Məhkəmə qərarları › İş №1(099)-830/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-830/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-830/2023 17.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Ağcabədi rayonu, Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin dördüncü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 31 mart 2023-cü il tarixdə saat 11 radələrində özünə məxsus olan “VAZ 2107” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi rayonu, Hacıbədəlli kəndi istiqamətindən Ağcabədi şəhəri istiqamətində həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etmədən 70 km/saat sürətlə hərəkətdə olan zaman həmin Qanunun 51-ci maddəsinin birinci hissəsinin üçüncü bəndinin tələblərinə zidd olaraq qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmadığı və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan vermədiyi halda ötmə əməliyyatını yerinə yetirməyə başlamış, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən qarşı istiqamətdə hərəkətdə olan etibarnaməsi və müvafiq kateqoriyası olmadan X3 idarə etdiyi “Mercedes-Benz” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuş, toqquşma nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ tərəfində sərnişin qismində əyləşmiş X4 ümumilikdə həyat üçün təhlükəli olan uzun sürən kamatoz vəziyyətlə müşayiət olunan (davam edən), qapalı kələ-beyin travması-baş-beyin toxumalarının əzilməsi, pnevmohematoraksla müşayiət olunan döş qəfəsinin qapalı travması-qabırğaların çoxsaylı sınıqları Mərhəmət Həsənovun ölümü ilə birbaşa əlaqəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq sonuncunun ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, Ağcabədi rayonu, Rəncbərlər kəndində ailəsi ilə birlikdə yaşayır, Ağcabədi rayon "xxxx" ASC-də nəzarətçi mühəndis işləyir. Özünə məxsus “VAZ 21074” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 31 mart 2023-cü il tarixdə kənd ərazisində işləyərkən təxminən saat 10-11 radələrində rəhmətlik Mərhəməd Həsənov onun yanına gəlib onu qəbiristanlıq tərəfdə atasının yanına aparmağı xahiş etmiş, buna görə də onu atasının yanına aparmışdır. Həmin vaxt Mərhəməd atasından öz maşınını istəmiş, atası isə işinin olduğunu deyib hara gedirsə gəldiyi maşınla getməsini demiş, buna görə də Ağcabədi rayonuna getmək üçün yenidən Mərhəməd onun maşınında qabaq sərnişin oturacağında oturmuş, özü isə avtomobili idarə etmişdir. Ağcabədi şəhəri istiqamətində hərəkət edərkən qarşında “Vaz 21015” markalı avtomobil olduğundan həmin avtomobili ötmək üçün əks hərəkət zolağına çıxmış, bu zaman hərəkət surəti saatda 50-60 km/saat olmuşdur. Həmin vaxt qarşıdan Mercedess markalı mikroavtobusun gəldiyini, həmin avtomobilin surətinin çox olduğunu və ona yol verməyəcəyini düşünüb idarə etdiyi avtomobili yolun soluna çəkmiş, həmin maşın da avtomobili yolun sağ ehtiyyat hissəsinə çəkmiş, buna görə də yolun ehtiyyat hissəində maşınlar toqquşmuşdur. Qəzadan sonra ön şüşədən yerə düşdüyündən bir neçə saniyyə sonra özünə gəlmiş və sərnişini olan Mərhəmədi maşından çıxarıb xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Özü İİ Qarabağ müharibəsinin iştirakçısıdır, cənab Prezident tərəfindən medalla təltif edilmişdir. 3-4 ay olar ki, avtomobil almış, lakin təxminən 16 yaşından avtomobil sürməyi bilmişdir. Aldığı avtomobili kənd içində işə gedib-gəlmək üçün istifadə etmiş, rayon yollarına çıxmamışdır. Ötmə əməliyyatına çıxanda qarşıdan gələn avtomobili çox uzaq məsafədən görmüş və ötməni başa çatdıracağını fikirləşmişdir. Ötməni başa çatdırmaq üçün surətlər pilləsinin 3-cü mərhləsinə keçirib avtomobili daha da sürətli sürmüş, həmin vaxt yağışlı hava olduğundan öz zolağına qayıtmaq imkanı olmamış, buna görə də maşını yolun sol ehtiyyat hissəsinə çəkmək qərarına gəlmişdir. Hadisədən sonra zərərçəkmişin yas mərasimində valideyinləri iştirak etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsi xəstəxanaya həmkəndlisinə aid maşınla aparmış, xəstəxanaya çatmağa az qalmış təcili tibbi yardım maşını ilə yolda qarşılaşmış və zərərçəkmiş şəxsi həmin avtomobilə keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin ailə üzvləri ilə barışıq əldə etdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə təxminən saat 10 radələrində rəhmətlik oğlu Mərhəməd onun yanına gəlmişdir. O, oğlunun adına maşın almış, həmin maşını özü sürmək üçün almış, lakin gecə görməsində problemlər olduğu üçün sürücülük hüququ ala bilməmiş, oğlu üçün sürücülük hüququ verən vəsiqə almaq istəmiş, həmin vəsiqə olmadığına görə də oğluna maşın verməmişdir. Həmin vaxt da oğlu onun yanına gəlib maşını istəmiş və o, maşını verməkdən imtina etmişdir. Buna görə də o, Asəfin maşını ilə geri qayıtmışdır. Həmin ərəfələrdə o, məktəbdən rəhmətlik Mərhəmədin uşağlarını götürüb evə gəlmiş, maşını həyət qapısının yaxınlığında saxlayanda əmisi oğlunun nəvəsi Baloğlan ona yaxınlaşıb qorxmamağı xahiş edib Mərhəmətin xəstəxanada olmasını demiş, buna görə də dərhal Baloğlanla birlikdə xəstəxanaya getmiş və oğlu Mərhəmədin reanimasiyaya yerləşdirildiyini bilmişdir. Həkimlərlə danışdıqda oğlunun vəziyyətinin ağır olduğunu bildirmiş, buna görə də onu başqa xəstəxanaya köçürməyi məsləhət görmüşlər. O, Gəncə şəhərində yerləşən xəstəxana ilə danışmış, 4600 manat xəstəxana ödəniş tələb etmiş və həmin pulu əmisi oğlundan borc alıb vermiş və oğlunu həmin xəstəxanaya yerləşdirmişlər. Oğlu Mərhəməd 27 avqustadək xəstəxanalarda müalicədə olmuş və həmin tarixdə vəfat etmişdir. Calal Həsənov verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mərhəməd xəstəxanada olarkən Təqsirləndirilən şəxs ailəsi ona 10 min manat köməklik etmiş, həmin pulu da davadərmana xərcləmişdir. Lakin həmin pul da çatmamış, o, qohumlarından borc almış, kredit götürmüş Mərhəmədin müalicəsinə xərcləmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, həmçinin Asəfin qohumları ona yenidən 10 min manat pul ödəməyi öhdələrinə götürmüşlər. Asəflə barışması barədə notarial ərizə də yazmış, həmin ərizəni hər hansı şərt daxilində verməmişdir. Belə ki, gələcəkdə o, Asəflə barışması ilə bağlı fikrini dəyişməyəcəkdir. O, seyid nəslindəndir, rayonda ağsaqqal kimi ona hörmət edirlər və onun Asəf barəsində şikayət edib onu tutdurmaq fikri yoxdur. Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Zərərçəkmiş şəxsin hüquqi varisi X15 məhkəməyə təqdim etdiyi yazılı ərizəsində Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə Ağcabədi şəhərində yerləşən “Ziya” kursuna gəlmiş, təxminən saat 11 radələrində kursdan çıxıb qohumluq əlaqəsinin olduğu Nurlan Əliyevin idarə etdiyi mikroavtobusa əyləşmiş, həmin maşın hərəkət etmiş, qəsəbə ərazisində onun oturduğu avtomobil sərnişin düşürmək üçün dayanarkən irəlidən gələn avtomobil onların avtomobilini vurmuşdur. Şahid Flora Quliyev verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt “Mercedes” markalı avtomobillə evə gedirmiş, avtomobildə sürücüdən başqa özü olmuşdur. Qarşıdan ağ rəngli maşın gəldiyini görmüşdür, həmin vaxt onun olduğu maşın sərnişin götürmək üçün dayanıqlı vəziyyətdə olmuşdur. Avtomobilə mindikdən təxminən 10 dəqiqə sonra qəza baş vermiş, olduğu avtomobilin sürəti normal olmuşdur. Həmin vaxt onun olduğu avtomobilin daha dayanıqlı vəziyyətdə olub-olmamasını xatırlamır. Belə ki, həmin vaxt telefona baxdığından başı qarışq olmuşdur. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid ibtidai araşdırma zamanı 16 iyul 2023-cü il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, Təxminən saat 11 radələrində Ağcabədi şəhərindən 4 yol deyilən istiqamətə hərəkətdə olan zaman 556 saylı qəsəbənin yaxınlığında qarşı tərəfdən VAZ 2107 markalı avtomobil başqa bir avtomobilin arxasından onların hərəkətdə olduğu yola tərəf çıxmasını görmüşdür. Həmin vaxt VAZ 2107 markalı avtomobil onların üzərinə gəldiyi üçün Nurlan mikroavtobusu yolun sağ tərəfinə çəkmiş və avtomobili dayanıqlı vəziyyətə gətirmişdir. Mikroavtobus dayanan kimi qarşıdan gələn VAZ 2107 markalı avtomobil gəlib mikroavtobusla toqquşmuşdur. Şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin hadisənin baş verməsindən hazırkı dövrədək bir neçə ay keçdiyindən, hadisə vaxtı həyəcanlı olduğundan bəzi şeylər yadından çıxmışdır. Lakin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X9 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş və göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə təxminən saat 11 radələrində o, Ağcabədi şəhəri “üç bulaq” deyilən ərazidən mikroavtobusla Ağcabədi rayonu, Sarvanlar kəndi istiqamətində hərəkətə başlamış, mikroavtobusda bir nəfər sərnişin olmuşdur. Həmin vaxt sürəti 40-50 km/saat olmuş, bu zaman qarşıdan ağ rəngli maşının ötmə əməliyyatı apardığını görmüş, həmin avtomobilin surətinin çox olduğunu görüb toqquşmadan qaçmaq üçün avtomobili yolun sağ ehtiyyat hissəsinə çəkib dayandırmaq istəmiş, bu zaman həmin “Vaz 2107” markalı avtomobil yolun ehtiyyat hissəsində onunla toqquşmuşdur. Şahid Nurlan Əliyev verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı hərkətdə olmuş, lakin öndən avtomobil gəldiyini görüb avtomobili yolun kənarında saxlamış, həmin vaxt da qəza baş vermişdir. “Vaz 2107” markalı avtomobilin ötmə əməliyyatına çıxmasını təxminən 20-25 metr məsafədən görmüş, həmin vaxt o, öz yolunda olmuş, qarşıdan gələn avtomobil sürətlə gəlmiş, buna görə idarə etdiyi avtomobili sağ çəkmiş, qarşıdan gələn avtomobil əyləci basdığında avtomobil sürüşmüş və sağ tərəfi onun idarə etdiyi avtomobilin ön tərəfinə dəymişdir. Hadisə vaxtı hava şəraiti yağışlı olmuşdur. Həmin vaxt hərəkətdə olduğu yolun sağ tərəfindən maşınlar, həmin maşınlardan da bir qədər irəlidə reklam lövhəsi olduğuna görə idarə etdiyi vatomobili daha da kənara çəkə bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 31 mart 2023-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, fotocədvəldən görünür ki, hadisə yeri Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisində yerləşir. Hadisə baş verən ərazinin yaşayış yeri olması, maksimum hərəkət sürətinin 50 km/saat olması, yolun bir hərəkət hissəli, iki hərəkət istiqamətli, iki hərəkət zolaqlı olmaqla döngəsiz, asfalt örtüklü, quru, düz və hamar olması, görmə məsafəsinin məhdud olmaması, yolun sağ və sol kənarlarında yol çiyni olması, həmin ərazidə heç bir yol nişanlarının olmaması, yolun hər iki hərəkət istiqamətinin eninin 3 metr olması, müəyyən edilmişdir. (i.v. 7-14) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin X7-imtahan və Texniki baxış şöbəsinin 11 may 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adına hal-hazıradək sürücülük vəsiqəsi verilməmişdir. (i.v. 45) - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 iyun 2023-cü il tarixli, 8/1335 nömrəli rəyində göstərilmişdir ki, VAZ-2107 markalı 100F442 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2107 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmamışdır. Təqsirləndirilən şəxs VAZ-2107 markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60km/saatdan artıq, yeni 70km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinini 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan əlavə Mercedes Benz markalı 04B0112 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. N.Ş.X16 markalı mikroavtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 54-58) - Məhkəmə-tibbi ekspertizasının 20 iyun 2023-cü il tarixli, 421 nömrəli rəyində göstərilmişdir ki, X4 məhkmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-uzun sürən kamatoz vəziyyətlə müşayiət olunan (davam edən, qapalı kəllə beyin taravması-baş-beyin toxumalarının əzilməsi, pnevmohomoteraksla müşayiət olunan dpş qəfəsinin qapalı tarvması-qabırğaların çoxsaylı sınıqları qərarda göstərilən müddətdə və şəraitdə, yəni 31 mart 2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində sərnişin qismində xəsarətlərin yetirilməsi mümkündür, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. (i.v. 60-62) - 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, AR Cinayət Məcəlləsinin263.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 263-1.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 73) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 84) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 95-96) - “qətimkan tədbirinin seçilməsi haqqında“ 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri seçilmişdir. (i.v. 115-116; 119) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 138-139) - “qətimkan tədbirinin seçilməsi haqqında“ 17 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, X9 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri seçilmişdir. (i.v. 165-166; 168) - Ağcabədi rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X10 28 avqust 2023-cü il tarixdə ölmüşdür. (i.v. 205) - xx.xx.2023-cü il tarixli qərarla X15 zərərçəkmiş şəxs Mərhəməd Həsənovun hüquqi varisi qismində tanınmışdır. (i.v. 210) - Məhkəmə-tibbi ekspertizasının 28 avqust 2023-cü il tarixli, 30 nömrəli rəyində göstərilmişdir ki, X2 məhkmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-uzun sürən kamatoz vəziyyətlə müşayiət olunan qapalı kəllə beyin taravmasıbaş-beyin toxumalarının əzilməsi, döş qəfəsinin sağ yarısında V, Vİ, Vİİ, Vİİİ, İX və X qabırğalarının sınıqları, sağ tərəfli pnevmohomoteraks. Qeyd olunan xəsarətlər həyati olmaqla X2 bədəninin ağır küt travması nəticəsində törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 31 mart 2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində sərnişin qismində xəsarətlərin yetirilməsi mümkündür, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa əlaqəlidirlər. X2 ölümünə bilavasitə səbəb bədənin ağır küt travmasə nəticəsində əmələ gəlmiş uzun sürən komatoz vəziyyətlə müşahidə edilən baş beyin toxumalarının əzilməsi olmuşdur. (i.v. 217-221) - 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-2-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 239-240) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3ci maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. ( i.v. 242-243) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-in 263-1.3-ci maddəsi ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. ( i.v. 265-266) - Gəncə şəhər Psixonevroloji Dispanserinin 18 sentyabr 2023-cü il tarixli, 594 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. ( i.v. 294-296) - 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, X3 barəsində araşdırmanın davam etdirilməsi üçün AR Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (i.v. 317-318) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinini 2-ci hissəsinin 1-ci bəndinin və 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 iyun 2023-cü il tarixli 8/1335 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından X5 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15, şahid qismində dindirilmiş Şahid və əlavə şahid qismində dindirlmiş X3 verdikləri ifadələr, cinayət işi materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 31 mart 2023-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, X7-İmtahan və Texniki baxış şöbəsinin 11 may 2023-cü il tarixli məktubu, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 30 saylı rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 iyun 2023-cü il tarixli 8/1335 nömrəli rəyi, məhkəmə-psixiatrik ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 594 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 132). - Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Rəncbərlər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Subaydır, ailə tərkibi anası və bacısından ibarətdir. (i.v. 185-187) - Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 671s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. (i.v. 189) - Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2372 nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli 2369 nömrəli sərəncamla isə “Qubadlının azad olunmasına görə” medalı verilmişdir. (i.v. 189) - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş “Fəxri Fərman”dan görünür ki, əsgər Təqsirləndirilən şəxs döyüş hazırlığında, qoşun xidmətinin təşkilində və hərbi intizamında əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərman ilə təltif edilmişdir. (i.v. 190) - Zərərçəkmiş şəxsin hüquqi varisi X15 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayəti və hər hansı tələbi olmadığını bildirmişdir. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması istiqamətində hərəkətlərini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla Kəlbəcərin və Qubadlının azad olunamsına görə medalları təltif olunmasını, hadisədən sonra zərərçəkmiş şəxsin ailəsinə maddi yardım göstərməklə üzrxahlıq etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanının 06 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs azad edilmişdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddi ilə bağlı qənaətə gələrkən məhkəmə iclasında çıxış etmiş dövlət ittihamçısının fikirlərini və sonuncun təqsirləndirilən şəxsə 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə bağlı təklifini də nəzərə almışdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında göstərilən minimum həddə əsas cəza təyin edilməli və o, həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 ( bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Asif Əsgərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar