Məhkəmə qərarları › İş №1(099)-86/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-86/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-86/2023 30.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayında Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı ərazisinin bağ sahəsində yerləşən 23 x 7 metr ölçüdə olan istixananın içərisində pomidor kollarının arasında qanunsuz olaraq əkməklə xeyli miqdarda cəmi 05 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2022-ci il sentyabrın 02-də saat 15:00 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində yaşadığı evin yaxınlığında şübhəli bilinib saxlanıldıqdan sonra saat 15:30 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin gün saat 16:40 radələrində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən bağ sahəsində yerləşən istixananın içərisindən xeyli miqdarda 05 ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 35000,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri, eləcə də 02 ədəd sintetik torbanın içərisində həmin bitkilərdən topladığı onlarla eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkisi 600 qram, 2750 qram, ümumi çəkisi 3350,0 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə həyətyanı ərazisinin bağ sahəsində yerləşən istixanada aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 24250,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb əldə edərək yaşadığı evin həyətyanı ərazisinin bağ sahəsində yerləşən istixanada qanunsuz olaraq saxlamış, 2022-ci il sentyabrın 02-də saat 16:40 radələrində həmin istixanaya baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq hazırlamaqla əldə edib saxladığı 06 ədəd sintetik torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2850 qram, 6400 qram, 3200 qram, 4600 qram, 4000 qram, 3200 qram, ümumi təmiz çəkisi 24250,0 qram olan kütlələr - külli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni CM-in 237.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan bir neçə müddət əvvəldən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Marixuanadan istifadə etdiyi üçün 2022-ci il tarixdə özünə məxsus həyətdə yerləşən istixananın içində pomidor bitkilərinin arasında çətənə bitkiləri əkmiş, həmin bitkilərə qulluq etmişdir. Həmçinin həmin bitkilərin baş hissələrini kəsib istixananın içinə atmışdır ki, həmin kollar yanlara doğru inkişaf etsin, lakin onları qurutmamışdır. Lakin istixanada olan 5 ədəd çətənə kolu ona məxsus olmuşdur. Kollardan kəsib atdığı hissələr istifadə edilməyə yararsız olduğundan onlardan istifadə etmək məqsədi olmamış, həmin hissələr özbaşına qurumuşdur. 02 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları onun həyətində olan istixanaya baxış keçirərkən 05 ədəd çətənə kolu aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları istixananın içində olan kolların baş hissələrindən kəsib atdığı hissələri də sintetik torbaların içinə yığmış, həmin bitkilərin də ona aid olduğunu söyləməyi tapşırmışlar. O, ilk öncə bundan imtina etdikdə polis əməkdaşları deyilənləri etmədiyi halda qardaşını da bu işə cəlb edəcəklərini demiş, buna görə də qorxduğu üçün onlarla razılaşmışdır. Halbuki həmin çətənə bitkisinin hissələri istifadəyə yararsız olmuş, onları istifadə etmək üçün qurutmamışdır. Buna görə də özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmir, lakin 05 ədəd çətənə kollarını əkdiyinə görə peşmandır, buna görə ona aşağı həddə cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 sentyabr 2022-ci il tarixdə videoçəkliş aparılmaqla yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 03 və 04 sentyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, 2021-ci il tarixdə istifadə etdiyi qurudulmuş marixuananın toxumlarını yığıb saxlamış, 2022-ci ilin aprel ayında həmin qurudulmuş marixuananın toxumlarını həyətyanı ərazidə bağ sahəsində yerləşən istixananın içərisində pomidor kollarının arasında əkmiş, çətənə bitkiləri də cücərdikdən sonra onlara qulluq edib suvarmış, mütəmadi olaraq su vermiş, kolların diblərinin ətrafını belləyərək yumşaltmış və alaq bitkilərini təmizləmişdir. Həmin istixananın içərisində təxminən 30 ədəd çətənə bitkisi əkmiş, 2022-ci il sentyabrın 02-də saat 15 radələrində yaşadığı evin qarşısında küçədə dayandığı vaxt mülki geyimdə olmuş polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmış, burada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt yaşadığı evin həyətyanı ərazisində bağ sahəsində yerləşən istixananın içərisində çətənə bitkiləri əkdiyini, eləcə də narkotik maddə qurudulmuş marixuana olduğunu, həmin bitkiləri və narkotik maddə qurudulmuş marixuananı təqdim edə biləcəyini demiş, dəvət olunmuş aqronomun, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən həyətinə baxış keçirilmiş, baxış zamanı o, istixanaya girərək orada əkib-becərdiyi çətənə bitkilərini və sintetik torbalarda saxladığı narkotik maddə qurudulmuş marixuananı iştirakçılara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərini bir-bir torpaqdan çıxarıb saymağa başlamış və həmin yerdə 05 ədəd yaş halda kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmiş, təqdim etdiyi 06 ədəd sintetik torbada saxladığı narkotik maddə qurudulmuş marixuana olması da müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, həmin əkmiş olduğu təxminən 30 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinin 05 ədədini saxlayaraq qalanını torpaqdan çıxarıb qurudub və satış məqsədi ilə saxlamışdır. Yaşadığı evin həyətyanı sahəsində yerləşən çətənə bitkilərini tək əkib-becərmiş və ona heç kim kömək etməmişdir. Onunla birlikdə yaşayan ailə üzvlərinin yaxud hər hansı başqa şəxsin bu barədə məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab edir və məsuliyyətini dərk edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında yaşadığı evin həyətyanı sahəsindəki istixanadan aşkar edilmiş qurudulmuş marixuananın istifadəyə yararsız olduğunu, çətənə bitkisinin kollarından qırıb atdığı hissələr olmasını və həmin bitkiləri şəxsən qurutmadığını, polis əməkdaşları tərəfindən sintetik torbalara yığıldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (qurudulmuş marixuananın istifadəyə yararsız bitki hissələri olması, onları qurutmaması, polis əməkdaşları tərəfindən kolların ətrafından toplanması, narkotik vasitələrin satışı ilə məşğul olmaması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir. 2022-ci il sentyabrın 02-də Salyan rayonu Qaraçala qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi, kultivasiya etməsi və qurudub saxlaması barədə barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş, həmin gün o və əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs saat 15 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində yaşadığı evin yaxınlığında saxlayıb Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt Elməddin yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada çətənə bitkiləri əkdiyini, həmçinin, həmin istixananın içərisində narkotik maddə qurudulmuş marixuana olduğunu, həmin bitkiləri və narkotik maddə qurudulmuş marixuananı təqdim edə biləcəyini demiş, bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həyətinə baxış keçirilmiş, o, həyətində yerləşən 23 x 7 metr ölçüdə olan istixanaya girərək orada əkibbecərdiyi çətənə bitkilərini və sintetik torbalarda saxladığı narkotik maddə qurudulmuş marixuananı iştirakçılara təqdim etmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onları 2022-ci il aprel ayında torpağa əkmiş və sonrakı müddətdə həmin bitkilərə qulluq göstərmişdir. Polis əməkdaşları aşkar edilmiş yaş halda kök üstə olan çətənə bitkilərini bir-bir torpaqdan çıxarıb saymağa başlamışlar və həmin yerdə 05 ədəd yaş halda kök üstə kol olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi 06 ədəd sintetik torbada saxladığı narkotik maddə qurudulmuş marixuanadır. Həmin əkmiş olduğu tərkibində narkotik maddələr olan çətənə bitkilərinin hissələrindən qurudub və satış məqsədi ilə saxlamışdır. Bundan başqa aşkar edilmiş 06 ədəd sintetik torbada olan narkotik maddə qurudulmuş marixuanaya oxşar kütlələr istixananın içərisində elektron tərəzidə çəkilmiş, lakin çəkiləri yadında qalmamışdır. Bundan sonra aşkar edilmiş bitkilər 01 ədəd polietilen torbada qablaşdırılmış, möhürlənmiş və üzərini bütün iştirakçılar imzalamış, həmçinin sintetik torbada olan narkotik maddə qurudulmuş marixuanaya oxşar kütlələr isə 06 ədəd sintetik torbada qablaşdırılmış, möhürlənmiş və üzərini bütün iştirakçılar imzalamışdır. Sonrakı müddətdə bu barədə tərtdib edilmiş protokol da iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 Füzuli oğlu və Şahid4 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsinə, kultivasiya etməsinə və qurudub saxlamasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli raport, “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, videoçəklişdən istifadə edilməklə sonuncunun üzərində şəxsi axtarış keçirilməsi istintaq hərəkəti, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı ərizə, onun Salyan rayon Qaraçala qəsəbəsində yaşadığı evin həyətyanı sahəsindəki istixanaya baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş video çəklişdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbiri, yaşadığı evin həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v .4-9; 25-29; 37- 41) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21) - “Şəxsi axtarış və götürmə aparılması barədə” 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən istixanada bir neçə ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyini, həmçinin istixanaının içərisində qurudulmuş marixuana olduğunu qeyd edərək yaşadığı evin həyətində yerləşən istixanada əkdiyi narkotik tərkibli çətənə bitkilərinin və qurudulmuş marixuanaının olduğu yerə baxış keçirilməsinə etirazı olmadığını göstərmişdir. (i.v. 25-27 ) -“baxış keçirilməsi” haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsində yerləşən 23 x 7 metr ölçüdə olan istixananın içərisindən 05 ədəd yaş halda, kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər və həmin yerdən 06 ədəd sintetik torbada olan narkotik maddə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. (i.v. 38-40) - 02 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən həyətyanı sahəsində istixanada torpaq üzərində kök üstündə yaş vəziyyətdə 05 ədəd bitki nümunələri becərilməsinə, gövdə və yarpaq qurluşuna eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsi olmaqla narkotik tərkiblidirlər, bitkilərin gövdə ətrafında alaq otlarından təmizlənməsi, kök dibində olan torpağın nəm və yumşaq olması, hər bitkinin boyu, gövdə, budaq və yarpaqların yaxşı inkişaf etməsinə görə belə nəticəyə gəlinir ki, həmin çətənə bitkilərinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərilmişdir. (i.v. 41) -Məhkəmə bioloji ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 18/955 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən... çətənə bitkilərinə oxşar...” sözləri və imzalar olan polietilen torbada ümumi sayı 05 ədəd, yaş vəziyyətdə ümumi çəkisi – 35000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri və imzalar olan 06 ədəd sintetik torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2850 qram, 6400 qram, 3200 qram, 4600 qram, 4000 qram, 3200 qram, ümumi təmiz çəkisi 24250,0 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Həmin sintetik torbalardan 02 ədədinin içərisində ayrı-ayrılıqda təmiz çəkisi 600 qram, 2750 qram, ümumi çəkisi 3350,0 qram olan bitki hissələri narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim edilmiş 05 ədəd çətənə bitkiləri, çətənə (kannabis) bitkisinin hissələri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. (i.v. 55- 59). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 65-67) -Salyan rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il traixli, 4(057)-50/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v.84-87) -Salyan RPŞ-dən daxil olan 17 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2022-ci ilin aprel ayında əvvəlki müddətdən saxladığı çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı sahəsində yerləşən istixananın içərisində torpaqda əkib-becərmiş, əkib-becərdiyi çətənə bitkilərinin toxumlarını əvvəlki müddətdə istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan yığıb saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs istixanada əkmiş olduğu tərkibində narkotik maddələr olan çətənə bitkilərindən 05 ədədini saxlayaraq qalanını torpaqdan çıxararaq qurudub 06 ədəd sintetik torbaya yığaraq satış məqsədi ilə həmin istixananın içərisində saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini tək halda törətmiş və hər hansı şəxsin köməyindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs ailə üzvlərinin onun törətdiyi cinayət əməlindən məlumatlarının olması barədə məlumat əldə edilməmişdir. (i.v. 131) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 sentyabr 2022-ci il tarixli, 912 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 102) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş qurudulmuş marixuananın əkib-becərdiyi çətənə bitkilərinin yararsız hissələri olması və həmin hissələri özü qurutmaması, bitkidən kəsib istixananın içinə atdığı hissələr olması və polis əməkdaşları tərəfindən toplanması və narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolu, protokola əlavə edilmiş videoçəkiliş, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni bu hissədə (qurudulmuş marixuananın istifadəyə yararsız bitki hissələri olması, onları qurutmaması, polis əməkdaşları tərəfindən kolların ətrafından toplanması, narkotik vasitələrin satışı ilə məşğul olmaması) inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs ilk öncə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən şifahi nitqində, daha sonra dövlət vəsaiti hesabına dəvət edilmiş müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində əkdiyi çətənə kollarından satış məqsədi ilə hissələr yığaraq qurutması barədə bildirmiş, həmin qurudulmuş marixuananının çətənə bitkilərinin kənarından polis əməkdaşları tərəfindən yığılması barədə hər hansı ifadə işlətməmiş, bu barədə heç bir fikir bildirməmiş, əksinə etirafedici ifadələr verərək elan edilmiş ittihamla tam razı olduğunu bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindəki istixanada əkdiyi narkotik tərkibli bitkiləri və qurudulmuş marixuananı özü təqdim etmiş, eləcə də şifahi sorğu zamanı çətənə bitkilərini şəxsən əkdiyini, qurudulmuş marixuananı satış məqsədi ilə toplayıb qurudub saxladığını bildirmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 18/955 nömrəli rəyində də göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 05 ədəd çətənə bitkiləri, çətənə (kannabis) bitkisinin hissələri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Bu hal da Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi həmin kütlənin çətənə bitkilərinin istifadəyə yararsız hissəsi olmasını inkar edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında da göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs ifadəsində həyətindək istixanada aşkar edilmiş qurudulmuş marixuananın istifadəyə yararsız olmasını bildirsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı qeyd edilən qərarında formalaşdırılmış mövqeyə görə bu hal da narkotik vasitələrin qanunsuz hazırlanmasına əsas verir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsini (qurudulmuş marixuananın istifadəyə yararsız bitki hissələri olması, onları qurutmaması, polis əməkdaşları tərəfindən kolların ətrafından toplanması, narkotik vasitələrin satışı ilə məşğul olmaması) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs başqa bir dəlili isə qardaşının da qeyd edilən işə görə məsuliyyət daşıyacağı barədə polis əməkdaşları tərəfindən hədələndiyindən etirafedici ifadələr verməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni hazırlama, əldə etmə və saxlama, həmin Məcəllənin 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 02 ədəddən (4 hissə) başlayır. Qurudulmuş marixuananın külli miqdarının (qramla) isə aşağı həddi 500,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 24.250 qram olmaqla küllü miqdar təşkil edən qurudulmuş marixuananı hazırlaması,əldə etməsi və həyətyanı sahəsində saxlaması Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsində, 05 ədəd, bundan əlavə 02 hissədə olmaqla xeyli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq hazırlaması, əldə edib, saxlaması onun məhz həmin kütləni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 Füzuli oğlu və Şahid4 ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evin həyətyanı sahəsindəki istixanaya baxış keçirilməsi barədə 02 sentyabr 2022-ci il tarixli protokollar, həmin istintaq hərəkətlərinə əlavə edilmiş videogörüntülər, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 18/955 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana, çətənə bitkilərinin qalıqları və çətənə kolları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 111) -Salyan rayon İcra Hakimiyyəti Qaraçala qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 13 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi arvadı və 2015-ci il təvəllüdlü oğlundan ibarətdir. Salyan rayonu Qaraçala qəsəbəsində yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (i.v. 121-123). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir nəfər azyaşlı uşağının olmasından (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 sentyabr 2022-ci il tarixdən hesablanmalı və Salyan Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 912 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan RPŞ-də saxlanılan 05 ədəd çətənə bitkisi, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3349,80 qram olan çətənə (kannabis) bitki hissələri, qalıq çəkisi 24.249,40 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və həyətyanı sahəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan- 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Salyan RPŞ-də saxlanılan 05 ədəd çətənə bitkisi, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3349,80 qram olan 02 ədəd çətənə (kannabis) bitki hissələri, qalıq çəkisi 24.249,40 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi və üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar