Məhkəmə qərarları › İş №1(099)-850/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-850/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-850/2023 21.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Neftçala rayonunun Pirəbbə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin “Uzunbabalı-82” nasos stansiyasının İV dərəcəli maşinisti vəzifəsində işləmiş, məhkumluğu olmayan, Neftçala rayonu, Pirəbbə kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayının sonlarında günü məlum olmayan tarixdə yaşadığı Neftçala rayonunun Pirəbbə kəndi ərazisində Kür çayının sahilində yulğun və böyürtkən kollarının arasındakı subasar ərazidə 10x2 metr ölçüdə olan torpaq sahəsində 68 ədəd, külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib-yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 12 may 2023-cü il tarixdə saat 11:50 radələrində Neftçala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kür çayının sahilindəki həmin əraziyə baxış keçirilən zaman 68 ədəd, külli miqdarda narkotik tərkibli əkib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, özü narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir yəni, nəşə çəkir. Hər dəfə narkotik vasitə olan qurudulmuş marixuana qəbul edərkən onun içərisindən böyük toxumları seçib saxlamış, 2023-cü ilin fevral ayında həmin topladığı narkotik vasitə olan marixuana toxumlarını öz şəxsi istifadəsi üçün əkməyə qərar vermişdir. Bu məqsədlə yaşadığı Neftçala rayonu, Pirəbbə kəndi ərazisindən keçən Kür çayının sahilində onda olan marixuana toxumlarını əkmişdir. Bundan sonra oraya gələrək həmin əkdiyi narkotik vasitə olan marixuanaya qulluq etməyə, su verməyə başlamış, əkib-becədiyi narkotik vasitə olan marixuana bitkiləri artıq yetişib böyümüşdür. Həmin narkotik vasitə olan marixuanaların sayı xatırladığı qədər 67 ədəd olmuşdur. Hadisə günüdə Neftçala RPŞ-in əməkdaşları gələrək onu həmin əkib-becərdiyi narkotik vasitə olan marixuananı sulayıb onlara qulluq edən zaman iş başında yaxalamışlar. Orada həmin narkotik vasitə olan marixuananı aşkar edərək sənədləşdirmişlər. Əməlindən peşmandır, xəstəliyinin olmasını nəzərə olıb ona köməklik edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni özünün səmimi etirafedici ifadələri, iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala RPŞin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili olmaqla polis leytenantıdır. Neftçala RPŞ-in əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatları əsasında 12 may 2023-cü il tarixdə saat 11:50 radələrində Neftçala rayonu, Pirəbbə kənd sakini Təqsirləndirilən şəxs narkotik təkibli çətənə (kannabis) bitkilərinin əkilib-becərilməsində və aqro texniki qaydada kultivasiya edilməsində şübhəli bilinərək Neftçala rayonu, Pirəbbə kəndi ərazisində saxlanılıb Neftçala RPŞ-nə gətirilməsində onunla birlikdə Neftçala RPŞ-in əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişlər. Baş təhqiqatçı, polis mayoru Taryel Əmirovun rəhbərliyi altında polis əməkdaşlarının və müdafiəçi vəkil Seymur Abdullayevin iştirakı ilə video çəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Pirəbbə kəndi ərazisindəki Kür çayının sahilinə baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs orada əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə kultivasiya edib yetişdirdiyi 68 (altmış səkkiz) ədəd çətənə yəni, kannabis bitkiləri aşkar olunaraq götürülmüşdür. Həmin aşkar olunaraq götürülmüş 68 (altmış səkkiz) ədəd çətənə (kannabis) bitkiləri ağ kisəyə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə (kannabis) olduğunu, onları öz şəxsi istifadəsi üçün əkməklə yetişdirib böyütdüyünü bildirmişdir. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsində uyğun ifadə vermişdir. İşdə olan, Neftçala RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Neftçala rayon Pirəbbə kəndi ərazisində Kür çayının sahilində yulğun kollarının arasında qanunsuz olaraq tərkibində narkotik xassəli bitkilər əkib-becərməsi barədə inanılmış şəxsin məlumatı daxil olmuşdur, onun cinayət əməlinin ifşa etmək məqsədilə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa etmək məqsədilə onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (c İ, i.v 4) İşdə olan, «Baxış keçirilməsi haqqında» 12 may 2023-cü il tarixli protokol və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonu, Pirəbbə kəndi ərazisindəki Kür çayının sahilində uzunluğu 10 metr və eni 2 metr olan sahəyə baxış keçirilərkən ümumi təmiz çəkisi 6 kiloqram 500 qram olan 68 (altmış səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 18-20) İşdə olan, 12 may 2023-cü il tarixli «Mütəxəssis rəyi»ndən görünür ki, Təqsirləndirilən şəxs Pirəpbə kəndi ərazisində kür çayının sahilində bitmiş yulğun və böyürtikan kolları ilə əhatə olunmuş ərazidə əkmiş ümumilikdə 68 (altmış səkkiz) ədəd 37 sm-dən, 1 metr 42 sm hündürlükdə ümumi çəkisi 7 kq 45 qram tərkibində narkotik xassəli çətənə bitkilərinə xüsusi aqrotexniki qaydada qulluq edilib, dibləri boşaldılıb peyin verilib, suvarılaraq xüsusi qaydada qulluq edilmişdir. (c İ, i.v 32) İşdə olan, şübhəli şəxsin tutulması haqqında 12 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü ildə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 33) İşdə olan, məhkəmə-bioloji ekspertizasının 13 may 2023-cü il tarixli, 18/497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı cəmi 68 ədəd yaş vəziyyətdə ümumi çəkisi- 6500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli eyni tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 45-47) İşdə olan, xx.xx.2023-cü il tarixli Neftçala Rayon Məhkəməsinin 4(053)-38/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 71-73) İşdə olan, Neftçala rayon İHB-nın Yuxarı Qaramanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, qızları və nəvəsində ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 81-82) İşdə olan, 25 may 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, aşkar olunaraq götürülmüş qalıq çəkisi 6499,5 qram olan ümumilikdə 68 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Neftçala RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c İ, i.v 85) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X3 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarının 3.2-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. (c İ, i.v 87-89) İşdə olan, İ-1921 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X4 “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (c İ, i.v 95) İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4301 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 117118) İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 iyul 2023-cü il tarixli 2105 saylı rəyindən görünür ki, X2 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyəyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda özü və ətrafındakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərnin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dək etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyytinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə öz prosessual hüquqlarını şəxsən həyata keçirmək imkanına malikdir. (c İ, i.v 120-121) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, cinayət əməli törədilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə növlü bitkilər»in ölçü vahidləri-sayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı Neftçala rayonunun Pirəbbə kəndi ərazisində Kür çayının sahilində yulğun və böyürtkən kollarının arasındakı subasar ərazidən aşkar edilərək götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 68 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdar təşkil edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Nəcib Məmməodvun törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olması, oğlunun “Vətən Müharibəsi” iştirakçısı olub, medalla təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Neftçala RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6499,5 qram olan 68 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6499,5 qram olan 68 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar