Məhkəmə qərarları › İş №1(099)-824/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-824/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-824/2023 06.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1972-ci ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib yerini dəyişməklə daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 26 iyul 2023-cü il tarixdə saat 15:30 radələrində Salyan rayonu Kərimbəyli kəndi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 16 radələrində orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sol yan cibində olan 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,375 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə həmin gün saat 17 radələrində Salyan rayonu Kərimbəyli kəndində yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən 1 ədəd polietilen torbada təmiz çəkisi 1035,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib, iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə etmişdir. Keçən il yəni 2022-ci ildə kənd ərazisində yaşadığı evin yaxınlığında yerləşən “Kür” çayı sahilində 1 ədəd sellofan torbada “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı tapıb yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxlamış və ondan müəyyən vaxtlarda istifadə etmişdir. Təxminən 20 gün bundan əvvəl yaşadığı evin yaxınlığında yerləşən “Kür” çayının bəndinin yanından keçərkən yerdəki kibrit qutusu diqqətini cəlb etmişdir. Həmin kibrit qutusunu yerdən qaldırıb içərisinə baxdıqda orada 2 ədəd bükümün olduğunu görmüşdür. Həmin bükümləri açıb içərisinə baxdıqda sellofan bükümdə olan kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, kağız bükümdə olan kütlənin isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bilmiş və həmin narkotik maddələri qəbul etmək üçün cibinə qoymuşdur. 26 iyul 2023-cü il tarixdə saat 15 radələrində Salyan rayonu Kərimbəyli kəndi ərazisində yaşadığı evin yaxınlığında olarkən Salyan rayon polis şöbəsinin əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sol yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində özünə məxsus olan 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra bildirmişdir ki, Salyan rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, yaşadığı fərdi yaşayış evində özünə məxsus olan, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana vardır və onu təqdim edə bilər. Yaşadığı evə baxış keçirilməsi və həmin narkotik vasitənin götürülməsi üçün etirazının olmamasına dair ərizə ilə müraciət etmişdir. Bundan sonra onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Salyan rayonu Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı həyətyanı sahədə yerləşən yardımçı tikilini təqdim edib narkotik vasitə qurudulmuş marixuananın orada olduğunu bildirmişdir. Bundan sonra yardımçı tikiliyə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı yardımçı tikilidə 1 ədəd sellofan torbada olan özünə məxsus olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Baxış zamanı yaşadığı evdən aşkar edilmiş, özünə məxsus olan narkotik vasitə qurudulmuş marixuana ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılmış, üzəri o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini, eləcə də yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı uzun müddətdir narkotik maddə istifadəçisi olduğu üçün istifadə etmək məqsədilə əldə edib saxlamış, əldə etdiyi həmin narkotik maddələrdən başqa şəxslərə satmamış və satış məqsədilə saxlamamışdır. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəsində göstərilənləri təsdiq etdiyini, ifadələrinin doğru olduğunu bildirmişdir. Verilmiş sualları cavablandırarkən isə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanın 80-90 qram olduğunu, marixuanın çəkisinin polis əməkdaşları tərəfindən artırıldığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Salyan RPŞnin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raportla məruzə edilərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli olması barədə bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, bu məqsədlə o, RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin PPXB-nin taqım komandiri, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər onlar tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu Kərimbəyli kəndində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qutunun içərisində nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, orada 1 ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin və 1 ədəd bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxıldıqda orada qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroin və ağ rəngdə, kristalik şəkildə, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin maddələri kibrit qutusunun içərisində təxminən 20 gün əvvəl yaşadığı kənd ərazisində “Kür” çayının bəndinin yaxınlığından yerdən tapmış, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı narkotik maddələri özü qəbul etmək üçün üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, Salyan rayonu Kərimbəyli kəndində yaşadığı evdə özünə məxsus olan “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs Salyan rayonu Kərimbəyli kəndində fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçiriləcək onun yaşadığı Salyan rayonu Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin narotik vasitəni təqdim edə biləcəyini bildirib yaşadığı evin həyətyanı sahəsinə doğru hərəkət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahədə yerləşən yardımçı tikilini göstərib özünə məxsus olan narkotik vasitə qurudulmuş marixuananı həmin yerdə saxladığını bildirmişdir. Bundan sonra həmin yardımçı tikiliyə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yardımçı tikilidə olan 1 ədəd sellofan torbada olan, özünə məxsus yaşıl rəngli kütlələri təqdim edib “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş, özünə məxsus olan həmin narkotik vasitə qurudulmuş marixuananı keçən il yəni 2022-ci ildə kənd ərazisində yaşadığı evin yaxınlığında yerləşən “Kür” çayı sahilində 1 ədəd sellofan torbada tapıb əldə edərək yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı ona məlumat daxil olmamış, daxil olmuş məlumat yalnız onun narkotik vasitələrin üzərində gəzdirməsi, saxlaması ilə bağlı olmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlanılmasında şübhəli olduğu barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında konstitusion hüquqların pozulması ilə bağlı olmayan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü ildə saat 15:30-da dəqiqədən faktiki olaraq azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 22-23) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokol və video-çəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə baxıldıqda orada qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroin və ağ rəngdə, kristalik şəkildə, ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin maddələri kibrit qutusunun içərisində təxminən 20 gün əvvəl yaşadığı kənd ərazisində “Kür” çayının bəndinin yaxınlığından yerdən tapmış, narkotik maddə istifadəçisi olduğu üçün tapdığı narkotik maddələri özü qəbul etmək üçün üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, Salyan rayonu Kərimbəyli kəndində yaşadığı evdə özünə məxsus olan “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana vardır. Bununla bağlı yaşadığı evə baxış keçirilməsinə etirazı yoxdur və buna dair ərizə verə bilər. (c İ, i.v 27-29) İşdə olan, 26 iyul 2023-cü il tarixli baxış keçirilməsi və götürmə barədə protokol və video-çəkilişdən görünür ki, baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana baxış keçiriləcək yaşadığı Salyan rayonu Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirib yaşadığı evin həyətyanı sahəsinə doğru hərəkət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədə yerləşən yardımçı tikilini göstərib özünə məxsus olan narkotik vasitə qurudulmuş marixuananı həmin yerdə saxladığını bildirmişdir. Həmin yardımçı tikiliyə baxış zamanı Təqsirləndirilən şəxs yardımçı tikilidə olan 1 ədəd sellofan torbada olan, özünə məxsus yaşıl rəngli kütlələri təqdim edib “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş, özünə məxsus olan həmin narkotik vasitə qurudulmuş marixuananı keçən il yəni 2022-ci ildə kənd ərazisində yaşadığı evin yaxınlığında yerləşən “Kür” çayı sahilində 1 ədəd sellofan torbada tapıb əldə edərək yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxlamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olmaqla yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar olunmuş 1 ədəd sellofan torbada olan kütlələrə baxış keçirilərkən yaşıl rəngdə, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olduğu müəyyən olunmuşdur. Həmin kütlələr elektron tərəzi vasitəsilə çəkildikdə 1 ədəd sellofan torbada olan kütlələrin 1 kiloqram 190 qram olması müəyyən edilmişdir. (c İ, i.v 31-33) İşdə olan, materialların məhkəmə və məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/755-756 №-li rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 2,375 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,107 qram olan ağımtıl rəngli maddə psixotrop maddə metamfetamindir. 2. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...marixuanaya oxşar...” sözləri yazılmış 01 ədəd polietilen torbada təmiz çəkisi – 1035,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi-2,375 qr, tədqiqata sərf edildi-0,10 qr, qalıq-2,275 qr. Metamfetamin ümumi çəkisi-0,107 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,057 qr. Marixuananın ümumi çəkisi- 1035,0 qr, tədqiqata sərf edildi-0,10 qr, qalıq-1034,90 qr.Aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 manat təşkil edir. (c İ, i.v 41-44) İşdə olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(057)-74/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 70-72) İşdə olan, 29 iyul 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 2,275 qram narkotik vasitə heroin, 0,057 qram psixotrop maddə metamfetamin, 1034,90 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. (c İ, i.v 73) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən və Salyan Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(057)-61/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. (c İ, i.v 86-87, 89-91) İşdə olan, xx.xx.2023-cü il tarixli Salyan RİHB-nın Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, xx.xx.2007-ci il təvəllüdlü qızı, xx.xx.2008-ci il təvəllüdlü oğlu və xx.xx.2013-cü il təvəllüdlü qızı və 1940-cı il təvəllüdlü anasından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 102-103) İşdə olan, 30 avqust 2023-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Salyan rayonu Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuana, habelə psixotrop maddə metamfetamini özünün istifadəsi üçün deyil, qanunsuz olaraq satış məqsədi ilə saxladığı müəyyən edilmişdir. (c İ, i.v 105) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 773 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 110) İşdə olan, 25 sentyabr 2023-cü il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, istintaq zamanı aşkar olunaraq götürülmüş narkotik vasitələr və psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilməsi və ayrılmış cinayət işinə hazırki cinayət işindən bəzi sənədlərin surətlərinin əlavə edilməsi qərara alınmışdır. (c İ, i.v 121) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərindən və yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri yalnız şəxsi istifadəsi üçün üzərində və yaşadığı evin həyətyanı sahəsində saxlamış, satış məqsədi olmamış, eyni zamanda aşkar edilmiş qurudulmuş marixuanın çəkisi 80-90 qram olmuş, marixuananın çəkisi polis əməkdaşları tərəfindən artırılmışdır. Təqsirlərdirilən şəxsin irəli sürdüyü dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən və yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddələri şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 80-90 qram olması, sonradan polis əməkdaşları tərəfindən artırılması ilə bağlı ifadəsinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində saxlamaqla yaşadığı ərazidə daşımış, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxlamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr heroini və qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlamaqla daşıyarkən, eləcədə yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxlamaqda məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu hissədə qeyd olunmalıdır ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Salyan rayonu Kərimbəyli kəndi ərazisində yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibində olan 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,375 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə həmin gün saat 17 radələrində Salyan rayonu Kərimbəyli kəndində yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən 1 ədəd polietilen torbada təmiz çəkisi 1035,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç kəsə narkotik vasitə satmadığını, aşkar edilmiş maddələri öz şəxsi istifadəsi üçün əldə etdiyini iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, aşkar edilmiş narkotik vasitə heroinin və qurudulmuş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə (heroinin təxminən 16 dəfə, marixuananın təxminən 207 dəfə) çox, külli miqdarın aşağı həddindən isə çox olub külli miqdar təşkil etməsi, maddələrin üç növdə olmaqla, təqsirləndirilən şəxsin isə yalnız opioidlərin qəbulundan yaranan asılılığının olması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin az olması, polis əməkdaşları tərəfindən həmin maddənin çəkisinin artırılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlara dair qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu Kərimbəyli kəndində fərdi yaşayış evinə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən 1 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və həmin torba videoçəkilişlə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və üzəri möhürlənmişdir. Həmin kütlənin çəkisi isə iş materiallarında olan xx.xx.2023-cü il tarixli 18/755-756 №-li ekspertiza rəyi ilə müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ondan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin az olması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, təqsirləndirilən şəxsin həmin ifadəsi şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci və 12(a) sətrlərinə əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddələrin sətr ardıcılığına uyğun olaraq şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, 5 qram külli miqdarının aşağı həddi isə 2 qram və 500 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olması, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olması isə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, əvvəllər də bu qəbildən olan cinayətlərin törədilməsinə görə məhkumluq həyatı yaşamasını, onun kriminal keçmişini, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 26 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,275 qram narkotik vasitə heroin, 0,057 qram psixotrop maddə metamfetamin, 1034,90 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 63,90 (altmış üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,275 qram narkotik vasitə heroin, 0,057 qram psixotrop maddə metamfetamin, 1034,90 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-63,90 (altmış üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar