Məhkəmə qərarları › İş №1(099)-83/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-83/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-83/2025 03.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X7, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə xx xxxxxxxx 1986-cı ildə Cəlilabad rayonu, Hamarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Hamarqışlaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən yataqxanada kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 125, 182.2.4 və 29,182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Astanov X3 şəhər sakini X2 onunla faktiki ər-arvad münasibətində olan Şahid3 maraqlanmasını öyrəndikdən sonra X5 şəhərində görüşüb sonuncuya bu barədə onun ailə üzvləri, yaxın qohumları və tanışlarına məlumat verəcəyini dediyi zaman Əlizadə Həsənovun həmin məlumatın bilinəcəyi halda rüsvay olacağından, bununla da, şərəf və ləyaqətinin ləkələnəcəyindən qorxduğunu görüb sonuncunun xeyli miqdarda əmlakını vahid niyyətlə hədə-qorxu ilə tələb edərək qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 12 avqust 2023-cü il tarixdən 2024-cü ilin mart ayının 25-dək olan müddət ərzində onun və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərəcəyi və haqqında həmin rüsvayedici məlumatı yayacağı ilə hədələyərək Əlizadə Həsənovdan vahid niyyətlə xeyli miqdar təşkil edən, son olaraq istədiyi 1200 (min iki yüz) manat da daxil olmaqla maddi əmlak olan cəmi 35607 (otuz beş min altı yüz yeddi) manat məbləğində pul vəsaitini tələb etmiş, bu məlumatı rüsvayedici məlumat kimi, hədələri isə real və həyata keçirilən hədələr kimi qəbul edən və gizli qalmasını istədiyi rüsvayedici məlumatın yayılmamasından ötrü məcbur qalaraq onunla razılaşan Əlizadə Həsənovun ümumilikdə 34407 (otuz dörd min dörd yüz yeddi) manat məbləğində pul vəsaitini mobil telefon vasitəsilə mesajla ona göndərdiyi tanışlarına məxsus plastik bank kartı hesab nömrələrinə ödəniş sistemləri vasitəsilə hissə-hissə köçürməsinə və təyin etdiyi cinayətdən xəbərsiz şəxslərə verməsinə nail olmaqla həmin pul vəsaitini özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə özgənin xeyli miqdar təşkil edən maddi əmlakını vahid niyyətlə tələb edərək ələ keçirsə də Əlizadə Həsənov 26 mart 2024-cü il tarixdə özünü öldürdüyü üçün ondan son olaraq hədə-qorxu ilə tələb etdiyi 1200 manat pul vəsaitini ələ keçirə bilməyib öz iradəsindən asılı olmayan səbəblərdən həmin məbləğə münasibətdə cinayətkar niyyətini başa çatdıra bilməmiş, bundan başqa, qeyd olunan müddət ərzində barəsində rüsvayedici məlumata malik olduğu üçün ondan psixoloji və sair cəhətdən faktiki asılı vəziyyətdə olan Əlizadə Həsənova haqqında malik olduğu rüsvayedici məlumatı yayacağı ilə hədə-qorxu gələrək ondan pul tələb etmiş, hər dəfə tələb etdiyi pul məbləğini tapması üçün Əlizadə Həsənova az vaxt verərək sonuncunun, pulu tapmaqda çətinlik çəkdiyini bildirib ondan möhlət istəməsi ilə bağı yalvarışlarına məhəl qoymayıb çətin vəziyyətə salaraq mənəvi əzab verməklə amansız rəftar etmiş, nalayiq söyüşlər söyməklə və təhqir etməklə ləyaqətini mütəmadi olaraq alçaltmış, nəticədə uzun müddət davam edən hədə-qorxu gəlməsi, amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması səbəbindən, 26 mart 2024-cü il tarixdə, saat 08 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətində hamam otağının tavanındakı metal qarmağa bağlamış olduğu bel kəməri ilə özünü asaraq intihar etmiş Əlizadə Həsənovu özünü öldürmə həddinə çatdırmış, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmiş, özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirməyə cəhd etmiş, habelə psixoloji və sair cəhətdən ondan asılı vəziyyətdə olan zərər çəkmiş şəxsi amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma və hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Məhkəmə istintaqında Dövlət ittihamçısı vəsatətlə müraciət edərək istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı ARCM-in 29,182.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyini, həmin ittihamın ARCM-in 182.2.4-cü maddəsi ilə əhatə olunduğunu bildirərək, ARCM-in 125 və 182.2.4-cü maddələri ilə cinayət təqibinin davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayət olduğundan təqsirləndiirlən şəxs tərəfindən zərərçəkmişə ünvanlanan hədə ona çatdığı andan cinayət başa çatmış hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs X1 1200 manat məbləğdə pulu tələb edib ələ keçirə bilməməsinə görə verilmiş 29,182.2.4-cü maddə ittihamdan xaric edilməli, həmin əməl Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə əhatə edilməlidir. Məhkəmə ittiham və müdafiə tərəflərin mövqelərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, dövlət ittihamçısının vəsastəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum Qərarının 3-1-ci bəndinə görə hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, 24 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs X1 1200 manat məbləğdə pulu tələb etmiş, lakin, Əlizadə Həsənov özünü öldürdüyündən, həmin pulu ələ keçirə bilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayət olduğundan, təqsirləndiirlən şəxs tərəfindən zərərçəkmişə ünvanlanan hədə ona çatdığı andan cinayət başa çatmış hesab olunur. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs X1 24 mart 2024-cü il tarixdə 1200 manat məbləğdə pulu tələb edib ələ keçirə bilməməsinə görə verilmiş 29,182.2.4-cü maddə ittihamdan xaric edilməli, həmin əməl vahid niyətlə törədilmiş cinayət kimi Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə əhatə edilməli, Təqsirləndirilən şəxs elan edilmiş 182.2.4-cü maddəsi ilə ittiham 35.607 manat pul vəsaitini hədə-qorxu ilə tələb etmə cinayəti hesab edilməlidir. CPM-in 41.3-cü maddəsinin tələbinə əsasən məhkəmədə dövlət ittihamçısı cinayət təqbibini istisna edən hallar aşkar edərsə təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bu məcəllənin 43.1.1-ci maddəsinin tələbinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» 15 fevral 2008-ci il tarixli qərarına əsasən ictimai ittiham üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verməsilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə xitam verməlidir. Eyni zamanda dövlət ittihamçısı əməlin tövsifinin yüngülləşdirilməsi təklifi ilə çıxış etdikdə, məhkəmə həmin təklifdə irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul etməməlidir. Əks halda məhkəmə artıq dövlət ittihamçısı tərəfindən müdafiə olunmayan ittihamın müdafiəsini öz üzərinə götürməklə, faktiki olaraq, ittihamı müdafiə edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham funksiyasını yerinə yetirmiş olardı. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,182.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə hissəvi xitam verilməklə həmin maddə ittihamdan xaric edilməli, CM-in 125, 182.2.4-cü maddələri ilə aparılmış cinayət təqibi davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 41.3 və 321.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Dövlət ittihamçısı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 182.2.4 və 29, 182.2.4-cü maddələri ilə verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 29, 182.2.4-cü maddəsi ilə cinayət təqibindən imtinası qəbul edilsin.

2. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 125, 182.2.4 və 29, 182.2.4-cü maddələri ilə verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 29, 182.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin.

3. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 125 və 182.2.4 maddələri ilə cinayət təqibi üzrə icraat davam etdirilsin.

Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar