Məhkəmə qərarları › İş №1(099)-82/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-82/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-82/2024 09.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədirliyi ilə, hakimlər- Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, Mübariz Orucov küçəsi, ev 13, mənzil 45 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və vaxtda şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda 2850,0 qram narkotik vasitə heroini və külli miqdarda 700 qram psixotrop maddə metamfetamini 1500 manat pul müqabilində Bakı şəhərinə çatdıracağı barədə razılığa gəlmiş, şəxsiyyətləri müəyyən edilməyən cinayətkar qrupun üzvləri külli miqdarda narkotik vasitə hesab olunan heroini və psixotrop maddə olan metamfetamini dəqiq məlum olmayan tarixdə və vaxtda Ələt-Astara avtomobil yolunun Astara rayonu ərazisindən keçən 201-ci kilometrliyində körpünün altında gizlədərək bu barədə ona məlumat verdikdən sonra o, məlum olmayan tarixdə və vaxtda həmin yerdən külli miqdarda 2850,0 qram narkotik vasitə olan heroini və 700 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **- VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında saxlayaraq daşımış, Masallı RPŞ-nin və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti əməkdaşları tərəfindən 12 mart 2023-cü il tarixdə saat 02 radələrində keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri istiqamətində idarə etdiyi “Hyundai Elantra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində yerləşən stasionar postda saxlanılmış, stasionar postun inzibati binasının həyətində idarə etdiyi avtomobilə baxış keçirilərkən həmin avtomobilin arxa sərnişin oturacağından 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 950 qram, 950 qram, ümumi təmiz çəkisi 2850,0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə bir-biriləri ilə eynilik təşkil edən külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükülüdə ümumi təmiz çəkisi 700 qram olan ağ rəngli kristallardan ibarət külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “dərman”ları ona göndərən iranlı kimi tanıdığı şəxslə “instagram” sosial şəbəkəsində tanış olmuşdur. 11 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərindən Astara istiqamətinə iranlının dediyi yerdən “dərman”ları götürmək üçün yola çıxmışdır. Həmin şəxsin dediyi yerdən - Astara rayonu ərazisindən içində “dərman”lar olan bağlamanı götürüb Bakı istiqamətinə yola düşmüşdür. Masallı postunda YPX-nın və digər polis əməkdaşları tərəfindən saxlanılmış, postda avtomobilinə baxış keçirilmişdir. Ona, “iranla düşmənçiliyimiz var niyə iranlıdan dərman alırsan” demişlər və qarşısına torba qoyub çəkiliş zamanı həmin torbanın özünə aid olmasını deməsini məcbur etmişlər. Polislər demişlər ki, əgər bu torbanı, yəni narkotiki üzərinə götürməsə onu vətən xaini kimi sənədləşdirəcəklər. Məcbur qalaraq çəkiliş zamanı torbada olan narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasına dair etirafedici ifadələr vermişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, anası onkoloji xəstə olduğundan “dərman”ları anası üçün götürmüşdür. Saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüşdür. Götürdüyü sellofanda “dərman”dan başqa heçnə olmamışdır. Götürdüyü “dərman”ın qaçaq yolla keçdiyini bilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə öz xətti ilə yazdığı izahatı, habelə videoçəkilişlə müdafiəçisinin iştirakı ilə verdiyi 12 və 13 mart 2023-cü il tarixli etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində xx.xx.2023-cü il tarixdə «İnstaqram» vasitəsilə tanış olduğu adını xatırlamadığı iranlı ilə sonuncunun ona göndərəcəyi və Ələt-Astara magistral yolunun Astara rayonu ərazisindən keçən hissəsində gizlədəcəyi narkotik vasitəni 1500 manat pulun müqabilində Bakı şəhərinə deyiləcək ünvana çatdırcağı barədə razılaşmışlar. Razılaşmaya əsasən xx.xx.2023-cü ildə Buna görə də “Hyundai Elantra” markalı **-VP-*** dövlət qeydiyyat niaşanlı avtomobili bir günlük Bakı şəhərində icarəyə götürmüş və həmin günü saat 20 radələrində Bakı şəhərindən Astara rayonuna yola düşmüşdür. Astara rayonu ərazisindən keçən 201-ci km-də magistral yolun kənarında avtomobili saxlamış, həmin şəxslə votsapla danışmış, bir kisə olan narkotik vasitəni gizlədilmiş yerdən götürüb avtomobilin arxa oturacağına qoymuşdur. Həmin şəxs ona kisənin içərsində 3 bağlamada heroin və 1 bağlamada metamfetamin olduğunu demişdir. Gecə saat 2 radələrində Bakı istiqamətinə hərəkət edərkən Masallı rayonu ərazisində 143-cü kilometrliyində YPX-nını əməkdaşları tərəfindən saxlanılmış, postun həyətində avtomobilinə baxış keçirilmiş, arxa oturacaqda olan kisəni təqdim etmişdir. Kisədə hər biri 950 qram olmaqla 3 bağlama heroin və 1 bağlamada 700 qram metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı həmin narkotik vasitəni və psixotrop maddəni ona tanımadığı iralının göndərdiyini, 1500 manat pulun müqabilində həmin kisəni Bakı şəhərinə çatdıracağını bildirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nın X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri “Hyundai Elantra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara magistral yolununun Masallı rayonu ərazisinin keçən hissəsində daşmasında şübhəli olması və Ələt-Astara magistral yolunda Astara rayonundan Bakı şəhəri istiqamətində idarə etdiyi avtomobil ilə hərəkətdə olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, xx.xx.2023-ci il tarixdə saat 02:30-da “Hyundai Elantra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil YPX-nın Masallı rayonu ərazisindən keçən stasionar postunda saxlanılmışdır. Postun ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri “Hyundai Elantra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımasında şübhəli olmasını və onun iştirakı ilə avtomobilə baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağında yerləşən kisəni onlara təqdim edərək kisənin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Kisə açılmış, içərisindən sellofan torbadan 3 bükümdə hər biri 950 qram olmaqla narkotik vasitə heroin və 1 büküm 700 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Cavid şifahi sorğu zamanı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini mobil telefon vasitəsilə tanış olduğu, əvvəllər tanımadığı İranlıdan aldığını, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Astara rayonunda magistral yolun kənarından götürdüyünü, narkotik vasitə və psixotrop maddəni göndərmiş İİR vətəndaşı ilə aralarındakı razılaşamaya əsasən, 1500 manat pul müqabilində Bakı şəhərinə apardıqdan sonra həmin şəxsin deyəcəyi ünvana çatdıracağını bildirmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəxsiyyətini təsdiq edən sənəd, bir ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartı,2 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq kağız pul əskinazları,əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd psixotrop maddə metamfetamin qəbul etmək üçün istifadə edilən plastik trupka, bir ədəd alışqan aşkar edilərək götürülmüşdür. Allaherdi Allahverdiyev verilən suallara cavab olaraq bildirmişdir ki, Cavidin maşınına heç kim narkotik qoymamış, saxlanılarkən Cavidin narkotik vasitənin təsiri altında olub-olmamasını bilmir. Cavidi Bakı istiqamətinə hərəkət edərkən saxlamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3, Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə verərək Cavidin maşınına heç kim tərəfindən narkotik vasitə qoyulmadığını göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BDYP-nin YPX Alayının 11-ci tağımın inspektoru Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 2.30 radələrində Astara rayonu istiqamətindən Bakı şəhəri istiqamətinə hərəkət edən “Hyudai Elantra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdırmışdır. Sürücü avtomobili stasionar postun ərazisinə sürmüş, Masallı RPŞ-nın digər polis əməkdaşları da adını soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Bundan sonra videoçəkilişlə avtomobilə baxış keçirilmişdir. Cavid avtomobilin arxa oturacağından bir kisəni çıxarıb təqdim etmişdir. Həmin kisədə hər biri 950 qram olmaqla 3 bağlama heroin və 700 qram olmaqla bir bağlama metamfetamin aşkar edilmişdir. Cavid şifahi sorğu zamanı bildirmişdir ki, həmin kisəni ona iranlı göndərib, 1500 manat pulun müqabilində kisəni Bakı şəhərinə iranlının dediyi ünvana çatdıracaq idi. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Cavidi Astaradan Bakı istiqamətində gedərkən saxlamışlar. Cavidə saxla işarəsini özü vermişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmazdan əvvəl başqa polis əməkdaşları tərəfindən saxlanılmamşdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra onun barəsində inzibati protokol tərtib etmişdir. Protokolu 12 mart 2023-cü il tarixdə tərtib etmişdir, saatını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs avtomobilinə baxışı postun həyətində keçirmişdir. Cavid barədə Masallı polis şöbəsinə kimin məlumat verdiyini bilmir. Cavidi saxlayarkən sarxoşluğunu yoxlamışlar, Cavid sorğu sual zamanı bağlamanı çatdırması müqabilində 1500 manat alacağını demişdir. Polislər tərəfindən Cavidin avtomobilinə narkotik qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BDYP-nin YPX Alayının 11-ci tağımın inspektoru Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan fiziki-kimyəvi ekspertizasının 12 mart 2023cü il tarixli, 19/299 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elantra markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomaşından aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -950,0 qr: -950,0 qr: -950,0 qram, ümumi təmiz çəkisi: -2850,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 1 ədəd bükülüdə təmiz çəkisi: -700,0 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş trupka adlanan narkotik və psixotrop maddə istifadə etməkdən ötrü olan, kustar üsulla hazırlanmış texniki vasitə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kustar üsulla hazırlanmış plastik trupka içərisində və 1 ədəd kustar üsulla hazırlanmış alışqan üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 284 nömrəli rəyinə əsasən - müayinə zamanı Təqsirləndirilən şəxs STİMUYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TAKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və videogörüntüdən görünür ki, BDYPİ-nin YPXA-nın Masallı rayonu ərazisində yerləşən 726 N-li stasionar postun həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə saat 02.50dən saat 03.45-dək baxış keçirilən zaman hər biri 950 qram olmaqla 3 bağlama heroin və 700 qram olmaqla bir büküm metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən iş üçün əhəmiyyətli olan bir ədəd trupka və üzərində dəyişiklik edilmiş alışqan aşkar olunmuşdur. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini və psxiotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirməklə Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil edib tamah niyyəti ilə qazanc əldə etmək məqsədi ilə İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatın sonra qalıq qalan 2849,7 qram qalmış narkotik vasitə heroin və təmiz çəkisi 699,9 qram qalmış psixotrop maddə metamfetamin, onun üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə heroin izləri olan 1 ədəd kustar üsulla hazırlanmış plastik trupka və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd kustar üsulla hazırlanmış alışqan maddi sübut kimi tanınmış, saxlanması üçün Masallı RPŞ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd CD disk isə cinayət işinə əlavə edilmişdir. 10 iyun 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən (dövlət ittihamçısı qaçaqmalçılıq cinayət əməlinə münasibətdə cinayət təqibindən imtina etdiyi üçün) xitam verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək Astara rayonuna dərman götürmək üçün gəldiyini, kisədə narkotik vasitənin və psixotrop maddənin olmasından məlumatının olmadığını, saxlanılan zaman avtomobilində heç bir narkotik vasitənin və psixotrop maddənin olmadığını, narkotikin və psixotrop maddənin avtomobilə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis əmədaşları tərəfindən döyüldüyünü göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmə tədqiq edilmiş videoçəkilişdən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilən zaman özü avtomobilin arxa qapısı açaraq kisədə qanunsuz saxladığı narkotik vasitəni və psixotrop maddəni təqdim edir, həmin narkotik vasitələri kimin vasitəsilə hansı məqsədlə, haradan və kimdən əldə etdiyini ətraflı, heç kim tərəfindən hədə-qorxu gəlmədən, təzyiqlərə məruz qalmadan məntiqli izahını verir. Habelə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ibtidai istintaqın başlandığı ilk gündən öz xətti ilə yazdığı izahatında, xx.xx.2023-cü il tarixli şübhəli və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində iranlının göstərişi ilə Astara rayonuna məhz narkotik vasitəni götürməyə gəldiyini, həmin kisəni Bakı şəhərinə çatdıracağı halda ona 1500 manat pul veriləcəyini etiraf etmişdir. Bundan başqa, işdə olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs saxlanılarkən tibbi müayinədən keçirilmiş, onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə hər hansı bir narkotik vasitənin aşkar olunmaması, polis əməkdaşları tərəfindən döylməsi, kisədə yalnız “dərman” olması ilə bağlı göstərdiyi xüsusatlar avtomobilə “baxış keçirilməsi haqqında” istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında dindirilmiş şahidlərin ifadələri, ekspertizanın rəyləri ilə, habelə tədqiq olunmuş “baxış keçirilməsi haqqında ” protokol və videoçəkilişlə, cinayət işində olan digər sənədlərə təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin arxa oturacağında kisədə hər biri 950 qram olmaqla 3 bağlama heroinin və bir bağlamada 700 qram metamfetaminin aşkar olunduğu bir daha təsdiq olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs avtomobilinə külli miqdarda heroinin və metamfetaminin kənar şəxs (lər) tərəfindən qoyulması, habelə polis əməkdaşları tərəfindən döyülməsi təsdiq olunmamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Beləliklə də məhkəmə tərkibi belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəlcədən dərman dalınca deyil, məhz narkotik vasitəni və psixotrop maddəni götürməyə yollandığını bilmişdir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs avtomobilində olan kisədə “dərman” deyil, külli miqdarda heroinin və metamfetaminin, üzərində heroinin izləri olan 1 ədəd kustar üsulla hazırlanmış plastik trubka və heroinin izləri olan 1 ədəd kustar üsulla hazırlanmış alışqanın aşkar olunması, işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şahdətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü Ravid adında oğlu və xx.xx.2022-ci il təvəllüdlü Nazlı adında qız övladı vardır. İşdə olan xasiyyətnamədən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə qənaətbəxş xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşıdran halları müəyyən etmədi. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində müəyyən edilmiş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan təmiz çəkisi 2849,7 qram qalmış narkotik vasitə heroin və təmiz çəkisi 699,9 qram qalmış psixotrop maddə metamfetamin, onun üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə heroin izləri olan 1 ədəd kustar üsulla hazırlanmış plastik trupka və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd kustar üsulla hazırlanmış alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 ( doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 mart 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan təmiz çəkisi 2849,7 qram qalmış narkotik vasitə heroin və təmiz çəkisi 699,9 qram qalmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroin izləri olan 1 ədəd kustar üsulla hazırlanmış plastik trupka və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd kustar üsulla hazırlanmış alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar