Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-831/2023 24.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 21-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 318.2, 228.4, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.2, 228.4, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəlləsi) 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulubpozulmaması barədə məsələyə də baxılır. Məhkəmə hazırlıq iclasında Müdafiəçi vəsatət verərək bildirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verilərək, təqsirləndirilən şəxsin müdafiə hüququ və məhkəməyədək icraat materialları ilə tanış olmaq hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı Cəfər Zülfüqarov tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsində nəzərdə tutulan məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin kobut pozuntulara yol verilmiş maddi sübut olan 835,25 qram narkotik vasitə olan tiryək qalığı, 42,85 qram psixotrop maddə olan metamfetamin qalığı, 1640 ədəd kapsul perqabilin qalığı, 14608,3 qram narkotik vasitə olan marixuananın qalığı, 38,05 qram narkotik vasitə heroin qalğı, soyuq silah olan 1 (bir) ədəd ov bıçağı Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunmamış, eləcə də cinayət işi üzrə ittiham aktının Cinayət-Prosessual Məcəlləsinin 289cu maddəsinin tələblərinə əməl edilməklə tərtib edilmədiyindən cinayət işinə baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını və məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş baş müstəntiq Cəfər Zülfüqarov barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətə etiraz edərək, iş üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulmamasını, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməməsini, ittiham aktının prosessual formasına riayət edilməsinin nəzərə alınmasını və Müdafiəçi tərəfindən verilmiş vəsatətin əsassız olduğundan təmin olunmamasını, məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hal aşkar olunmadığını, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv olunması üçün əsasların olmadığını bildirmiş və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.2, 228.4, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkəməyə verilməsini və məhkəmə baxışının təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.2, 228.4, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsi və məhkəmədə baxılmasını mümkünsüz edən, məhkəməyədək icraatın aparılması zamanı barəsində icraat aparılan şəxsin müdafiə hüququnun pozulması, habelə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan bir sıra normaların kobud pozulması halları müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləyə əsasən cinayət mühakimə icraatının əsas prinsiplərindən biri cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, ibtidai istintaqı aparan baş müstəntiq və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirimiş prokuror tərəfindən cinayət prosesi prinsipləri və şərtləri pozulub, buna görə də hazırki cinayət işi üzrə başa çatmış icraat etibarsız sayılmalı, həmin cinayət işi üzrə qəbul edilmiş qararlar ləğv edilməlidir. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinin tələblərinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştiraı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması, xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə, cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Konstitusiya Məhkəməsi Pelnumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 299.4.2 və 299.4.3-cü maddələri). Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olubolmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti isə ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Müdafiəçi tərəfindən verilmiş şifahi vəsatətdə göstərilən faktların hər biri məhkəmə tərkibi tərəfindən hərtərəfli, tam və obyektiv yoxlanılmış və müəyyən edilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), 303.3.6-cı maddəsində göstərilən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, 303.3.8-ci maddəsində göstərilən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması hallarına yol verilmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 284.1.2-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin Məcəllənin 285.1-ci maddəsində göstərilmişdir ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Həmin Məcəllənin 285.2-ci maddəsində göstərilmişdir ki, cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. İş materiallarının 4-cü cildinin 238-ci səhvəsində olan “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 28 sentyabr 2023-cü il tarixli, ********* nömrə ilə qeydə alınmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Z.H.Hüseynova 1-ci cild 190 vərəqədə, 2-ci cild 199 vərəqədə, 3-cü cild 232 vərəqədə, 4-cü cild 237 vərəqədə, cəmi 4 cild 858 vərəqədən ibarət cinayət işinin materialları ilə tanış olmaq üçün təqdim edilmiş, maddi sübutlar olan 835,25 qram narkotik vasitə olan tiryək qalığı, 42,85 qram psixotrop maddə olan metamfetamin qalığı, 1640 ədəd kapsul perqabilin qalığı, 14608,3 qram narkotik vasitə olan marixuananın qalığı, 38,05 qram narkotik vasitə heroin qalğı, soyuq silah olan 1 (bir) ədəd ov bıçağı və iş materiallarında olan məlumat daşıyıcıları onlara təqdim olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 286.3-cü maddəsində göstərilmişdir ki, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Həmin Məcəllənin 91.5.22-ci maddəsinə əsasən təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüquqları həyata keçirir. Şərh edilənlərdən göründüyü kimi maddi sübutlar ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Z.H.Hüseynov tanış edilməməklə təqsirləndirilən şəxsin Cinayət-Prosessual Məcəlləsinin 91.5.13-cü maddəsində nəzərdə tutulmuş etirazlar etmək və vəsatətlər vermək hüquqları pozulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 286.5-ci maddəsində göstərilmişdir ki, protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir. İş materiallarının 4-cü cildinin 238-ci səhvəsində olan “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 28 sentyabr 2023-cü il tarixli, ********* nömrə ilə qeydə alınmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü yalnız Cinayət Məcəlləsinin 318.2 və 228.4-cü maddələri ilə təqsirli bilmiş, digər maddələr ilə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, şəxsin özünü təqsirli bilibbilməməsi onun prosessual hüququdur, həmin halın vəsatət kimi qəbul olunması absurtdur. Cinayət-Prosessual Məcəlləsinin 91.5.17-ci maddəsinə əsasən təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququdur. İstintaq orqanı həmin halı vəsatət kimi qəbul edərək “vəsatətə baxılması haqqında” 28 sentyabr 2023-cü il tarixli qərarla əsassız hesab edərək rədd etmiş, cinayət prosesinin tərəflərinə ünvanlanmış 28 sentyabr 2023-cü il tarixli, 3-38-16/2-10743/23 nömrəli məktubda isə 05 may 2023-cü il tarixli qərarın göndərildiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan bütün məktublar (korrespondensiyalar) Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” təlimatın tələblərinin kobud surətdə pozulması ilə icra edilmiş, məktubların həqiqətən göndərilibgöndərilmədiyi, göndərilmişsə nə vaxt, hansı yolla (poçtla, kuryerlə və sair) göndərildiyi qeyd olunmamaqla, müvafiq sənədlər (poçt reyestri və ya digər bunu əvəz edən sənəd) iş materiallarına əlavə edilməmiş, göstərilənlər istintaqın ciddiliyinə və qeyri-müəyyənliyinə səbəb olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 289.3.2-ci maddəsində göstərilmişdir ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilir. İttiham aktında ifadələri sübut kimi qeyd edilmiş şahidlər cinayət işi üzrə şahid qismində dindirilməmişlər, həmin şahidlər cinayət işinin ayrıca icraata ayrıldığı ********* və ********* nömrəli cinayət işləri üzrə şahid qismində dindirilmişlər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi konkret cinayət işi üzrə şahidləri dindirilmədən onların əvvəlki işlər üzrə verdikləri ifadələrə istinad edilməsi milli və beynəlxalq qanunveriliyinin tələblərinə ziddir. Avropa İnsan Hüquqları Konvensiyasının 6cı maddəsinin 3-cü bəndinin “d” yarımbəndində əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmalıdır. Konvensiyanın bu tələbi cinayət işləri üzrə məhkəməyədək icraat mərhələsinə də tətbiq olunmalıdır. Şahidləri dindirmək hüququ ilə Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun elementləri olan çəkişmə xarakterli məhkəmə araşdırması hüququ və xüsusən tərəflərin bərabərliyi hüququ, eləcə də 6-cı maddənin 3-cü bəndinin “b” yarımbəndində nəzərdə tutulmuş öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq hüququ və “c” yarımbəndində nəzərdə tutulmuş şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququ müəyyən dərəcədə üst-üstə düşür. Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “d” yarımbəndi üç fərqli elementdən yəni, ittiham tərəfinin şahidlərinə etiraz etmək (yaxud ittiham tərəfinin öz mövqeyini müdafiə etmək üçün təqdim etdiyi digər ifadələri şübhə altına almaq) hüququ, özünün (yəni müdafiə tərəfinin) seçdiyi şahidləri müəyyən hallarda məhkəməyə çağırmaq hüququ və müdafiə tərəfinin şahidləri ilə eyni şərtlər altında ittiham tərəfinin şahidlərini dindirmək hüququndan ibarətdir. Avropa Məhkəməsinin mövqeyinə görə adətən o prosesdəki qüsurların bütövlükdə 6-cı maddənin 1-ci bəndinin tələb etdiyi məhkəmə araşdırmasının ədalətliliyinə təsir göstərdiyinü müəyyənləşdirmək üçün müdafiə tərəfinin şahidlər ilə əlaqədar qarşılaşdığı çətinlikləri məcmu halda təhlil edir və bu yolla Konvensiyanın 6-cı maddənin 3-cü bəndinin “d” yarımbəndinin iddia edilən pozuntusunun baş verib-vermədiyini araşdırır. Avropa Məhkəməsi “Melnikov Rusiyaya qarşı, X4rşı və X1rşı” işlər üzrə qərarlarında bildirmişdir ki, müdafiə tərəfinin məhkəməyədək araşdırmada ittiham tərəfinin şahidlərinə etiraz etmək imkanı prosessual təminatlarla müşahidə olunmayıbsa, yaxud şahid sonradan mövqeyini dəyişibsə bu imkanının mövcudluğu müdafiə hüquqlarının tam təmin edilməsi üçün yetərli deyildir. Konvensiyanın 6-cı maddənin 3-cü bəndinin “d” yarımbəndə qeyd edilən “şahid” sözünün özü tam müstəqil məna daşıyır və təkcə ifadə vermək üçün məhkəmə araşdırmasına çağırılan şəxsləri əhatə etmir. Bu termin həm də məhkəməyəqədər araşdırmada qeydə alınan və məhkəmə iclasında oxunan ifadələrin müəlliflərini, habelə təqsirləndirilən şəxs ilə birlikdə iş üzrə təqsirləndirilən digər şəxsləri və xüsusi statusa malik olan şəxsləri bildirir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı pozuntuların məhkəmə iclasında aradan qaldırılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinin tələbinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilir. Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair tərtib edilmiş 04 oktyabr 2023-cü il tarixli ittiham aktında onun özünü müdafiəsi üçün gətirdiyi dəlillər qismən göstərilsə də və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 289.3.4-ci maddəsinin tələbinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsi səciyyələndirən hallar göstərilir. Tərtib olunmuş ittiham aktında Təqsirləndirilən şəxs anket məlumatları tam şəkildə, yəni “vətəndaşlığı”, “təhsili”, “işləməsi”, “məhkumluğu” və “faktiki yaşadığı ünvan” barədə məlumatlar göstərilməmişdir. Şərh edilənlərdən göründüyü kimi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün kifayət qədər əsaslar var. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, Müdafiəçi tərəfindən verilmiş vəsatət təmin edilməli, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və məhkəməyədək icraatı aparan baş müstəntiq Cəfər Zülfüqarov barədə xüsusi qərar çıxarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Cinayət Prosessual Məcəlləsinin 303.3-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır:-təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) (303.3.1); -cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması (303.3.6); məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 28-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması (303.3.8); Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda (306.2.1); cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə (306.2.2). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 4(009)-485/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. İş üzrə əlavə istintaq aparılması zərurətini və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Məhkəmə, proses iştirakçılarının fikrini dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan icraatın materiallarına baxılıb qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi üçün məhkəmənin hazırlıq iclası mərhələsində işin baxılmasına xitam verməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.2, 228.4, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işini yuxarıda göstərilən prosessual pozuntuların aradan qaldırılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalı, barəsində icraat aparılan şəxsin qanunla nəzərdə tutulan pozulmuş hüququ təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məsəlləsinin 299, 300.1, 300.1.5, 303.3, 303.3.1, 303.3.6, 303.3.8 və 306.2-cı maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı:
1. Müdafiəçi vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2, 228.4, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1(bir) ay müddətinədək uzadılsın.
4. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. 5.Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. 6.Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.