Məhkəmə qərarları › İş №1(099)-84/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-84/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-84/2022 11.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 02 saylı vəkil bürosunun vəkili X3 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxx 1998-ci ildə İmişli rayonu, Şahverdi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, həmin ünvanda qeydiyyatda olmaqlda orada yaşayan, barəsində 13 oktyabr 2021-ci ildə ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci ildə, saat 21 radələrində İmişli rayonunun Şahverdili kəndində yerləşən məscidin yaxınlığında qohumu Zərərçəkmiş şəxs onun atasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranan mübahisə zəminində qisas almaq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsindən bir dəfə qəsdən vuraraq, sonuncuya döş qəfəsinin ön səthində döş boşluğuna keçən, kəsilmiş-deşilmiş yaradan ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumu olmaqla aralarında münasibətləri həmişə yaxşı olmuşdur. 03 sentyabr 2021-ci ildə axşam saat 20 radələrində qohumu İmamverdi ilə piyada gedərkən Səbuhi özünə məxsus “Belarus T-80” markalı traktorla onlara yaxın keçdiyindən aralarında mübahisə yaranmış, mübahisə zamanı sonuncu onun atasını təhqir etdiyi üçün Səbuhiyə yumruq atsa da, yumruq ona dəyməmiş, həmkəndliləri Habil ora gələrək onun oradan getməsini tələb etdiyi üçün, oradan çıxıb getmiş, təxminən 15-20 dəqiqədən sonra Səbuhi traktorla qayıdarkən onu yolda görüb ondan traktora minməsini istəmiş, Səbuhi traktoru saxlamış, traktorun kabinasında Səbuhidən atasını söydüyünə görə ondan üzr istəməsini tələb etmiş, sonuncu üzrə istəməyərək traktordan düşüb mağazaya getmiş, Səbuhi mağazadan aldığı “Bizon” markalı enerji içkisinin birini ona “Sən deyən kimi olsun” – deyib, evə getməyi təklif etmiş, Səbuhi onun atasını təhqir etdiyinə görə üzr istəmədiyi üçün Səbuhini cəzalandırmaq məqsədilə üzərində gəzdirdiyi cib bıçağını əynindəki idman şalvarının sağ yan cibindən çıxarıb bir dəfə Səbuhinin sinəsindən vurub traktordan düşərək oradan uzaqlaşmış, bıçağı yaşadığı evin həyətindəki tualetə ataraq Şahverdili kəndinin meşəsinə getmiş, səhərisi gün evə gələrək dayısı ilə birlikdə İmişli rayon polis şöbəsinə gedib törətdiyi hadisə barədə izahat vermişdir. Hazırda törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmasını, sonuncunun onu bağışlamasını, hadisədən sonra qohumları tərəfindən zərər çəkmiş şəxsə maddi və mənəvi yardım göstərildiyini, gənc olmasını, ailə həyatı qurmağa hazırlaşmasını, İİ Qarabağ müharibə zamanı Xocavənd rayonu uğrunda gedən döyüşlərdə, eləcə də Zəngilan və Qubadlı rayonlarının müdafiəsi və mühafizəsində iştirak etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğu istintaq zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsini Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, hazırda səhhətinin yaxşı olduğunu, hadisədən sonra Muranın qohumları tərəfindən ona maddi və mənəvi yardım göstərildiyini, təqsirləndirilən şəxslə həmkəndli olmaqla onunla barışdığını, onu bağışladığını bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci ildə saat 20 radələrində Səbuhi özünə məxsus “Belarus T-80” markalı traktorun qoşqusunda ot apararkən qohumu Təqsirləndirilən şəxs ilə yolun kənarında piyada hərəkət etmiş, həmin vaxt traktor onlara yaxın keçdiyi üçün Muran öz narazılığını bildirmiş, Səbuhi ilə Muran arasında mübahisə yarandığından bir-birlərinə qarşı nalayiq sözlər demiş, lakin orada olan həmkəndliləri onları sakitləşdirib dava etməyə qoymamış, az sonra Səbuhi traktorla qayıdarkən Muranı yolda görüb ondan traktora minməsini istəmiş, o, isə evə getmiş, təxminən yarım saatdan sonra mağazadan qayıdarkən Muranın traktordan düşüb qaçdığını, ardınca isə Səbuhinin yaralı vəziyyətdə traktordan düşdüyünü və mağazaya tərəf getdiyni görmüş, həmin vaxt Muranın Səbuhini vurub ona xəsarət yetirməsini bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci ildə saat 21 radələrində həmkəndlisi Səbuhinin bıçaqla vurulmasını eşitmiş, ətrafda olan insanların köməyi ilə mağazada işləyən Taleh Səbuhini özünə məxsus “BMW” markalı avtomobilinə mindirərək Ülfətlə birlikdə İmişli rayon mərkəzi xəstəxanasına aparmış, hadisə vaxtı Muranı görməsə də, sonradan eşitmişdir ki, Muran Səbuhini bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 05 oktyabr 2021-ci il tarixli, 775 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət döş qəfəsinin ön səthində döş boşluğuna keçən, sağ tərəfli hemattoraksla ağırlaşan bir ədəd kəsilmişdeşilmiş yara, kəsici-deşici alətin təsirindən törənmişdir, yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 13 noyabr 2021-ci il tarixli, 2589 saylırəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixopatik xəstəlik aşkarlanmamış, xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan 14 oktyabr 2021-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, cinayət hadisəsini necə, harada, hansı şəraitdə törətdiyini əyani olaraq göstərmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən örünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs həmkəndisi olmasını, onunla barışdığını, onu bağışladığını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli 1438 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsi zamanı 2020-ci ilin sentyabr ayının 29-dan dekabr ayının 28-dək Xocavənd rayonu uğrunda gedən döyüşlərdə, həmçinin Zəngilan və Qubadlı rayonlarının müdafiəsi və mühafizəsində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş 13 oktyabr 2021-ci il tarixli 677 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonunun Şahverdi kəndində qeydiyyatda olmaqla valideynləri ilə birgə həmin ünvanda yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə yaşıdları arasında tanınmış gəncdir, ictimai işlərdə fəal iştirak etmiş, onunla bağlı ərazi nümayəndəliyinə hər hansı bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəlinin 13 oktyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. İş materiallarında olan İmişli rayon məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli həmin gündən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci, cinayət nəticəsində vurulmuş maddi ziyanın tam aradan qaldırılmasını CM-in 59.1.13-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də zərər çəkmiş şəxs onun həmkəndlisi olmaqla ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, İİ Qarabağ Müharibəsi zamanı Zəngilan və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etməsini, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini ilk məhkumluğunu, vətənpərvər ruhda böyüməsini, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasında - ərazi bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində (Xocavənd rayonu uğrunda gedən döyüşlərdə, həmçinin Zəngilan və Qubadlı rayonlarının müdafiəsi və mühafizəsində) fəal iştirak etməsini, zərər çəkmiş şəxslə barışmasını, cinayət nəticəsində vurulmuş maddi ziyanın tam aradan qaldırmasını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxsin həmkəndlisi olmasını, təyin olunacaq cəzanın onun gələcək həyatına mənfi təsir göstərəcəyini, həmçinin təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini, hadisəyədək və hadisədən sonrakı davranışını və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq onu cəmiyyətdən təcrid etmədən də, yəni ona təyin olunacaq cəzanı çəkmədən də onun islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən müəyyən müddətə azalıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən etməklə ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Müəyyən olunmuş sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifələri qoyulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunacağını nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək şərti məhkum edilmiş şəxsin yaşadığı yerin – İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli,onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut, ekspretiza xərci, mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni – 13 oktyabr 2021-ci ildən 11 mart 2022-ci ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni 4 (dörd) ay, 28 (iyirmi səkkiz) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 2 (iki) il, 7 (yeddi) ay, 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş 2 (iki) il, 7 (yeddi) ay, 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək onun faktiki yaşadığı yerin – İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1 (sədrlik edən) Cəlil Nəbiyev 2 . Müşfiq Məmmədov

3. İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar