Məhkəmə qərarları › İş №1(099)-83/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-83/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-83/2022 19.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1978-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinərək 01 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, Şirvan şəhəri, Ordubadi küçəsi, ev 20-də qeydiyyatda olan və ünvan 1-də yaşamış, barəsində 10 avqust 2021ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 1 ünvanında gizlədərək satış məqsədi ilə qanunsuz olaraq saxlamış və 08 avqust 2021-ci il tarixdə, saat 17 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana baxış keçirilərkən 6,92 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı, milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayn soyuq silah hesab edilən ov bıçağı yaşadığı mənzilin qonaq otağındakı masanın üzərindən, bir ədəd sellofan bükümdə 49,658 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə 20,112 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin mətbəxdəki rəfin üzərindən və bir ədəd üzərində narkotik vasitə heroin izi olan olan elektron tərəzi əl-üz yuyanın yanındakı masanın üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şirvan şəhərində yaşayır, saxlanılmamışdan əvvəl «X3 Bərəkət» mağazasında işləmişdir. 8 avuqst 2021-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları onun yaşadığı L.İbrahimov küçəsi, ev 28, mənzil 15ə gələrək evinin qapısını sındırıb içəri daxil olmuşlar. Evdə həmin vaxt tanışları Salman və Samir olmuşlar. Polis əməkdaşları evdən namaz qılmaq üçün sındırılmış «möhür»ün qırıntılarını heroin kimi, «şəkər tozu» metamfetamin kimi, «kəklikotu» marixuana kimi sənədləşdirmişər və mətbəxdə olan bıçağı da götürmüşlər. Bundan sonra polis əməkdaşları tərəfindən şöbəyə aparılmışdir. Evində aşkar olunan ov bıçağı dostunun ona suvenir kimi hədiyyəsi olmuşdur. Evində tərəzi aşkar edilməmiş, tərəzi evinə əməliyyatçı Elnur adında şəxs tərəfindən qoyulmuşdur. Evində narkotik olmamışdır. Narkotikdən uzun müddətdir istifadə edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallara, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmə istintaqında dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nın X1 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 avqust 2021-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında narkotik vasitələr və psixotrop maddələri saxlaması və satması ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən digər polis əməkdaşları ilə birlikdə həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər.Qapını Təqsirləndirilən şəxs özü açmış və evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Həmin vaxt evdə Salman və Samir adlı şəxslər də olmuş, onları baxış keçirilməzdən əvvəl evdən bayıra çıxarmışlar. Baxış zamanı qonaq otağında olan masanın üzərindən 02 ədəd bıçaq, 01 ədəd ağ rəngli kağızın içərisində marixuanaya oxşar kütlə, bundan başqa mətbəx kimi istifadə olan otağa girişdən sağ tərəfdə qablar üçün nəzərdə tutulmuş rəfin üzərindən 01 ədəd kiçik sellofanda ağ rəngli metamfetaminə bənzər maddə, yanında 01 ədəd kiçik sellofanda narkotik vasitə heroinə bənzər maddə, əl-üz yuyanın yanında yerləşən masanın üzərindəki qabların üzərindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. İslam ağ bükümdə olan maddənin «şəkər tozu», digər bükümdə olan maddənin «torpaq», kağız bükümdə olan kütlənin «kəklikotu» olmasını bildirmiş, bundan sonra qeyd olunan maddələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. İslam, Samir və Salman şöbəyə aparılmışlar, üzərlərinə baxış keçirilmiş və heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Ekspertizadan sonra məlum olmuşdur ki, İslamın evində aşkar olunmuş maddələr heroin, metamfetamin və qurudulmuş marixuanadır. İslamın yaşadığı evin qapısı sındırılmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 8 avqust 2021-ci il tarixdə saat 16 radələrində tanımadığı polis əməkdaşlarının dəvəti ilə ünvan 2 ünvanda aparılan baxışda hal şahidi qismində iştirak etmişdir. Qapını İslam adlı şəxs açmış, evinə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmış, bundan sonra polis əməkdaşları evə baxış keçirməyə başlamışlar. Həmin evdə tanımadığı 2 nəfər də olmuş, onlar bayıra çıxarılmışlar. Baxış zamanı qonaq otağında olan masanın üzərindən 02 ədəd bıçaq, 01 ədəd ağ rəngli kağızın içərisində marixuanaya bənzər kütlə, mətbəx kimi istifadə olan otağa girişdən sağ tərəfdə qablar üçün nəzərdə tutulmuş rəfin üzərindən 01 ədəd kiçik sellofanda ağ rəngli metamfetaminə bənzər maddə, yanında 01 ədəd kiçik sellofanda heroinə bənzər maddə, əl-üz yuyanın yanında yerləşən masanın üzərindəki qabların üzərindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Evin qapısı polis əməkdaşları tərəfindən sındırılmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09 avqust 2021-ci il tarixli, 18/852 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 49,658 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 20,112 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. Həmin heroindən 0,05 qram tədqiqata sərf edilmiş, 49,618 qram qalıq qalmışdır. Həmin metamfetamindən 0,05 qram tədqiqata sərf edilmiş, 20,062 qram qalıq qalmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 avqust 2021-ci il tarixli, 18/853 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 6,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanadan 0,02 qram tədqiqata sərf edilmiş və 6,90 qram qalıq qalmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 10 avqust 2021-ci il tarixli, 18/854 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, təyinatı üzrə istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, təyinatı üzrə istifadəyə yararlıdır, soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 3947 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannaboidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 8 avqust 2021-ci il tarixli «baxış keçirilmə və götürmə haqqında» protokoldan və fotocədvəldən görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanından 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə, 02 ədəd bıçaq və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülümşdür. İş matreiallarında olan Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı ərizədən görünür ki, o, yaşadığı ünvan 3 ünvanda yerləşən evinə 8 avqust 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan Şirvan şəhər Mərkəzi Xəstəxanası «X2»in direktorunun 9 sentyabr 2021-ci il tarixli 610 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhiəsəb narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. 10 noyabr 2021-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 10-cu bəndinə əsasən, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı 49,618 qram qalığı, psixotrop maddə olan metamfetaminin 20,062 qram qalığı, narkotik vasitə olan qurudulmuş marixuananın 6,90 qram qalığı, üzərində heroin izi olan elektron tərəzi və soyuq silah hesab edilən bıçaq iş maddi sübut kimi tanınmış və saxlanması üçün Şirvan şəhər polis şöbəsinin saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunaraq 09 iyul 2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 8 avqust 2021-ci il tarixli “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ifadəsində yaşadığı mənzilin qapısı sındırılaraq polis əməkdaşlarının içəri daxil olduqlarını, mənzilə aparılan baxış zamanı aşkar olunan maddələr narkotik vasitələr və psixotrop maddə deyil, mənzildən ancaq “şəkər tozu”nun, “kəklikotu”nun və “torpağ”ın aşkar olunduğunu, elektron tərəzinin polis əməkdaşları tərəfindən mənzilə qoyulduğunu göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiyi bu xüsusatlar mənzilə “axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti protokolu, fotocədvəllə, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspertizanın rəyi ilə və digər sübutlarla tam təkzib olunur. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində Şirvan ŞPŞ-də cinayət təqibi başlanan andan dəfələrlə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində mənzilinin qapısının sındırılması ilə bağlı hər hansı bir fikir ifadə etməmişdir. Təqsirləndirilən şəxs artıq polis əməkdaşları tərəfindən ifşa olunduğunu və qanunsuz əldə edib evində saxladığı narkotik vasitələrin və psixotrop maddənin ağır cinayət olduğunu dərk etmiş, məsuliyyətdən yayınmaq üçün heroinin «torpaq», metamfetaminin «şəkər tozu», qurudulmuş marixuananın isə «kəklikotu» kimi olmasını uyduraraq həqiqətə uyğun olmayan ifadələr vermişdir. Artıq təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi bu ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən təqsirləndirilən şəxs İslam Başxaliyevin yaşadığı mənzildə aşkar olunan kütlələr «şəkər tozu», «kəklikotu» və «torpaq» deyil, məhkəməbioloji və məhkəmə-kimyəvi ekspertizaların rəylərinə əsasən küll miqdarda heroin, metamfetamin və qurudulmuş marixuana olması, həmçinin mənzildən elektron tərəzinin və soyuq silah hesab edilən ov bıçağın aşkar edilməsi və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də heroini, metamfetamini, qurudulmuş marixuananı qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı «heroin və marixuana» narkotik vasitə, «metamfetamin» isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs naməlum mənbədən külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə eldə etməsi, saxlaması və daşıması, habelə qanunsuz olaraq əldə etdiyi soyuq silah hesab edilən ov bıçağının evində aşkar olunması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan AZ-İİİ672964, AZ-İİ352174 və AZ-İİ 352173 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Hakim adında, 15 mart 2007-ci il təvəllüdlü Aydan adında və 15 sentyabr 2004-cü il təvəllüdlü Aygün adında övladları vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır”, CMnin 228.4-cü maddəsi isə “böyük ictimai təhlükə törətməyən” cinayətlər kateqoriyasına aiddir.Həmin Məcəllənin 234.4.3-cü maddəsinin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzası, 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudulaşdırılması və ya bir ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Bundan başqa, Şirvan Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 1 (bir) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanma müddəti cəza müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduqları vaxtdan – 8 avqust 2021ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-də saxlanılan 49,618 qram heroin, 20,062 qram metamfetamin, 6,90 qram qurudulmuş marixuana, üzərində heroin izi olan elektron tərəzi və soyuq silah hesab edilər bir ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 156 manat 88 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.4-cü maddəsilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ona cinayətlərin məcmusu üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 1 (bir) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 8 avqust 2021-ci ildən hesablansın və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan ŞPŞ-də saxlanılan 49,618 qram heroin, 20,062 qram metamfetamin, 6,90 qram qurudulmuş marixuana, üzərində heroin izi olan elektron tərəzi və soyuq silah hesab edilər bir ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 156 manat 88 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar