Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-84/2024 09.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Beyləqan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, X10 İstismar İdarəsinin Beyləqan xidmət sahəsində çilingər işləyən, Beyləqan şəhəri, Rövşən Axundov küçəsi, ev 36-da qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olan 7 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,869 qram, 5,548 qram, 5,796 qram, 6,488 qram, 5,698 qram, 7,284 qram, 6,897 qram olmaqla, ümumi çəkisi 42,580 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 10 mart 2023-cü il tarixdə saat 11 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Beyləqan şəhəri, S.İmrəliyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitə heroin onun əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 7 ədəd polietilen bükümündə aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə, saat 10:45-də o, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində yerləşən satıcı işlədiyi avtomobil ehtiyat hissələri satılan mağazada olan zaman polis əməkdaşları gələrək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər və o etiraz etmədən polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra onu 3-cü mərtəbədə xidməti otağa gətirmişlər. Kamil adlı polis əməkdaşı qollarına qandal vurmuş və ona yaxınlaşaraq əlində olan bir neçə bükümü onun əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibinə qoymuşdur. O, niyə belə etdiyini soruşanda ona ”Sakit dur! yoxsa evinə də narkotik vasitə qoyarıq” demişdir. Sonra onu başqa xidməti otağa aparmışlar. Üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 07 ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Müstəntiq tərəfindən dindirilərkən üzərindən aşkar edilərək götürülmüş 07 ədəd bükümün içərisində nə olduğunu ondan soruşmuş, həmin vaxt o, həmin bükümlərin ona aid olmadığını və onlardan heç bir məlumatının olmadığını bildirmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmamış, üzərindən aşkar olan narkotik vasitələr ona məxsus deyil, həmin kütlələri o, əldə etməmişdir. Həmin kütlələri polis şöbəsində Kamil adlı polis əməkdaşı xidməti otaqda onun cibinə qoymuşdur. Heç vaxt narkotik vasitələrindən istifadə etməmiş və narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Günahı olmadağı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Əməliyyat qurupu ilə birlikdə Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ərazisində Təqsirləndirilən şəxs saxlayıb narkotik vasitələri əldə edib saxlamaqla üzərində daşımaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirib rayon polis şöbəsinə dəvət etmişlər. Rayon polis şöbəsində şəxsi axtarış aparılmasına başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmiş, cibindən mobil telefon və pul qabı çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində müstəntiq Rəşad Novruzovun özü tərəfindən şəxsi axtarış davam etdirilmiş, əynindəki gödəkcənin sol yan cibindən 07 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq içərilərinə baxış keçirilmiş və içərilərində qəhvəyimtil rəngli, kəskin qoxulu narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, qablaşdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı heç bir təziqtəsir hallırı olmamış, onun üzərinə polsilər tərəfindən narkotik vasitə qoyulmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 10 mart 2023cü il tarixdə, saat 12 radələrində Beyləqan rayon polis şöbəsinin inzibati binasının qarşısı ilə yaşadığı evə gedən zaman rayon polis şöbəsinin əməkdaşı yaxınlaşıb Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında hal şahidi kimi iştirak etməyini təklif etmişdir. O, razılaşaraq rayon polis şöbəsinin inzibati binasına getmiş, üzərində şəxsi axtarış keçiriləcək Təqsirləndirilən şəxs, müdafiəçi və digər hal şahidi də olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarışa başlamazdan əvvəl üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa təqdim etməsi təklif edildi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirərək cibindən mobil telefon və pul qabı çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa nə isə çıxdığını, eyni zamanda narkotik vasitə aşkar olunduğunu görməmişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Şahid5 verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli, qolsuz gödəkçənin sol yan cibindən 07 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq içərilərinə baxış aparılmış və içərilərində qəhvəyimtil rəngli, kəskin qoxulu narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən edilmişdir. Məhkəmə Şahid5 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrinin aşkar olunmasını görməməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla avtombil ehtiyyat hissələri satılan mağazada birlikdə işləyir. 10 yanvar 2023-cü il tarixdə saat təxminən 09 radələrində İsmayılı evindən götürmüş işə getmişlər. İşdə olan zaman onlara ehtiyyat hissələri gətirən şəxslə mağazada söhbət edən zaman polis əməkdaşları ona yaxınlaşıb şöbəyə dəvət etmişlər. O üzərində olan pulu Təqsirləndirilən şəxs təqdim etmiş, telefonunu götürərək polis şöbəsinə getmişdir. O, dindar oğludu üçün tutulmuşdur. Təqsirləndirilən şəxs da sonradan tutulduğunu bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 mart 2023-cü il tarixli 18/284 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdə 7 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-4,869 qram, 5,548 qram, 5,796 qram, 6,488 qram, 5,698 qram, 7,284 qram, 6,897 qram, ümumi çəkisi-42,580 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı).Tədqiqatdan sonrakı qalıq narkotik vasitə heroin 42,230 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli 1162 nömrəli Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 26 may 2023-cü il tarixli 3251 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 10 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, “Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı 07 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 4,94 qram, 5,61 qram, 5,88 qram, 6,49 qram, 8,70 qram, 6,05 qram və 6,79 qram olan narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 10 mart 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Beyləqan rayon məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 42,230 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış Beyləqan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Beyləqan rayon məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Beyləqan şəhəri İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan şəhəri, Rövşən Axundov küçəsi, ev 36-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası, arvadı, 2020-ci il təvəllüdlü X1 və 2021-ci il təvəllüdlü X2 adlı azyaşlı uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin haqqında» 04 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəsinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitəsinin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitənin hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.«Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallırdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğun, gənc olmasını, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Beyləqan RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 42,230 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234..1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Beyləqan RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 42,230 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan İsmayıl İsmaıylova hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-84/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-84/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver