddələri əldə etməsini görə biləcək şəxsləri, eləcə də adı qeyd olunan “Məhəmməd” adlı şəxsin müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan, iki ədəd torbada və bir ədəd zərfdə qablaşdırılan qalıq çəkisi 984,8 qram çəkidə narkotik vasitə tiryək, 12034,68 qram çəkidə narkotik vasitə heroin, 2059,8 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon cihazı və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını və yaşadığı evə baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd CD disk maddi sübut hesab edilmiş və saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və tiryək, eləcə də psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs hərəkətlərini Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 20 sentyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 20 sentyabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəmənin 28 avqust 1996-cı il tarixli hökmü ilə, CM-in 226-cı maddəsinin 2-ci hissəsi ilə əmlakı müsadirə olunmaqla 12 il müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 avqust 2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş 30 sentyabr 2021-ci il tarixli il tarixli 300 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonunun Hamuşam kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı və uşağı ilə birlikdə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra iki ədəd torbada və bir ədəd zərfdə qablaşdırılan qalıq çəkisi 984,8 qram çəkidə narkotik vasitə tiryək, 12034,68 qram çəkidə narkotik vasitə heroin, 2059,8 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatı qohumu-bacısı oğlu X2 qaytarılmalı, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını və yaşadığı evə baxış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 14 (on dörd)il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 984,8 qram çəkidə narkotik vasitə tiryək, 12034,68 qram çəkidə narkotik vasitə heroin, 2059,8 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qohumu-bacısı oğlu X2 qaytarılsın, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar