Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-85/2024 01.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X10, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, 10 mart 2023-cü il tarixdə saat 10:30-da Beyləqan şəhəri, Magistral küçəsində saxlanılmış, həmin gün saat 11:40-da üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 8 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,391 qram, 6,022 qram, 8,006 qram, 5,733 qram, 4,077 qram, 5,266 qram, 6,913 qram, 7,330 qram, ümumi çəkisi 48,738 qram külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynitərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirlə bilməyərək ifadəsində göstərmişdir ki, onu rayonda ibadət edən dindar kimi tanıyırlar. 10 mart 2023-cü ildə saat 10 radələrində Beyləqan şəhəri, Magistral küçəsi ərazisində olan işlədiyi avtomobil ehtiyyat hissələri mağazaya dörd nəfər polis əməkdaşları gəlib onu şöbəyə aparmaq istədiklərini demişlər. Mağazada ciblərini boşaltmışdır ki, şöbədə cibinə heçnə qoymasınlar. Yolda gələrkən qollarını arxadan qandallamışlar. Şöbəyə gəldikdə Kamil adında polis əməkdaşı cibinə narkotik qoyub otaqdan çıxmışdır. Vəkilin iştirakı ilə şöbədə üzərinə keçirilən axtarış zamanı həmin narkotik vasitə aşkar olunmuşdur. Axtarış vaxtı fotoşəkillər çəkilmişdir. Axtarışda tanımadığı iki nəfər də iştirak etmişdir. Həmin vaxtı Vasif və İlkin adında əməliyyatçılar yanında olmuşlar. İş yoldaşı olan İsmayılı da şöbəyə aparmışlar. Heç vaxt narkotik vasitədən istifadə etməmiş, heç kimə narkotik satmamışdır. Cibində aşkar olunan 8 büküm heroin ona məxsus deyil. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, iş yoldaşı İsmayılla birlikdə tez-tez ehsanlar vermişlər, heç kimə mane olmamışlar.Əvvəllər xeyriyyə dükanını işlətmişdir. Şöbədə ona qarşı zor tətbiq olunmamış, yalnız ailəsi ilə təhdid edilmişdir. Kamil adında polis əməkdaşı onu dəfələrlə şöbəyə çağırıb “sənin başın ağrıyacaq” demişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etməsi və üzərində saxlamaqla daşıması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı polis əməkdaşları Şahid2, Şahid3 və Vasif Cəfərlidən ibarət əməliyyat qrupu yaradılmış, həmin gün saat 10 radələrində Təqsirləndirilən şəxs Beyləqan şəhəri, Magistral küçəsində saxlanılaraq şöbəyə aparılmışdır. Saat 11 radələrində onun üzərinə vəkilin və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman onun əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd cib dəsmalı, səkkiz ədəd sellofan büküm və 20 manat pul aşkar edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkilərinin ayrı-ayrılıqda müvafiq olaraq 8,39 qram, 6,20 qram, 6,13 qram, 6,00 qram, 8,26 qram, 7,44 qram, 7.62 qram və 6,06 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə səkkiz ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlələr müdafiəçinin iştirakı ilə götürülmüş, zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir müraciət və təklif daxil olmamışdır. Şahid1 ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə Kamil adında polis əməkdaşının və ya digər şəxsin narkotik vasitə qoymasını görməmiş, yuxarıda qeyd etdiyi kimi Elvin rayonun Maqistral küçəsində saxlanılmışdır. Ona qarşı hər hansı bir təhdidlər olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3, Şahid2 və X4 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə verərək Elvinin üzərinə Kamil adında polis əməkdaşının və ya digər şəxsin hər hansı bir narkotik vasitə qoymasını görmədiklərini, Elvinə qarşı şöbədə heç kim tərəfindən zor tətbiq olunmadığını göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə saat 11 radələrində Beyləqan rayon polis şöbəsinin inzibati binasında saxlanılan şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə aparılan şəxsi axtarışda hal şahidi kimi iştirak etmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən səkkiz ədəd sellofan büküm aşkar edilmişdir. Bükümlər elektron tərəzidə çəkilərək kütlələrinin ayrı-ayrılıqda müvafiq olaraq 8,39 qram, 6,20 qram, 6,13 qram, 6,00 qram, 8,26 qram, 7,44 qram, 7.62 qram və 6,06 qram olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqında əlavə şahid (müdafiəçinin vəsatəti əsasında) qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Beyləqan şəhərində dostu Elvinlə birlikdə mağazada avtomobillər üçün nəzərdə tutulmuş ehtiyat hissələrinin satışı ilə məşğul olmuşlar, eyni vaxtda işə gəlib-getmişlər. Özü həmin mağazada satıcı işləmişdir. 10 mart 2023-cü ildə saat 10-11 radələrində dörd nəfər polis əməkdaşları dükana daxil olub Elvini şöbəyə aparmaq istəmişlər. Elvin mağazada əynində olan gödəkçəsinin cibindəkilərini boşaltmış, cibində puldan başqa heçnə aşkar edilməmişdir. Eyni zamanda, polis əməkdaşları da dükanda onun üzərinə baxış keçirməmişlər və Elvini özləri ilə aparmışlar. Elvinin hansı maşınla aparıldığını bilməmişdir. Sonra isə polis əməkdaşları gəlib dükandan onu şöbəyə aparmışlar. Hazırda həbsdədir. Məhkəmə istintaqında əlavə şahid (müdafiəçinin vəsatəti əsasında) qismində dindirilmiş Beyləqan RPŞ-nın Cinayət Axtarış bölməsinin rəisi Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Polis şöbəsinin digər əməkdaşları tərəfindən 10 mart 2023-cü il tarixdə saat 10 radələrində keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Nizami oğlu saxlanılaraq polis şöbəsinin inzibati binasına aparılmışdır.Təqsirləndirilən şəxs saxlanılmasında və üzərinə keçirilən axtarışda iştirak etməmişdir. Həmin ərəfələrdə xidməti fəliyyətinin icrası ilə məşğul olaraq Beyləqan şəhəri sakini X1 iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışdır. Təqsirləndirilən şəxs yalan danışır. Məhkəmə istintaqında əlavə şahid (müdafiəçinin vəsatəti əsasında) qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, avtomobil ehtiyat hissələrinin satışı işi ilə məşğuldur. Təqsirləndirilən şəxs ehtiyat hissələri mağazası işlətdiyindən cümə günləri Elvinin obyektinə ehtiyat hissələri aparmışdır. 10 mart 2023-cü il tarixdə səhər saatlarında Elvinin obyektində olarkən tanımadığı şəxslər içəri daxil olaraq ona “çıx çölə” demişlər. Dərhal çölə çıxıb maşına oturub oradan uzaqlaşmışdır. Mağazada nə baş verdiyini görməmişdir. Ertəsi gün Elvinin həbs olunduğunu eşitmişdir. Elvinin hansı maşınla və hara aparıldığını bilməmiş və görməmişdir. Məhkəmədə tədqiq edilmiş “Üzləşdirmə aparılması haqqında” 07 iyun 2023-cü il tarixli protokola əsasən Şahid7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, Şahid7 onun üzərinə narkotik vasitə qoyulmadığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə tədqiq edilmiş “Üzləşdirmə aparılması haqqında” 07 iyun 2023-cü il tarixli protokola əsasən Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, Şahid2 onun üzərinə narkotik vasitə qoyulmadığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə tədqiq edilmiş “Üzləşdirmə aparılması haqqında” 07 iyun 2023-cü il tarixli protokola əsasən X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, Vasif Cəfərov onun üzərinə narkotik vasitə qoyulmadığını bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2023-cü il tarixli, 18/283 nömrəli rəyinə əsasən təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdə 8 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,391 qram, 6,022 qram, 8,006 qram, 5,733 qram, 4,077 qram, 5,266 qram, 6,913 qram, 7,330 qram, ümumi çəkisi 48,738 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynitərkibli narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023cü il tarixli 3407 N-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 10 mart 2023-cü il tarixli prokotola əsasən Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrılıqda çəkiləri 8,39 qram, 6,20 qram, 6,13 qram, 6,00 qram, 8,26 qram, 7,44 qram, 7,62 qram və 6,06 qram olan 08 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli raportla müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin gün saat 10.30-da Beyləqan şəhəri, Magistral küçəsində saxlanılmışdır. İşdə olan 11 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspertizası tədqiqatına sərf olunduqdan sonra faktiki olaraq təmiz çəkisi 48,338 qram qalmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İşdə olan 7 iyun 2023-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, Beyləqan şəhərində küçədə deyil işlədiyi mağazada saxlanıldığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən heroinin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri, üzləşdirmə protokolları və digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs Beyləqan şəhəri, Magistral küçəsində deyil, məhz işlədiyi avtomobil ehtiyyat hissələri dükanında saxlanılması ilə bağlı göstərdiyi xüsusat məhkəmədə dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, habelə xx.xx.2023-cü il tarixli raportla (i.v.8), təkzib olunur. Əlavə şahid qismində dindirilmiş İsmayıl İsmayılovun ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən küçədə deyil, məhz birlikdə işlədikləri dükanda saxlanılmasına dair göstərdiyi xüsusata məhkəmə tənqidi yanaşaraq onun bu ifadəsini işin obyektiv hallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusat kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə narkotik vasitənin şöbədə polis əməkdaşları tərəfindən qoyulması, habelə təqsirləndirilən şəxsin küçədə deyil işlədiyi mağazada saxlanılmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Bununla da, Təqsirləndirilən şəxs üzərində külli miqdarda heroinin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitəni qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə nəzərdə tutulmuş qaydada cəza təyin olunmaldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan 10 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 11 mart 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Beyləqan Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Quliyev X5 şəhəri, A.Cavadov küçəsi ev 2 ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır və ailə tərkibi arvadı Lamiyə Quliyevadan, 2010-cu il təvəllüdlü qızı Zəhra Quluzadədən, 2013-cü il təvəllüdlü oğlu Əbülfəz Quluzadədən, 2016-cı il təvəllüdlü oğlu Əli Quliyevdən və 2020-ci il təvəllüdlü oğlu Məhəmmədrza Quluzadədən ibarətdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞ-də saxlanılan qalıq çəkisi 48,338 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir.Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞ-də saxlanılan 48,338 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-85/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-85/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver